Ən böyük səhvimiz laqeydlikdir

0
31

dünyaHərdən köhnə evimizin enli divarında payız, qış fəsillərində, demək olar ki, heç sönməyən, gündə bir neçə kötük yeyən ocağımız yuxuma girir. Rəhmətlik atamın həmin ocağın kənarında oturub fikrə getməyi vardı. Bəzən əlini dizinə vurub: – “Ey dünya, haradan hara gəldin?” – sözlərini elə yana-yana deyərdi ki, radio və televizorsuz sakit bir otaqda, bizlər bir yana, divarlar da diksinərdi. Anam sözə başlardı: “Ay kişi, dünyanın dərdi sənə qalıb? Nə olub dünyaya, evin-eşiyin, duzun çörəyin…”

Atam o dövrdə hər evdə abunəçisi olan “Kommunist” qəzetindən kəsib hazırladığı kağızı barmaqları arasında bir az da yumşaldıb, bağımızda becərdiyi, doğranmış tənbəkidən bir-iki çimdik doldurub tələsmədən siqaret bükər, dilini çəkib yapışdırar, dodaqları arasına yerəlşdirib yanındakı maşa ilə ocaqdan bir köz götürüb yandırardı. Bir-iki kiçik qullabdan sonra dərin sümürər, ağzından, burnunun dəliklərindən çıxaraq ağ bığlarını xına rənginə boyayan kağız qoxulu qalın tüstü elə bil atamın dərdini özü ilə aparırmış kimi ağır-ağır başından bir az yuxarı yüksəlib yanmaqda olan ocağa dolar, onun tüstüsünə qarışardı. Handan-hana atam başlardı danışmağa, gördüyü xoşagəlməz hadisələr, haqsızlıqlardan. O zaman onun bu hərəkəti bizlərə də qəribə gələrdi. Yaş irəlilədikcə atamı başa düşür, ona haqq qazandırıram. O kişi, çoban olasa da, dünyanın dərdini yüklənib, onun halına yanıb-yaxılırdı. Dünyanın dərdini çəkmək, əslində hər bir insanın insanlıq borcu olmalıdır. Bu dərdləri isə saymaqla bitməz. Onu bu dərdlər burulğanına qərq edənlər də biz insanlar və bizim səhvlərimizdir.

Ən böyük səhvimiz laqeydlikdir. Dünyanın digər dərdləri kimi laqeydlik də qloballaşıb. Dünyanın gözləri önündə insanların haqqı tapdanır, göz yaşları, tökülən qanlar, Allahın verdiyi ömür payını yaşamaqdan məhrum olunan körpələr, sinə dağlayan fəryadlar o qədər adiəlşib ki, təsvir etməyə söz tapmaq olmur. Əslində bir evə bənzəyən dünyada dostdan çox düşmən yaşayır. Dağlar, dərələr, meşələr, ağaclar arasındakı həmrəylik, yaxınlıq dünyanın əşrəfi olan insanlar arasında görünmür. Şairimiz Ramiz Rövşənin dediyi kimi:

…Xarabadı bu ev-eşik,

Daş üstə daş olsa da.

Niyə düşmən kəsilmişik?

Hamı qardaş olsa da.

Sanki bizlər bir gəminin sərnişinləri deyilik. O gəmini kimlərsə dəlik-deşik etməyə çalışır, ancaq bizlər seyr edirik. Nə bu gəmini dələnlər işlərinin nəticəsinin fərqindədir, nə də digər sərnişinlər.

Laqeydliyimizin də səbəbləri var. Bir-birimizə qarşı borcumuzu ödəməmək bu sırada önə çıxır. Böyük-kiçik yerini bilməmək, qohum-qonşunu saymamaq, yaxınlarımızı uzaqlaşdırmaq da geniş yayılıb. Təsadüfən girdiyim çayxanada orta yaşlı bir nəfərlə bir stolda əyləşməli oldum. Çaylar buğlanıb soyuyunca söhbətləşdik, dünya dərdi də girdi aralığa. Həmsöhbətim fikirli-fikirli qardaşı oğlunun onu qızının nişan mərasiminə dəvət etməməsindən gileyləndi. Heç bir səbəb olmadan onu saymamaqları kişiyə dərd olmuşdu. Söhbət əsnasında ona bir-iki sual verdim. Məlum oldu ki, əmi namaz əhlidir, iştirak etdiyi məclislərdə gənclərə zərərli vərdişlərdən yayınmağı məsləhət görürmüş. Sən demə, əmini bu xasiyyətinə görə “cəzalandırıblarmış”.

Dünyanın bütün dillərində salam vermək salam almaq ifadələri mövcuddur. Bu ifadələr müxtəlif forma və məzmunda olsalar da, məqsədi birdir – insanlar arasında səmimiyyəti, mehribançılığı artırmaq, onları daha da yaxınlaşdırmaq. Mənə elə gəlir ki, hər hansı baxımdan ən yaxşı ifadə müsəlmanlar arasında görüşərkən istifadə olunan, ərəbcə sülh, əmin-amanlıq mənasını verən “Salam!” ifadəsidir. Tam olaraq “Əs-Səlamu əleykum” (Allah sizə salamatlıq bəxş etsin!) formasında deyilən bu söz vasitəsilə salam verdiyimiz adama Allahdan salamatlıq, əmin-amanlıq, firavanlıq bəxş etməsini diləyirik. Müsəlmanlar arasında bu ifadənin işlənməsi o qədər əhəmiyyətlidir ki, bu barədə Qurani-Kərimdə buyurulur: “Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır.” (4/86) Ayətdə göstərildiyi kimi, salam vermək borcumuz olduğu kimi verilən salamı almaq da borcumuzdur. Bu borcu da “Əleykum əs-Səlam” (Sizə də Allah sülh və əmin-amanlıq bəxş etsin!) kəlmələri ilə əda etməliyik.

Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: “İman etmədikcə cənnətə girməz və bir-birinizi sevmədikcə də iman sahibi olmazsınız. Sizə elə bir əməl öyrədim ki, onu etdikdə bir- birinizi sevəcəksiniz. Aranızda salamı yayın (yəni bir-birinizə salam verin).”

Uşaqlıqdan yadımızdadır ki, bir-birinə ərki olan adamlar tənbeh olaraq “Sənə salam vermərəm ha!” – deyərdilər. Adama salam verməmək onun üçün ağır bir cəza hesab olunurdu o zamanlar.

Bir şeyi də təəssüflə qeyd etməliyik ki, keçmişdə, elə indinin özündə də salam verib alarkən adamların vəzifəsinə, bu və ya digər mənada əhəmiyyətinə fikir verirlər. Burada rəhmətlik Məhəbbət müəllim düşdü yadıma. Digər müəllimlərdən fərqli olaraq, şair təbiətli Məhəbbət müəllim dərs dediyi şagirdlərinə qarşı çox səmimi davranırdı. Şagirdlər də onu çox sevirdilər. Salama fərqli münasibətə qarşı xüsusi mübarizə üsulu vardı rəhmətliyin. Şənlik yerindən ötərkən biri bir balaca dodağını tərpədən kimi, gur səslə – “Əleykum əs-Səlam!”- deyər, yanındakıları da salama cavab verməyə məcbur edərdi. Bu gün belə səslərə, insanlara nə qədər ehtiyacımız var. İnsanların könüllərinə rahatılq, sevinc, fərəh bəxş edən Salam indi onlara az qala güllə kimi dəyir. Salam verənlərin sayı azaldıqca onu alanların da sayı azalmaqdadır. Dünyada qlobal qızmanın sürətlə artmasına baxmayaraq, insanlar arasında soyuma, buzlaşma baş verməkdədir. Bu proses kənd yerlərində də dərinləşməkdədir.

Salam təkcə müasirlər deyil, nəsillər arasında bir körpüdür. Peyğəmbər Əfəndimizin (s.a.v) nəinki dirilərə, ölülərə də – “Salam üzərinizə olsun, ey möminlər və müsəlmanlar diyarının əhalisi!.. – nidası ilə başlanan salam vermək nümunəsi və  əmanəti də var.

Dünyanın sevinci, fərəhi  bir-birimizə səmimiyyət və sevgimizin şirin meyvəsidir. Allah aramızdakı buzları əritsin, tanıdığımız, tanımadığımız hər kəsə salam vermək üçün könüllərimiz açıq, dilimiz cəsarətli olsun! Amin!

Rahib Alpanlı, MƏNBƏ: ZAMAN