Zərdabın sabiq deputatı nə yazır?

0
157

Günün günorta çağı sevişənlər

 

Səyyad Aran

– Burada oturaq?
Belə deyib heç kimə və heç nəyə məhəl qoymadan qız oğlana sığındı. Gözləri alışıb yanırdı. Susuzluqdan düzdə qəfil qarşısına çıxan su gölməçəsinə “oxxayy” deyib ağzını uzadan ceyran kimi dodaqlarını oğlana sarı uzatdı. Oğlan nədənsə həya edib, qəzetçilər demiş, adekvat cavab vermədi, amma qəlbini də qırmadı, başını sinəsinə sıxdı, qızın dodaqları boğazına toxundu.

Oturmaq olardı, amma bir qəmbərqulu vardı. Spiralvari nikelli oturacağın o biri ucunda qoca bir kişi əyləşmişdi. Orijinallıq etməyə dəyməz, çünki başqa ifadə heç cür yaraşmır: sanki heykəl idi. Əllərini intizamlı şagird kimi dizlərinin üstünə qoyub zərrəcə tərpənmirdi. Hətta nəfəs almasını belə duymaq çox çətin idi. Eynəyinin altından illəri yola salmış, amma hələ də yaşamaq istəyən, dünyadan doymayan bir cüt işığı azalmış göz çox uzaq yerdən gələn gəmidəki əzizini gözləyirmiş kimi dənizin ənginliyinə dikilmişdi.

Günün birinci yarısının təxminən ortasıydı. Bulvarın nisbətən seyrək, adamsız vaxtıydı. Mirzə Ələkbər Sabir demiş, “bir sıra xarici məzhəblər” müxtəlif rəngli qısa tumanlarda – “şortik”lərdə yürüş yapırdılar. “Allah sizi biabır eləsin! Utanmaz köpək uşağı, elə bil dədələrinin şəhəridir”. Başı kəlağayılı yaşlı bir rayon arvadı üzünü yana çevirib dodağının altında deyinirdi. “Allah, sən saxla! Bir tanış görsə, rayona “düy” vuracaq ki, filankəsin arvadı bulvarda oturub lüt-üryan yad kişilərə baxırdı”. Əri, ayıb olmasın, tualetə getmişdi, arvad tək oturmuşdu və deyiləcək söz düz çıxacaqdı. Dalınca deyilənləri də elə bil qulağı ilə eşidirdi. “Bıy, başın batsın. Bunun nağayırdığı aazz, yaşının bu çağında ayıbını qara torpaq örtsün”.

Cənubi Asiya regionunun adamları da az deyildi. Onlar daha sadə geyinmişdilər – qabaqcıl əski sovet fəhlələrinə oxşayırdılar. Rayon adamları da vardı. Deyəsən gedəcəkləri nazirliklərə, şikayət edəcəkləri idarələrə, qohum, simsar evlərinə yollanacaqları vaxtı bəri çəkmək üçün ― “ayə, bu bakılılar günortayacan nətəər yatıllar?” ― elə-belə gəzişirdilər. Tez-tez qol saatlarına baxdıqlarından – halbuki başlarını qaldırıb hər tərəfdən görünən qüllədəki işıqlı hərflərlə vaxtı göstərən iri elektron saata da baxa bilərdilər, amma yox, vərdişdəniydi – məqsədsiz ora-bura laqeydcəsinə boylandıqlarından bəlli olurdu. Bu yerlər onlara tanış olduğundan əcnəbilər kimi heyranlıqla ağızlarını ayırıb tamaşa etmirdilər.

– Bəlkə o tərəfə gedək? – oğlan 40-50 addımlıqdakı boş skamyanı göstərdi.

– Yorulmuşaaamm… – qız nazla zarıyaraq bu dəfə oğlanın qolundan sallandı.

– Yaxşı.

Oturdular.

Yenə də cürbəcür rəngdə insanlar keçib gedirdilər: ağ, qara, sarı, qəhvəyi, boz… Deyəsən əksəriyyəti bulvara yaxın otellərdə qalanlar idi.

Dalbadal bir neçə rus dilində danışanlar da dənizə baxa-baxa, sonra da dönüb Neftçilər prospektində bir-birindən yaraşıqlı, ən yeni memarlıq üslubunda tikilmiş hündür mərtəbəli binalara, təmiz yollara, böyük bir dördbucaqlı sahədə salınmış Afrikadan gətirilən ekzotik bitkilərə – palmalara, maqnoliyalara, cürbəcür kaktuslara, kollara, əzəmətli təsir bağışlayan Alov qüllələri olan otel kompleksinə baxaraq maraq və heyrətlərini gizlətmədən elə hey içlərini çəkirdilər. Son vaxtlar Bakıda yenə rusların sayı artıb.

Orta yaşlı birisi onunla yanaşı yeriyən dazbaşa bulvarın o başında günəşin şəfəqləri altında nəhəng almaz kimi bərq vuran “Evrovision-2012” üçün tikilən “Baku crystal hall”ı göstərib dedi:

– Smotri… Qovoryat na 25 tısyaç mest.

– Daa… Poslednie qodı azerbejantsı oçen vozvısilis…

Pencəyinin düyməsi göbəyinə gəlməyən sarı saçlı yaşlı rus içindəki hikkənimi, paxıllığımı, təəssüfümü boğa bilməyib göynəyə-göynəyə dedi:

– Za şçot nefti i qaza…

Bulvarın nərd oynayan daimi sakinlərindən biri – Həsənağa ovcundakı zərləri qarışdırıb, qarışdırıb… atmadı. Onların ardınca baxıb, baxıb oyundaşına səsləndi:

– Eşütdün, ala, Beybala?

– Eşitdim, eşitdim… – oyun vəziyyəti bərbad olan Bəybala kəsə dedi. “Zəri at, sonra danış daa, rəhmətliyin nəvəsi”. Həsənağanın xasiyyətinə bələdiydi. Münasibət bildirməmiş zərləri atmayacaqdı. Bu da dilxor Bəybalanın bağrını çatdadırdı.

– Yapışasan yaxalarından, ya da o yanlarıyca gedən matışkənin on beş sm-lik “şpilka”sını bir hovurluq borc alasan, uzaqbaşı pulunu verəsən – geydirəsən o dazın təpəsinin düz ortasından, deyəsən, ala, ay filan-filanşüüdə, Gürcüstanın üstündə qos-qoca Avropanın başçıları yığışıb sizi qol-qıç eləmək istəyəndə padşahınız nə cür gözlərini ağardıb barmağını silkələdisə…

Hövsələsi daralmış Bəybala Həsənağanın sözünü yarıda kəsdi:

– Yaxşı, bes o “şpilka” nooldu?

– Üstündən əlinlə bas, hələ qalsın yerində… Neftinizi, qazınızı kəsib hamınızı qıraram qışda – daban əllialtıya dəm verib hərəsi götürüldü öz ölkəsinə. Allah verən payı sərf edirik abadlığımıza, yollarımıza, tikintilərimizə… Sizə nə?.. Deyirəm Sibirin nöyüt dolu tayqalarının yerinə düşəydi bəxtinizə Monqolustanın otsuz, ələfsiz, susuz çölləri, görəydim halınızı…

– “Şpilka”, “şpilka” … – Bəybala sinəsini-başını açmışdı, hövsələsizlikdən tıncıxırdı.

– Yox e, yandım töküldüm. Öz gözlərində tiri görmürlər, bizimkində tük axtarırlar. Biz sizin kimi özgə xalqlara xox gəlib dirsək göstərmirik ki.

– “Şpilka”…

– Get çıxart daa…

– Mən nöşün?

… Qız başını oğlanın sinəsinə qoyub gözlərini yarı qapayaraq sanki yuxulamışdı. İlıq və təmiz hava, nisbətən sərin külək də buna əməlli-başlı şərait yaratmışdı. Hər şey gözəl və ürəkaçan idi. Bircə…

Qız yenə də dodaqlarını uzadıb əvvəlcə oğlanın üzündən, sonra da dodaqlarının küncündən öpdü. Bir az da coşub “uzağa” getmək istəyirdi, amma oğlan əlləri ilə sinəsindən yumşaqca itələyib həddi keçməyə qoymadı…

-Görmürsən? Qoca yaxındadı axı.
-Offf!..

Qız acıqla “heykələ” baxdı. Necə oturmuşdusa, eləcə də qalmışdı. Kiprikləri belə tərpənmirdi. “Əh! Belə də adam olar? Dur ayağa, çıx get də, ay sovet vətəndaşı! Nə çox yer. Heç özün cavan olmamısan? Rəfiqələrimdən eşitmişəm ki, sovet dövründə yaşlı adamlar oğlanla qız skamyaya yaxınlaşanda durub gedərlərmiş. Bunun deyəsən qanacaq sarıdan problemi var”.

– Adamda gərək səviyyə olsun! Yaşla deyil ki…

Soyumuş ehtirasından dilxor olan qız qəfil dilləndi. Oğlan qocaya tərəf çevrilib istehza ilə gülümsədi. Sonra yenə də qızın başını sinəsinə sıxdı, saçlarını qarışdırdı, oxşadı, astadan qulağına pıçıldadı: – Yəqin bir azdan durub gedər. Sakit ol.

– Heç oxşamır. Gərək bayaq sən deyəndə gedib o biri tərəfdə oturaydıq. Allah məni öldürsün, mən qoymadım.

– Müsəlmanın sonrakı ağlı. Birinci dəfə deyil ki. – oğlan dünyagörmüş kişilər kimi sakit və təmkinli tonda şərh verdi.

Qızın sözünü qocanın da qulağı çaldı. İlk dəfə olaraq “heykəl” tərpəndi. Qız bunu gördü. Qoca tutulmuşdu. Haldan- hala düşdüyü sifətindən məlum olurdu. Hətta “heykəlin” əlləri titrəyirdi. Qız açıq-aydın sezilən nifrətlə baxırdı. Qocanın ona, yoxsa onun başı üstündən harasa baxdığını kəsdirə bilmədi. Bərayi-ehtiyat, qocanın baxışlarını tutub o istiqamətdə boynunu döndərdi.

Azca aralıda “Coca-Cola”nın qırmızı rəngli köşkü yaşıllığın fonunda iri lalə kimi görünürdü. Satıcı üzü üzlər görmüş bir kresloda yayxanmışdı. Meşin oturacaq çox köhnə və işlənmiş olduğundan yerə dəyirdi, oturan adam palçığın içinə batmış kimi görünürdü. Satıcının da səmti dənizə olduğundan o da təbii, dənizə və mavi səmaya baxırdı-amma köşkün pəncərəsinin imkan verdiyi həcmdə. Gəlib gedənləri ümidlə seyr edirdi. Ona tərəf baxanları, köşkə azca yaxınlaşanları görüb həmən qımıldanır, amma bunun ötəri baxış və ani hərəkət olduğunu anlayıb yenidən kreslonun içində itib batırdı. Hava çox sərin olduğundan adamların su-filan içmək ehtiyacları olmurdu. Məxsusi diqqətçəkən başqa bir şey də gözə dəymirdi. Yaxınlıqdakı Saat qülləsindən də paraşütlə tullanan yox idi ki, bir maraq kəsb etsin, adrenalini yüksəltsin. Uzun illər bundan irəli bir nəfər tullanarkən ölmüşdü. Odu-budu, yığışdırdılar.

Bəs onda bu qoca inadla hara baxır?

Cürbəcür qiyafəli, müxtəlif fizionomiyaya malik adamlar belədən-belə, elədən-elə normal, asta-asta, yüyürə-yüyürə, iti adımlarla yeriyirdilər, gedirdilər, qaçırdılar. “Əşşi!..”

– Kəsirini düzəltdin? – Oğlan idi, deyəsən elə-belə soruşurdu.

– Of, of, o müəllimimiz var haa, onunla Yezid arasında heç bir fərq yoxdur. Deyir, ölsən də oxumasan qiymət yazmayacam.

– Başqa variant yoxdu?

– Nə variant? – qız gözlərini döydü.

– Ona təsir edə biləcək adam… Ya da, hörmət elə…

– Eh! Adamın özünü tutdurar! Deyirlər köhnə “iskrenni” kommunistlərdəndir. Atası qəbirdən dirilib gələ, xahiş edə, yenə yazmaz, nə də pul götürməz.

– Onda oxu. Yoxsa universitetə bir il artıq ayaq döyəcəksən.

– Oxuya bilmirəm axı. Heç nə yadımda qalmır. Hansı səhifəni açıram, səni görürəm. Off! Həm yaşadırsan, həm də öldürürsən – xırda yumruqları ilə oğlanın sinəsini döyəclədi.

Yenidən boynunu qucaqlayıb hərarətlə öpməyə başladı: Məstlikdən və canına yayılan həzdən onu yenə oğlanın təmkinli səsi ayırdı: – Yavaş, yaxşı deyil. Səbr elə.

– Etmirəm! – qız üsyan etdi. Bu dəfə açıq-aşkar, nifrət dolu baxışlarla qocanı təhdid etdi. Az qaldı desin ki, dur get də, niyə başa düşmürsən, ay Mıxməmməd!

Əslində dedi. Qoca da eşitdi. Çünki o baxışlardan başqa bir şey oxumaq mümkün deyildi. Bu dəfə “heykəl” hətta yerində azca qurcuxdu da. Oğlan da başını döndərmişdi. Hər ikisi qocanı süzürdü, tərpəndiyini görüb elə bildilər getməyə hazırlaşır, amma yerindən qalxmadı, yenə qızın başı üstündən harasa nəzərlərini zillədi və narahatlıqla yenə yerində qurcuxdu. Yox, yerini bərkidənə oxşamırdı, əksinə, narahat və həyəcanlı görünürdü. İndi kişinin sinəsi tez-tez qalxıb enir, ciblərini eşirdi. Deyəsən axtardığını tapdı, aha, həb idi, əlini uzadıb sol tərəfinə qoyduğu plasmast butulkanın qapağını açdı, həbi dilinin üstünə qoyub üç qurtum uddu.

– Yaxşı, çevir üzünü, işin olmasın… Doğrudan, sənin bu kəsirini neyləyək? Əgər müəllim dediyin kimi tərsin biridirsə, onda halın necə olacaq? Evdəkilərə nə deyəcəksən?

Gəldikləri andan bəri ilk dəfə olaraq qız ehtirasdan ayılıb tam ciddiyyətlə vəziyyətini götür-qoy etməyə başladı. İstəsəydi, hazırlaşıb qiymət ala bilərdi. Əvvəlki kursun uşaqları deyirlər ki, əzazilliyinə baxmayaraq biləni kəsmir, yetər ki, minimum öyrəndiyini, fəndən xəbərin olduğunu sübut edə biləsən, inandırasan. Bunun üçün, əlbəttə, bir neçə gün otağa qapanıb gərək çölə çıxmayasan, elə oxuyasan, oxuyasan… Bu isə, elə bil qızın təbirincə qəlbini bürümüş eşqdən, həyatdan, yaşamaqdan məhrum olmaq demək idi – belə düşünürdü. Qarşıdan da uzun tətil gəlir… Dəlicəsinə sevdiyi oğlandan yaxınlarda ayrılacağını düşünəndə dünya başına uçurdu, gözlərinə qaranlıq çökürdü, qalırdı üstünə qalaqlanmış daş-kəsəyin altında. “Yox! Yox!!” Oğlana təzədən sarıldı, iylədi, ətrini içinə çəkdi. Bərk-bərk qucaqladı, elə bil kimsə əlindən alacaqdı.

Qızın ehtirasının, coşqunluğunun daha da artmasını, yenə onu dəli kimi öpüşlərə qərq edəcəyini gözlədiyi halda, oğlan get-gedə qucağında hərəkətsizləşən, sakitləşən, soyuyan bir vücud hiss elədi. Əvvəl fikir vermədi, fikirləşdi ki, lənətə gəlmiş imtahan məsələsi yəqin onu süstləşdirdi. Qızın üzünə baxmaq istədi, başını geri çəkdi ki, nə olduğunu soruşsun.

Qız qocaya baxırdı, üzündə kin-küdurətdən, qəzəbdən, nifrətdən əsər-əlamət belə yox idi, əvəzində peşmançılığa oxşayan bir hiss gəzirdi… Oğlan da çevrildi.

“Heykəl” ağlayırdı. Yenə də əvvəlki kimi eləcənə oturmuşdu. Yaş eynəyinin qırağından ağ saqqalı ilə üzü aşağı diyirlənirdi. Gözlüyü tərləmişdi – göz yaşlarından idi. Hərdənbir çiyinləri qalxıb enirdi. Bu dəfə qızın başı üstündən harasa baxmırdı. Eləcənə gözlərini dənizə dikib ağlayırdı… Buna söz ola bilməzdi. Nə gözləri yaşarmışdı, nə də gözünə düşən gün şüasından deyildi. Məhz ağlayırdı…

Oğlanın əhvalı pozuldu. Qız da fərli gündə deyildi. Him-cimləşdilər. “Getmək gərəkdir”.

Cingiltili uşaq səsi nəinki oğlanla qızı, hətta otları, çiçəkləri, havanı da diksindirdi: – Baba, baba, babacan!

Dörd-beş yaşlı oğlan uşağı axşam örüşdən qayıdan, anasının əmcəyinə təpilən quzu kimi babasının qucağına təpildi, pencəyinin yaxasını açıb başını babasının qoynuna soxdu, pencəyin hər iki qanadını başının üstünə çəkdi – guya gizləndi. Baba nədənsə ehtiyatla, əlindəki qabı salıb sındıracağından qorxan birisi kimi nəvəsini qucaqlayır, oxşayır, əzizləyirdi. Baxışları ilə ona sarı gələn cavan ər-arvadı tutub toxtamışdı. Nəvəsinə nəvazişi yenə ölçülü-biçiliydi. İstəyi kifayət qədər bol görünürdü, istiydi, doğmaydı, amma aşıb daşmırdı, arada nəvə qucağından sürüşüb düşdü, baba əyilib onu qaldırmadı, eləcənə əlini uzatdı ki, qalx, üstünü bulama.

Əvvəlcə ortayaşlı kişi yaxınlaşdı: – Necəsən, ata? Yaxşısan, darıxmadın?

Nəvə macal vermədi, gördüyünü dedi:

– Babam ağlayırdı.

– Nə?! – Oğulun az qaldı gözləri hədəqəsindən çıxsın – Niyə? Bəlkə xətrinə dəyib eləyən olub? – ətrafa boylandı. Qol-boyun oğlanla qızdan başqa yaxınlıqda kimsə yox idi. Qanlı-qanlı onları süzdü. Qız oğlanın qucağına qısıldı. Qocanın oğlu boy-buxunlu adamdı, oğlanın dərsini, necə lazımdır, verə bilərdi.

– Yel gözümü yaşartdı.

– Doğrudan, ata? – Him-cimlə oğlanla qıza işarə etdi: – Xətrinə dəyməyiblər?

– Yox, yox, onların mənimlə nə işi, görmürsən, gün də düz gözümə sancılır.

Hə, eləydi, bilaixtiyar dönüb dənizə baxanda günəşin şəfəqlərindən o da gözlərini qıydı, kipriklərini qapayıb bir neçə saniyədən sonra açdı.

Gəlin də yaxınlaşdı, qocanı qucaqlayıb öpdü, kefini soruşdu: – Yaxşıyam. – Sonra gül kolunun böyründəki əlil arabasını gətirib skamyaya söykədi. … Oğlanla qız arabanı indicə gördülər.

Bulvara ailəliklə birlikdə gəlmişdilər. Həftədə iki-üç dəfə qocanı təmiz havaya çıxarırdılar. Hər dəfə də qoca: – Siz gedin gəzin, evə gedəndə gəlib məni də götürərsiniz – deyərək əslində tək qalmaq istəyirdi.

Uşaq bir yerdə dayanmağı sevmirdi: – Gedək, gəzək, bax ora, – deyə ata-anasını, elə babasını da dəngəsər edirdi. Qoca da sakit qalmağı sevdiyindən oğlunu tələsdirirdi: – Düz deyir, gedin, gedin.

Qocanın ayaqları iflic olduğundan yeriyə bilmirdi. Həkim məsləhət görmüşdü ki, bütün günü evdə oturub otaqların kəsif iyini udmaqdansa, həm təmiz havaya çıxsın, həm də yavaş-yavaş sayını artırmaqla bir neçə addım hər gün yerisin, ümid var ki, ayaqları açılsın.

Atasının qoltuqlarının altından yapışıb qaldırdı. Qoca ayaqlarını qorxa-qorxa atırdı. Nəvəsi əlindən tutmuşdu. Babası hər addım atdıqca: – Ay sağ ol, baba! – deyib həmin cingiltili səsi ilə sevincindən qışqırırdı. On-on iki addım atıb: – Bəsdi, daha bacarmıram, – dedi. Oğlu qucağına alıb arabaya oturtdu. Nəvə: – Babamı mən özüm aparacam, – deyib arabanı atasının əlindən alıb irəli itələdi.

Qız sanki onu tanıyacaqlarmış kimi bayaqdan oğlanın sinəsinə sıxılıb əlləri ilə üzünü örtmüşdü. Oğlan da onu qucaqlamışdı. Heç biri danışmırdı. Elə bil bütün sözləri yığıb-yığışdırıb dünyadan aparmışdılar. Onların da əlləri qalmışdı boşda.

Birinci qız özünə gəldi, utanırmış kimi başını qaldırıb oğlana baxdı.

Oğlanın rəngi avazımışdı, dodaqları ağarmışdı, gözləri yol çəkirdi. Onun da atası belə yaşlıydı, indi xatırladı ki, qocanın bəzi hərəkətləri, məsələn, dərman axtarması və bu zaman hövsələsizlik etməsi, yatağına girməmişdən suyu və ürək dərmanlarını böyrünə yığması, nəvələrinə nəvazişi eynilə öz atasının vərdişlərinin təkrarıydı.

Xeyli vaxtdır xəbər tutmur, son vaxtlar pul göndərməyi də unutmuşdu, başı bərk qarışmışdı. Anasının vəfatından sonra atası lap uşaq kimi olmuşdu. Hər şeydən inciyir, küsür, bəzən də evin dalına keçib hətta ağlayırdı da. Düzdür, bacıları elə öz kəndlərində ərdə olduqlarından atalarına tez-tez baş çəkib biş-düşünü edir, evi yığışdırır, pal-paltarını yuyurdular. Ərləri yad oğullarıydı, bəlkə ağız-burun əyirdilər… Demişdi, ərləriniz deyinsə, bir baxıcı tutun, nə qədər istəsə, pul verəcəm, atamın ehtiyaclarını ödəmək üçün də hər ay nə qədər lazımdı, göndərəcəm…

Ay dad!.. Gör neçə aydır…

Qız oğlanın çənəsindən tutub yüngülcə silkələdi:

– Sənə nooldu? Qocaya görə pis oldun? Axı, hardan biləydik?..

– Gedək səni ötürüm.

– Sabah görüşək?..

-Yox… İşim var.

-O biri gün necə?

– Deyə bilmərəm. Bu həftə, ümumiyyətlə, gərgin günlərimizdir. Şirkətimizin sifarişləri yubanır. Bəlkə xaricə göndərdilər məni.

– Onda mən öləcəm! Gör səni nə qədər görməyəcəm.

– Əvəzində hazırlaşıb imtahanını verərsən – oğlan gülümsəyib qızı demək olar ki, zorla skamyadan qopardı.

Dayanacaqda yaşlı bir taksi sürücüsünün qapısını açıb qabaq oturacağa bir onluq atdı.

– Ağsaqqal, qızı “Nərimanov” metrosuna apararsan?

– Canla-başla, qədeş!

Qız ağlamsınmış halda könülsüz maşına oturdu. Nəsə demək istədi, amma oğlanın qırımını görüb dinmədi.

Oğlanın iş yeri küçənin o biri üzündəydi – Xalça muzeyinin arxasında. Tələsdiyi hiss olunurdu. Bu gün “perekur” uzun çəkmişdi.

Sürücü adəti üzrə güzgüdə sərnişininə baxırdı. Dayanacaqdan yenicə aralanmışdı. Saçı bu yollarda və cürbəcür adamlarla ünsiyyətdə ağardığından durumun nəsə “solaxay” olduğunu anladı, amma heç nə soruşmadı. “Nə işimə, camaatın dərdi mənə qalmayıb ki. Adama deyərlər alə, maşınıvı sür, özün də yola bax, bir də görərsən “latok”a düşüb “lomka”ya girmisən”.

Sən hay de! Həm göz öyrənişib, həm də vərdişdi. Yenə baxdı. “Cavandı daa! Gözəllik elə cavanlıqdı daa”.

Dərindən köks ötürdü… Güzgüdən ona çallaşmış bir kişi baxırdı.

Bu nədi? Qızı götürdüyü yerdə kimsə yıxılmışdı. Bir anda adamlar toplaşdılar. İstədi qıza desin ki, bax gör, o sənin oğlanın deyildi? Fikrindən daşındı. Kiminsə ağzını əyirmiş kimi, başladı ürəyində yamsılayıb özünə haqq qazandırmağa. “Əşi, nəyimə lazımdır. Mənimki “klient” daşımaqdır. Birdən həmin oğlan olar, qız da vay-şüvən salar, bayılar, bədbəxtçilik olar. Onda gərək düz bir il polisə gedəm. Başlayacaqlar ki, sən görəndə oğlanın vəziyyəti necəydi, hadisə baş verəndə gündüzdü, ya gecəydi? Qız oğlana nə dedi, oğlan qıza nə dedi? Eehh, at gedib, örkən aparacaq. Bas qaza ee!!”

Ağ “Mersedes” qara asfaltda qu quşu kimi süzdü.

Günün günorta çağıydı..

————————————–

Müəllif: Səyyad Aran