Hənifə xanım Abayevanın niyə qəbirüstü abidəsi yoxdur?

0
48

Hənifə xanım Aslan bəy qızı Məlikova-Abayeva 1856-cı il mayın 5-də Şimali Qafqazda, Nalçikdə (indiki Kabarda-Balkar) doğulmuşdur. Müsəlman dünyasının ilk maarifçi qadınlarından olan Hənifə xanım Tiflisdə Müqəddəs Nina Qız Məktəbində təhsil almışdır. O zamanlar balkar-kabardin, ümumən müsəlman qızlarının xristian ölkəsində təhsil alması çox nadir hadisə idi.

Taleyin xoş bir günündə Hənifə xanım və Həsən bəy ailə qurdular. Bu gözəl, ziyalı, sədaqətli və dəyanətli xanım millətimizin və ailəsinin yolunda fədakarlıq göstərdi, çox cəfalara dözdü, Həsən bəy Zərdabiyə tək həyat yoldaşı yox, həm də mübarizə yoldaşı oldu.

1875-1877-ci illərdə Hənifə xanım ömür-gün yoldaşı Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin nəşrində çox böyük əziyyətlər çəkdi. Bu ziyalı xanım və əri Həsən bəy Zərdabda yaşadıqları dövrdə-1880-ci ildən başlayaraq öz mənzillərində pulsuz məktəb açdılar.

Yerli din xadimlərinin və o vaxtlar Zərdabda məskunlaşan ermənilərin təqib və təzyiqinə baxmayaraq, heç bir təmənna ummadan həmyerlilərinə elm, savad öyrətdilər.

Həsən bəyin kiçik qızı Qəribsoltan xanım Məlikova xatirələrində yazırdı: “… Evimizdə 10 uşaq qalırdı. Anam onları məktəbə hazırlayırdı. … Bu uşaqların biri Qubadan gəlmişdi. O, oxumaq istəyini qətiyyətlə atama bildirmişdi. Atam onu zarafatla Azərbaycanın Lomonosovu adlandırırdı. Seyidov familiyalı bu uşaq sonra ali hüquqşünas təhsili aldı. Atam bu uşaqlara çox qayğı və diqqət göstərirdi. Uşaqlar onun ümid və iftixarı idi…”.

Qəribsoltan xanımın anası Hənifə xanım öz tərcümeyi-halının “Məşğuliyyət növü” bölməsində yazırdı: “…1-ci türk cəmiyyətinin pansionunda türk şagirdlərinə pulsuz dərs vermişəm, 1877-ci ildə hökumət pansionu bağladı… uşaqları gizli oxutmağa davam etdim”. Çar hökuməti tərəfindən pansionun bağlanmasının və Hənifə xanımın şagirdlərə gizlin olaraq dərs deməsinin başlıca səbəbi o zaman gənc azərbaycanlı ziyalıların yetişməsindən imperiya hakimiyyəti, çar rejiminin çox narahat olması idi.

Hənifə xanım əri Həsən bəylə Zərdab kəndində polis nəzarəti altında yaşamağa məcbur olanda da o, qadınlar arasında maarifçilik işi ilə məşğul olur, Həsən bəyin açmış olduğu məktəbdə dərs deyir. Məlikovlar ailəsi Bakıya köçdükdən sonra, Hənifə xanım 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin direktoru olmuş, eyni zamanda 1904-1908-ci illər ərzində yaşlılara dərs demiş, Bakıdakı “Nicat” cəmiyyətinin qadın bölməsinin yaradıcılarından olmuşdur. 1909-1919-cu illərdə şəhər dövlət birinci rus-tatar (Rus-Azərbaycan) qız məktəbinin müdiri işləmişdir. Azərbaycanda sovet hökuməti qurulduqdan sonra, Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifələrdə çalışmışdır. Qafqazın bütün müsəlman qadınlarının mənəvi anası hesab olunan Hənifə xanım “Azərbaycanın əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.     Yaşlı nəslin nümayəndələri olan bəzi ziyalılarımızın söylədiklərinə, onların yazılarına diqqət yetirdikdə belə məlum olur ki, bütün həyatı boyu müəllimlik etmiş, pedaqoji fəaliyyət göstərmiş, Azərbaycan maarifinin təşəkkülündə mühüm rol oynamış, 1929-cu ildə dünyasını dəyişən Hənifə xanım Məlikova şəhər qəbiristanlığında dəfn olunmuş, lakin sonradan onun məzarının yeri dəyişdirilmiş və Fəxri Xiyabanda əri Həsən bəyin yanında dəfn olunmuşdur.

Lakin deməliyik ki, belə bir tarixi şəxsiyyətin ölümündən 85 il ötsə də məzarının faktiki olaraq harada olmasından, qəbirüstü abidəsindən bu gün bir nişanə belə yoxdur. Əgər Həsən bəyin ömür-gün, ideya, məslək yoldaşı olmuş Hənifə xanım onun yanında dəfn olunubsa bu tarixi şəxsiyyətin məzarının yeri niyə bəlli deyil, niyə qəbirüstü abidəsi yoxdur?

Eldəniz Həsənov,
Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq ekoenergetika akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.