Əlimərdan bəy Topçubaşov Həsən bəy Zərdabinin qızı Pəri xanımın həyat yoldaşı idi. Onların toyu Tiflisdə oldu, amma Zərdabinin xanımı Hənifəxanım Aslanbəy qızı Abayevə bu izdivaca razı olmadı və toya da getmədi. Zərdabinin böyük oğlu Midhət bəy universiteti Fransada oxuyub bitirdi. Gəncə Kommunal Təsərrüfatı İdarəsində şöbə müdiri-mühəndis idi. Xanbulançay dəryaçasının layihəsini hazırlamışdı və öz vəsaiti ilə bu işə başlamışdı. 37-ci ildə əksinqilabçı adı ilə güllələndi. Midhət bəyin əmisi oğlu, Kazan universitetinin məzunu, uzun illər “Molla Nəsrəddin” jurnalı və b. nəşrlərlə əməkdaşlıq edən, o illərdə Azərbaycanın ən güclü teatr resenziyaçısı, V. İ. Lenin ad. APİ-də fizika kafedrasını yaratmaq üçün Rusiya universitetindən Bakıya çağırılan, Azərbaycanın fizika üzrə ilk professoru, Azərbaycan dilində termodinamikaya dair ilk dərsliyin müəllifi Rəhim bəy Məlikovu bolşeviklər 2 dəfə həbs etdilər, ondan əmisi oğlu Midhət bəyin və Midhət bəydən Rəhim bəyin əleyhinə izahat alınmasına dözmədi və 1935-də ürəyi partladı. Zərdabinin ikinci oğlu Səffət bəy əvvəl Türkiyədə, sonralar Almaniya və Fransada mühacir ömrü yaşadı, Türkiyədə memarı olaraq tikdiyi binalar bu gün də qalmaqdadır. II Dünya müharibəsində əsir düşən 2 zərdablı mənim özümə deyirdi ki, əsirlikdə bizi Səffət bəy alman komandanlığından izn alıb evinə aparır, Azərbaycan, burada qalan kiçik bacısı Qəribsoltan haqqında soruşurdu, biz danışdıqca, o ağlayırdı… Səffət bəy o insanlara deyirmiş ki, bir arzum var: kaş mən öləndə cəsədimi yandırıb, külümü Kür çayına səpəydilər…