Yaşayırıq ki, dönüb qayıdaq…

0
51

Kənd eviDönmək, qayıtmaq istədiyimiz o qədər dəyərlər var ki…

Məqamlar, anlar var.

Adamlar, hadisələr var.

Yağışlar, fəsillər, dağlar, çaylar var.

Bir də daha o vaxtkı kimi açılmayan çiçəklər.

Min dəfə dönmək istədiyim göz yaşı kimi təmiz, heç tanımadığım təbəssümdən ötrü nələri verməzdim?!

Sözün böyük mənasında böyük müəllimlərimə dönmək ehtiyacı duyuram.

Dünyanın heç bir varı dəyişdirə bilməyən nurlu üzlərə dönmək istəyirəm.

Günəşdən yanıb qaralmış, isti çörək ətirli əllərə alnımı söykəmək istəyirəm.

Bütün dünya yerləşən, amma dünyaya sığmayan ana qucağına sığınmağım gəlir.

Dönmək istədiyim o qədər çox şeylər var ki…

Dönmək, qayıtmaq gerilik deyil.

Dönmək, qayıtmaq itirmək deyil.

Dönmək istədiklərimiz yaxşılardır, dəyərli olanlardır, müqəddəslərdir.

Qayıtmaq, dönmək istədiklərin ilğım kimidir, sən getdikcə o da gedir, heç vaxt qovuşa bilmirsən.

Amma o görünür, o var.

Amma səni çəkib aparmağı var.

Amma sənə səmt verməyi var.

Aldanışdan çox əlçatmaza qovuşmaq inadı var.

Möcüzəyə inanmaq “dəliliyi” var.

Vahə həsrəti çəkən bu ilğıma gedər.

O bulaqdan ötrü dodaqları çatlayan bu yola üz tutar, inanar.

Qayıtmaq, dönmək – haradasa, bəlkə də, elə həqiqətdə irəliyə getməkdir.

***

İçimizdə yaxşılığa, müqəddəsliyə ehtiyac var, həsrət var.

Bizi yaşadan, sabaha səsləyən, xeyirxahlığa həvəsləndirən də o həsrətdir.

O həsrət gündəlik həyatımızın fövqündə durur.

O həsrət haradasa həyatımızın yol xəritəsidir.

Dünyaya o həsrətdən boylanırıq.

Dünyanın hər şeyi bu həsrətlə test olunur.

***

İnsan dünyanı, insanları dərk etdikcə təmizlənir, saflaşır, yaşamağın mənasını anlayır.

Mənim nə vaxtsa küləkdən dəniz kimi dalğalanan zəminin içində uzanıb, göylərə baxmaq səadətim olub.

O küləklər adamı dünyadan ayıra bilirdi.

Qayğıları unutdura bilirdi.

Zəminin içində yalnız göyləri görmək, xışıldayan sünbüllərin səsini dinləmək qəribə şəkildə adamı özünə qaytarırdı.

Bu, sevimli bir tənhalıq idi.

Zəmilər başımın üstündə bayraq kimi dalğalanırdı.

Zəmilər mənim xəyalımdakı evin, dünyanın, ölkənin bayrağı idi.

Beləcə qalmaq, bunun əbədi davam etməsini istəyiridim.

Əslində burada keçən vaxt elə bir əsrə bərabər idi.

Mən zəminin içindən axıb gedən buludları deyil, buludların üstündən zəmidə arxası üstə uzanıb, qollarını bütün dünyanı qucaqlayacaqmış kimi açmış tənha insanı – uşağı müşahidə edirdim.

Elə bilirdim ki, kainatın ən uzaq nöqtəsindən belə zəminin içindəki o tənha uşaq görünür.

Hamının içində tək adamı görmək çətindir.

Hamının içində tək qalmaq da çətindir.

Özünü hamının içindən çəkib çıxarmaq, “təklik” azadlığına qovuşdurmaq iradə istəyir.

Zəminin içi də bir dünya idi – qapısı göylərə.

Zəminin içində yerdən heç nə yox idi, yerdən heç nə görünmürdü.

Zəminin içində yerdən üzülürdüm.

Göyləşirdim.

Göydən yerə baxırdım.

Göyün də vətən olduğunu zəmidən görürdüm…

Dönmək, qayıtmaq istədiklərim olub həmişə.

Elə bilirəm ki, bütün yaşantılar, bütün ömür elə dönüb qayıtmaq üçündür.

Dönüb qayıtmaqdan işıqlı yolumuz yoxdur, bəlkə də.

Yaşayırıq ki, dönüb qayıdaq.

Hər yaz gələndə sünbülləyib dalğalanan zəmilər yolumuzu gözləyir.

www.zaman.az