Birinin insanlığını öyrənmək istəyirsənsə, sözünə yox, işinə bax

1
40


Sevgililər sevgilisi Rəsulullahın gözünü haramlardan qorumaq mövzusunda Həzrəti Əliyə söylədiyi bir düsturu xatırladaq:

“Ya Əli! İlk baxış yararına, sonrası zərərinədir”. İlk baxış dedikdə, sənin iradəndən asılı olmayaraq gözünə sataşan haramlar nəzərdə tutulur. Allah-Təala buyurmurmu ki, gözünüzü haramdan çəksəniz, şeytan oxlarından qorunarsınız və sizin bu əməlinizin mükafatını da mən verərəm? – Əlbəttə, buyurur. Peyğəmbərimiz də məhz o müjdəyə əsaslanaraq gözləri haramdan qorumağı tapşırır.

Bəli, hamımızın başına gələ bilir və gəlir də. Əgər gözümüzə sataşan ilk andaca Allah qorxusu ilə gözümüzü o haramdan çəkiriksə, əmin olun ki, bunun mükafatı var; yox, əgər nəfsimizin ləzzətinə, dadına uyaraq gözümüzün qurdunu öldürənədək baxırıqsa, gözümüzə sancılan şeytan oxlarını da bir zamanlar saydıqca üzüntümüzdən od tutub yanacağıq.

Bəli, dəyərli oxucular, qorunmağın yolları bəllidir: haramlardan qaçmaq, Allah-Təalanın göstərdiyi istiqamətdə yerimək, dünyaya Allah-Təalanın göstərdiyi pəncərədən baxmaq və uca Yaradanın haram buyurduqlarından oddan qaçar kimi qaçmaq.

***

Qorxu hissi fərdlərə görə dəyişə bilər. Məsələn, gündəlik məişət həyatını yaşayan, amma ibadətindən, itaətindən qalmayan insan cəhənnəmdən qorunmağı, öldükdən sonra əzaba düçar olmamağı əsas prinsip kimi qəbul edər. Amma könlünü dünya sevgisindən təmizləmiş könül ərbabı isə bu mərhələni çoxdan keçmişdir və onun tək prinsipi var: Allaha daha da yaxın ola bilmək. Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, dünyadan köçərkən hər kəs üzülür, mömin üzülür ki, niyə daha çox xeyir əməl işləyib, daha yüksək məqama layiq ola bilmədi; kafir də üzülür ki, niyə xeyir əməl işləmədi, dünyada ikən önünə açılmış bütün imkanları fövtə verdi və zərərə uğrayanlardan oldu.

İbadət məsələsində də eyni mənzərəni görmək mümkündür. Yəni insan var ki, qiyamət günü cəza almamaq üçün Allahın əmr etdiyi ibadətləri yerinə yetirir. İnsan da var ki, könlünü ibadətə verib, ibadət onun üçün Allahla ünsiyyət deməkdir.

***

Bəzən çox qəribə hallarla qarşılaşırsan: insan bir xəta işləyir və xətasına bəhanə olaraq da ibadətini göstərir. Beləsinin hələ məsələnin mahiyyətinə vardığını söyləmək olmaz. Çünki dünya işinə görə axirət sərmayəsini zay eləmək çox böyük uğursuzluqdur. Ümumiyyətlə, kəlməbaşı müsəlman olduğunu gözə soxan, lazım oldu-olmadı “mən namaz qılıram, oruc tuturam” deyən birisi istər-istəməz insanda şübhə doğurur. Bu məqamda deyilmiş çox gözəl bir söz var:

Ayinəsi kardır kişinin, lafa baxılmaz,

Şəxsin görünür rütbeyi-əqli əsərində.

Şair deyir ki, sən birisinin şəxsiyyətini, insanlığını öyrənmək istəyirsənsə, onun sözünü əsas tutma, işini əsas tut, çünki hər kəsin nə qədər ağıllı, dürüst və ya fırıldaqçı olması əməlindən görünür. Yəni Allaha bağlı olduğunu iddia edənin insana qarşı zalım davranması onun iddiasının doğru olmadığını göstərir. Çünki insana təşəkkür etməyən Allaha da şükr etməz. Allaha şükrün ifadəsi insana münasibətdə görünər. Çünki insan Allahın əsəridir. Sən insana “Allah yaradıb, Allahın bəndəsidir” düşüncəsi ilə dəyər verərsənsə, Allah da sənə dəyər verər.

***

İnsanları müxtəlif prizmadan yanaşaraq müxtəlif kateqoriyalara bölürlər. Amma ən dəqiq bölgü aqil və cahildir. Yəni hara çevirirsən-çevir, bir insan ya aqildir, ya da cahil. Aqil o kəsdir ki, Allahını tanıyır, öz borcunu bilir və yerinə yetirir. Cahil o kəsdir ki, Allahını tanımır və borcunu da yerinə yetirmir. Həqiqi ağıl o ağıldır ki, insanı qurtuluşa çıxarır. İnsanı qurtuluşa çıxarmayan ağıl ağıl deyil. Ümumiyyətlə, ağıl çox geniş anlayışdır, zəka isə məhdud, hər hansı bir sahə ilə bağlıdır. Ola bilsin ki, bir insan zəkalıdır, amma bu zəka onu qurtuluşa çıxarmaq üçün yetərli deyil. Bəşər tarixinə nəzər salsanız, belələrinin sayının xeyli olduğunu görə bilərsiniz. Həqiqi ağlın mayasında Təqva, yəni Allah düşüncəsi ilə günahlardan qaçmaq var. Ağıl Quranın kölgəsində inkişaf etdikcə, Quranla uzlaşdıqca doğrudur, xeyirlidir. Quran məntiqinə zidd olan düşüncə ağıl deyil, bəladır, fəlakətdir. Çünki bir az əvvəl də dediyimiz kimi, həqiqi ağıl Allaha təslimiyyəti zəruri hala gətirir.

***

Qurani-Kərimdə cəhənnəm haqqında danışılarkən: “Yanacağı insanlar və daşlar olan və kafirlər üçün hazırlanan o dəhşətli atəşdən qorunun” (Bəqərə/14) buyurulmaqdadır. Təfsir alimlərimiz bu ayəti-kərimdə haqqında danışılan daşların bütlər olduğunu söyləyirlər. Dəhşətə və hikmətə baxırsınızmı? Bədbəxt məxluqlar Allahı unudub hansı bütlərə tapınırsa, elə tapındıqları ilə birlikdə yanacaqlar. Düşünəndə insanın tükü ürpənir.

Təqva və saleh əməl (gözəl əməl) ruhun və qəlbin tərəqqisinin iki əsasıdır. Saleh əməllərlə insan mənəvi qazanc əldə edir. Qazanılmışlar isə təqva ilə qorunur və zərərlərdən uzaq tutulur. Təhlükə yollarını bağlamayan insan bəzən qazandıqlarından daha çox itirə bilər.

Peyğəmbərimiz (s.ə.s.) bir hədisi-şəriflərində belə buyurmaqdadır:

“Ümmətimdən o şəxslər müflisdir ki; hesab gününə namaz, oruc və zəkat kimi əməllərlə gəlir, amma bunlarla yanaşı birinə söymüş, birinə iftira atmış, bir başqasının malını yemiş, kiminin qanını tökmüş, kimini də döymüşdür. Hesab zamanı həmin insanın savabları onun bu dünyada zülm etdiyi insanlara paylanır. Veriləcək savabı qalmayanda da, haqq sahiblərinin günahlarından bir qismi alınıb, onun çiyninə yüklənir və özü də cəhənnəmə atılır”.

Bu hədisdən anlaşılır ki, Allahdan qorxan insan başqalarına qarşı haqsızlıq etməməlidir. Edərsə, eləsinin Allahdan qorxduğunu deməsi də inandırıcı olmaz.

1 comment

  1. Birinin insanlığını öyrənmək istəyirsənsə, sözünə yox,işinə bax.Böyük, mənəvi kəlamdır.Gəlin arzulayaq ki, bəzi məmurlar da Allahdan qorxsunlar,insanlara qarşı haqsızlıq etməsinlər,haram yeməkdən əl çəksinlər.Yalan sözləri ilə yox,yaxşı əməlləri ilə tanınsınlar

Comments are closed.