“Zərdab mənim üçün vətən, aldığım nəfəs, uşaqlıq illərim, hər şey deməkdir” – Almaniyada yaşayan həmyerlimiz Əzimə Ağalarova

0
26092
ezime-agalarova

Tanınmış yazıçı, həmyerlimiz Əzimə Ağalarova Zerdab.com saytına müsahibə verib. Əzimə xanım bu müsahibədə Zərdabda keçən uşaqlığından, duyğulu xatirələrindən danışıb. Yəqin ki, yazıçı Əzimə Ağalarova bu günə qədər çox yerlərə müsahibə verib, ancaq düşünürük ki, bu müsahibə onun üçün, onu yaxından tanımaq istəyən həmyerlilərimiz üçün də fərqli, doğma bir müsahibə olacaq. Beləliklə…     

– Əzimə xanım, özünüz barədə oxucularımıza məlumat verərdiniz.

– Mən Əzimə Ağalarova 1959-cu ildə Zərdab rayonunda ziyalı bir ailədə doğulmuşam. Xarici Dillər İnstitutunun ingilis və fransız dilləri fakültəsindən məzunam. Əmək fəaliyyətinə 1984-cü ildə Daxili İşlər Nazirliyində başladım və 1993-cü ildən Almaniyanın Hamburq şəhərində yaşayıram. Yazarlığa 5 ildir başlamışam və bu 5 ildə cox böyük nailiyyətlər əldə etdiyimi düşünürəm. Belə ki, kitablarım Azərbaycan, Türkiyə, Avropada satılır və oxunur.

 – Uşaqlıq illəriniz yəqin ki, Zərdabda keçib. Həmin illəri necə xatırlayırsınız?

– Bəli, uşaqlıq illərim Zərdabda keçib. Mən 17 yaşımdan doğma yurdumdan ayrı düşmüşəm. Mən o illəri acı xatirələrə büküb qəlbimin döyüntüsündə saxlamışam…

– Uşaqlıqda başınıza gəlmiş, bu gün də unuda bilmədiyiniz bir hadisəni bizə danışardınız.

– Bəli, danışa bilərəm. Biz dörd rəfiqə idik. Hər kəs Zərdabda bunu bilirdi. Eyni sinifdə də oxuyurduq. Onu da deyim ki, indi də dostluğumuz davam edir, yəni bizim dostluğumuz əbədi dostluqlardandır. 10-cu sinifdə son imtahanların birinə gecikdik. Dəqiq xatırlamıram hansı fənn idi, amma yazılı imtahan idi. Direktorumuz Cəlal müəllim idi, “mənim sizdən çəkdiklərim nədir, sizi imtahana buraxmayacağam” deyərək bizi qorxutdu. Amma zəng vurmağımıza da icazə verdi. Nə isə, biz rəhmətlik zərgər Nadirin qızı Gülyanəni qabağa verdik ki, atasına zəng vursun, o da direktordan rica etsin ki, bizi imtahana buraxsın. Gülyanə telefonu götürdü və atasına zəng vurdu. Necə ağlayırdı… Atası deyir ki, niyə ağlayırsan, de görüm nə olub, o da cavab vermək əvəzinə ağlaya-ağlaya soruşur ki, dədəmsən?

Rəhmətlik Nadir dayı da deyir ki, hə, dədənəm, de görüm nə olub? O da bir də soruşur ki, dədəmsən? Axırda Cəlal müəllim telefonu əlindən alıb əhvalatı danışdı.

Dedi ki, bunlara bir bax, sanki çox qorxurlar kimi qısılıblar bir tərəfə. “Heç qorxan yazılı imtahana bu qədər gecikərmi” deyərək iradını bildirdi. Dördümüz də hörmətli insanların övladları idik, direktor keçə bilmədi və bizi imtahana buraxdı. Biz indi də hər dəfə bir yerə yığışanda “dədəmsən” deyərək gülürük.

Əzimə Ağalarova

 – Zərdab rayonu sizin üçün nə deməkdir? Sizi bu rayona bağlayan hansı səbəblər var?

– Zərdab mənim ücün vətən, doğulduğum torpaq, aldığım nəfəs, içdiyim su, valideynlərimin xatirəsi, uşaqlıq illərim, bir sözlə, hər şey deməkdir. Açığını deyim ki, məni rayonuma bağlayan sadəcə acı xatirələr var. Amma o xatirələr məni Zərdaba elə bir bağlayıb ki, bu bağlılıq son nəfəsimə qədər gedəcək deyə düşünürəm…

 – Rayonumuza gedirsinizmi?

– Mən 40 ildir ki, Zərdaba getmirəm. Bu nə deməkdir bir bilsəniz… Yəqin ki, indi məni qınayırsınız. Amma mənim yerimdə olsaydınız, inanın, siz də mənim kimi hərəkət edərsiniz…

 – Əslən Zərdab rayonundan olan şəxslərlə əlaqələriniz varmı?

– Bəli, var. Daha doğrusu, 4 rəfiqə hər zaman görüşürük. Sinif yoldaşlarımın çoxu ilə görüşürəm. Məni duyğulandıran nədir, nədir bilisinizmi? Qızlar məni körpə bir uşaq kimi əzizləyirlər, qayğımı çəkirlər. Mənə ehtiyacım varmış kimi qulluq edirlər. Bütün bunlar elə xoşuma gəlir ki, onlardan bunu görmək mənim yaralı qəlbimə, ruhuma sığal çəkir. Çox duyğulanıram, həm də çox. Bəzən dayana bilmirəm, ağlayıram və onları da ağladıram. Mənim heç bir şeyə ehtiyacım yoxdur, Rəbbim mənə lazım olan hər şey verib. Sadəcə doğmalarımdan bu qayğını görmək məni inanılmaz xoşbəxt edir.

– Rayonumuza nə vaxt getməyi düşünürsünüz?

– Söylədiyim kimi, 40 ildir getmirəm. Amma artıq yetər deyirəm. Azərbaycana son gəlişimdə gedəcəkdim, hər kəs də məni gözləyirdi. Təəssüf ki, elə bir xəstələndim ki, cəmisi bir həftə Bakıda qaldım və geri döndüm. Qismət olmadı. İndi Rəbbimə dua edirəm ki, bunu mənə cox görməsin. Artıq yaşlandım, həm elimi, obamı ziyarət etmək, həm də valideynlərimin məzarını ziyarət etməyi çox istəyirəm.

 – Böyüyüb boya-başa çatdığınız Zərdab rayonunda Sizi tanıyırlarmı?

– Bəli, yetərincə tanıdıqlarını düşünürəm.

 – Qəfil rayonumuz üçün darıxanda nə edirsiniz? Hansı hallarda darıxırsınız rayon üçün.

-Bəzən çox sıxılıram, o zaman uşaqlıq illərimi xatırlamağa çalışıram. Evimizi, valideynlərimi, məktəb illərini və sairə. Mənə inanılmaz güc verir.

 – Sizdən “Zərdab rayonu necə bir yerdir”, “insanları necədir” soruşan olanda nə cavab verirsiniz?

– Sizcə, cavabım necə olar? Mənim ücün Zərdab dünyanın ən gözəl bir guşəsi, acılı, şirinli xatirələrimin məskəni. O xatirələr ki, hər zaman qəlbimin döyüntüsündə gizli qalıb. Zərdablılar isə doğmalarım, əzizlərim, bacılarım, qardaşlarımdır. Mən Zərdabımla və zərdablılarımla fəxr edirəm.

– Rayonumuzu necə görmək istəyərdiniz? Arzularınızı bilmək maraqlı olardı.

– Mən uzun illərdir rayonumuzu görmədiyim ücün bir şey söyləyə bilmirəm. Amma inanıram ki, çox gözəlləşib, abadlaşıb. Bir insanların rifahı da düzəlsə, hər kəs iş sahibi ola bilsə, hər bir valideyn evinə, uşaqlarına çörək apara bilsə, çox sevinərəm.

– Rayonumuzda oxumaq, ali təhsil almaq arzusunda olan kifayət qədər gənc var. Bir ziyalı kimi onlara sözünüz?

– Mənə elə gəlir ki təhsildə Zərdab rayonu çox yüksəkdədir. Mən hər zaman “facebook”da  təqib edirəm. Gənclərimiz möhtəşəmdir. Çox savadlı gənclərimiz var. Mən onlarla fəxr edirəm. İnanıram ki, bu hər zaman da belə olacaq. Axı biz Həsən bəy Zərdabinin yetirmələriyik.

– Zerdab.com saytı ilə bağlı fikirlərinizi bilmək istərdik…

Bəli, Zərdab.com saytı mənim ücün cox şey ifadə edir. Bu sayt məni mənimlə eyni yaşıd insanlara xatırlatdı. Bu sayt məni gənclərə tanıtdı, bu sayt uzun illər ayrı düşmüş, heç bir xəbər ala bilmədiyim yaxınlarımla əlaqələrimin yaranmasında vasitə oldu. Bir sözlə, bu sayt məni mənə qaytardı…

Nicat