İnsan öz əməlinə görə axirətdə münasibət görəcək

0
54

dünya“Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. Bizdə haqqı soyləyən bir Kitab vardır. Onlara zülm olunmaz.”

(əl-Mu’minun, 23/62)

Uca Allah bu dünyanı insanları sınamaq üçün yaratmışdır. “Allah göyləri və yeri haqq-ədalətlə və hər kəsin qazandığı nə isə onun müqabilində əvəz görməsi üçün yaratmışdır.” (əl-Casiyə, 45/22). İnsanlar öz əməllərinin nəticələrinə görə axirətdə müxtəlif şəkildə münasibət görəcəklər (əl-Həcc, 22/10). Gözəl mükafatlara layiq olmaq üçün insan özünə zülm etməməlidir. İnsanın özünə zülm etməsi Allahın qoyduğu hüdudlardan kənara çıxmaq deməkdir (ət- Talaq, 65/1). Bəzi insanlar bu hüdudları həddindən çox aşıb “sırati-müstəqim” adlandırılan Allahın əməl etməyimizi istədiyi ibadət və gözəl davranışlardan əl çəkib özlərinə daha fərqli yol və ideologiyalar seçirlər. Bu şəkildə hüdudları aşan insanlar yalnız axirətdə deyil, dünya həyatında da müsibətlərlə qarşılaşa bilərlər. Uca Allah Quranda bəzi qövmlərin məruz qaldığı aqibətlərdən söz açır (əl- Ənkəbut, 29/40).

Quranda Muhamməd (s.ə.s.) ümmətinin üç qrup olduğu; bunlardan özünə zülm edənlərin bir qrup, xeyriyyəçilikdə qabaqcıl olanların bir qrup, ikisi arasında qalanların isə orta bir qrup olduğu vurğulanır (Fatir, 35/32). Biz də Quranda ifadə edilən bu üç qrupdan hansına daxil olduğumuzu özümüzdən soruşmalıyıq.

Allahın hüdudlarını aşmaq dilimizin vurğulu ifadəsiylə “həddini aşmaq” insan fitrətinə zidd bir hal deyildir. Peyğəmbərimiz (s.ə.s.) bir hədisində “Əgər insanlar günah işləyən varlıqlar olmasaydı, Allah onların yerinə günah işləyən başqa varlıqlar yaradardı” demişdir (Tirmizi, “Dəavat”, 3539). Deməli xəta və günahlar insanlara görə fərqli olsa da hər insan mütləq bir xəta və günah işləyir. Hətta bəzən peyğəmbərlərin bəziləri Allahın qoyduğu bu hüdudları aşma səviyyəsinə yaxınlaşdıqlarını düşünmüş və Allahdan əfv və məğfirət diləmişlər. Musa peyğəmbərin bu mənada Allaha yalvararaq dua etdikləri hamıya məlumdur. Səbə şəhzadəsi Belqisin Qurandakı yalvarmasını da buna daxil etmək mümkündür.

Allah verdiyi sözdən əsla dönməz (ər-Rum, 30/6). Allah verdiyi sözü tutaraq, Ona inanan və Onun rizası üçün faydalı işlər görənləri cənnəti ilə şərəfləndirəcək, inanmayan insanlara isə zülm və haqsızlıqlarının nəticəsi olaraq cəhənnəm əzabını çəkdirəcəkdir. Lakin ölməmişdən əvvəl tövbə etmə fürsəti hamıya verilmişdir.

İnsanın özünə zülm etməsi çox vaxt onun başqalarına zülm etməsinə də səbəb olur. Allah məzlum insanlara ilk dəfəsində olmasa da, ikinci dəfəsində hüquqlarının tapdanması halında kömək əlini uzadacağını bildirir (əl-Həcc, 22/60). Zülm edənlər belə bir vəziyyətdə ikən əzaba düçar olanda zülm və haqsızlıq etdiklərini inkar edirlər (ən-Nəhl, 16/28). Lakin hesab günündə sorğu-sual vaxtı bütün işlər meydana çıxacağına görə onların insanlara etdikləri zülm və haqsızlıqları gizlətməyə heç bir imkan və fürsətləri olmayacaqdır.

Uca Allah insanlara əsla zülm edilməyəcəyini Quranda çox qəti ifadələrlə xəbər vermişdir. Bu ayələrdə Allahın insanlara “zərrə qədər” (ən-Nisa, 4/40), “xardal dənəsi qədər” (əl-Ənbiya, 21/47), “bir tük qədər belə” (ən-Nisa, 4/49) zülm etməyəcəyi bildirilir. Hətta hesab əsnasında insanların etdikləri bütün əməllər aydın yazılmış və hamının görüb oxuya biləcəyi açıq bir kitabda təqdim olunacaq və beləliklə insanların etiraz etməyə heç bir hüquqları olmayacaqdır (əl-Kəhf, 18/49).

Quranda da ifadə edildiyinə görə bəzən insanoğlunun zülmü o səviyyəyə çatır ki, bu zülmlərə görə torpaqda və dənizdə dəyişmələr və pozulmalar baş verir (ər-Rum, 30/41). Bu ayə sanki ekosistemdə pozulmaların meydana çıxdığı, qlobal isinmənin çoxaldığı, zərərli qazların atomsferdə təhlükələr yaratdığı və qütblərdəki buzların əriməyə başladığı bir vaxta uyğun olaraq deyilmişdir. Bu hadisələrlə bəşəriyyətin özünə zülm etməsinin nə demək olduğunu acı bir həqiqət və təcrübə kimi müşahidə etmə fürsəti tapırıq. Bu təbii fəlakətlərə dünyamızda 1946-cı ildən bu tərəfə regional və daxili müharibələrdə 25 milyondan çox insanın öldürüldüğünü, 45 milyon insanın yaşadığı şəraiti qoyub getmək məcburiyyətində qaldığını və milyonlarla insanın müharibə ucbatından aclıq, səfalət və epidemik xəstəliklələ üz-üzə gəldiyini də əlavə etsək, insanın özünə zülm etməsinin nə demək olduğunu daha yaxşı başa düşərik. Allah adildir, ədalətlidir. “Allah aləmlərə zülm etməz” (Ali-İmran-108), lakin cəzaya layiq olanın cəzasını da verir (əz-Zumər- 37).

Allahın vəd etdiyi nemətlərlə vəd etdiyi cəzalar arasında seçmə azadlığı isə insanın öz əlindədir. Allahın öz vədindən dönməyəcəyi qəti bir həqiqətdir. Əlimizdə belə bir fürsət varkən biz də günahlarımızdən dönüb tövbə etməli və Allahımızdan əfv və mərhəmət diləməliyik.

www.zaman.az