Zərdab ərazisində insanlar tunc dövründən yaşayıblar

0
107
zerdab-rayon-tarix-diyarsunasliq-muzeyi

İbtidai icma quruluşunun Tunc dövrü mərhələsində insanların daha geniş ərazilərə yayılması, yaşayış yerlərinin çox zaman çay kənarlarında salınması bunu deməyə əsas verir ki, Zərdab ərazisində insanlar tunc dövründən başlayaraq yaşayıblar.

Məlumat üçün bildirək ki, Erkən Tunc dövrü (e.ə.IV minilliyin ikinci yarısından başlayaraq -e.ə. III minilliyin sonuna qədər davam edib) Azərbaycanda Kür-Araz mədəniyyəti adlanır. Araşdırmalar göstərir ki, Erkən Tunc dövrünə aid arxeoloji nümunələr daha çox məhz bu ərazilərdə aşkar edilib. Belə arxeoloji nümunələrdən biri də bu mərhələnin öyrənilməsində mühüm əhəmiyyət daşıyan Zərdab rayonunun Dəli Quşçu kəndi ərazisində aşkarlanmış kütləvi qəbristanlıqlardır. Bu qəbristanlıqlar Ağtəpə adlanan kurqan adlı ilə tanınır və bu gün də mövcuddur.

Kür-Araz mədəniyyəti yayılan ərazilərdə müxtəlif etnik birləşmələr yaşayırdı. Eyni zamanda Kür-Araz mədəniyyəti ərazisində ən qədim türk dillərində danışan etnik birləşmələrin da yaşaması ehtimalı irəli sürülüb.

Zərdab rayonunun ərazisinin tarixiliyini sübut edən önəmli sənədlərdən biri də 36 il öncə hazırlanmış “Zərdab şəhərinin baş planı”dır. Azərbaycan SSR Dövlət Tikinti Komitəsinin 1977-ci ildə təsdiq edilmiş “Zərdab şəhərinin baş planı”nda yazılanları www.zerdab.com saytının oxucularına təqdim edirik: “Zərdab rayonu ölkənin ən qədim rayonlarından biridir. Bizim eradan əvvəl birinci minillikdə əkinçilik burada yaşayan sakinlərin sosial-iqtisadi həyatında mühüm rol oynayıb. Arxeoloji qazıntılar və tarixi sənədlər təsdiq edir ki, burada mürəkkəb mühəndis qurğularından ibarət irriqasiya sistemi olub. Əhali burada əkinçiliklə, heyvandarlıqla məşğul olub”.

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli (N-132) qərarı ilə Xanməmmədli kəndində aşkar edilmiş küp qəbirləri nekropolu I əsrə aid edilərək ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. “Nekropol” yunan sözü olub “ölü şəhər” və ya “şəhər-qəbristanlıq” mənasını verir.