İlin ən uzun gecəsi

0
69
Sevil Gültən
Sevil Gültən

Nurəngiz Günün xatirəsinə

On il əvvəl onun haqqında “Susmuş gözəllik” adlı bir yazı yazmışdım. Niyə yazıma bu adı seçmişdim, indi yadıma sala bilmirəm. O gün onun ölüm xəbərini eşidəndə o yazım, yazımın adı yadıma düşdü…
Nurəngiz Gün adlı bir gözəllik susdu builki payızın sonunda… Bir gecə acılı-şirinli günlər yaşadığı evində qonaq qaldı – özünün xəbəri olmadan. Görəsən o gecə onun evi hansı yuxunu gördü? Görəsən ən sevdiyi paltar neylədi o gecə?
Həmişə pəncərəsinin önünə çörək qırıntıları səpərdi sərçələr üçün. Görəsən o gecə sərçələr pəncərədən içəri boylanıb son dəfə onunla vidalaşdılarmı? Dəniz sahilinə gedib qağayıları yemləyərdi. Görəsən həmin gün kim yemlədi qağayıları onun əvəzindən?
Bu dünyaya əlvida deyəndə bu boyda payızı necə qucaqlaya bildi? Görəsən hansı şeirini apardı özüylə? Heç vaxt görməyəcəyi, heç vaxt yaşamayacağı 2015-ci ilin qışına nələr demək istədi? Görəsən son anda ömrünün hansı anları gözlərinin önündə pərdə kimi asıldı? Görəsən hansı şeirinin misralarını xatırladı? Nurəngiz Gün
Ovcumda şirr,
Barmaqlarımda qabar
Ürəyimdir… Varım-yoxum
Yol gedirəm, saplağından qırılanadək

Builki payızın sonunda qırıldı ürəyi saplağından…yola düşdü əbədiyyətə sarı ovcunda sirr, barmaqlarında qabar…

Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.

Bir ömür də öləziyib saraldı bu payız…Bir ömür də payıza qarışıb əbədiyyətə tərəf yol aldı…

“Saçlarımda rüzgarım,
Ruhumda ana laylası” – deyən şairə dekabrın 20-də yola düşdü son evinə… Dekabrın 21-i səhərini təzə evində qarşıladı…
Dekabrın 21-i ilin ən uzun gecəsidir… Ən uzun gecəsi….

25 dekabr, 2014