Qadının qiyməti

0
58

qadınBir həqiqət var ki, qadın dünyaya dolanmaq üçün gəlməyib.

Çox vaxt qadını təbiətin bir hissəsi hesab edirlər. Guya qadın da bir daş kimi, adi bir ağac kimi, ot kimi yaradılıb. Lakin qadın daş deyil, ağac deyil, ot deyil. Təbiət, bəlkə də, qadını elə daş kimi, ağac kimi görmək istəyir. Fəqət bunların əvəzində tamam başqa bir şey yaranıb – namus, qeyrət, sevinc, məhəbbət, övladlıq, analıq, şeiriyyət, incəlik, zəriflik, Leylilik… Bunlar qadını insan edən cəhətlərdir. Və insanı heyvandan fərqləndirən də budur. Cəmiyyət isə qadını müxtəlif mərhələlərdə müxtəlif cür qiymətləndirib – gah ona qul kimi, gan da istehsal vasitələrinin bir növü kimi, gah da alət kimi baxıb. Bunun ən böyük zərbəsi qadına dəyib.

Bəşəriyyət gec də olsa, anlayıb ki, qadın nə qədər böyük bir aləmdir, nə qədər böyük bir kainatdır. Qadın zərifliyi ilə bizə nə qədər gərəklidir. Analıqda qadın dəhşətli dərəcədə zirvələrə ucalır. Məlum olur ki, qadın nə qədər gecələrə bənzəyir, axşamlara bənzəyir, qürub çağına bənzəyir, çiçəklərə, mahnılara bənzəyir.

O qadın təbiətdən yüksəkdə durur.

Lakin qadın özündə olan məlahətdən, məhəbbətdən, izzətdən, zəriflikdən, gözdən, qaşdan, sifətdən, ürəkdən dolanmaq üçün istifadə eləyəndə heyvana çevrilir.

Burada cəmiyyətlə insan arasında bir döyüş var.

Heç bir vaxt cəmiyyətin ağlına gəlməzdi ki, Füzuli kimi tərtəmiz adam ortaya çıxar, qadını ilahiləşdirər. Cəmiyyətin belə bir proqramı yoxdu. Cəmiyyət, olsa-olsa, orta səviyyəli bir adam yetirə bilərdi.

Cəmiyyətin gözləmədiyi halda, insan başqası üçün ölümə gedə bilər, bu, cəmiyyətin kodeksində, arzusunda yox idi. İnsan üçün Leyli yer də ola bilər, göy də ola bilər, Leylidən ötrü bir ömür heç də ola bilər, insan şama da çevrilə bilər. İnsan qadından ötrü özündən də keçə bilər.

Qadınlıq – insanın kişilərə məxsus olmayan daxili zərifliyə, incəliyə, nəvazişə, analığa, mehribanlığa, gözəlliyə olan meylinin ifadəsidir.

Qadının əvəzsizliyi və həyata övlad gətirməyi hörmətə layiqdir. Qadın sevgidə çox vüqarlı olmalıdır. Əgər o öz vüqarına xəyanət edirsə, öz cazibədarlığını necə gəldi səpələyirsə, qadınlıq ləyaqətini itirir.

Qadın fədakarlıq rəmzidir. Əgər o fədakarlığını unudursa, qadınlığını unudur.

Qadın o zaman böyük olur ki, özünü alət səviyyəsinə endirmir. Qadın bu dünyaya gəlməyib ki, nəşələr aləti olsun.

Deyirlər ki, M.P.Vaqif gözəl məhəbbət şairidir. Yalandır. Vaqif “gözəl” nəşə şairidir.

Onun qadın haqqında dediyi sözlərdə qadının böyüklüyü yoxdur.

Orada qadın alətdir, gözəl alətdir, şairanə alətdir, lazımlı alətdir.

Orada məhəbbətin, qadınlığın, gözəlliyin qiyməti yoxdur.

Orada təxminən, olsa-olsa, qadın bir vasitədir, məqsəd deyil.

 

“Bir mayabud gərək, baldırı yoğun,

Sərasər ət basa dizin, topuğun,

Əl dəyəndə dura buğunbabuğun

Titrəyə, quyruqdan çox yumşaq ola”.

 

Müasir əyyaşların tədris metodikasıdır. Şairlik deyil, kişiliyə yaraşan söz deyil. Bu şeirdə qadının qiyməti yoxdur, qadının böyüklüyü yoxdur, burada qadının alçaldılmış vəziyyəti var. Burada qadınla konfet arasında fərq yoxdur.

Bəs qadının qiyməti nədir?

“Məzarım üstə qoymun mil, əgər kuyundə can versəm,

Qoyun, bir sayə düşsün qəbrimə ol sərvi-qamətdən…”

Budur qiymət. Burada qadının qiyməti var. Burada qadın, sözün əsl mənasında, sönsuz sərvətdir. Bunu da kişi yazıb – böyük kişi.

Birincidə qadın, olsa-olsa, bir vasitədir. Olsa-olsa, bir anlıq, bir məqamlıq oyundur. Olsa-olsa, insan qəlbinə yayılan bir yağdır, bir içkidir, lakin böyük sərvət deyil.

İkincidə isə qadın hər şeydir.

İkincidə qadın təbiətdən üstündür.

Loğman. m.logman@zaman.az