Xoşbəxtlik özü gəlməyəcək, onu siz “dəvət” edin…

1
76

XoşbəxtlikHəyat biz fərqinə vardığımız qədər gözəldir. Neçə gündür bu fikir ağlımdan çıxmır. Hansısa kitabdan oxumamışam, hansısa ağsaqqaldan, ağbirçəkdən eşitməmişəm. Yaşadıqlarım, gördüklərim və anladıqlarım məndə bu qənaəti formalaşdırıb…

Sözün açığı, bir müddət idi ki, özümdən asılı olmadan, narahatlıq keçirir, özümü narahat hiss edirdim. Halbuki ciddi bir səbəb yox idi bu vəziyyətə düşmək üçün. Çoxdan tanıdığım həkimə – kardioloq Abdulla Abdullayevə zəng vurub, söhbətləşdim, vəziyyəti izah elədim. İlk sualı bu oldu: axşamlar saat neçədə yatırsan? Düşünmədən cavab verdim: “Bəzən 12-də, bəzən 1-də, bəzən də 2-nin yarısı”.

Həkimdən növbəti sual gəldi: “Yaxşı, o müddətdə nə işlə məşğul olursan?”

– Əksər hallarda kompyuter arxasında otururam.

– Onda sənin səbəbsiz yerə narahat olmağın çox normaldır. Axşam çalış erkəndən yat, səhər imkan daxilində tez dur, fərqi hiss edəcəksən…

***

Aradan 10 gün vaxt keçib. Ölənlərinə rəhmət, ay həkim, mən özümə boş yerə nə qədər əziyyət verirəmmiş. Artıq yorulmuram, narahat olmağa bəhanə axtarmıram, hər şeydən qıcıqlanıb özümdən çıxmıram. Əksinə, çox rahatam, özümü gümrah hiss edirəm. Olub-keçənlərə normasında reaksiya verirəm. Yağışın yağmasından zövq alıram, yazqabağı olduğu üçün quşların oxuması diqqətimi çəkir, eyvanda uzun müddətdir diqqət yetirmədiyim güllərimə vaxt ayırıram və s. Sən demə, bu vəziyyətə gəlmək üçün “bir ətək” pul xərcləməyə ehtiyac yox imiş…

Bəli, bizim çoxumuzda yanlış bir fikir formalaşıb ki, bir işi görmək üçün mütləq pul xərcləməlisən. Bu da ondan qaynaqlanır ki, biz bir çox şeyləri kənarda axtarırıq.

Halbuki insan sahib olduqlarını, ona verilən nemətləri dəyərləndirməklə də buna nail ola bilər…

***

Adam var, ətrafında olub-keçənlərə qarşı çox soyuqqanlı davranır. Bu, müəyyən mənada yaxşı haldır, amma ifrat həddə olmaya. Onda bunun adı soyuqqanlılıq yox, başqa olur…

Amma adam var həssasdır, adam da var ki, çox həssasdır. Bu gün çox həssas olmağa, hər şeyə ifrat səviyyədə, aqressiya ilə reaksiya göstərməyə ehtiyac yoxdur. Biz hadisələrə soyuq başla, soyuqqanlı reaksiya verməyi öyrənməliyik. Evdə də, işdə də, küçədədə, cəmiyyət arasında da.

Məsələn, işdə bir hadisə baş verir. Qarşındakı adam sənə heç gözləmədiyin halda sərt reaksiya verir. İndi sən də durub ona eyni tərzdə reaksiya versən, aləm qarışacaq bir-birinə. Hətta, bəlkə, əlbəyaxa dava da düşəcək. Ehtiyac varmı, buna dəyərmi? O da insandır, bəlkə bu gün kefi yerində deyil, bəlkə evində, ailəsində sənin bilmədiyin bir hadisə yaşanıb, xəbərin yoxdur? Həmin an sənin səbir nümayiş etdirməyin sənin böyüklüyün deməkdir.

Eləcə də avtobusda, nə bilim həkim növbəsində, sükan arxasında bu cür davranmağı öyrənməliyik…

Psixoloq Elnur Rüstəmov deyir ki, insan həyatdan nə gözləyirsə, həyat da ona onu verir. Yəni sən səbirli insansansa, ağıllı insansa, kamil davranmağı, aqil davranmağı bacarmalısan.

Bəli, hər xırda işdən qanqaraçılıq yaratmağa, hər adi işə görə incik düşməyə dəyməz. Biz insanlara, cəmiyyətə, ətrafımızdakılara dəyər verməyi bacarmalıyıq ki, bizə də dəyər versinlər.

***

Nümunə olmaqla tərbiyə etmək…

Yəqin sizin də rastınıza belə insanlar çıxıb – kişi və ya qadın, fərq etməz – adamın üzündən nur tökülür, gözlərində sanki işıq var. Allah, Allah…

Bu insan harada yaşayır, nə yeyib, nə içir? Necə belə gümrah, rahat ola bilir, necə gözəl danışır? Qulaq asdıqca qulaq asmaq, dinlədikcə dinləmək istəyirsən. Deyirsən ki, Allah, kaş mənim də belə bir qohumum olaydı, həmişə ünsiyyətdə olaydım.

Nə maddi imkanı var, nə bağı-bağatı, nə bilim, nə də bahalı maşını. Adam o qədər xoş təsir bağışlayır ki, heç geyim-keciminə də fikir vermirsən. Xasiyyətinə görə, kamilliyinə görə, gözəlliyinə görə geyimi də sənə təzə gəlir…

Biz də davranışımızla, ədəb-ərkanımızla, xoş auramızla başqalarına nümunə olmalıyıq. Qoy biz də ətrafımızdakı insanlara nümunə olaq, xoş təəssürat yaradaq, insanlar bizimlə danışmaq istəsinlər, bizi görəndə darxımasınlar…

***

Bəli, xoşbəxtlik çox nadir hallarda insanların ayağına özü gəlir. Onu özümüz gətirməliyik, özümüz “dəvət” etməliyik. Bunun üçün özümüz şərait yaratmalıyıq. Xoşbəxtlik bizim içimizdədir, onun fərqinə varmalıyıq, üzə çıxarmalıyıq.

Xoşbəxt olmaq üçün milyonlara, bahalı-bahalı əmlaklara, zinət əşyalarına ehtiyac yoxdur. Bunun üçün sağlam can, əsəb sakitliyi, evdə və işdə rahatlıq bəs edər, inanın.

Həkim demişkən, vaxtında yatıb, vaxtında durun, çox yeməyin, mümkün olduğu qədər axşam 6-dan sonra çörək yeməyin, təbii qidalara üstünlük verin, açıq havada gəzin, piyada gəzməyə üstünlük verin, özünüzü kompyuter, televizor qarşısına “mismarlamayın”, rahat olun, ədəbinizlə, ərkanınızla, səbrinizlə, xoş xasiyyətinizlə başqalarına nümunə olun. Onda fərqi hiss edəcəksiniz…

www.zaman.az

1 comment

  1. Aynan oyle.Butun bunlarin sende olmasini isteyirsense Allaha siginmali,ondan sene iman vermesi ucun dua edeceksen.Allah her birimize gozel insan olmagi nesib etsin.Cox eziz Intiqam dayim demisken”En gozel xususiyyetler kamil insana mexsuxdur”Uca Yaradan cumlemizi kamillerden eylesin ins-h.

Comments are closed.