Allah bizləri dost xəyanətindən, qonşu xəbisliyindən qorusun

0
44
dunyaUca Allah tərəfindən ahəngi, özünəməxsus musiqisi, ritmi ilə zinətlənmiş doğma dilimiz dostlarımız tərəfindən sevildiyi qədər, düşmənlərimiz tərəfindən də “rəğbət qazanan” və asanlıqla öyrənilən fərqli dillərdən biridir.
Dilimiz həm də sözlərinin məna çalarları, sinonim, antonim, idiomatik ifadələri ilə də zəngindir. Əsl mənasında “yatanda baş altına qoyulan, içərisi quş tükü, pambıqla doldurulan dördkünc kisəcik; balış” olan “yastıq” sözünün “Başının altına yastıq qoymaq” – kimi qəribə bir frazeoloji mənası da vardır. “Yalandan söz vermək, vəd etmək, arxayın etmək” – mənasını verən bu ifadə nə zaman yaranıb, nə qədər qədimdir, bircə Allah bilir.Dünyanı, baş verənlərə insanlığın münasibətini seyr etdikcə bu ifadənin artıq köhnəldiyini görməmək olmur. Düşündükcə anlayırsan ki, nəinki başımızın, hətta başımızın altına qoyulan və bizi qəflət yuxusuna daldıran yastığın da altı var. Elə buradaca şahidi olduğum bir əhvalatla sözümüzə qüvvət verməyə çalışaq.

Yay tətili idi. Dördüncü, ya beşinci sinifdə oxuyurdum. Kəndimizdə o dövr üçün sosializmin sürətlə inkişafının göstəricilərindən sayılan mexanikləşdirilmiş heyvandarlıq kompleksi, böyük bir ferma tikilmişdi. Atam həmin fermanın gözətçisi idi. O vaxtlar ot, küləş taylarını məftillə bağlayırdılar. Hərdən xarab olmuş taylardan açılan məftillərdən zəncir hazırlayardıq. Atamın qarovulxanası – qazmasının qarşısında yaşlı bir alma ağacı var idi. Bir zamanlar gözəl bir bağ olmuşdu həmin fermanın tikildiyi yer. Bu yaşlı və tənha ağacı heç barsız görməmişdik. Yenə budaqları gündən-günə iriləşən almaların yükü altında əyilmişdi. Düzdə olduğundan külək yüklü budaqları yüyrək kimi yelləyir, bu yaşlı ağacı oxşayır, tənhalığını unutdurmaq istəyirdi sanki.

İşləyib yorulmuş atam ağacın kölgəsində oturduğu yerdəcə mürgülədi, yeri narahat olduğu üçün bir neçə dəfə diksindi. Yaxınlıqdakı tayadan bir yaba ot gətirib yanına qoydum ki, üstündə uzanıb rahat yatsın. O, mürgülü gözləri ilə bir ota, bir də mənə baxdı, gülümsəyərək qoyun dərisindən tikdiyi papağını başının altına, əlini də onun üstünə qoyaraq ot qoxulu şirin yuxusuna daldı.

Bir az aralıda oturub məftildən həlqələr düzəldərək zəncir hazırlamağa davam etdim. Nə qədər vaxtın keçdiyini deyə bilmərəm, birdən bir qarış uzunluğunda ilan quyruğunun sürətlə atamın üstündə uzandığı otun altına çəkildiyni gördüm. Dərhal atamı səsləyib oyatdım. Atam da: – Get qazmadan beli gətir, – dedi və qalxıb diqqətlə uzandığı yerə baxdı. Atamın beli həmişə bıçaq kimi iti olardı. O illərdə kəndimizin Xəzər sahilində də təsərrüfat sahələri var idi və fermaya oradan tay bağlanmış yonca daşınardı. Atam bir neçə dəfə ferma sahəsində bizim yerlərə xas olmayan ilanlar gördüyünü demiş, otun sıx olduğu yerlərdə ayaqyalın gəzməməyi tapşırmışdı. Atam beli hazır tutdu, mən otu yaba ilə kənara çəkəndə qıvrılmış ilan başını qaldırdı və elə o andaca atamın endirdiyi zərbə ilə bir necə parçaya bölündü. Atamın dediyinə görə, dərin çala qazıb basdırdığı həmin ilan çox zəhərli imiş.

Şahidi olduğum hadisənin baş verdiyi o fermanın özü də elə bir növ yastıq idi. Bu kompleksi görənlər “Sovet dovşanı araba ilə tutur” – kəlamına inansalar da, N. S. Xruşşovun qarğıdalı siyasətinin nəticəsi olaraq, məktəbə apardığımız qarğıdalı unundan bişirilmiş, cadarlanmış çörəyimizi çantadan çıxarıb yeməyə utanırdıq. Tarix kitabımızda “1980-ci ildə kommunizmdə yaşayacağıq” yazılsa da, dünyanın ən böyük ölkəsinin milyonlarla insanının başı altına yastıq qoysalar da, həyat o yastığın da altında bəzi şeylərin olduğunu göstərirdi.

Keçən əsrin 80-ci illərində aktyor R. Reyqan və kimyaçı olmasına baxmayaraq, siyasətdən göz yaşları tökərək ayrılan “Dəmir Ledi” M. Tetçer sonuncu sovet rəhbəri M. Qorbaçovun başının altına pərqu yastıq qoydular. Bu yastığın altında sosializmin beşiyini ölüm yuxusuna verəcək laylanın notlarının qoyulmasından xəbər tutulanda isə artıq Sovetlər Birliyi dəfn olunurdu.

Dünyaya doymaz nəfsin tamahkar, kirli gözləri ilə baxanlar, ən sevdikləri təam kimi onu yemək istəyənlər çox olsalar da, nəsibləri gecikmiş peşmançılıq olub. Təmizlənmiş ruhun pəncərəsindən dünyaya boylananlar isə həmişə onun dərdi ilə yanıb sızlamışlar. Həzrəti Mövlananın dediyi kimi, ruh elmlə, ağılla dostdur, ruhun ərəbcə, türkcə nə işi var?

Bir kitabdan oxumuşdum ki, dünyanın harası olur olsun, quşlar səhər gecədən salamat çıxdıqları, qürub çağı da Allahın qismət etdiklərindən yeyib axşama yetişdikləri üçün xüsusi bir coşqu ilə oxuyurlar. Biz insanlar isə dünyanın hər yerində fitnə-fəsad çıxarır, qan tökür, dağıntı, səfalət yaradırıq. Əlimizdə olanın qədrini bilmirik, ya da olandan xəbərimiz olmur. Burada eşitdiyim daha bir əhvalat düşdü yadıma. dunyaKəndimizdə Qara İbrahim adlı yaşlı bir kişi vardı (Rəhmətlik mənim də yadıma gəlir.) İbrahim kişi qəlyan çəkərdi. Bir gün işləmək üçün kənddən xeyli uzaqda yerləşən Şimi Dərəsi deyilən yerə gedir. Könlündən işə başlamazdan əvvəl qəlyan çəkmək keçir. Tənbəki kisəsini çıxarsa da, qəlyanı tapa bilmir. Ciblərini, heybəsini axtarır, qəlyan dönür samanlıqda iynəyə, tapılmır ki, tapılmır. Cin vurur təpəsinə. Arvadının qarasına deyinərək kəndə qayıtmalı olur. Həyətə girib, arvadını çağırır, cavab gözləmədən deyir:

– A tünbətünün qızı, qəlyanı evdə unudub getmişəm, yadıma da salmamısan, “Şimi”dən geri qayıtmalı olmuşam.

Qadın ərinin ağzındakı qəlyanı görüb gülərək deyir: – Ay kişi, niyə günaha girirsən, o qədər yolu gələnəcən əlini ağzına uzatsaydın, qəlyanını tapacaqdın da. Qəzəbindən daha da qaralmış Qara İbrahim kişi ağzından qəlyanı alıb yerə çırpmaq istəsə də, son anda fikrindən daşınır.

Bəzi dillərdə “başının altına yastıq qoymaq” ifadəsi olmaya bilər. Məsələn, dünyanın ən zəngin dillərindən hesab olunan ingilis dilində yastıqla bağlı belə bir ifadə yoxdur. Bu o demək deyildir ki, onlar yastıqsız yatırlar. Bunun əvəzinə, ingilislərdə dünyanın işlərini istədikləri istiqamətə yönəltməklə bağlı bir ifadə – “piroqda barmağı olmaq”(”have a finger in the pie”) ifadəsi var. Dədə-baba əbəs yerə deməyib ki, “bu işdə ingilis barmağı var” (“Barmağı olmaq – əli olmaq, xəbəri olmaq, bir işin gizli iştirakçısı olmaq (adətən, mənfi mənada). Dilimizin zənginliyi burada da özünü göstərir. “Barmağını dişləmək” ifadəsi (nə isə bir şey yadına düşərək fikrə getmək; anlamaq, duymaq, başa düşmək) sanki belə hallara qarşı hazırlayır bizləri. Bu gün ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinə münasibəti də “yastıq”dan başqa bir şey deyil. Müharibə qanunlarına müvafiq olaraq, düşmənin mövqelərimizə hücum edən hərbi vertolyotunu vurduğumuz üçün Azərbaycanı qınayan nüfuzlu qurumların münasibəti bunu bir daha təsdiqlədi. Ermənistanı dirçəltmək üçün dəridən-qabıqdan çıxan, işğalçı ölkə ilə sərhədlərini açması üçün qardaşımız Türkiyəyə təzyiq göstərməkdən çəkinməyən, illər boyunca güvəndiyimiz beynəlxalq qurumlar başa düşməlidirlər ki, bizim başımızın altına yastıq qoymaq cəhdləri onların özlərini nüfuzdan salacaq, problemin ədalətli həlli yolunu tapmağı Azərbaycanın öz ixtiyarına buraxacaq.

Biz tarix boyunca, bizə qarşı pislik etsələr də, qonşularımızın pis gününü istəməmişik. Bu gün də belədir. Bədnam qonşumuzun başının altına qoyulan “Böyük Ermənistan” yastığının bu “zavallı” millətə rəzalətdən başqa, bir şey gətirmədiyini özləri bizdən də yaxşı bilirlər. Ermənistan “barmağını dişləyib” yastığının altına baxsa, gələcəyinin qaranlıqdan başqa bir şey olmadığını görəcək. Görmək hələ azdır. “Lənət şeytana”, – deyib qonşuları ilə normal, beynəlxalq hüquq prinsiplərinə uyğun münasibət qurmağa çalışsa, həm özü, həm də qonşuları üçün yaxşı olar. Alpanlı “Qara İbrahim” kimi ağzındakı qəlyanı görməzsə, getdikcə dərinləşməkdə olan peşmançılıqdan başqa, bir qazancı olmayacaq. Allah bizləri dost xəyanətindən, qonşu xəbisliyindən qorusun. Amin!

www.zaman.az