Sevmədiklərinizə də dua edin “Allah islah etsin!”-deyə

0
50
duaYayı çəkib oxu atırsan. Yayı nə qədər çox darta bilsən, oxun da o qədər uzağa gedər.
Ağzından çıxan duanın ünvanına yetişməsi sənin nə qədər gərilmənlə çox yaxından əlaqəlidir. Əslinə qalanda Allah-Təala bizi bizdən daha yaxşı tanıyır. Bizim üçün nəyin xeyirli, nəyin zərəli olduğunu da Allah-Təala bilir. Dua bəndənin Allaha yönəlməsi, dərdini Ona söyləməsi, öz acizliyini etiraf edib, yardım diləməsidir. Dua – Allahla danışmağın adıdır. İnsanlardan zülm görənin, haqqı tapdananın duası gərilmiş yaydan çıxan ox kimi ünvanına yetişər. Yetimin də, qəribin də duası ünvanına tez yetişər.

Hay-küylə, zahiri göstərişlə oxunan dua içinə yalan qarışdırılmış söhbət kimidir. Gerçəyi zahirdə yox, batində axtaranlar dua məqamında öz içinə dalar, Haqqa varan yolu orada arayar və o yollardan uca Məqama üz tutar. İnsanın insana verə biləcəyi ən gözəl şey içindən gələn, ən səmimi duyğulardan yoğurulmuş duasıdır: Allah səndən razı olsun! Bu dörd söz, bəlkə də, bütün duaların başıdır. Çünki Allah-Təalanın razı qaldığı bir bəndənin daha nə dərdi ola bilər ki? Və ya bəndə üçün Allahın razılığını qazanmaqdan yüksək bir nemət ola bilərmi? Dua – istəmək, yalvarmaq, hər şeyin sahibinə üz tutmaq, öz zəifliyini etiraf etmək, dərdinə çarə diləməkdir. Dolayısilə dua həm də özünü tərbiyədir. “Hər ağızda bir dua var, hər tikədə bir ovsana”- deyib ulularımız; dua yığın, dua qazanın! Bir vaxt qızmar çöllərdə başınızın üstündə bulud, qaranlıqda yolunuza düşən işıq olar. Bir də duanızı əsirgəməyin sevdiklərinizdən, sevmədiklərinizə də dua edin “Allah islah etsin!”- deyə.