Sən bir yaxşı qonşu ol, sonra…

0
50
Artıq günümüzün vazkeçilməz ünsürü halına gəlmiş cib telefonu, internet özü ilə birlikdə yeni alışqanlıqlar da gətirdi həyatımıza. Hər kəs eyni meyli onlarla yoldaşına göndərir və onlardan da istəyir ki, eyni meyli başqalarına da göndərsinlər. Bir qədər əvvəl mənə də belə bir meyl gəldi. O meyli göndərən adama olan etimadımdanmı, meylin adının diqqətimi çəkməsindənmi, ya nədənsə onu silib atmağa əlim gəlmədi. Oxudum və inandım ki, qonşuluğun nə olduğunu anlayan və ya azacıq insanlığı olan hər kəs mütləq bu yazıdan təsirlənər.
 Bir dinsiz oğlunu evləndirirmiş. Özü də çox zəngin olduğu üçün heç bir məsrəfdən çəkinmirmiş. Çox sayda inək, qoyun, toyuq kəsdirir, hər tərəfdə qazan asdırıb çeşid-çeşid yeməklər bişirtdirir. Bütün məhəllə ət qoxusuna bürünübmüş. Qonşuda isə başçısını itirmiş müsəlman aliə yaşayırmış, ana və dörd körpəsi. Özü də uşaqlar günlərdən bəri ac imişlər. İndi qonşuda toy hazırlığını görüb analarına yalvarırlar ki, ora gedib, yeməyə bir şey gətirsin. Ana da qonşunun qapısını döyüb kürək-bel istəyir, ancaq məqsədi başqadır. Ev sahibi qadının niyyətini anlayır, amma bir şey vermir. Bir qədər sonra qadın yenə gəlir və bu dəfə də kəndir istəyir, qonşu inadından dönmür. Qadın üçüncü dəfə də əliboş dönəndən sonra qonşu həyətə enir ki, görsün onlarda nə söz-söhbət var. Yaxınlaşır və divarın o üzündən gələn səsə qulaq verir. Qadının ən kiçik uşağının az qala zarıyırmış kimi anasına yalvardığını eşidir:

– Noolar ana, qurban olum, bir də get, belkə bu dəfə yeməyə bir şey verdi. Özün bilirsən ki, üç gündür dilimizə bir şey dəymir.

Sonra da ananın hıçqırıqdan boğulan səsi eşidilir:

– Üç dəfə getdim, bir şey vermədi, daha üzüm gəlmir, daha ayaqlarım sözümə baxmır, gedə bilmirəm, başına dönüm. Allah Kərimdir, bir az da döz, qorxma, acından ölmərik.

Qonşu bu sözləri eşidəndə qəlbi sızlayır, evinə qayıdır, bir neçə zəmbili yeməklərlə doldurub qadının evinə göndərir. Sonra da divarın dibinə gəlib qulaq asır görsün ki, indi nə danışırlar. Yetimlərin ən kiçiyinin dua etdiyini eşidir:

– Allahım, bu qonşumuz bizi düşündüyü kimi, bizə mərhəmət göstərdiyi kimi Sən də ona mərhəmət göstər. Onun qəlbini İslamla şərəfləndir.

Sonra da evdəkilər hamısı bir səslə “amin” deyirlər. Qonşu çox duyğulanır, göz yaşlarını saxlaya bilmir və elə oradaca kəlmeyi-şəhadət gətirib müsəlman olur.

Bu meyli mənə göndərən tanışıma təşəkkür edirəm. Ən azi bizim də kimlərinsə qonşusu olduğumuzu və qonşu olmağın məsuliyyətini xatırlatdı. O meyli oxuyandan sonra oturub düşündüm ki, aramızda bircə divar olan qonşularımı tanıyırammı, onun dərdindən-sərindən xəbərdarammı. Etiraf edim ki, cavab o qədər də ürəkaçan deyil və inanıram ki, çoxumuz bu suala müsbət cavab verməkdə mənim kimi acizdir. Və ya üzdən tanısaq da xasiyyətini, insanlığını bilmədiyimiz qonşular əhatəsində oluruq əksər hallarda. Heç düşünmürük ki, bu qonşu əslində elə axtardığımız adamdır, hər dərdimizi çəkinmədən söyləyib təsəlli və ya məsləhət ala bilərik. Sonuncu dəfə nə zaman evimizdə bişən hansısa yeməkdən bir qonşuya pay göndərmişik? Və ya bir problemimiz çıxanda üstünə qaçmağa neçə qonşumuz var? Yoxsa “şəhər həyatı qonşuluq münasibətlərini zədələyir” bəhanəsinin arxasında gizlənməyə çalışırıq?

Ailə fərdlərdən, cəmiyyət ailələrdən təşkil olunur. Cəmiyyəti formalaşdıran ən mühüm amillərdən biri, heç şübhəsiz, qonşuluq münasibətləridir. Yazılarından hər zaman faydalandığım  Əhməd Şahinin dediyi kimi, bir ölkənin xalqı qonşulardan ibarətdir. Əgər qonşular bir-biri ilə sevgi, hörmət, etimad içində yaşayarlarsa, bütün xalq eyni dərəcədə sevgi, hörmət və etimad içində yaşayar, yumruq kimi bütöv olar, bir olar. Yəni ölkənin birliyi, bütövlüyü qonşular arasındakı birlik, bütövlüyə bağlıdır.

Qonşuluq fədakarlıqdır, həyatı paylaşmaqdır, lazım gələndə qəhrini çəkməkdir, qayğısına ortaq olmaqdır. Gecənin yarısında divarın o üzündən gələn uşaq ağlamağına əsəbiləşmək deyil, “Görəsən, nə dərdi var ki, ağlayır, nə kömək edə bilərəm” düşünməkdir. Toyunda da, yasında da yanında olmaqdır, yeri gələndə lap qardaş ola bilməkdir qonşuluq. Həqiqi qonşuluq səndən yaxşılıqdan başqa heç bir şeyin gəlməyəcəyinə inandıra bilmək səviyyəsində etimad, güvən insanı ola bilməkdir.

Həqiqi qonşular tapmaq və həqiqi qonşu ola bilmək ümidiylə…