Sənin olduğun dünyada…

0
51
kainatMüsəlman ordusu Uhudda Məkkə müşrükləri ilə savaşırdı və bu zaman Mədinədə xəbər yayılır ki, Rəsulullah şəhid olub.
 Bir anda Mədinə buz kimi donur, insanlar kədərdən az qala ağıllarını itirirlər. Atasını, iki qardaşını, ərini, oğlunu müsəlman ordusu cərgəsində cihada göndərmiş Ənsardan (ənsar- mədinəli müsəlmanlara deyilirdi, sözün mənası isə “dost” anlamına gəlir, məkkəli müsəlmanlar da mühacir adlanırdılar, yəni hicrət etmiş, köçmüş) Sümeyra Xatun bu xəbərdən dəli kimi fəryad edərək, Uhuda doğru qaçır. Sanki qaçmır, uçur, nəfəs dərmədən, qanad çırparaq döyüş meydanına doğru şığıyır.

Savaş qurtarmış, meydanda insan cəsədləri qalıb, hər tərəfdən yaralıların iniltisi eşidilir. Sümeyra Xatun Rəsulullahı soruşur.

– Dayan! – deyirlər, – Atan burada şəhid olub.

– Buraxın atamı, mənə Rəsulullahı göstərin, – deyir, dönüb atasının cansız cəsədinə baxmadan, – “Mənə Rəsulullahı göstərin”, – deyib fəryad edir.

– Dayan, – deyirlər, – burada qardaşın şəhid olub.

– Mənə Rəsulullahı göstərin.

– Burada oğlun şəhid olub

– Mənə Rəsulullahı göstərin.

– Burada ərin şəhid olub

– Mənə Rəsulullahı göstərin.

Rəsulullahın həyatda olduğunu söyləsələr də, o xanım gözləri ilə görmədən rahat olmur. Həyəcanından yarpaq kimi titrəyən Sümeyra Xatun beş əzizinin, beş şəhidinin cənazələrinə belə baxmadan “Rəsulullahı göstərin”, – deyib fəryad edir. Birdən gözləri Aləmlərə Rəhmət olaraq göndərilmiş o Mübarək Zatı görür, bütün təşvişi, qorxusu o andaca keçib gedir. Rəsulullahla üzbəüz dayanan Sümeyra Xatunun dodaqlarından bu sözlər süzülür:

– Anam-atam Sənə fəda olsun, ey Allahın Peyğəmbəri! Sənin olduğun dünyada heç bir dərd insana ağır gəlməz.