Zərdabın tarixi–arxeoloji abidələri haqqında (IV–XIII əsrlər)

0
234

Zərdabın tarixiAçar sözlər: Zərdab, abidə, arxeologiya, tayfa, Əcəri

Ключевые слова: Зардаб, памятник, археология, племя, Эджери

Key words: Zardab, monument, archaeology, kin, Ejeri   

Zərdab rayonunun tarixi – arxeoloji abidələri ərazidə, əsasən, su mənbələrinə yaxın yerlərdə yerləşmişdir. 2013-cü ildə rayon ərazisində apardığımız arxeoloji tədqiqat işləri zamanı rayon ərazisində iki şəhərtipli və beş kəntipli yaşayış yeri qeydə alınmışdır (1).

Yer ağzı yaşayış yeri. Türyançayın aşağı axarında Zərdab ərazisində Yuxarı Seyyidlər kəndində Qanlıca gölünün yaxınlığında arxeoloji tədqiqatlar nəticəsində şəhər tipli yaşayış yerinin olması haqqında fikir söyləmək mümkündür (1). Əvvəlcə bu haqda yazılı mənbələrə nəzər salaq. Strabonun məlumatlarından aydın olur ki, Türyançayın orta və aşağı axarında çoxlu əhali yaşayır. Bu əhali əkinçilik, bağçılıq və maldarlıqla məşğul olurdu. O həmçinin yazır ki, bu əhali Türyançaydan gəmiçilik məqsədilə də istifadə edir. IX-X əsr ərəb coğrafiyaşünasları və səyyahları yazırlar ki, orta əsrlərdə Təbriz-Ərdəbil-Beyləqan-Bərdə-Şamaxı-Dərbənd ticarət yolunda – Kür vadisində mühüm ticarət mərkəzi Bərdic şəhəri vardır, karvanlar bu şəhərdən keçib gedirdi (2).

Salman ibn Rəbiənin fəthini təsvir edən müəlliflər yazır: “Qədim Şəmkir şəhərini ələ keçirən Səlman ibn Rəbiə əl-Bəhili on minlik qoşunla Bərdican arxasından Arazla Kürün qovuşduğu yerə gedərək, Kür çayını keçib Qəbələni tutdu, Şəkkan (Şəki) və Kamibəran (Kambisena) hakimləri ilə xərac vermələri şərtilə sülh imzaladı” (2; 3).

İbn Həvqəl X əsrdə “Yollar və məmləkətlər” əsərində yazır: “Bərdədən Bərzəncə 18 fərsəx (hər fərsəx 6-8 km-dir) yoldur. Bərzəncdən Kürü keçərək Şəmaxiyyəyə 14 fərsəx yol var…” (4). Minorskinin fikrincə, bu şəhər Zərdabın Körpükənd adlanan kəndinin lap yaxınlığında – Bərdədən təqribən 35 km. şərqdə mövcud olmuşdur. Lakin bu fikri daha da dəqiqləşdirərək şəhərin buradan şimala doğru uzanan ərazidə Bərzənd deyil, Bərdicin yerləşdiyi qənaətindəyik (1). N.M.Vəlixanlı yazır: “bəzi tədqiqatçılar Bərdiclə Bərzənci eyniləşdirirlər. Maraqlı burasıdır ki, qismən adların oxşarlığından doğan bu dolaşıqlıq ərəb müəlliflərinin bu yerlər haqqında məlumatında da özünü göstərir. Bərdic şəhəri, Yaqutun məlumatına görə, Bərdənin 14 fərsəxliyində, Kürün suları ilə əhatə olunmuş bir yerdə (görünür, Kürün əyintili yerlərindən birində) yerləşmişdi. Mənbənin orijinalına nəzər saldıqda Bərdic şəhərinin Kür çayının əyintili sahilində yerləşdiyi qənaətinə gəlirik. Daha doğrusu sahildən uzaqlaşdıqca şəhərin əsasə hissəsinin yerləşdiyini söyləmək olar. Yaqut əl-Həməvi Bərdic şəhərindən olan və Xilafətdə yaxşı tanınan, 301/913-914-cü ilin ramazan ayında vəfat etmiş məşhur hədis alimi əl-Hafiz Əbu Bəkr Əhməd ibn Harun ibn Ruh əl-Bərdicinin adını çəkir. Bərzənc şəhəri isə, onun təsdiq etdiyinə görə, Bərdənin 18 fərsəxliyində idi” (3, 92; 5; 6). Məlumata əsasən, qeyd etməliyik ki, Kürün əyintili sahilləri də məhz müasir Ağdaş və Zərdab rayonlarının qovşağında – Körpükənd-Yuxarı Seyyidlər-Yerağzı istiqamətindədir.

İbn əl-Fəqihdə Bərdic adı ilə göstərilən keçidin isə tədqiq etdiyimiz əraziyə uyğun gəldiyini söyləyə bilərik. Mənbələrdən aydın olur ki, ərəblər oradan çayı keçərək Qəbələni fəth etmişlər (7).

Lakin Salman ibn Rəbiənin Şəmkirdən qayıdaraq birbaşa Bərdicdən keçib Qəbələyə getməsi yazılır. Belə olduğu halda ordunun yuxarıda deyildiyi kimi uzun yolla Arazla Kürün qovuşduğu yerə gəlib, buradan geri qayıtması mümkün deyil. Ərazinin düzənlik relyefi baxımından ən qısa yol məhz Türyançay sahilindən ola bilərdi. Mühüm məsələ qeyd olunan Qarasu çayının lokalizəsidir. Bəllidir ki, həm Kürün, həm də Arazın sol qollarından biri Qarasu adlanır. Qarasu və Ağsu adları Fəzlullah Rəşidəddində də var (8). Ağsu, eyni zamanda monqolca “Çağan Muran” kimi də adlanmışdır. Girdimançay hər zaman bu adı daşımışdır. F.Rəşidəddində Girdimanın sahilindəki səhra Dəşt-i Girdiman adlanır (8). Abaqa xan 1265-ci ildə Cuci ulusu xanları ilə (Qızıl Orda – T.Ə.) döyüşlərində Delan-Navurda  düşərgə salmışdı (9). Delan-Navur indiki Kürdəmir, Zərdab və Ucar əraziləridir. Bir sözlə, qədim Əcəri vilayətini orta əsrlərdə monqollar bu cür adlandırdı. Həmin gölün yanında Qara Küdəri adlı bir yer də göstərilir. Delan-Navurun qərb sərhəddi də məhz Türyançay, yəni Qarasudur. Araz çayının qolu olan Qarasu  yaxınlığında isə Neolit dövrü abidəsi olan Kamaltəpə öyrənilmişdir. Ərazidə XI – XIII əsrlərə aid yaşayış yerinin olduğu məlum olsa da bu abidənin kəndtipli olduğu qeyd edilir (10, 226-234).

XIV əsrin Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhəri «Tarix-e Şeyx Uveys» əsərində Hülakü hökmdarlarının tarixindən bəhs edərək yazır ki, Abaqa xanın hakimiyyəti dövründə (1265-1282) Hülakülər dövləti lazımi qədər möhkəm idilər, 1266-cı ildə “Abaqa xan buyurdu ki, Kür çayı sahilindən və Delan Naurdan Gərdmun (Girdman – T.Ə.) səhrasına kimi ərazini şahzadələrdən Səmağar, Menku-Temur və Ulcay xatun tutsunlar. Bu yer onların qışlaq yurdu oldu…” Əsərdə haqqında danışılan Delan Naur monqol dilində «Yetmiş göl» deməkdir, monqollar Kürün şimalında Hacıqabul – Kürdəmir – Zərdab ərazilərində mövcud olmuş gölləri bu cür adlandrmışlar. Müsasir toponimiyada bu adın Dərnəgül toponimində saxlanıldığı güman edilsə də ərazi coğrafi baxımdan daha çox Zərdab – Ucar – Kürdəmir – Hacıqabul bölgəsinə uyğun gəlir (1; 9; 11).

2013-cü ildə Yuxarı Seyyidlər kəndinə yaxın ərazidə Qanlıca gölünün qərb hissəsində iki təpəlikdə – Yer ağzı yaşayış yeri qeydə alınmış və arxeoloji tədqiqat işləri zamanı iki mədəni təbəqənin olduğu müəyyən edilmişdir. Əkin sahələrinin kənarında yerləşən yaşayış yerində əvvəlki illərdə də şumlama işləri zamanı maddi mədəniyyət nümunələri və Atabəylər dövrünə aid mis pullar tapılmışdır. Təpələr arasında 200 m məsafə var. Onlardan birinin sahəsi 300 kv.m, digərinin isə 200 kv.m olmaqla yaşayış yerinin ümumi sahəsi təxminən 500 kv.m-lik bir ərazini əhatə edir. Arxeoloji tədqiqat içləri zamanı həm ilk orta əsr, həm də IX – XIII əsrlərə aid saxsı nümunələri, şirsiz və şirli gil qab nümunələri, çıraqlar və s. əldə olunmuşdur (Tablo 1; 2; 3; 4; 5; 11; 12; 13; 15). XII əsrin sonu – XIII əsrin əvvəllərində hazırki kəndin ərazisinə Quba ərazisindən Seyyid Şahmərdan və ailəsi, o cümlədən, onlarla birlikdə beş ailə köçmüş və Yuxarı Seyyidlər kəndinin əsasını qoymuşdur. Hazırda kənd qəbiristanlığında Seyyid Şahmərdan və yaxınlarının məzarları qalmaqdadır. Elmi təqiqatlar burada ilk orta əsrlərdə kənd tipli yaşayış yerinin, IX – XIII əsrlərdə isə bu zəmin əsasında şəhər tipli yaşayış yerinin olduğunu deməyə imkan verir. Ehtimal ki, yuxarıda qeyd etdiyimiz məlumatlar məhz Yerağzı yaşayış yerinə uyğun gəlir və orta əsr Bərdic şəhərinin burada olması mümkün idi (1).

Gur-gur (Qutluq Balıq) yaşayış yeri. 2013-cü ildə Otmanoba kəndi yaxınlığında Gur-gur yaşayış yeri qeydə alınmışdır. Buradan üzərində dəvə təsviri olan saxsı nümunəsi maraq doğurur. Ərazi Əlvənd kəndinin 3 km-də yerləşir. Qaya uçqunu zamanı buradan saxsı nümunələri üzə çıxarılmışdır. Hətta uçqun zamanı 8 m dərinlikdən də maddi mədəniyyət nümunələri əldə edilmişdir. Burada son dövrlərdə Kür çayı cəbuna doğru çəkilərək qismən yatağını dəyişmişdir (1).

Elxanilərdən Keyxatu xan 1293-cü ildə Kür çayı sahilində Qutluq-Balıq adlı böyük bir şəhər inşa etməyə başlamışdı. Şəhər tikilərkən xanın özünün Dalan Navurda olduğuna əsasən, şəhərin Kürün şimal sahilində, adı çəkilən göllə Girdimançay arasında olduğu anlaşılır (8; 9). Fikrimizcə, bu şəhər Zərdab rayonunun Əlvənd kəndi yaxınlığında yerləşən Gur-gur yaşayış yeridir.

Təzəkənd yaşayış yeri. Təzəkənd ərazisindən təsərrüfat işləri zamanı keramika nümunələri əldə olunmuş, 2012-ci ildə isə yer şumlama prosesi zamanı kiçik küp qəbir də dağıdılmışdır. Qeyd etdiyimiz maddi mədəniyyət nümunələri kəndin əkin sahələrinin yerləşdiyi ərazidə, Zərdab – Dəli Quşçu yolunun sağ hissəsində üzə çıxarılmışdır (Tablo 6, 5). Boğaz hissəsi dar olan tayqulp qab isə son antik – ilk orta əsrlərin başlanğıcına aiddir. 2013-cü ildə aparılmış arxeoloji tədqiqatlar nəticəsində ərazidə III – VIII əsrlərdə yaşayışın olduğunu söyləyə bilərik (1).

Məlikumudlu yaşayış yeri. Şirvanın Xançoban mahalının naibinin adını daşıyan ərazi Zərdabın mərkəzində yerləşir. Məlikumudlu kəndi yaxınlığındakı yaşayış məskənində torpaq işləri görülərkən gümüş və qızıldan düzəldilmiş qadın zinət əşyaları, qırmanc dəstəyi, əsa başı, sikkələr tapanlar çox olmuşdur (Tablo 9).

Tədqiqatlar nəticəsində ərazidə IX – XIII əsrlərdə kənd tipli yaşayış yerinin olduğu müəyyənləşdirilmişdir. Arxeoloji materiallar burada əkinçilik, maldarlıq və sənətkarlığın bu dövrdə inkişaf etdiyini göstərir (1).

Xasa arxı yaşayış yeri. IX – XIII əsrlərə aid yaşayış yeri Körpükənd yaxınlığında yerləşir. “Xasa arxı” adlana arxın üstündə olan bu kənd tipli yaşayış yerinin indi ancaq adı var. 2013-cü ildə aparılmış arxeoloji tədqiqat işləri burada 120 kv.metrlik ərazidə yaşayış yerinin qalığının olduğunu söyləməyə əsas verir (1).

Gümüşlü yaşayış yeri. Şirvanşahlar dövlətinin tərkib hissəsi olmuş Zərdab rayonunun cənub-qərb hissəsində IX – XIII əsrlərə aid Gümüşlü yaşayış yerində arxeoloji tədqiqat işləri 2013-cü ildə aparılmışdır. Ərazi Qoruqbağı, Sarıqaya, Körpükənd və Məlikli kəndlərinin əkin sahəsidir. Gümüşlü yaşayış yerində 2013-cü ildə aparılmış arxeoloji kəşfiyyat və çöl-tədqiqat işləri nəticəsində burada 250 kv.metrlik ərazidə kəndtipli yaşayış yerinin olduğunu göstərmişdir. Əldə olunan materiallara əsasən, yaşayış yerində dulusçuluğun, metalişləmənin və digər sənət sahələrinin inkişaf etdiyini söyləmək olar (1) (Tablo 7; 8).

Sarıqaya yaşayış yeri (Zərdab rayonu). Sarıqaya kəndi ərazisində 2013-cü ildə T.V.Əliyev tərəfindən arxeoloji tədqiqat işləri aparılmışdır (1). Burada yerləşmiş kəndtipli yaşayış yerinin XI – XIII əsrlərə aid olduğu məlum olsa da, yaşayış yerinin quruluşu və coğrafi mövqeyi bir növ Tərkəş kəndi ərazisindəki Tikanlı Qoruq yaşayış yerini xatırladır (12). Bu iki abidəni bir-birindən stratiqrafiyası fərqləndirir. Ərazi cənub-şərq tərəfdən Kür çayı ilə sərhədlənir. Hündür qayalıqdan kəndə doğru yaşayış yerinin izləri aşkar olunmuşdur. Torpağının rəngi sarı olduğu üçün ərazinin hazırki adı Sarıqayadır (Şəkil 1).

Ağcabədi ərazisində T.R.Əliyevin rəhbərliyi ilə həyata keçirilən arxeoloji tədqiqat işləri nəticəsində Salmanbəyli kəndi ərazisində Qalatəpə abidəsi öyrənilmişdir. Strabonun “Coğrafiya” əsərində adı keçən Ayniana antik alban şəhərinin qalıqları olan abidədə şəhər yerinin olması bir daha təsdiq olunmuşdur. Xatırladaq ki, bu şəhərlə Kürün şimalını birləşdirən ticarət yolunun Zərdab rayonu ərazisində Sarıqayadan keçməsi güman olunur (10).

Zərdab rayonunun Xanməmmədli kəndi ərazisindən təsərrüfat işləri zamanı 1973-cü ildə kəndin cənub-qərbində meliorasiya işləri zamanı 1,5 m dərinlikdə küp qəbir aşkar olunmuşdur. F.Osmanov bu qəbiri e.ə. II – I əsrlərə aid etmişdir. Skelet yarımbükülü vəziyyətdə qoyulmuş, yanından serdolik muncuqlar, korroziyaya uğramış qısa xəncər, sadə naxışsız gil qablar tapılmışdır. Mərhumun alın hissəsinə sikkə qoyulmuşdur. Numizmatik material Parfiya Arşakilərindən olan I Oroda məxsusdur (e.ə. II əsr). Sikkənin aversində hökmdar I Orodun adı, reversində isə günəş təsvir olunmuşdur. Qəbirdən 1 m kənarda ocaq izləri də tapılmışdır. Ərazinin digər hissəsində üzərində ərəb əlifbası ilə yazı olan məişət qabları və çıraqlar da aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə Xanməmmədli küp qəbirləri nekropolu ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir (13; 14).

Zərdab rayonunun Təzəkənd ərazisindən təsərrüfat işləri zamanı keramika nümunələri əldə olunmuş, 2012-ci ildə isə yer şumlama prosesi zamanı kiçik küp qəbir də dağıdılmışdır. Qeyd etdiyimiz maddi mədəniyyət nümunələri kəndin əkin sahələrinin yerləşdiyi ərazidə, Zərdab – Dəli Quşçu yolunun sağ hissəsində üzə çıxarılmışdır. Boğaz hissəsi dar olan tayqulp qab isə son antik – ilk orta əsrlərin başlanğıcına aiddir. 2013-cü ildə aparılmış arxeoloji kəşfiyyat və çöl-tədqiqat işləri deyilənləri bir daha təsdiq edir (1).

Müsəlman qəbirləri. Türyançay hövzəsində VIII – XIII əsrlərə aid müsəlman qəbirləri xarakterikdir.

Veysəl Qarani (ra) ziyarətgahı. Zərdab – Ağdaş yolunun sağında, Ağdaş rayonunun Xınaxlı kəndi ərazisində Şeyx Üveys əl-Qaraninin (ra) (658 – 565) qəbri və yaxınlarından digər iki qəbir yerləşir (Şəkil 2; 3; 4). Zigərçayın sağ sahilində yerləşən qəbiristanlıqda IX – XII əsrə məxsus qəbirlər də qeydə alınmışdır. Əsl adı Üveys əl-Qarani olan bu şəxs övliyaların böyüklərindəndir. Əslən Yəmənin Qaran kəndindən olan Şeyx Üveys (ra) Məhəmməd Peyğəmbərin (sas) zamanında İslamı qəbul etmişdir. Məhəmməd peyğəmbərin (sas) vəfatından sonra Şeyx Üveysin Ömər ibn al-Xattab (ra) və Əli ibn Əbu Talib (ra) tərəfindən və ya onların göndərdiyi sərkərdələr tərəfindən tapılıdığı qeyd olunur. 2013-cü ildə elmi tədqiqat işləri zamanı Şeyx Üveysin (ra) qəbri və yaxınlığındakı qəbirlər və epiqrafik abidələr öyrənilmişdir. Xınaxlı kənd qəbristanlığının axundunun söylədiyinə görə, böyük İslam alimi Əhməd ibn Hənbəl də bu haqda məlumatlar vermişdir (1; 15, 139-147; 16).

Seyyid Şahmərdan. Məhəmməd Peyğəmbərin (sas) nəslindən olan Seyyid Şahmərdan XII əsrin sonu – XIII əsrin əvvəllərində İranın Gilan şəhərində anadan olmuşdur. Babası Əbdül-Qadir Gilani XI əsrin ən böyük övliyası olmuş, sünni məzhəbinin hənbəli məktəbinin ən böyük alimlərindən və qadiriyyə təriqətinin rəhbəri olmuşdur.

Seyyid Şahimərdan gənc yaşlarında ailəlikcə Gilandan Azərbaycanın Quba mahalına köçmüşdür. Bir müddət burada yaşadıqdan sonra Kür çayının sahilinə, Şeyx Üveys əl-Qaraninin (ra) qəbrinin yaxınlığına – indiki Seyyidlər kəndinin ərazisinə köçmüşdür. Bu zaman onunla birlikdə öz nəslindən olan 5 ailə gəlmişdir. Bir müddət sonra vəfat edən övliya burada dəfn olunmuşdur. Hal-hazırda onun qəbri Zərdab rayonunun Yuxarı Seyyidlər kəndində, Kür çayının sol sahilində, Şeyx Üveys əs-Qaraninin qəbrinin 5 km-dədir (1; 15, 149-150; 16) (Şəkil 5).

Apardığımız arxeoloji tədqiqat işləri nəticəsində Zərdab rayonunda yerləşən tarixi – arxeoloji abidələrə məxsus maddi mədəniyyət nümunələrinin bəzilərinin təsnifatını veririk:

Şirsiz küpələr. Boz rəngli qabın hündürlüyü 20,5 sm, ağzının diametri 10,5, oturacağının diametri 12,5 sm-dir. Qabın gövdə hissədə diametri 19,5 sm-dir. İkiqulpludur. Kobud formada hazırlanmış qabın ağız hissəsinin kənarları düz formadadır (Tablo 6, 1).

Boz rəngli qabın hündürlüyü 28 sm, ağzının və oturacağının diametri 12 sm, gövdəsinin isə 20,5 sm-dir. İkiqulplu qabın ağız hissəsi yuxarıya doğru genişlənir, boğaz hissəsi isə dar formadadır (Tablo 6, 2).

Boz rəngli ikiqulplu qabın üst hissəsi batıqdır. Sadə formada hazırlanmışdır. Hündürlüyü 35 sm, ağzının diametri 20 sm, oturacağının diametri 19 sm-dir. Gövdə hissədə qabın diametri 36 sm-dir (1) (Tablo 6, 3).

Kasalar. Zərdabdan əldə olunmuş kasa tipli saxsı qabın hündürlüyü 5,5 sm, ağzının diametri 17 sm, oturacağının diametri 4,5 sm-dir. Açıq qırmızı rənglidir. Sadə formada hazırlanmışdır.

Kasa tipli saxsı qabın hündürlüyü 5,5 sm, ağzının diametri 12 sm, oturacağının diametri 4 sm-dir. Ağız hissəsi düz formalıdır. Açıq qırmızı rənglidir.

Kobud formada hazırlanmış kasa tipli saxsı qabın hündürlüyü 4,5 sm, ağzının diametri 11 sm, oturacağının diametri 3,5 sm-dir. Ağız hissəsi xaricə doğru qatlanmışdır. Kiçik qulpu var, açıq qırmızı rənglidir (1).

Şirsiz çıraqlar. Zərdab ərazisində IV – XIII əsrlərdə başqa gil məmulatı kimi, çıraqlar da əhalinin məişətində mühüm rol oynamışdır. İlk orta əsrlərdə müxtəlif formalı çıraqlar mövcud olmuşdur (1; 17, 17).

Hündürlüyü 5 sm, ağzının diametri 4,5 sm, oturacağının diametri isə 5,5 sm-dir. Gövdə hissədə qabın diametri 9 sm-dir. Lüləyi sınmış vəziyyətdədir. Salamat qalmış hissəsinin uzunluğu 3,5 sm-dir. Boz rənglidir.

Boz rəngli çırağın hündürlüyü 4,5 sm, ağzının diametri 6 sm, oturacağının diametri 5 sm-dir. Lüləyinin salamat qalmış hissəsinin uzunluğu 2,5 sm-dir. Qulpu oval formalıdır (1).

Dolçalar. Zərdabın İlk orta əsr dulus məmulatı içərisində dolçalar azlıq təşkil edir. Su üçün işlədilən kiçikhəcmli qara rəngli, üstü yaxşı cilalanmış dolçaların hündürlüyü 9-10, ağzının diametri 5-6, oturacağı isə 4-6 sm-dir. Bu cür qabların üstü qazıma naxışlarla bəzədilmişdir. Bəzilərinin qulpu və ağzı cilalanmamışdır. Qulpları yarımdairəvi olan bu tip qabların oturacaqları yastı, gövdələri isə xaşaldır (1; 17, 20).

Şirli küpələr. Zərdab rayonu ərazisində şirli küpələr, əsasən, Xanməmmədli və Əlvənd kəndləri ərazisindən, həmçinin, Gümüşlü, Xasa arxı və Yuxarı Seyyidlər yaşayış yerlərindən əldə olunmuşdur. Onlardan bəzisinin ölçülərini veririk:

Saxsı qabın oturacağının diametri 7,5 sm, gövdəsinin diametri 13,5 sm, salamat qalmış hündürlüyü 13 sm, ümumi hündürlüyü 23 sm-dir. Boz rəngli qabın divarının qalınlığı 0,3 sm-dir.

Boz rəngli saxsı qabın oturacağının diametri 7,5 sm, divarının qalınlığı 0,5 sm, salamat qalmış hündürlüyü 9 sm-dir.

Digər boz rəngli saxsı qabın ağzının diametri 6,5 sm, boğazının hündürlüyü 5 sm-dir (Tablo 14).

Saxsı qabın oturacağının diametri 6 sm, gövdəsinin diametri 11,5 sm, salamat qalmış hissəsinin hündürlüyü 10,5 sm-dir.

Şirli qabın oturacağının diametri 7 sm-dir. Üzərində həndəsi motivli naxış – dairə və içərisində xəttlər çəkilmişdir.

Digər şirli qabın oturacağının diametri 10,5 sm-dir. Burada musiqi ilə ilanı oynadan ovsunçu təsviri vardır. Bu qab Əlvənd yaxınlığından Gur-gur yaşayış yerindən (Qutluq Balıq şəhər yeri – T.Ə.) əldə olunmuşdur. Bu tip qablar monqol dövrü üçün xarakterik keramika hesab olunur (1; 18) (Tablo 14, 7).

Şirli çıraqlar. Zərdabın maddi mədəniyyət nümunələrindən keramika məmulatı içərisində çıraqlar sayca çoxluq təşkil edən saxsı məmulatlarındandır. Qara rəngli çıraq – oturacağının diametri 4 sm, ağzının diametri 3 sm, hündürlüyü 8 sm-dir. Lüləyinin uzunluğu 7 sm, lüləyinin diametri 2,5 sm-dir (1) (Tablo 11; 12).

Qeyd etmək lazımdır ki, buradakı saxsı məmulatının anologiyasına Salyan rayonu ərazisində Qırxçıraq yaşayış yerində (Orta əsr Mahmudabad şəhəri – T.Ə.) rast gəlinmişdir (19; 20, 82-87).

Zərbetmə sənəti. Türyançay hövzəsində aparılmış arxeoloji tədqiqat işləri zamanı əldə olunmuş numizmatik materiallar, əsasən, Azərbaycan Atabəyləri dövrünə aid mis pullardır. Aşkar olunmuş sikkənin birinin üzərində isə Şirvanşah Axsitanın adı yazılmışdır (1) (Tablo 15, 4).

Məlikumudlu ərazisindən aşkar olunmuş Atabəy pulunun aversində oğuz damğası olan ox kaman və oğuz boylarının sayını bildirən ulduzlar vardır. Ərəb əlifbası ilə yazılmışdır. Sikkə Məhəmməd Cahan Pəhləvanın dövrünə aiddir (1) (Tablo 15, 1).

Numizmatik materialların təhlili göstərir ki, Zərdab rayonu ərazisində həm Azərbaycan Atabəylər dövləti, həm də Şirvanşahlar dövləti üçün mühüm məntəqələr yerləşmişdir. Ərazidən Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan və I Axsitanın adına buraxılmış numizmatik materialların tapılması təsadüfi deyil (Tablo 15). Qeyd etmək lazımdır ki, adı çəkilən siyasi xadimlər Şirvanşah III Məniçöhrün siyasi səhvinin qarşısını alaraq tarixi Azərbaycan torpaqları olan Şirvanşahların şimal-qərb ərazilərinin gürcülər tərəfindən işğal cəhdinin, həmçinin, III Məniçöhrün həyat yoldaşı gürcü Tamarın Şamaxıda planlaşdırdığı siyasi çevrilişin qarşısı alınmışdır. Sözü gedən siyasi proseslər məhz Şəmsəddin Eldəniz tərəfindən I Axsitanın Şirvan taxtına çıxarılması ilə nəticələnmişdir. Qeyd etdiyimiz kimi Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan və I Axsitanın hakimiyyəti dövrü Azərbaycan tarixində bütün sahələrdə – siyasi-ictimai, sosial-iqtisadi və mədəni sahələrdə intibah – tərəqqi dövrü kimi yadda qalmışdır.

Son illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı Kürdəmir rayonu ərazisində Muradxanlı kəndində Şirvanşah Dərbəndilər sülaləsinin ilk nümayəndələrinin adına zərb edilmiş dəfinənin aşkar olunması XIII əsrin sonu – XIV əsrdə də ərazinin Şirvanşahlar dövlətinin tarixində mühüm yer tutduğunu bir daha təsdiq etmişdir (21). Buradan cənuba və qərbə gedən mühüm ticarət yolları məhz Zərdab rayonu ərazisindən keçmişdir. Yerağzı yaşayış yerindən keçən ticarət yolu Şirvanı Bərdə – Gəncə – Tiflislə birləşdirir, oradan isə ticarət malları Qara dənizə çıxarılırdı. Gur-gur yaşayış yeri yaxınlığından keçən ticarət yolu isə ərazini Ərdəbil – Təbrizlə birləşdirir, oradan isə ticarət malları Yaxın və Orta Şərqin müxtəlif şəhərlərinə çatdırılırdı.

Əliyev Taleh Vasif oğlu

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu

elmi işçi, dissertant

taleh.ali@mail.ru

 

İstifadə olunmuş ədəbiyyatın siyahısı:

  1. Əliyev T.V. Zərdab rayonuna ezamiyyətin nəticələri haqqında hesabat, Bakı, 2013, 4 s.
  2. Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar, Bakı: “Nurlan”, 2005, 336 s.
  3. Vəlixanlı N.M. Ərəb xilafəti və Azərbaycan, Bakı, Azərnəşr, 1993, 157 s.
  4. Ибн Хаукал Книга путей и царств. (Пер. Н.А.Караулова), СМОМПК, XXXVIII выпуск, Москва, 1908, с. 78-128
  5. Yaqut əl-Həməvi «Mucəm əl-buldən», Beyrut, 1977, I – V c.
  6. Əliyeva N.A. Azərbaycan Yaqut Əl-Həməvinin əsərlərində, Bakı, 1999, 240 s.
  7. Ибн ал-Факих Книга о странах (перевод с арабского Н.А.Караулова) СМОМПК, 31, Тифлис, 1902, с. 1-58
  8. Фазлуллах Рашид-ад-дин Джами-ат-таварих, Баку: “Нагыл Еви”, 2011, 540 с.
  9. Piriyev V.Z. Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə (1316 – 1360), Bakı, “Elm” nəşriyyatı, 1978, 141 s.
  10. Əliyev T.R., Babayev F.İ., Hüseynova T.T., Əliyeva G.İ., Abbasov V.B., Əliyev V.T. Qalatəpə antik alban şəhər məskəni və nekropolunda tədqiqatlar (Ağcabədi rayonu) // Azərbaycanda arxeoloji tədqiqatlar 2011, Bakı, 2012, s. 226-234
  11. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, 2 cilddə, I cild, Bakı, Şərq-Qərb, 2007, 304 s.
  12. Qədirov F.V. Tərkəşdə arxeoloji kəşfıyyat qazıntılarının ilk nəticələri // Azərb.SSR EA Xəbərləri, TFH ser., 1974, №  4, s. 57-69
  13. Bəşirov C. Xanməmmədli kəndində aşkar olunmuş küp qəbir haqqında // “Əkinçi” qəzeti, Zərdab, 2009, 28 sentyabr, N 36, s. 3
  14. Əliyev T.V. Əlican və Türyançay hövzəsinin küp qəbirləri // Tarix və onun problemləri, Bakı, 2013, № 4
  15. Paşa Yaqub Doğrulan ümidlər, “Zərdabi LTD” MMC, Bakı, 2009, 160 s.
  16. Əliyev T.V. Əlican və Türyançay hövzəsinin memorial abidələri // Azərbaycan arxeologiyası və etnoqrafiyası, Bakı, 2012, № 2
  17. Orucov A.Ş. İlk orta əsrlərdə Azərbaycanda dulusçuluq, Bakı: “Elm”, 1989, 72 s.
  18. Cəbiyev Q.C. Azərbaycan keramikası, Bakı, Elm, 2003, 233 s.
  19. Məmmədov A.M. Salyan (Dəmir dövründən – orta əsrlərədək) (tarixi – arxeoloji icmal), Bakı, “Elm”, 2011, 62 s.
  20. Əliyev T.V. Qırxçıraq yaşayış yerində aparılmış arxeoloji tədqiqatlar haqqında / Salyanın tarixi, arxeologiyası, etnoqrafiyası və memarlığı – Elmi-praktik konfransın materialları, Salyan, 2012, s. 82-87
  21. Quliyev A.A., Cəbiyev Q.C., Xəlilli F.S. Muradxan dəfinəsi, Bakı, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, 2012, 456 s.

Алиев Талех Васиф оглы

Институт Археологии и Этнографии НАНА

научный сотрудник, диссертант

Об историко – археологических памятниках Зардабского района 

(IV – XIII вв.)

РЕЗЮМЕ

Статья посвящается археологическим памятникам IV – XIII веков, расположенным на территории Зардабского района. В результате археологических исследований была изучена часть поселений и погребальных памятников. В результате археологических поисков и научных исследований были получены образцы материальной культуры, относящиеся к земледелию, скотоводству и различным отраслям ремесла.

Aliyev Taleh Vasif oghlu 

The Institute of Archaeology and Ethnography of NASA

scientific worker, candidate for a degree

About the historical – archaeological monuments of

Zardab region (IV – XIII centuries)

SUMMARY

The article has been dedicated to the IV – XIII century archaeological monuments of Zardab region. It has been studied the types of the settlements and grave monuments on the result of the archaeological researches. It has been found material – cultural artifacts special of the agriculture, cattle – breeding, the different branches of the craftsman on the result of the archaeological prospecting and scientific exploration.

 Xüsusi olaraq Zerdab.com saytı üçün.Zərdabın tarixiZərdabın tarixiZərdabın tarixiZərdabın tarixiZərdabın tarixiYer ağzı yaşayış yeriZərdabın tarixi