Ya Rəsulullah, mən səni canımdan çox sevirəm…

1
63
foto
O, qiyamətə qədər Adəm oğlunun yolunu işıqlandıran Sonsuz Nur.

Bazar gününü bazar ertəsinə bağlayan gecə Mövlud qəndilidir, yəni Peyğəmbərlər silsiləsinin sonuncusu və əşrəfi, Quran Peyğəmbəri, Uca Rəbbimizin “Aləmlərə mərhəmət” deyə təqdim etdiyi və yer üzünə göndərdiyi, yaradılmışların ən üstünü olan Həzrəti- Məhəmməd Mustafa səllallahu əleyhi və səlləmin bu dünyaya təşrif buyurduğu, yəni dünyanı şərəfləndirdiyi gündür. Onun gəlişi əslində bəşərin yenidən doğuşu kimidir, çünki Onunla Quran gələcək, dünyanın səmti dəyişəcək, zülmət yerini nura, zülm ədalətə təslim olacaq…

Səhabələrdən birisi söhbət zamanı söyləyir:

– Ya Rəsulullah, mən səni özüm qədər sevirəm.

Rəsulullah diqqətlə onun üzünə baxır və belə buyurur:

– Sən məni canından çox sevmədikcə həqiqi iman etmiş olmazsan.

Sevmək ədalətdir. Hər kəsi layiq olduğu qədər sevmək, hər kəsi layiq olduğu məsafədə tutmaqdır ədalət. Allah və Rəsulullah sevgisi hər şəyin ötəsində, hər şeyin üstündədir. Canımız da, varımız da, ruhumuz da.., hər şeyimiz Ona fəda olsun! Onun yoluna fəda olmaq şərəfdir, Rəbbim bu şərəfi bizdən, bu üzüqara qulundan əsirgəməsin!

Allah-Təala Peyğəmbəri sanki bəndələri ilə öz arasına bir test sualı kimi qoyur və buyurur ki, Allaha iman etdiyini söyləyən Peyğəmbərə tabe olsun ki, Allah da onun imanını qəbul eləsin. Onu sevmək könlün ibadətidir; Onu düşünmək xəyalın ibadətidir; Onu düşünüb ağlamaq gözün ibadətidir; Onun adına səlatü səlam oxumaq dodağın ibadətidir…

Bəzən bir parça şeir insanın ruhuna, duyğularına elə tərcüman olur ki, elə bilirsən, o səs, o söz elə səsin öz qəlbinin sözüdür, öz ruhunun pıçıltısıdır:

Canım qurban olsun sənin yoluna.

Yunus Əmrə bu şeiri Veysəl Qaraninin dilindən söyləyib. Amma illər, əsrlər keçdikcə məlum olur ki, bu bircə misra Rəsulullahı sevən bütün könüllərin tərcümanıdır.

***

İslam təqvimi ilə rəbiəl-əvvəl ayının 12-si İslam Peyğəmbəri Həzrəti-Məhəmmədin (s.ə.s.) dünyaya təşrif buyurduğu gündür. O, bu gecə sübhə doğru Günəşdən öncə dünyanı nura qərq elədi və Günəşin yetişmədiyi məkanlar da Onun nuru ilə aydınlığa çıxmağa başladı. O elə bir Nurdur ki, Qiyamətə qədər çölümüzü də, içimizi də aydınlığa çıxaracaq, O elə bir Nurdur ki, Günəş bu kainatı işıqlandırdığı halda O, aləmləri nura boyayır və O elə bir Nurdur ki, Süleyman Çələbinin ifadəsi ilə desək, Günəş Onun pərvanəsidir…

Həzrəti Peyğəmbər aləmlərə rəhmət olaraq göndərildi, əbədi həyata aparan yolları göstərdi. O, heç kimin qəlbinə toxunmamış, heç kimə alçaldıcı nəzərlərlə yanaşmamışdır. Hamıya Allah qarşısında müti qul, bəşər qarşısında ədalətli və dürüst olmağı öyrətdi. Hidayət, nur, rəhmət və fəzilət dolu təmiz bir həyatdan sonra əbədiyyət aləminə köçdü. Arxasında dünya malı deyil, Qurani-Kərim kimi sarsılmaz rəhbər, yaddaşlara köçürdüyü misilsiz bir həyat və bir də insanları hər zaman doğru yola dəvət edən xeyirli bir nəsil miras buraxdı.

Ona, əhli-beytinə, əshabına Allahın salamı olsun!

***

“Aləmlərə mərhəmət” deyirik, yəqin düşünən də oldu bu sözdən. Bu sözü Allah-Təala belə buyurur: Aləmlərə rəhmət

Torpaq susuz qalıb quruyanda, bərkiyəndə, nə olur?-kəsək. Başa atsan, başı yarır, dişə atsan, dişi qırır. O torpağı suvarasan, əkəsən, yumşaldasan, bərəkət qaynağına çevirəsən, sonra da oturub o iki halını müqayisə edəsən. Onun gəlişi ilə kəsəkləşmiş bəşəriyyət bərəkətli tarlaya çevrildi. Allah-Təala Onu bərəkət yağmuru kimi can verən bəşərin təşnə ruhuna boşaltdı. Bu bərəkətdən kənarda qalanlar, başına yağdığı halda islanmayanlar bədbəxtlərin bədbəxti, talesizlərin talesizidir. Ona yaxınlıq, Ona doğmalıq, Ona tabe olmaqladır. Min ilin bu üzündən Ona elə yaxın elə doğma olanlar var ki, bəlkə də, yeri Onun dizinin dibindədir.

***

Rəsulullah sevgisi dəniz suyu kimidir, içdikcə yanır, yandıqca içirsən. Amma içimizdə o sevgi yoxsa, yalandan, quru yerdən hay-küy salmağın nə anlamı? O sevgi bir mərhəmət atmosferi kimi ruhumuzu sarmayıbsa, demək ən böyük nemətdən məhrumuq. Rəsulullah sevgisi Allah sevgisinə bağlıdır, yəni onları bir-birindən ayrı təsəvvür eləmək mümkün deyil. Bir gerçək də var ki, bəndənin Allahı sevməsi özü ilahi bir lütfdür, yəni Allahın o bəndəni sevməsinə bağlıdır. Əgər Allah o sevgini bəndənin ürəyinə qoymayıbsa, könlünü susuz səhra, meyvəsiz bağ kimi nəsibsiz buraxıbsa, burda da bir hikmət axtarmaq lazımdır. Bu mövzuda bildiyimiz bir gerçək var: Sən hər şeyə rəğmən, hər şeyin acığına o qapıya üz tutacaqsan, bezmədən, usanmadan, fikrində, düşüncəndə bir an belə tərəddüdə düşmədən o qapını döyəcəksən. Bəlkə bu inad bir ömür boyu davam edəcək. Amma möminin fikri, niyyəti, baxışları bu dünyanı çoxdan aşıb, axirətə yetişib. Ona görə də ölüm adlı keçid qapısının astanasına qədər durmaq, dayanmaq, yorulmaq, dincəlmək kimi bir anlayış yoxdur könlünü bu sevdaya verənlər üçün. Allah-Təala sonsuz keçmişdən sonsuz gələcəyə qədər olmuş-olacaq hər şeyi bilir. Biz bəndələr başımıza gələn hər işlə sınağa çəkilirik, hər əməlimizə görə məsuliyyət daşıyırıq. Bu dünyanı bir kitab kimi qarşımıza açan Allah peyğəmbərləri vasitəsilə bizə bilmədiklərimizi öyrədir, ətrafımızdakı aləmdə bizim üçün yaradılmışları hansı təyinat üzrə istifadə etməyi başa salır. Hər peyğəmbərin öz fəaliyyət dairəsi, öz zamanı və ümməti var. Bu mənada biz müsəlmanlar bəşər tarixinin ən bəxtəvər insanlarıyıq. Bütün dünyəvi dinlərin gəlişini irəlicədən müjdələdiyi, qövmlərin, xalqların həsrətlə gözlədiyi bir peyğəmbərin bayrağı altına girə bilmək nə böyük səadətdir! Onu qısa bir zaman kəsiyi  və dünyanın hansısa coğrafiyası ilə məhdudlaşdırmaq günahdır. O təkcə biz müsəlmanlar üçün yox, aləmlər üçün ən böyük ilahi mərhəmət, ən uca nemət kimi göndərilib. Onunla göndərilən ilahi kitab Qurani-Kərim və özünüz həyatı, davranışları, dini terminlə ifadə etsək, sünnəti-səniyəsi Qiyamətə qədər bəşərin yolunu işıqlandıracaq, onlara hər iki cahanda xoşbəxt olmağın sirlərini öyrədəcək. O elə möhtəşəm bir gözəllik, sönüb-sozalmayan elə sonsuz bir nurdur ki, yaxınlaşdıqca cazibə gücü daha da artır və sən o nurun pərvanəsi olmağı ən böyük şərəf bilirsən. Hər dəfə bu mövzuda danışarkən Süleyman Çələbinin Rəsulullah haqqında dediyi o məşhur sözlər yada düşür:

Bir əcəb nur kim, günəş pərvanəsi.

Onu görənlər bir daha elə bir gözəlliyə şahid olmadıqlarını ifadə ediblər. Onu Allah mədh edib, onu Allah sevib. Onu sevənlər Ondan heç nə əsirgəməyiblər, Onu sevməyin özü ən böyük nemətdir bizim üçün. Onu sevmək Allahın sevdiyini sevməkdir, Allahı sevməkdir, Allahın yaratdıqlarını Allah üçün sevməkdir. Heç özün də bilmədən Yunus dədənin sözləri axır dilindən:

Canım qurban olsun sənin yoluna

Adı gözəl, özü gözəl Muhamməd!

Bu günlər dünyamızın Onun gəlişi ilə şərəfləndiyi günlərdir. Bu günlər Mübarək Doğum Günləri, dünyanın Onun gəlişi ilə yenidən doğulduğu, zülmətdən nura yönəldiyi günlərdir. Onun gəlişi bu dünyanın yenidən doğuşudur, Onun gəlişi hər birimizin həyatına bir günəş kimi doğması hər birimizin ad günüdür.

Dünya nəyə sahibsə, onun vergisidir həp.

Mədyun Ona cəmiyyəti, mədyun Ona fərdi.

Mədyundur o Məsuma bütün bir bəşəriyyət,

Ya Rəbb, bizi Məhşərdə bu iqrar ilə həşr et.

***

O, əl açıb bir şey istəsəydi, Allah-Təala istədiyini əsirgəməzdi. Körpə-körpə balaları köçdü bu dünyadan, qolları arasında can verdilər, amma heç biri üçün ömür istəmədi. Körpəcə İbrahimini öz əlləri ilə torpağa qoyub göz yaşları ilə “qədərə boyun əyməkdən başqa əldən nə gəlir, ey İbrahim”- deyəndə bəlkə ətrafda kimsə övladına həyat diləmədiyi üçün Ona qızdı, bilmirəm, bəlkə də, beləsi oldu. Oldumu, olmadımı?- inşallah olmamışdır, əgər olmuş olsa belə, onun könlündəkilərdən xəbərdar olsaydı, düşündüyündən utanardı. O, Allahın ən sevimli qulu, göndərdiyi nəbilərə imamdır. Varlığında özünə aid bir şey tutmadı, ruhunu Allaha verdi. Mövlana nə deyirdi?

-Kamil insan ney kimidir. İçi oyulmuş, sinəsi dəlik-dəlik açılmış ney onu üfürənin iradəsinə uyğun səs çıxardığı kimi kamil insan da Yaradanın iradəsini  əsas tutmalı, həyatını Onun rizasına uyğun yaşamalıdır.

Allaha Ondan yaxın kim var? Kim onun kimi ola bilər?- Onu bir kimsə ilə müqayisə etmək belə doğru deyil. Məxluqat içində Onunla müqayisəyə gələn kimsə yoxdur. Bu dünyaya Allahın ən böyük neməti kimi gələn, bu dünyanı qiyamətə qədər aydınladan Sonsuz Nurdur O. Ən gözəl şəkildə yaradılıb.

Vücudun rahmətən lil-aləmindir, ya Rasulullah! Cünudun ənbiya və mürsəlindir, ya Rasulullah! O əbri-rahməti-Rahmənü məhbubi- Xudasan ki, Üzün suyuna xəlq oldu cihan həp, ya Rəsulullah!

O, Allah-Təalanın aləmlərə göndərdiyi misilsiz bir nemətdir, mərhəmətdir; O, Allahın Elçisi, Sevimlisi; O, Rəsulların, Nəbilərin sonuncusu, Seyyidi və Əşrəfi;

O, Allah-Təalanın göndərməyi murad etdiyi uca kitabı Qurani-Kərimi əmanət etdiyi mübarək əllərin Sahibi;

O, Bəşəriyyəti Allah-Təalanın lütfü və inayəti ilə zülmətdən aydınlığa çıxaran Böyük Mürşid;

O, qiyamətə qədər Adəm oğlunun yolunu işıqlandıran Sonsuz Nur;

O, Allah-Təalanın Qurani-Kərimdə “Allaha iman etdim deyənlər Ona itaət etsinlər”- buyurduğu Böyük Vəkil, Xəlifə;

O, vəhşilər sürüsündən mələklər ordusu çıxaran Tərbiyəçi;

O, bütün həyatını insanların gözünə, ruhuna, yaddaşına köçürüb doğru həyatı öyrədən Ustad; nifrəti sevgiyə, zülməti işığa, cəhaləti elmə, tikanı gülə, savaşı barışa, ədavəti mərhəmətə çevirən və gözəlliklərin, üstün məziyyətlərinin sözlə ifadəsi mümkün olmayan İlahi bir Hikmətdir.

O, sevən könüllərin Sultanı, təkcə içində yaşadığımız dünyanı deyil, içimizdəki dünyanı da aydınladan, Günəşdən də, Aydan da daha parlaq Sonsuz Nurdur. Həm də elə bir Nur ki, bütün səma cismlərinin, planetlərin başına dolandığı Günəş özü Onun pərvanəsidir.

Dünya Onun kimi Gözəlini görmədi, görməyəcək də. O, bu dünyaya bir insan olaraq təşrif buyurdu, dünya Onun gəlişi ilə şərəfləndi, amma Ona adi bir insan kimi baxanlar Onun gözlə görünməyən uca məziyyətlərini nə sezə, nə də sevə bilərlər.

O, Adəm babadan qiyamətə qədər gəlib keçmiş və keçəcək hər kəsdən daha gözəldir, amma dediyimiz kimi, Onun gözəllliklərini təkcə iki qaşın altındakı iki gözlə görənlər Onu tanıya bilməzlər; Onu könlünün gözü ilə görənlər tanıyar və tanıyanlar da Onun yolunda, Onun uğrunda, Ona bənzəmək istiqamətində özündən, özlüyündən imtina edərlər.

Günəş səhər doğar, axşam batar, Onun nuru isə hər zaman görən gözlərdə, sevən könüllərdədir, dünyamızın üstündədir.

***

O, miladi təqvimi ilə 571-ci ilin belə bir işıqlı aprel gününə açılan dan üzü dünyaya gözünü açdı. Əslində həmin o dan üzündə doğulan təkcə O deyildi, Onunla birlikdə bu dünya yenidən doğulur, yeni anlam, yeni mahiyyət qazanırdı. O aprel səhəri də heç adi bir səhər deyildi, bəlkə də dünyanın ən xoş saatı, ən şirin ovqatı idi. Atası Abdullah O hələ ana bətnindəykən bu dünyadan köçüb getmişdi, adını babası Əbdülmüttəlib verdi: Məhəmməd, yəni yerlərdə və göylərdə öyülmüş, mədh edilmiş.

Onu sevənlər havadan qoxusunu alıb ciyərlərinə çəkdilər, torpaqda ayaq izlərini tapıb üz sürdülər. O, bir ayrı sevgi, O, bir ayrı insan, O, bir ayrı örnək idi… Birindən bir şey soruşdusa, doğrunu öyrətmək üçün soruşdu; birindən bir şey istədisə, onun xeyri üçün istədi. O, dünyanın bəxtinə yazılmış ən böyük Xeyirdir. Bütün gözəlliklərin ən gözəl örnəyi Onun həyatındadır.

***

O sonsuz Nurdur, O, dünyaları da, könülləri də, işıqlandıran, nicat yolunu, qurtuluş yolunu göstərən bir Mürşiddir. O elə möhtəşəm bir nurdur ki, Günəş də, Ay da işığın Ondan alır; ancaq hərəkət halı ilə varlığını davam etdirən bu kainat Onun başına fırlanır, Onun pərvanəsi olaraq dəyər qazanır.

Hər gözəlliyin zirvəsi Onda görünüb. Adəm oğlu bu dünyada ondan gözəlini görməyib, görməyəcək də. Məhəmməd Füzuli Onun çöhrəsinin gözəlliyini misli görünməmiş və görünməyəcək bir gül hesab edir:

Suya versin bağban, bihudə zəhmət çəkməsin,

Bir gül açılmaz üzün tək, versə min gülzarə su.

Könlündə duyğusu olan, həqiqi sevginin nə olduğunu bilənlər Onu vəsf ediblər. Onu vəsf edənlər Ona bir şey qazandırmayıblar, sadəcə onun adını öz şeirlərinə qatıb, yazdıqlarını da, duyğularına da bərəkət tapıblar. Onun sevgisi hansı qəlbə düşsə, o qəlbin bərəkəti sahibinə yetər.

***

Ona Allah-Təala və mələkləri səlatü-salam edirlər. Ona salam oxumaq bizə Allah-Təalanın əmridir. Ona Allahın səlatı dəstəkləməyidir, mərhəmətidir, müzəffər qılmasıdır; mələklərin səlatı Onun üçün dua etmələridir, Onu sevmələridir; Ona bizim səlatımız isə Yolunu tutmağımız, buyruqlarına əməl etməyimizdir.

***

O, bir şey soruşurdusa, öyrətmək üçün soruşurdu, O, bir şey istəyirsə, vermək üçün istəyir; Onun yolunu tutmaq bizi qurtuluşa çıxarar, bizim qurtuluşa çıxmağımız da Onun qazancı olar.

Allah-Təala buyurur ki,  Allahı sevdiyini söyləyənlər Onun yolunu tutsunlar, dediklərini qəbul eləsinlər ki, Allah da onları sevsin. Açın Qurani-Kərimi baxın, Ali-İmran surəsinin 31-ci ayəsində buyurulur. Buyurun, bundan daha tutarlı bir dəlil olarmı? Demək Rəsulullahı sevmək həm də Allahı sevmək mənasına gəlir və həm də Rəsulullahı sevmədən Allahın mərhəmətinə qovuşmağın mümkün olmadığını da bizə göstərir. Onun yolunu tutan Allaha təslim olmuş sayılır. Onun əxlaqı Quran əxlaqıdır, Onu tərbiyə edən Allah-Təaladan başqa bir kimsə deyil. Onu xətalardan, günahlardan qoruyan da Allah-Təalanın Özüdür. Onun həyatı Quranda yaşanması istənilən örnək mənzərələr toplusudur.

***

Milyonlar bir ağızdan oxuyur bu sözləri, həm də ürəyin ən dibindən, ən gözəl dua kimi: “Canım fəda olsun…” Candan daha dəyərli nəyi var ki, sevənlərin.

Sən Allahın sevdiyisən, Allahın sevdiyini sevəni Allah sevər, Allahın sevdiyini sevən Allahı sevər.

Məhəmməddən oldu məhəbbət hasil

Məhəmmədsiz məhəbbətdən nə hasil?

Ya Rəsulullah! Sevməyi Sən öyrətdin bizə, Səndən öyrəndi bu insanlıq sevməyi, Sənsiz nə sevgi, nə məhəbbət? Sənin adın yetər aşiqlərə. Hansı könüldə, hansı cümlədə adın çəkilərsə, bərəkət toxumları kimi boy verər o yerdə. Adın dodaqlarda gül kimi açar, könüllərə, duyğulara bərəkət qaynağı olar. Səninlə eyni tarixi paylaşıb, eyni havanı ciyərimizə çəkə bilməməyin üzüntüsü sarmış ruhumuzu. Sənin ayağının tozunu məlhəm kimi gözümüzə, üzümüzə, ürəyimizin başına sürə bilməməyin yanğısı içindəyik. Amma təsəllisiz də deyilik:  Özün buyurmusan ki, Qiyamət günü hər kəs öz sevdiklərinin yanında olacaq və onu da buyurmusan ki, Səndən sonra gəlib, üzünü görmədən Səni sevənlər Sənin qardaşlarındır. Biz də bu müjdənin coşqusuilə qollarımızı da, könlümüzü də açıla bildiyi qədər açaraq Allaha yalvarırıq:

– Ya ərhəmərrahimin, bizim könlümüzü Allah sevgisi və Rəsulullah sevgisi ilə elə doldur ki, orada dünyaya zərrə qədər yer qalmasın. Bilirik ki, bir bəndənin Allahı sevə bilməsi Allahın o bəndəyə ən böyük lütfüdür. Bu lüftü əta buyur bizə, ey mərhəməti sonsuz olan uca Rəbbim!

***

1400 ildir ki, İslam aşiqləri Rəsulullah sevgisi ilə coşub çağlayırlar. Peyğəmbərimizin vəsfinə yazılmış nəti-şərifləri bir araya yığsanız yüzlərlə cild kitablar ortaya çıxar. Amma bütün bu gözəl duyğular və şeirlər arasında biri var ki, Rəsulullahı sevən bütün könüllərin tərcümanıdır. Süleyman Çələbinin nəti-şərifini deyirik. Elə bu mübarək Mövlud qəndili münasibətilə Süleyman Çələbiyə, Yunus Əmrəyə, Mövlanaya, Sədi Şirəziyə, Məhəmməd Füzuliyə, Mehmet Akifə, Seyyid Nigariyə, adını çəkə bilmədiyimiz bütün Rəsulullah aşiqlərinə, İslam bülbüllərinə Allahdan rəhmət diləyir, duyğularımızı Süleyman Çələbinin “Nəti-Şərif”indən seçdiyimiz parçalarla hüzurlarınıza təqdim edirik. Mövlud qəndiliniz mübarək olsun! Allaha əmanət olun!

***

Süleyman Çələbi

Nəti-şərifdən parçalar

***

Allah adın zikr edəlim əvvəla,

Vacib oldu cümlə iştə hər qula.

***

Allah adın hər kim ol əvvəl ana.

Hər işi asan edər Allah ona.

***

Allah adı olsa hər işin önü,

Hərgiz əbtər olmaya anın sonu.

***

Bir kəz Allah dersə şövq ilə lisan,

Tökülür cümlə günah misli-xəzan.

***

İsmi-Pakin pak olur zikr eyləyən

Hər murada yetişir Allah deyən.

***

Eşq ilə gəl indi Allah deyəlim,

Dərd ilə, göz yaş ilə ah edəlim.

***

Ola kim rəhmət qıla ol padişah,

Ol Kərimü ol Rahimü ol ilah.

***

Bu gələn elmi-lədun sultanıdır,

Bu gələn tövhidi-irfan kanıdır.

***

Bu gələn eşqinə dövr eylər fələk,

Yüzünə müştaqdürür insü-mələk.

***

Bu gecə ol gecədir kim, ol şərif,

Nur ilə aləmləri eylər lətif.

***

Bu gecə şadan olub ərbabi-dil,

Bu gecəyə can verir əshabi-dil.

***

Rahmətən lil-aləmindir Mustafa,

Həm şəfi ül-müznibindir Mustafa.

***

Cümlə zərrati-cahan edib səda,

Çağrışuban dedilər kim, mərhəba!

***

Mərhəba ey ali-sultan, mərhəba!

Mərhəba ey kani-ürfan, mərhəba!

***

Mərhəba ey sirri-Furkan, mərhəba!

Mərhəba ey dərdə dərman, mərhəba!

***

Mərhəba ey bülbülü-bağı-cəmal,

Mərhəba ey dərdə dərman, mərhəba!

***

Mərhəba ey mahü xurşidi-Xuda,

Mərhəba ey Haqdan olmayan cüda!

***

Mərhəba ey asi ümmət məlcəi,

Mərhəba ey çarəsizlər əşfai!

***

Mərhəba ey cani-baqi, mərhəba,

Mərhəba uşşaqə saki, mərhəba!

***

Mərhəba ey qüdrəti ayni-Xəlil,

Mərhəba ey xasi-məhbubi-Cəlil!

***

Mərhəba ey rahmətən lil aləmin.

Mərhəba sənsin şəfi əl-münzibin.

***

Mərhəba ey padişahi-du cahan,

Sənin üçün oldu kövn ilə məkan.

 

Mənbə: ZAMAN. Müəllif: ƏLİ ÇƏRKƏZOĞLU

1 comment

  1. Bu cür yazıya niyə şərh yazmırsınız, əziz oxucular?! Peyğəmbər əfəndimizə onun ümməti olaraq sevgimizi bildirmək bizim borcumuzdur. Hörmətli Əli Çərkəzoğluna da bu gözəl yazıya görə dərin təşəkkürümü bildirirəm.

Comments are closed.