Həsən bəy Zərdabinin həyat və yaradıcılığı ilə bağlı maraqlı faktlar – Araşdırma

0
12097

Hər zaman anılan Həsən bəy Zərdabinin anım günüdür

eldeniz-hesenov-zerdabisunas

Aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” və Ali Media Mükafatı laureatı.

Xalqının, elinin-obasının zülmət içərisində boğulduğu bir vaxtda ona əl uzadan, yol göstərən, əsl inkişafın nədə və necə oldğunu öyrədən millət fədaisi, müsəlman şərqində ilk müsəlman xeyriyyəçilik hərəkatının yaradıcısı, dövrünün və bu günümüzün dahi şəxsiyyəti, ensiklopedik bilik sahibi, Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabi keçmiş Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhəri) 1842-ci il  12 noyabr tarixində dünyaya göz açmışdır.

Həsən bəyin, eyni zamanda ailə üzüvlərinin keçdiyi keşməkeşli həyat yolu haqqında oxucularımıza bir qədər məlumat vermək istərdim.

Azyaşlı Həsənin təhsili ilə əvvəlcə atasıSəlim bəy məşğul olur, onda elmə, təhsilə, vətənə, xalqa məhəbbət hissi aşılayır. Faydalı öyüd-nəsihətlərindən, verdiyi ilk təhsildən bəhrələnən balaca Həsəni atası sonra Zərdab kəndində fəaliyyət göstərən mədrəsəyə qoyur və o burada ibtidai təhsilini alır.

Atası Səlim bəy artıq yetkin bir gənc olan Zərdabini 1852-ci ildə Şamaxıda yenicə açılmış müasir üsulda rus dilində təhsil verən məktəbə gətirir. O bu məktəbdə rus dilini dərindən öyrənir, elmi biliklərə yiyələnir və 1858-ci ildə həmin məktəbi böyük müvəffəqiyyətlə bitirir. Həsən bəyin dövlət hesabına 1-ci Tiflis gimnaziyasına göndərilməsi məsləhət görülür. Həmin ili, yəni 1858-ci ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verib gimnaziyanın V sinfinə daxil olan Həsən bəy bu təhsil ocağını 1861-ci ildə gümüş medalla bitirir. Bu müvəffəqiyyətinə görə, 1861-ci ilin avqust ayında imtahansız, dövlət hesabına Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə daxil olur.     

Bu böyük təhsil ocağı Həsən bəy Zərdabinin dünya görüşünün formalaşmasında və gələcək işlərinin elmi, siyasi, iqtisadi, hüquqi cəhətdən həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. 1865-ci ildə universitet təhsilini başa vurur. Bu təhsil ocağını əla qiymətlərlə bitirdiyinə və nümunəvi əxlaqına görə 1865-ci il iyun ayının 10-da universitetin Elmi Şurası ona təbiət elmləri namizədi alimlik dərəcəsi adını verir.

Universiteti bitirərkən onun bu təhsil ocağında qalıb işləməsi təklif olunsa da, Həsən bəy bununla razılaşmır. Böyük ideya və amallar sahibi olan Zərdabi “Vətənim Azərbaycandan kənarda qalmağı özüm üçün ölüm hesab edirəm” deyir. O, sözsüz ki, xalqını zülmətdən, gerilikdən xilas etmək üçün Azərbaycana qayıtmaq qərarına gəlir. Həsən bəy bununla əlaqədar yazırdı:

“Mənim xalqım bu saat şirin yuxudadır, cəhalət girdabında boğulur, mənim kimi adam bunu görüb onlardan kənarda qala bilməz”, “elmsiz bu zəmanədə dolaşmaq mümkün deyil”. Bəli, Həsən bəy bu fikirlərlə yaşayır, yaradır və öz xalqının xeyrinə iş görmək istəyirdi.

Həsən bəy Zərdabi Moskva Universitetini bitirdikdən sonra ölkəyə dönərkən Tiflisdə “Mejevaya palata” (Torpaq sərhəd hüdudlarını müəyyən edən, torpaq bölgüsü işi ilə məşğul olan, yerquruluşu tədbirləri sistemini həyata keçirən idarə) adlı idarədə işləməklə yanaşı, eyni zamanda, burada “8- ci mejevaya” (mərzçəkmə) komissiyasında məhkəmə üzvü kimi fəaliyyət göstərir. O, yoxsul və kimsəsizləri müdafiə etdiyinə görə idarə rəhbərliyi və bu idarənin müdafiə etdiyi çar məmurları onun burada işləməyinə imkan vermirlər. Həsən bəyə Tiflisdə sui-qəsd hazırlanır, onu öldürmək istəyirlər. Xalqımızın böyük oğlu M.F.Axundovun müdaxiləsi nəticəsində bu sui-qəsd baş tutmur. O, birtəhər canını qurtarıb Bakıya gəlir.

1866-cı il 28 dekabrında Bakı Qəza İdarəsində işə düzələn Zərdabi bir müddət pasport-masa rəisi və kargüzar vəzifələrində çalışır. Lakin Həsən bəy Zərdabinin burada da işləməsi qeyri-məqbul sayılır.  

Odur ki, Qubaya gedir və 1868-ci ilin 28 fevralında barışıq məhkəməsinin katibi vəzifəsinə təyin olunur. Burada da analoji haqsızlıqları görüb, onlara qarşı mübarizə aparır. Nəticədə yerli bəylər Zərdabini öldürmək qərarına gəlirlər. Lampa işığında, iş otağında işlə məşğul olan zaman atılan güllə pəncərənin şüşəsinə dəyib ondan yan keçir. Zərdabi Qubada da uzun müddət işləyə bilmir. 1868-ci ilin 4 oktyabr tarixində məhkəmənin katibi vəzifəsindən kənarlaşdırılır.

1869-cu ilin 18 noyabrınadək işsiz qalan Həsən bəy Şamaxıda şəxsi vəkilliklə məşğul olur. Nəhayət, 18 noyabr 1869-cu il tarixdən etibarən Bakı Real Gimnaziyasında yeganə azərbaycanlı olaraq təbiət tarixi fənnindən tədrisə başlayır.

Zərdabi məktəbdə təhsil alan kasıb tələbələrə yardım etmək, yetim, kimsəsiz uşaqların təhsilə cəlb olunması məqsədilə “xeyriyyə cəmiyyəti” yaratmaq ideyasını irəli sürür, cəmiyyətin nizamnaməsinin təsdiqinə nail olur. 1872-ci ildə Cəmiyyəti-Xeyriyyənin əsasını qoyur.

Oxumağa göndərilən uşaqların qayğısını çəkmək, rus dilini bilməyən şagirdlərə həm rus dilində, həm də ana dilində tədris üçün tərbiyəçi qadın haqqında fikirləşir.

Xoşbəxt bir təsadüf Həsən bəyə yardımçı olur. Tiflisdə nəşr olunan “Kafkaz” qəzetində, Tiflisdə “Müqəddəs Nina” qız məktəbini bitirən məzunların siyahısı ilə tanış olur. Siyahını nəzərdən keçirdikdə qeyri millətərin arasında Hənifə adlı müsəlman qızının adına rast gəlməsi onun böyük sevincinə səbəb olur.

Həsən bəy Zərdabi Hənifə xanımda “var-dövlət, zahiri gözəllik olmasın, təki onda el üçün döyünən sadə, insanpərvər qəlb olsun” fikri, xəyalı ilə Tiflisə yola düşür. Fikirləşir ki, belə olan halda onunla ailə həyatı qura bilər, həyat yoldaşı ilə çiyin-çiyinə xalqın uşaqlarını öz ətrafına toplayar, yeni-yeni məktəblər açar, arzu və istəklərinə nail olar.

Kübar qızlar məktəbinin direktoru Həsən bəy Zərdabinin nə məqsədlə gəldiyini bildikdə sevincək ona Hənifə xanımın qısa tərcümeyi-halını danışır. Məktəbin direktoru Həsən bəyi buraxılış münasibətilə keçiriləcək gecəyə dəvət edir.

Həsən bəy Zərdabinin bu tədbirdə möhtəşəm musiqi sədaları altında Hənifə xanımla tanışlığı, onların rus dilində söhbətləri baş tutur.

       Həyat yolları, fikirləri, amalları üst-üstə düşən ideya, məslək yoldaşı kimi Bakıya gəlirlər. Hənifə xanım Bakıya gəldiyi ilk gündən gərgin fəaliyyətə başlayır.

Həsən bəyin oxutduğu yoxsul şagirdlər onun simasında öz doğma analarını tapmış olurlar. Lakin imkansızlıq, maddi vəziyyətin ağır olması, cəmiyyətə yardım göstərilməməsi Həsən bəyin fəaliyyətini məhdud dərəcədə ağır vəziyyətə salır, müsəlman cəmiyyəti-xeyriyyəsi bağlanır.

Həsən bəy Zərdabi Hənifə xanım Abayeva (Məlikova) ilə 1872-ci ildə ailə həyatı qurur.

Bir il sonra 1873-cü ildə onların Bakı şəhərində Pəri adlı ilk övladları dünyaya gəlir.

Bəs Həsən bəyin ailə həyatı qurduğu Hənifə xanım kim idi?

       Milliyyətcə türk olan Hənifə xanım Abayeva (Məlikova) 05 may 1856-cı ildə Şimali Qafqazın Nalçik şəhərində anadan olmuş, Tiflisdə “Müqəddəs Nina” qız məktəbində təhsil almışdır.

Hənifə xanım həyat yoldaşı Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin nəşrində fəal iştirak etmiş, çox böyük dünyagörüşünə malik Azərbaycanın ilk maarifçi qadınlarından olan tarixi şəxsiyyətdir.Hənifə xanım Məlikova 1880-ci ildə öz mənzilində məktəb açaraq kasıbların, kimsəsizlərin təhsili ilə məşğul olmuşdur.

Həsən bəyin kiçik qızı Qərib Soltan xanım Məlikova xatirələrində yazırdı: “Evimizdə 10 uşaq qalırdı. Anam onları məktəbə hazırlayırdı. Bu uşaqların biri Qubadan gəlmişdi. O, oxumaq istəyini qətiyyətlə atama bildirmişdi. Atam onu zarafatla Azərbaycanın Lomonosovu adlandırırdı. Seyidov familiyalı bu uşaq sonra ali hüquqşünas təhsili aldı. Atam bu uşaqlara çox qayğı və diqqət göstərirdi. Uşaqlar onun ümid və iftixarı idi…”

Qərib Soltan xanımın anası Hənifə xanım özünün tərcümeyi-halının “Məşğuliyyət növü” bölməsində yazırdı: “…1-ci türk cəmiyyətinin pansionunda türk şagirdlərinə pulsuz dərs vermişəm, 1877-ci ildə hökumət pansionu bağladı… uşaqları gizli oxutmağa davam etdim”. Məlumdur ki, çar hökuməti tərəfindən pansionun bağlanmasının və Hənifə xanımın şagirdlərə gizlin olaraq dərs deməsinin başlıca səbəbi ondan ibarət idi ki, o zaman gənc azərbaycanlı ziyalıların yetişməsindən imperiya hakimiyyəti, çar rejimi çox narahat idi.

Hənifə xanım əri Həsən bəylə Zərdab kəndində polis nəzarəti altında yaşamağa məcbur olanda da o, qadınlar arasında maarifçilik işi ilə məşğul olur, Həsən bəyin açmış olduğu məktəbdə dərs deyir. Məlikovlar ailəsi Bakıya köçdükdən sonra, Hənifə xanım 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin direktoru olmuş, eyni zamanda, 1904-1908-ci illər ərzində yaşlılara dərs demiş, Bakıdakı “Nicat” cəmiyyətinin qadın bölməsinin yaradıcılarından olmuşdur. 1909-1919-cu illərdə şəhər dövlət birinci rus-tatar (rus-Azərbaycan) qız məktəbinin müdiri işləmişdir. Azərbaycanda sovet hökuməti qurulduqdan sonra, Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifələrdə çalışmışdır. Qafqazın bütün müsəlman qadınlarının mənəvi anası hesab olunan Hənifə xanım “Azərbaycanın əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.

Yaşlı nəslin nümayəndələri olan, müəyyən ziyalılarımızın söylədiklərinə, onların yazılarına diqqət yetirdikdə belə məlum olur ki, bütün həyatı boyu müəllimlik etmiş, pedaqoji fəaliyyət göstərmiş, Azərbaycan maarifinin təşəkkülü ilə bağlı olan, 1929-cu ildə dünyasını dəyişən Hənifə xanım Məlikova şəhər qəbiristanlığında dəfn olunmuş, sonradan onun məzarının yeri dəyişdirilmiş və Fəxri Xiyabanda əri Həsən bəyin yanında dəfn olunmuşdur.

Lakin deməliyik ki, belə bir tarixi şəxsiyyətin məzarının faktiki olaraq harada olmasından bir xəbər, qəbirüstü abidəsindən bu gün bir nişanə belə, yoxdur. Əgər Həsən bəyin ömür-gün, ideya, məslək yoldaşı olmuş Hənifə xanım onun yanında dəfn olunubsa, bu tarixi şəxsiyyətin məzarının yeri niyə bəlli deyil, qəbirüstü abidəsi niyə yoxdur?

O zaman Həsən bəy Bakı real gimnaziyasının müəllimi idi. Onun təşəbbüsü və rəhbərliyi altında 23 mart 1873-cü ildə Nəcəf bəy Vəzirovun fəaliyyəti ilə Bakı real gimnaziyasının binasında M.F.Axundovun “Sərgüzəşti vəziri-xani Lənkəran” komediyasının tamaşası göstərilir və həmin tarixdən etibarən Həsən bəy Zərdabi tərəfindən Azərbaycanda milli teatrın əsası qoyulur.

“Hər vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun”, “Qəzet camaat üçündür, camaat qəzet üçün deyildir” deyən Həsən bəy ana dilində, “Əkinçi” başlığı altında qəzetin nəşr olunmasına razılıq əldə etməsi məqsədilə Qafqaz Senzura Komitəsinə, Bakı qubernatoruna olan müraciətlərindən, uzun yazışmalardan, 7 illik gərgin əməkdən sonra qəzetin nəşrinə hökumətdən icazə alır. Nəhayət, Həsən bəy 1875-ci il 22 iyulda “Əkinçi” adlı qəzetin Azərbaycan dilində nəşrinə başlayır. Bununla da, Həsən bəy Zərdabi tərəfindən Azərbaycan milli mətbuatının əsası qoyulur.

Həsən bəy “Əkinçi”nin əsas yazarı olmaqla yanaşı, həmin qəzetin naşiri, redaktoru, baş məqalələrin müəllifi, texniki bir işçisi və həm də korrektoru kimi fəaliyyət göstərir. “Əkinçi” nəşr olunduğu gündən bağlananadək çarizmə, köləliyə qarşı barışmaz mübarizə aparır və rejimin hər hansı bir sahədə yeritdiyi haqsızlıqlara, kortəbii hərəkətlərə öz mənfi münasibətini bildirir.

Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu mütəmadi izləyərək “siyasi cəhətdən təhlükəli və etibarsız” hesab edir və nəticədə, 1877-ci ilin sentyabr ayında “Əkinçi” qəzeti çar hökuməti tərəfindən bağlanır, 1878-ci ildə isə o, gimnaziyada müəllimlikdən azad edilir.Çar hökuməti üçün “təhlükəli” hesab edilən Həsən bəyin Bakıda qalması lazım bilinmir. Yekaterinodar (Krasnodar) şəhər gimnaziyasına müəllim göndərilmək adı ilə Bakı gimnaziyasından uzaqlaşdırılır.

Həsən bəy hara gedirdisə, kimə müraciət edirdisə, ona iş verən yox idi. Bu zaman onun həyatında faciə baş verir. Üç yaşlı qızı Fatma vəfat edir və bunun ardınca bir yaşına çatmamış üçüncü qızı da dünyasını dəyişir.

Bir müddət işsiz qalan, Hənifə xanımın təklifi ilə razılaşan Həsən bəy 1880-ci ildə ailəsi ilə doğma kəndi Zərdaba köçdüyü vaxtda Pəri artıq 7 yaşının içində idi.

Həsən bəy bu zaman Azərbaycanda qız məktəbinin açılmasına nail olmadığından Pəri xanımı Tiflisə aparır və onu anası Hənifə xanımın vaxtilə təhsil aldığı rus qız gimnaziyasına qoyur. Pəri xanım burada anasının sabiq müəllimələrinin yanında yaşayır və təhsil alır.

Onu da qeyd edək ki, Tiflisdə rus qız gimnaziyasında təhsil alan ilk azərbaycanlı qadın Həsən bəy Zərdabinin böyük qızı, Azərbaycanın ilk Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı Pəri xanım Məlikova (Topçubaşova) olmuşdur.

Burada Həsən bəyin böyük qızı Pəri xanım Məlikova (Topçubaşova) haqqında bir qədər ətraflı məlumat vermək yerinə düşərdi. 1873-cü ildə Bakı şəhərində dünyaya gələn, Həsən bəy Zərdabi ocağından çıxan Azərbaycan ziyalısı Pəri xanım Topçubaşova kim olmuşdur?

Əlimərdan bəy Topçubaşov kimi dahi bir şəxsiyyət, ictimai-siyasi xadimin ömür-gün yoldaşı olmaqla onunla həyatı boyu birlikdə Azərbaycanın müstəqilliyi, xoşbəxt gələcəyi yolunda əzablı yollar keçən Pəri xanımın kim olması bizə çox şeylərdən xəbər verir. O, Azərbaycanın görkəmli şəxsiyyəti, 1897-1917-ci illərdə “Kaspi” qəzetinin redaktoru, Birinci Dövlət Dumasının deputatı və orada “Müsəlman qrupu”nun başçısı, Rusiya müsalmanlarının IV qurultayının nümayəndəsi, “İttifaqi müslimin” (1905-ci il inqilabı hərəkatının vüsət aldığı dövrdə “İttifaqi-müslimin” adlandırılan Ümumrusiya Müsəlman İttifaqı siyasi təşkilatı yaranmışdı – E.H.) partiyasının yaradıcılarından və MK-nın daimi bürosunun üzvü, 1917-1920-ci il lərdə Bakı Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin sədri, Azər baycanın ilk Parlamentinin sədri olmuş, Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinə başçılıq etmiş Əlimərdan bəy Topçubaşovun (1862-1934) həyat yoldaşı olmuşdur. Pəri xanım müəllimə idi. O, 1893-cü il 31 dekabrda Əlimərdan bəy Topçubaşovla ailə həyatı qurmuşdur. Kiçik yaşlarında valideynlərinin hər ikisini itirən, nənəsinin himayəsində böyüyən Ə. Topçubaşov Həsən bəyin simasında özünə ikinci ata, Hənifə xanımın simasında ikinci ana tapmışdır.

Pəri xanımın və Əlimərdan bəyin Tiflis həyatı, oradan Hənifə xanıma yazdıqları məktublar maraqlı bir dövrə təsadüf edir.14 ildən artıq bir müddət idi ki, Həsən bəy Zərdabi vəfalı həyat yoldaşı Hənifə xanımla birlikdə doğma kəndi Zərdabda yaşayırdı.

Azərbaycan Respublikası Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Həsən bəy Zərdabi irsi ilə bağlı araşdırmalar apararkən, bu dahi şəxsiyyətin böyük qızı Pəri xanım Topçubaşovanın anası Hənifə xanım Abayevaya və eyni zamanda, Əlimərdan bəy Topçubaşovun Hənifə xanıma yazdıqları məktubların əlyazması diqqətimi cəlb etdi (F. № 633, s. 1, iş 38).

Rus dilində yazılan həmin məktubların Azərbaycan dilinə tərcümə etdiyim mətni ilə oxucularımızı tanış etməklə, Həsən bəy Zərdabi ailəsində təlim-tərbiyə, təhsil, ataya-anaya dərin hörmət, sevgi, ülvi məhəbbət hissləri ilə bağlı faktları bir nümunə olaraq oxucuların, gənclərimizin diqqətinə çatdırmaq istərdim.

Atası Həsən bəyin, anası Hənifə xanımın himayəsindən, nəvazişindən kənarda, qürbətdə yaşayan, hər vaxt onların isti nəfəsini, maddi və mənəvi ehtiyacını hiss edən Pəri xanımın anasına ünvanladığı məktubla tanış olduqda, çətin keşməkeşli şəraitdən asılı olmayaraq, Tiflis rus qız gimnaziyasının son kursunda təhsilini davam etdirən Azərbaycan ziyalısının xoşbəxt həyat, azadlıq, məhəbbət uğrunda, sevgi yolunda mübarizəsində Koroğlunun Nigarını, Nəbinin Həcərini, Məcnunun Leylisini gördüyümüz kimi, gözümüz önündə Əlimərdan bəyin Pərisinin obrazı canlanır.

Pəri xanımın anası Hənifə xanıma məktubu:

“Mənim ünvanım: Köhnə Tamojnaya küçəsi, Vlasovun evi, Pəri xanım Topçubaşova.

Əziz ərimi Sizə müvəqqəti olaraq qonaq göndərirəm. Baxarsan ki, o, Sizdə hansı təəssüratlar yaradacaq. Bil ki, onun nə atası, nə də anası vardır və ümid edir ki, Siz onları əvəz edərsiniz.

Əziz sevimli ana!

Mən sənin qarşında çox günahkar olduğum üçün indiyə qədər sənə məktub yazmamışam.

Öz günahımı bütünlüklə dərk edirəm və sənin mühakimənə buraxıram. Dünən 31 dekabrda kəbin aktı bağlandı və axşam mən Mərdan bəygilə köçdüm. Hər şey yaxşı və şən oldu, yalnız sən çatışmırdın. Mən yəqin bilirəm, əziz ana, əgər sən burada olsaydın, hamı ilə birlikdə şənlənərdin və mənə görə xoşbəxt olardın. Hə, həqiqətən demək olar ki, burada tale böyük rol oynadı. Onda fikirləşirdim ki, tezliklə kursu bitirdikdən sonra bir yaxşı adam tapılacaq, həm məni sevsin, həm də mən özüm sevim. Belə ki, onun məni dəlicəsinə sevdiyinə şübhə yoxdur və bunu onu şəxsən görən xalam təsdiq edə bilər.

Kəbin aktının bağlanmasına qədər xırda bir anlaşılmazlıq oldu, mən axırıncı günə qədər yemək yemədim. Atam isə, məlum oldu ki, 10 min pul tələb edib, Mərdan isə bu pulu nağd verə bilməyib. Belə böyük məbləği mən hər dəqiqə tələb edə bilərdim, onda isə bu pul olmazdı. Mənə isə kəbin üçün hansı məbləğin ödənilməsinin qətiyyən fərqi yox idi. Mən ona dedim ki, nə qədər bacarır ödəsin. Ata özü də mənimlə razılaşdı ki, belə şeydən ötrü biz toyu poza bilmərik.

Mənim əzizim, mənə çox kədərli və ağır gəlir ki, sən yox idin, amma ola bilərdin, biz ona görə tələsdik ki, kəbin bağlandıqdan sonra ayrı-ayrı yaşamaq ağılsızlıq olardı, sən isə belə tez gələ bilməzdin. Amma, inanıram ki, əzizim, sən imkan düşən kimi yığışıb gələcəksən, ona görə ki, Mərdanın yerquruluşu (yerölçmə) məktəbində dərsləri var və məzuniyyət götürmək asan deyil. Belə ki, biz özümüz bayrama (maslennitsa) qədər ancaq gələ bilərik. Hə, əzizim, gözləmirdim ki, səndən belə tez ayrılmağa məcbur qalacağam, razılaş ki, görünür tale belə imiş. Fərqi yoxdur, tez ya gec mən ərə gedəcəkdim, mənə sevdiyim adama ərə getmək başqasına ərə getməkdən daha yaxşıdır. Mərdan xahiş edir ki, səni möhkəm öpüm və deyim ki, sənin arzun yerinə yetdi və o, sənin sevimli qızın üçün yaxşı ər olacaq. Burada mənə onun (Mərdan bəyin) tanışlarının tənəsindən qurtaran mələk kimi baxırlar. Belə ki, onların maddi vəziyyətləri sizə məlumdur və məlumdur ki, o, 10 min ödəmək iqtidarında deyil, mən isə nə qədər pul ödəyəcəyini onun öz ixtiyarına buraxdım. Xahiş edirəm, əzizim, cecim və xalçalarımı göndərəndə mənim albom, portfelimi, şəkil qrupumu və öz şəxsi evim olacağı zaman mənə bağışlayacağına söz verdiyin mürəkkəbqabını da göndər.

Bağışla, əzizim, biz hər şeyi sənsiz həll etdik, amma mən yəqin bilirdim ki, sən bizə qarşı olmazsan. İndi isə xahiş edirəm ki, sakit ol və öz qızının xoşbəxtliyinə sevin. Bil ki, mən nə qədər xoşbəxt olsam da, səni heç vaxt unutmaram və öz əziz və yaxşı anamı həmişə sevəcəyəm. Ümidvaram ki, sən Mərdanı da belə sevəcəksən, ona görə ki, o buna layiqdir.

Bərk-bərk öpürəm səni, Qərişi və Səfişi. Baş əyirəm, yaz. Səni daima sevən qızın”.

Əlimərdan bəy Topçubaşovun Hənifə xanıma məktubu:

“Çox hörmətli və əziz ana!

“Ana” kəlməsi mənim üçün o qədər əziz səslənir və həyatımda ilk dəfə elə böyük zövqlə çox dərin mənası olan və bu günə qədər mənim üçün izahedilməz qalan bu sözlə Sizə müraciət edirəm!

İndi ilk dəfə mən bu sözü şüurlu surətdə və böyük ümidlə ifadə edirəm ki, mən Sizin ana ürəyinizdə hüznlü bir səda tapacağam, hansı ki, bu gündən etibarən (özümə inam tapmaq ümidi ilə) mənim çox sevimli Pərim ilə birlikdə Sizin övladlarınız arasında mənə də lazımi yer ayrıla bilər. Mən belə cəsarət və qətiyyətlə danışıram, halbuki, Sizdə olan nəvazişi hələ görməmişəm, Sizi görüb, Sizi öpməmişəm, amma bilirəm Sizin münasibətinizi qazanacaq və ya Sizin əsas şərt və tələblərinizi qane edəcəyəm, dediyiniz kimi, kim Sizin kürəkəniniz olmaq xoşbəxtliyini qazanmaq istəyirsə, ilk növbədə Sizin qızınızı sevməlidir.

Bəli, əziz ana, mən Sizin tələblərinizə cavab verirəm, başqa sözlə, mən mənim əvəzsiz Pərimi sevirəm, onu şərəfli və nəcabətli bir məhəbbətlə sevirəm, həyat yoldaşım kimi, özümə bərabər bir yoldaş kimi sevirəm.

Hansı ki, bundan sonra mənim sevincimi və kədərimi bölmək taleyi düşür, belə ki, mənim üçün huri-mələk rolu oynayır ki, bu gündən o, mənim ideyalarımın qayəsini, zəhmət və məqsədini təşkil edərək mənim həyatımı bəzəyəcək, bizim müqəddəs amallarımızın birgə həlli yolunda ona daha çox enerji və güc verəcək, həm də cəhalət qaranlığında çapalayan bədbəxt müsəlmanlarımızın maarifləndirilməsi kimi şərəfli bir işin həyata keçirilməsi üçün xeyir verəcək.

Bir sözlə, mən Sizin qızınızı sevirəm, bir həyat yoldaşı kimi isə şərəflə, həqiqətən hərarətlə inanıram ki, mənim ona olan münasibətimi bu gündən heç nə dəyişə bilməz, əksinə, ailə həyatımızın hər günü mənim əziz Pərimə qarşı olan məhəbbətimi artırır. Belə ki, mənim böyük xoşbəxtliyim naminə o da mənə eyni qaydada mərhəmət göstərir.

Buna görə də, əgər mənim Pəriyə qarşı məhəbbətimin müqəddəsliyinə və səmimiliyinə dair sözlərim Sizin üçün qənaətbəxş deyilsə, onda bundan sonra mənə gözləmək qalır, o vaxta kimi ki, Pərim öz dəlil və sübutları ilə Sizi şəxsən inandırsın, hansı ki, Sizdən heç nə gizlədə bilməz və şəhadətnamə Sizin üçün mənim sözlərimin həqiqiliyinə inanana qədər təsəlli olar ki, bu haqda mən Sizə yazıram.

Pərini mən o qədər sevirəm ki, əlbəttə, ona yaxın olan şəxsləri o qədər sevməyə bilmərəm, hansı ki, bu gündən mənim ürəyimə yaxın olurlar. Düzdür, hələlik mən yalnız çox hörmətli atanı və sevimli Midhəd qardaşı görmüşəm, lakin mən təkcə onları sevmədim, qiyabi surətdə də olsa, mənim əziz anamı və balaca bacı və qardaşımı sevdim və ümidvaram ki, öz keyfiyyətlərimlə onlarda özümə qarşı hörmət hissi qazana bilməsəm də, yenə də Pəriyə olan məhəbbətimlə onların hörmətini qazanacağam.

Yalnız mənim üçün yeganə “son ümid” yeri olmasına əsaslanaraq və bütünlüklə bəraət qazanaraq, ümidvar olduğumu bildirirəm ki, Siz məni bağışlayacaqsınız, mən bu dəfə bircə ona görə susuram ki, nə üçün mən indiyə qədər Sizə yazmamışam, ikincisi ona görə ki, nə üçün bizim toyumuz başqa cür yox, məhz belə quruldu: bu izahata və suallara cavabları Sizinlə şəxsən görüşənə qədər saxlamağı lazım bildim, hansı ki, Pəri ilə mən birlikdə həsrətlə və səbirsizliklə başqa daha münasib vaxtda qohum kimi ürəkdən danışa bilərik. Hələlik isə, Sizə Pərinin və Midhədin sağlığını xəbər verirəm, Sizin qarşınızda baş əyirəm, Sizi və uşaqları qiyabi öpürəm, Sizə ürəkdən hörmət edən və sevən Sizin kürəkəniniz Əlimərdan Topçubaşov, 29 yanvar 1894-cü il, Tiflis ş.”.

Həsən bəyin həyatında baş verən acınacaqlı, keşməkeşli hallara baxmayaraq, o, millətinin bir çox nümayəndələrinin, övladlarının əsl Azərbaycan ziyalısı, təhsilli, təlim-tərbiyəli, xeyirxah bir şəxsiyyət kimi yetişməsinə, xoşbəxt ailə həyatı qurmalarına nail olmuşdur.

Pəri xanımın anasına yazdığı bu məktubdan aydın olur ki, 1893-cü ilin 31 dekabrında toy mərasimi keçirilir, həmin günü kəbin aktı bağlanır və o, axşam gəlin köçür. Pəri xanım məktubunda belə bir maraqlı faktı qeyd edir ki, xırda anlaşılmazlıq ucbatından axırıncı günə kimi yemək yemədim. Səbəb isə bu olmuşdur ki, adətə görə onun atası tərəfindən Əlimərdan bəydən 10 min kəbin haqqı başlıq tələb olunub. Əlimərdan bəy isə bu pulu nağd vermək imkanında olmamışdır. Pəri xanım Əlimərdan bəyin nə qədər kəbin haqqı verməyə imkanı varsa, o qədər ödəməyini lazım bilir. Həsən bəy də qızının təklifi ilə razılaşaraq, belə şeydən ötrü toyu poza bilmərik deyir.

Məktubdan məlum olduğu kimi, Pəri xanımla Əlimərdan bəyin Tiflis də ailə həyatı qurması zamanı onun atası Həsən bəy, böyük qardaşı Midhəd bəy və xalası (bibisi) onun yanında olmuşlar (Söhbətin xaladan, yaxud bibidən getdiyi qaranlıq qalır – müəllif). Onların iştirakı ilə kəbin aktı bağ lanıl mışdır, lakin bu zaman Pərinin anası Hənifə xanımın burada olmaması ona çox pis təsir göstərmişdir. Pəri xanım məktubda anasının toy mərasiminə tez bir vaxtda gəlməsinin mümkünsüzlüyünü bildirir və kəbin kəsildikdən sonra, anasının yolunu gözləmək və o gələnə qədər ayrı yaşa maq ağılsızlıq olardı deyə düşünür.

Apardığım araşdırmalar deməyə əsas verir ki, doğrudan da belədir. Çünki o zaman Həsən bəyin ailəsi Zərdabda yaşayırdı. Həsən bəy və böyük oğlu Midhəd bəy Tiflisdə olduqları zaman Hənifə xanım üçün azyaşlı uşaqları Qərib Soltan xanımla və Səffət bəylə birlikdə ucqar Zərdab kəndindən Tiflisə gəlmək çətin olardı və eyni zamanda, o vaxtlar ev, məişət, təsərrüfat işlərinin bir an belə yiyəsiz-başsız qalması müşkül məsələ idi.

Pəri xanım anasına yazdığı məktubunda Əlimərdan bəyin onu dəlicəsinə sevdiyini və xalasının da bunu təsdiq etdiyini anasına çatdırır. Əlimərdan bəyi dərin məhəbbətlə sevən Pəri xanım məktubunu sona yetirdikdən sonra məktubun başlanğıcına, birinci səhifəyə qayıdaraq başlığın sağ küncündəki ağ yerə köndələn şəkildə bu sözləri yazır: “Bil ki, onun nə atası, nə də anası vardır və o ümid edir ki, Siz onları əvəz edərsiniz”.

Pəri xanım anasının yolunu səbirsizliklə gözləyir və eyni zamanda, tezliklə Əlimərdan bəylə birlikdə anasının yanına gələcəyini bildirir. Amma obyektiv səbəbdən tez bir zaman ərzində sevimli anasına qovuşmasının mümkünsüzlüyünü bəyan edir. Bunun isə Mərdan bəyin Tiflisdə yerquruluşu (yerölçmə) məktəbində dərslərinin olması və məzuniyyət götürməsinin çətinliyi ilə bağlı olduğunu nəzərə çatdırır. Yalnız Zərdaba ata ocağına gəlişlərinin bayrama (maslennitsa) qədər mümkün olduğunu bildirir (mas – lennitsa xristianlarda pəhriz bayramı kimi qeyd olunur – E.H.).

Burada bir məqama diqqət yetirək: 1889-cu ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş Əlimərdan bəyin Tiflis yerquruluşu məktəbində (zemlemernoye uçilişe) dərs deməsi təsadüfi deyildi. Çünki Həsən bəyin özü hələ 1865-ci ildə Moskva Universitetini bitirdikdən sonra Tiflisdə “Mejevaya palata” (Torpaq sərhəd hüdudlarını müəyyən edən, torpaq bölgüsü işi ilə məşğul olan, yerquruluşu tədbirləri sistemini həyata keçirən idarə) adlı idarədə işləməklə yanaşı, eyni zamanda, “8-ci mejevaya” (mərzçəkmə) komissiyasında məhkəmə üzvü kimi fəaliyyət göstərmişdir. Həsən bəy harada, hansı sahədə işləməsindən asılı olmayaraq, torpaq işçisi kimi ona doğma olan bu sənətin əsl mütəxəssisi olaraq kənd təsərrüfatı işlərinə, əkinçilik-bitkiçilik sahələrinin elmi əsaslarla inkişaf etdirilməsinə çalışmış və bir yerquruluşçusu kimi torpaq mülkiyyətçiləri, istifadəçiləri arasında torpaqların naturada (yerdə) bölgüsü işini aparmış, sərhəd hüdudlarının bərpası və hüquqi baxımdan tənzimlənməsi yolunda böyük xidmətlər göstərmişdir.

Heç təsadüfi deyildir ki, Həsən bəy Zərdabinin torpaq-yerquruluşu (yerölçmə) sənətinə bağlılığı onun oğulları, Almaniyada və Fransada ali mühəndislik təhsili alan Midhəd və Səffət bəydən yan keçmədiyi kimi kürəkəni Əlimərdan bəydən də yan keçməmişdir. Əlbəttə, Əlimərdan bəyin də Tiflisdə yerölçmə məktəbində bu sahə üzrə dərs deməsinə Həsən bəyin təsiri olmaya bilməzdi. Əlimərdan bəyin sonrakı həyat yolunun müəyyən – ləşməsində və qazandığı uğurlarda da Həsən bəyin böyük rolu olmuşdur.

Məktubdan məlum olur ki, ərə gedən Pəri xanım ev ünvanlarını “Köhnə Tamojnaya küçəsi, Vlasovun evi, Pəri xanım Topçubaşova” kimi göstərir və anasından xahiş edir ki, onun adına saxladığı cecim və xalçalarını göndərəndə ona məxsus olan albom, portfeli, şəkil qrupunu və öz şəxsi evi olanda ona bağışlayacağına söz verdiyi mürəkkəbqabını da göndərsin.

 Burada Hənifə xanımın qızı Pəri xanıma ayırdığı cecimlə bağlı tarixi bir faktı qeyd etmək istərdim.

Həsən bəy Zərdabda yaşadığı dövrdə həyat yoldaşı Hənifə xanımla ipəkqurdu yetişdirmiş və ondan ipək istehsal etmişdir. Heç də təsadüfi deyil ki, Həsən bəyin şəxsi təcrübəsinə əsaslanan və topladığı çoxsahəli sənət nümunələri arasındakı ipək məmulatını Hənifə xanımla birlikdə 1889-cu Tiflisdə keçirilən Qafqaz Kənd Təsərrüfatı və Sənaye sərgisində nümayiş etdirmişdir. Yerli üsullarla ipəkqurdu yetişdirdiyinə görə Həsən bəy sərginin gümüş medalına layiq görülmüşdür. Sərginin kataloqunda göstərilmişdir ki, Həsən bəy Zərdabinin ipəkçiliyə dair düzəltdiyi model herbarilər sərginin girəcəyində sağ tərəfdə yerləşdirilmişdir.

Eyni zamanda, Həsən bəy sərgiyə qiyməti 29 manat 70 qəpik və 34 manat olan iki ədəd ipək cecim təqdim etmişdir. Belə məlum olur ki, Zərdabi əslində, bu sərgidə peşəkar sənətkar toxucu kimi iştirak etmişdir. Hənifə xanım isə sərgiyə bir neçə ipək parça və bədii tikmə nümunəsi vermişdir. Kataloqda bununla əlaqədar qeyd olunmuşdur ki, Göyçay mahalından Xanım Məlikova Zərdabi sərgiyə ipək parça təqdim etmişdir. Bu təqdim olunan parçalar qədim nümunələr əsasında toxunulmuşdur. Bunlara baxanda toxucuların ustalığına, sənətkarlığına heyran qalmaya bilmirsən.

Sözsüz ki, Hənifə xanımın qızı Pəri xanıma ayırdığı cecim və xalçalar həmin qiymətli nümunələrdən olmuşdur.

Pəri xanımın anasına yazdığı kövrək hisslərlə dolu məktubla bərabər, Əlimərdan bəyin Hənifə xanıma məktubu daha incə, Həsən bəy Zərdabi şəxsiyyətinə və ümumilikdə onun ailəsinə dərin sevgi və qayğı ruhunda çox böyük alicənablıq və ziyalılıqla yazılmışdır.

Məktubda həyat yoldaşı Pəri xanımı “son ümid” yeri adlandırması, ona qarşı məhəbbətinin səmimiliyini qeyd etməsi, Həsən bəyi çox hörmətli, nüfuzlu ata adlandırması, onun üçün izahedilməz qalan “ana” kəlməsi ilə Hənifə xanıma müraciət etməsi və sair ifadələr Əlimərdan bəyin çox böyük amal, ideya, məslək, dərin insani keyfiyyətlərin sahibi olduğundan xəbər verir. Onlar haqqında yuxarıdakı qısa bilgini ona görə verdim ki, Əlimərdan bəyin və sevimli Pərisinin Azərbaycanımızın xoş gələcəyi və azadlığı naminə hansı yollardan keçdikləri oxuculara aydın olsun.

Pəri xanım Topçubaşovanın 5 övladı olmuşdur. Onlardan dördü oğulları Ələkbər bəy, Ənvər bəy Topçubaşov, qızları Sara xanım Sultanoğlu, Sevər xanım Topçubaşova anaları ilə birlikdə ataları Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində iştirak etmişlər. Pəri xanım Fransada mühacirətdə olmuş və 1947-ci ildə orada dünyasını dəyişmiş, Paris yaxınlığında Sen-Klu məzarlığında, həyat yoldaşı Əlimərdan bəy Topçu başovun yanında dəfn olunmuşdur.

Həsən bəylə Hənifə xanım Zərdabda yaşadıqları dövrdə artıq onların böyük oğlu Midhəd bəy, kiçik oğlu Səffət bəy, kiçik qızı Qərib Soltan xanım və Zərdabinin qardaşı oğlu Rəhim bəy Məlikov Göyçay bölgəsinin Zərdab kəndində dünyaya gəlmişdi.

Zərdabişünaslara yaxşı məlumdur ki, Həsən bəy Zərdabinin hər bir övladının həyatı və yaradıcılığı haqqında indiyədək bir sıra tədqiqatçı alimlər və ziyalılarımız tərəfindən yazılan kitablarda, mətbuat səhifələrində, son vaxtlar isə internet saytlarında müəyyən məlumatlar verilmişdir. Hesab edirəm ki, Həsən bəy Zərdabi kimi dahi bir şəxsiyyətin nəinki özünün, eyni zamanda, həyat yoldaşı olmuş Hənifə xanımım Məlikovanın və onların hər bir övladının, yaxın qohumlarının, doğmalarının xalq yolunda qurban verilmiş keşməkeşli həyat yollarının dərindən tədqiq olunmasına ciddi ehtiyac vardır. Bu, hər bir Azərbaycan aliminin, ziyalısının, müəlliminin mənəvi borcudur.

Zərdab həyatı dövründə Həsən bəy ömür-gün, ideya, məslək yoldaşı Hənifə xanımla xalq yolunda maarifçilik, kənd təsərrüfatı sahələrində çox sahəli ciddi işlərlə məşğul olur, mətbuatdan kənarda qalmır, müntəzəm olaraq tənqidi və digər məzmunlu məqalələr yazaraq onları Tiflisdə nəşr olunan “Kafkaz”, “Tifliski listok”, “Novoye obozreniye”, “Ziya”, Bakıda çıxan “Kaspi” və sair qəzetlərdə dərc etdirirdi.

Zərdabda yaşadığı zamanHəsən bəyin ən uğurlu işlərindən biri o idi ki, burada iki sinifli məktəb açılmasına nail olmuşdu. Bu yolda birgə addımlayan Həsən bəylə Hənifə xanım övladlarının da təlim-tərbiyəsi ilə məşğul olur, onlara xalqa məhəbbət, əməyə, torpağa bağlılıq hissi aşıla yırdılar.

Həsən bəy Zərdab həyatı dövründə, 1896-cı ildə Göyçay bölgəsinin Zərdab kəndində dünyaya gəlmiş kiçik qızı Qərib Soltanı 6 yaşı olanda Tiflisə aparır və onu anası Hənifə xanımın sabiq müəlliməsinə tapşırır. O, Tiflisdə qız gimnaziyasında təhsil alır.

Kənddə yaşadığı dövrdə yoxsul kəndlilər, ziyalı dostları tez-tez Həsən bəyə baş çəkir və onu Bakıya dəvət edirdilər. Yaranmış mövcud vəziyyət, xəstəlik, eyni zamanda, oğlanları Midhəd və Səffət bəyin, qızları Pəri və Qərib Soltan xanımın, eyni zamanda, 7 yaşında ikən atasını itirmiş və əmisinin ailəsi ilə birlikdə yaşayan, onun himayəsində olan qardaşı oğlu Rəhim bəyin təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərən, hər şeydən öncə onlara xalqa hörmət və məhəbbət hissi aşılayan Həsən bəy və Hənifə xanım uşaqların təhsili üçün də mütləq Bakıya qayıtmalı idi. Bir tərəfdən də aldığı acı bir xəbər, 01.06.1888-ci ildə Şamaxıda S.Ə.Şirvaninin vəfatı xəbəri onu sarsıdır. Sadiq dostun ölümü Zərdabini qocaldır. Qeyd edək ki, S.Ə.Şir vaninin realist şeir yaradıcılığı sahəsinə keçməsində “Əkinçi” qəzetinin mühüm rolu olmuşdur. Çünki məhz “Əkinçi”nin təsiri ilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şeirlər yazaraq onları Azərbaycanın ilk mətbu orqanında nəşr etdirirdi. Maarifçi şair üçün “Əkinçi” xalqa müraciət yeri idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi. O, “Əkinçi”də çap etdirdiyi şeirləri ilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı:

Bəs “Əkinçi” cəlalımızdır bizim,

Nasehi xoş məqalımızdır bizim.

Səy edək, ey guruhi-niksifat,

Etməsin ta bizim “Əkinçi” vəfat.

Böyük insani duyğulara, zəngin dünyagörüşünə malik olan Həsən bəy Zərdabi Ucarda vəkillik xidmətindən çıxandan sonra 1896-cı ildə ailəsi ilə birlikdə Bakıya qayıdır və burada daha qaynar həyata atılır. Zərdabinin yaxından iştirakı ilə 1897-ci ildə daha bir qadın orta məktəbi açılır. Məktəblərlə bağlı islahat qızların təhsili məsələsinə də təsir göstərir. 1898-ci ildən etibarən rus-tatar məktəbləri açılmağa başlayır. Həsən bəyin yaxından köməkliyi, təşkilatçılığı və rəhbərliyi sayəsində 1906-cı il avqust ayının 15- də Azərbaycan müəllimlərinin I qurultayı çağrılır.Yeni-yeni dərsliklərin yazılması, müəllimlərin ixtisasının artırılması, məktəblərdə, bütün tədris ocaqlarında ana dili və ədəbiyyatın tədrisinin yaxşılaşdırılması və sair bu kimi məsələlərin həlli sahəsində çox böyük tarixi əhəmiyyət kəsb edən Azərbaycan müəllimlərinin birinci qurultayının keçirilməsi Həsən bəy Zərdabinin adı ilə bağlıdır.O, həmin qurultaya sədrlik etmiş, N.Nərimanov isə sədr müavini olmuşdur. Qurultayın bütün işləri Həsən bəyin və N.Nərimanovun rəhbərliyi altında keçirilmişdir.

Görkəmli ictimai-siyasi xadim Həsən bəy Zərdabi 10 il müddətində Bakı Dumasının üzvü kimi müxtəlif vəzifələrdə olmaqla yanaşı, 1905-ci ildən maarif şöbəsinin rəisi vəzifəsinə təyin olunaraq, ömrünün axırına kimi bu vəzifədə çalışmış, öz milləti və xalqı üçün misli görünməmiş dərəcədə xidmətlər göstərmişdir. Həsən bəy Zərdabi yazırdı: “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”.

O zaman Azərbaycanda qız məktəbi olmadığı üçün Həsən bəy hökumətə müraciət edib azərbaycanlı qızlar üçün məktəb açmağa icazə istəyir. Həyat yoldaşı Hənifə xanımla birlikdə layihə tərtib edir. Gələcək məktəbin nizamnaməsini yazır. İki ildən sonra, yəni 1901-ci ildə Bakıda ilk müsəlman qız məktəbinin açılmasına nail olur. Həsən bəy məktəb şurasının üzvü olur. Şərq dünyasının ilk mesenatı Hacı Zeynalabdin Tağıyevin əvəzsiz xidmətləri sayəsində fəaliyyətə başlayan bu nümunəvi məktəbin direktoru (1901-1905) Hənifə xanım olur. Onlar yoxsul qızları çox böyük çətinliklə məktəbə düzəldir, bəzilərini isə öz hesablarına oxudurdular. Qeyd edək ki, Qərib Soltan xanımın özü də anası Hənifə xanımın direktor olduğu həmin məktəbin tələbəsi olmuşdur. Hənifə xanım tədrisdə qazanmış olduğu nailiyyətlərini şagirdlərinin uğurları hesab edir, eyni zamanda, öz qızı Qərib Soltanın uğurları ilə də qürur hissi duyur, fəxr edirdi. Hənifə xanım fəxr edirdi ki, qızı Qərib Soltan Həsən bəy qızı Məlikova 1914-cü ildə İmperator Üçüncü Aleksandr adına Birinci Bakı kişi gimnaziyasının Pedaqoji Şura sında bütün sınaqlardan keçmiş, xalq məktəblərinin müəllimi adına layiq görülmüşdür. Onun almış olduğu bu ad təkcə demokrat düşüncə tərzinə malik valideynlərin nailiyyəti deyil, eyni zamanda, bütün azərbaycanlı qadınların irəliləyişi, onların oxumaq və başqalarını da öyrətmək imkanlarının təsdiqi idi.

Qərib Soltan Məlikovaya verilən həmin tarixi sənədi oxucularımızın diqqətinə çatdırmaq maraqlı olardı:

Qərib Soltan xanım 1915-1918-ci illərdə şəhər rus-tatar qız məktəblərində, 1918-1920-ci illərdə rus qız gimnaziyasında müəllim işləmişdir.

Azərbaycan Respublikası S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Qərib Soltan xanımın həyatı və fəaliyyəti ilə bağlı araşdırmalar apararkən ona verilən digər belə attestat sənədi (F.№ 653. s.1, iş 43) diqqətimi cəlb etdi. Həmin attestatla da oxucularımızı tanış etmək maraqlı olardı.

Azərbaycan SSR Xalq Maarif Komissarlığı tərəfindən təsdiq olunmuş 4 noyabr 1938-ci il tarixli, 7564 nömrəli həmin attestatda yazılmış dır: “1918- ci ildə Bakıda qadınlar gimnaziyasının 7-ci sinfini bitirmiş və pedaqogika işi üçün təyin edilmiş imtahan stajını məktəbdə keçmiş Qərib Soltan Həsən qızı Məlikova SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin müəllimlərə şəxsi ad vermə haqqındakı 1936-cı il 10 aprel tarixli qərarına əsasən, ibtidai məktəb müəllimi adını alır”. O zaman ibtidai məktəb müəllimi adını almış Qərib Soltan xanım artıq Bakıdakı III rus-müsəlman qız məktəbində müəllim işləyirdi.

Ailə üzvlərinin repressiyası səbəbindən Qərib Soltan xanım Gəncəyə gedərək burada sakit həyat sürmək istəmişdir. Bir müddət Şəmkirdə və dünyaya gəldiyi Zərdab rayonunda müəllim işləmiş, yenidən Bakıya dönmüş, şəhər məktəblərində, kimsəsiz uşaqların oxuduğu məktəblərdə dərs demiş, onlara analıq etmiş, aldığı məvacibi şagirdlərinin maddi və mənəvi rifah halının yaxşılaşdırılması yolunda sərf etmişdir.

Qərib Soltan xanımın uzunmüddətli, qüsursuz pedaqoji fəaliyyəti nəzərə alınmış, o, SSRİ Ali Soveti tərəfindən 1948-ci ildə Azərbaycan SSR-in “Əməkdar müəllim”i fəxri adına layiq görülmüş, maarif sahəsində fəaliyyətinə görə “Lenin ordeni” ilə təltif olunmuşdur. Qərib Soltan xanım 1956-cı ilədək müəllimlik fəaliyyətini davam etdirmişdir.

Bütün həyatını xalqının maariflənməsinə, təhsilinə həsr edən, iztirablı həyat tərzi keçirən, üzüntülərə dözə bilməyən Qərib Soltan xanım Həsən bəy qızı Məlikova 1967-ci il mart ayının 9-da Bakı şəhərində vəfat etmişdir.

Qərib Soltan xanım dərin fikir içində, xəyallarla yaşamış, atası Həsən bəylə, anası Hənifə xanımla birgə yaşadığı illər ərzində gördüyü, şahidi olduğu, yadında qalan günlərin yaddaşlarda qalması üçün onları qələmə almış və bu tənha insan bununla özündə bir qədər rahatlıq tapmışdır.

O, “Atam haqqında xatirələrim” yazısında deyirdi: “Atam qonaq qəbul etməyi çox sevirdi… Atam onda “Kaspi” qəzetinin redaksiyasında işləyirdi.

Bir dəfə o, qulluqçusunu evə göndərərək anama xəbər verdi ki, redaksiyaya onun yanına Rusiyadan əziz qonaqlar gəliblər və onları hör mətlə qarşılamaq lazımdır. Anam bu xəbəri bizə çatdırdı…

Biz təzə paltarlarımızı geyindik. Axşam atam qonaqlarla birlikdə evə gəldi, anam onları eyvanda qarşıladı. Anamın rus dilində mükəmməl danışmağı onların çox xoşuna gəldi. Onlar gecə yarısına qədər oturdular…

Atam yalnız səhər bizə dedi ki, qonaqlardan biri yazıçı Maksim Qorki, o biri isə məşhur müğənni Şalyapin idi”.

Qərib Soltan xanım şahidi və iştirakçısı olduğu xoş günlərlə bahəm, yaşadığı kədərli, faciəli günləri də qələmə alırdı.

Atasının dəfn mərasimində millətin bu dahi insana olan dərin hörmət və rəğbətini görən Qərib Soltan xanım yazırdı: “Şəhərin tanınmış adamları mərhuma özlərinin son borcunu vermək üçün tabutunun yanında cərgə ilə dayanmışdılar. Onların sifətində nəcib kədər ifadəsi vardı. Arxada isə üzlərini dərin qırışlar basmış, gözlərindən sonsuz ehtiyac və əzab oxunan bütöv insan dənizi dalğalanmaqda idi. İnsan iztirabı və yanğısı özünün bütün təbiiliyi və səmimiliyi ilə məhz bu arxa sıralarda dayananların üzlərində sezilməkdə idi. Bu zavallı adamlar öz sədaqətli dostu və alovlu müdafiəçisi ilə həmişəlik vidalaşırdı”.

“Millətin mənəvi atası” hesab olunan dahi Həsən bəy 1907-ci il noyabrın 28-də səhər saat 11-də, çərşənbə günü əbədiyyətə qovuşdu. Həsən bəyin mənzilinə xalq kütləsinin axını başlamışdı. Bununla bağlı Qərib Soltan Məlikova xatirələrində yazırdı: “Dəfn mərasiminə gələn adamların çoxluğu az qala bütün şəhərin bura toplanması təəssüratını yaradırdı…, otağa bir ucdan əklillər gətirirdilər…, onlar üzərində təsəlli sözləri yazılmış, enli lentlərlə çevrələnmişdi. O qədər çox əklil vardı ki, yığıb-yığışdırmaq mümkün deyildi”.

Dəfn mərasimi günlərində Həsən bəyin böyük qızı Pəri xanımın əri, Məlikovlar nəslinin ağsaqqalına çevrilən Əlimərdan bəy Topçubaşov Peterburqda III Dövlət Dumasının iclaslarında olduğundan Zərdabinin dəfninin təşkili Əhməd bəy Ağayev, Qara bəy Qarabəyov, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Haşim bəy Vəzirov və digər nüfuz sahibləri, tanınmış ziyalılar, milli mətbuat nümayəndələrinin üzərində idi.

Mərasimdə Bakı Duması, “Kaspi” qəzetinin redaksiyası, rus və Azərbaycan dillərində nəşr olunan digər qəzet və jurnalların nümayəndələri, şagirdlər və tələbələr dəfn komissiyasının yaxın köməkçilərinə çevrilmişdilər.

Onun ailəsinə hər tərəfdən başsağlığı teleqramları göndərilir, ölümü kədərlə qeyd olunaraq haqqında məqalələr yazılır. Ümumxalq matəminə çevrilən, misli görünməyən dəfn mərasimində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan bütün xalqların nümayəndələri də iştirak edir, bu dahi insanı son mənzilə yola salmağa, onunla vidalaşmağa gəlir.

Dəfn günü matəm günü elan olunur, bütün məktəblər, obyektlər bağlanır, Həsən bəy təntənəli surətdə dəfn olunur. İçərişəhərdə, Qoşa Qala qapısının arxasında yerləşən indiki Bakı şəhəri (İçərişəhər), Böyük Qala qapısı, 47 saylı mənzil) evində dünyasını dəyişən Həsən bəy o zaman müsəlman icmasının ən nüfuzlu, tanınmış şəxsiyyətlərinin dəfn olunduğu Bibiheybət məscidinin həyətində torpağa tapşırılır.

Həsən bəy Zərdabinin dəfni ilə bağlı Azərbaycanımızın görkəmli alimi, ziyalısı, diplomatı, humanist və qayğıkeş şəxsiyyəti Vilayət Quliyevin qələmə aldığı “Millətin birləşdiyi gün, yaxud Zərdabinin dəfni” başlıqlı məqaləsini, eləcə də, Zərdabi irsi ilə bağlı digər yazılarını oxuyan hər bir kəs Zərdabinin necə unudulmaz tarixi bir şəxsiyyət olduğunun bir daha şahidi olur. Sözün əsl mənasında müəllifin bu və ya digər tədqi qatlarını mən çox böyük zəhmət tələb edən araşdırmalar əsasında yazılan və tarixin yaddaşına həkk olunan, tarixi faktları, reallıqları əks etdirən böyük bir əsər hesab edirəm. Və buna görə Vilayət müəllimə dərin minnət darlığımı, təşəkkürümü bildirirəm.

Həsən bəy dünyasını dəyişdiyi son anda da xalqa sonsuz məhəbbətini ifadə edərək belə demişdi: “Sizdən xahiş edirəm: təntənəli dəfn mərasimi düzəltməyin, məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn və saiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu, mənim başı bəlalar çəkmiş xalqım üçün çox faydalı olar”. (“Kaspi” qəzeti, № 264, 1907- ci il).

Həsən bəy Zərdabinin xəstəikən daşınar və daşınmaz əmlakı ilə bağlı tərtib etdiyi vəsiyyətnaməsinin 2-ci bəndinə diqqət yetirək:

Vəsiyyətnamə. “Aşağıda imza edən mən Bakı şəhərində yaşayan, Göyçay qəzasının Zərdab kəndində torpaq sahibi, saray müşaviri Həsən bəy Məlikov 1907-ci il sentyabrın 20-də, sağlam düşüncə və möhkəm yaddaşla, öləcəyim ehtimalı ilə bu vəsiyyətnaməni tərtib etdim.

“Mənim öz əməyimlə qazandığım daşınar və daşınmaz əmlakımı… mən, öz uşaqlarımdan qanuni vərəsələrimdən və başqa qohum-əqrabamdan başqa, arvadım Hənifə xanım Məlikovaya vəsiyyət edirəm; o, əməyimlə qazandığım yuxarıda sadalanan əmlaka ölümümdən sonra öz əmlakı kimi sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək ixtiyarına malikdir…

 2. Adını çəkdiyim arvadım uşaqlarımı oğlum Səffət və qızım Qərib Soltan Məlikovaları yaxşı saxlamağa və tərbiyə etməyə, habelə ehsan vermək və dəfn üçün xərc çəkmək əvəzinə öz mülahizəsinə görə xalq maarifinin ehtiyacları üçün ianə verməyə borcludur”. Azərbaycan Respublikası Əlyazmalar İnstitutunun arxivi (Arxiv-Z-Q-İ/196).

O, xalq qarşısında nə qədər məşhur, nə qədər böyük nüfuz sahibi idi ki, vəfatından sonra, 1907-ci ilin dekabrında Bakı şəhər Duması Bakı şəhər 2 nömrəli Rus-Azərbaycan məktəbinə onun adını vermiş və eyni zamanda, Moskva Universitetində onun adına təqaüdün təsis olunması barədə qərar qəbul etmişdi.

Lakin bütün bunlara baxmayaraq, vətəninə, xalqına misilsiz tarixi xidmətləri olan Zərdabi şəxsiyyəti nəinki sağlığında, hətta ölümündən sonra da layiqli qiymətini almamışdır.

1937-ci ildə xəbər yayılır ki, yeni çəkilən Bakı-Salyan şose yolu Şıx kəndindəki Bibiheybət məscidinin ətrafında yerləşən qəbiristanlıqdan keçəcək. Kim istəyir doğmalarının, yaxınlarının məzarını köçürə bilər. O zaman Həsən bəyin ailəsindən kim qalmışdı? Həyat yoldaşı Hənifə xanım 1929-cu ildə Bakı şəhərində vəfat etmişdi, böyük qızı Pəri xanım Topçubaşova 1947-ci ildə Fransada mühacirətdə dünyasını dəyişmişdi. Böyük oğlu Midhəd bəy Almaniyada oxumağa göndərilmiş Cümhuriyyət tələbə lərindən idi. Bakıda, Gəncədə yaşamışdı. O, Azərbaycanın işıqlı, xoşbəxt gələcəyi uğrunda apardığı quruculuq işlərinin qurbanı olmuş, ermənilərin donosu və üzədurması ilə 1937-ci ildə güllələnmiş, 1990-cı ildə bəraət almışdır. Kiçik oğlu Səffət bəy Fransada, sonra isə Türkiyədə yaşamış, təhsilini başa vurduqdan sonra Bakıya dönməyə çəkinmişdir. Bu zaman Bakıda Həsən bəyin ailəsindən yalnız evin sonbeşiyi Qərib Soltan xanım qalmışdı.

Həsən bəyin möhtəşəm dəfnindən 30 il keçdikdən sonra, yaranmış mövcud zərurətə görə bu dahi insanın uyuduğu məzarın yeri mütləq dəyişdirilməli idi. Lakin bunu kim etməli idi…? Bu xəbəri eşidən Qərib Soltan xanım təlaş içində nə edəcəyini bilmir, kimə müraciət etsin…? Bunun ən əlverişli yolunu fəhlə tapıb Bakı-Salyan şose yolunun tikintisi altında qalacaq nəşi tez bir zamanda qəbirdən çıxarmaqda görür. Elə də edir, pul verib iki nəfər fəhlə tutur. 1937-ci ilin payızında mərhumun cəsədinin qalıqları bir yeşiyə yığılır və hər iki muzdlu fəhlənin çiyinlərində Bayıla qədər gətirilir və buradan tramvaya qoyularaq Qərib Soltan xanımın mənzilinə gətirilir və ona təhvil verilir. İztirablı həyat tərzi keçirən bu zavallı xalq müəlliminin böyük qardaşı Midhəd bəy Məlikov qeyd etdiyim kimi, 1937-ci ildə güllələnmiş, kiçik qardaşı Səffət bəy Məlikovdan ömrünün sonuna qədər xəbər tuta bilməmişdir, Parisdə yaşayan bacısı Pəri xanımın başına nələr gəldiyindən xəbərsiz olmuş, 1929-cu ildə anasını itirmişdi. Həyatının son illərində Azər baycan Pedaqoji İnstitutunun fizika kafedrasının müdiri vəzifəsində işləyən qardaşı oğlu Rəhim bəy Məlikov isə 1936-cı il fevralın 23-də Bakı şəhərində naməlum şəkildə dünyasını dəyişmişdi.

Qərib Soltan xanımın özü isə Şəmkirin Zəyəm kəndində müəllim işləyərkən hədə-qorxuya, təhqirlərə məruz qalmış, ölüm qorxusu keçirmiş, əsəbləri pozulmuşdu.

Qərib Soltan xanımın yeganə təsəlli yeri o idi ki, atası Həsən bəyin cəsədinin yeşiyə yığılmış sümükləri, ruhu onun yanında idi. Hansı ki, Həsən bəyin gor evi bir neçə il qızı Qərib Soltan xanımın mənzili olmuşdur.

Mən, Həsən bəy Zərdabinin qəbrinin yerinin üçüncü dəfə dəyişdirilməsi və axırıncı dəfə onun Fəxri Xiyabanda dəfn olunması ilə bağlı bir sıra tədqiqatçı alimlərin, ziyalılarımızın məlumatlarını, kitablarda və mətbuat orqanlarında dərc olunan yazılarını oxumuş və onları ümumiləşdirərək bu yazıda qələmə almışam. Həmin yazını oxucularımızın, tədqiqatçı alim və ziyalılarımızın diqqətinə çatdırmaq istərdim:

Həsən bəyin vəfatının 50 ili tamam olurdu. Bu dahi mütəfəkkirin xatirə gününün qeyd olunması məsələsini tanınmış ədəbiyyatçı alim Abbas Zamanov Azərbaycan KP MK qarşısında qaldırır. Mərkəzi Komitənin şöbə müdiri Şıxəli Qurbanov məsələyə qarışır və yubiley komissiyası təşkil olunur. Layihə üzrə qəbrin abadlaşdırılması məsələsinə baxılan zaman məzarın harada olması sualı ortaya çıxır və onun yerini heç bir kəs bilmir.

Bu zaman Həsən bəyin Bakı şəhərində yaşayan yeganə varisi Qərib Soltan xanım yada düşür və ona müraciət etməli olurlar. Abbas Zamanov, tanınmış bioloq alim Mirəli Axundovla və eyni zamanda bir neçə filosof alimlə birlikdə Qərib Soltan xanımın yaşadığı mənzilə, onun yanına gəlirlər. Gələnlərə “Atamın hər şeyini məhv etdiniz, indi də gəlmişsiniz sümüklərini aparmağa? Bir də bu evə ayaq basmayın!” deyən Qərib Soltan xanım nəhayət, əsəblərini ələ aldıqdan sonra atasının 1937-ci ildə anası Hənifə xanımın yanında basdırıldığını bildirir. A.Zamanov tələbələri ilə birlikdə şəhər qəiristanlığına üz tutur, Hənifə xanımın məzarı açılır, Həsən bəyin qutuya yığılan, xanımının ayaqları altında basdırılan sümükləri qəbirdən çıxarılır. Beləliklə, Həsən bəy üçüncü dəfə 1957-ci ildə, Fəxri Xiyabanda dəfn olunur.

Digər tərəfdən oxucularımıza belə bir məlumat vermək istərdim ki, xalqımızın dahi incəsənət xadimlərinin, görkəmli dövlət xadimlərinin əbədi yuxuya daldıqları Fəxri Xiyabanın salınması Mir Cəfər Bağırovun adı ilə bağlıdır. 1948-ci ilin avqust ayının 27-də M.C.Bağırovun tapşırığı ilə Azərbaycan SSR Nazirlər Soveti aşağıdakı məzmunda qərar qəbul etmişdir:

“1. Bakı Şəhər İcraiyyə Komitəsinə (A.Buzdakov və T.Qasımov yoldaşlara) tapşırılsın ki, 1948-ci ildə ümumi dəyəri 180 min manat dəyərində Fəxri Xiyabanın tikintisinə başlasınlar və buraya Azərbaycanın böyük elm və incəsənət xadimlərindən 12-sinin qəbri köçürülsün (siyahı əlavə olunur). Fəxri Xiyabanın tikintisi 1949-cu ilin 1-ci yarısında başa çatdırılsın.

2. Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsi təşkil edilsin ki, bu il sentyabr ayının 20-dən gec olmayaraq Azərbaycanın görkəmli elm və incəsənət xadimlərinin 12 nəfərinin qəbirüstü abidəsi daxil olmaqla, Fəxri Xiyabanın ilk model nümunəsini hazırlasın.

3. Azərbaycan SSR Maliyyə Nazirliyinə bir vəzifə olaraq tapşırılsın ki, 1948-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinə qəbirüstü abidə daşının hazırlanması məqsədilə neft çıxarılması üzrə vəsaitdən 90 min manat ayırsınlar. 1949-cu ildə də bu məbləğ nəzərdə tutulsun. Həmçinin Vidadinin qəbirüstü abidəsinin qoyulmasına Qazax Rayon İcraiyyə Komitəsinə 15 min manat, Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər Sabirin qəbirüstü abidə sinin hazırlanması üçün Şamaxı Rayon İcraiyyə Komitəsinə 30 min manat məbləğində vəsait ayrılsın. 4. Azərbaycan SSR Nazirlər Soveti Dövlət Plan Komitəsinə tapşırılsın ki, Fəxri Xiyabanın tikintisi üçün Bakı Şəhər İcraiyyə Komitəsini lazım olan miqdarda sementlə təmin etsin.

Azərbaycan SSR Nazirlər Kabinetinin sədri T. İ. Quliyev 27 avqust 1948-ci il”

Bildiririk ki, həmin qərara əsasən, qəbrinin köçürülməsi qərara alınan 12 nəfərdən biri də Həsən bəy Zərdabi olmuşdur. Fəxri Xiyabanın ilk sakinləri arasında Həsən bəy Zərdabinin adı 3-cü şəxs olaraq qeyd olunmuşdur.

Bu dahi şəxsiyyətin məzarının yeri ilə bağlı verilən arayışda onun yanlış olaraq Çəmbərəkənd qəbristanlığında basdırıldığı bildirilmişdir.

Belə məlum olur ki, sözügedən qərarın verildiyi tarixdən 9 il sonra Həsən bəyin nəşi Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

Azərbaycan müstəqillik qazanandan, suverenliyini əldə etdikdən sonra xalq Həsən bəy Zərdabinin dahiliyini, böyüklüyünü və xidmətlərini daha dərindən anladı. Azərbaycanın müstəqilliyinin qorunması, ölkəsinin inkişafı, xalqın gələcəyi naminə var qüvvəsini sərf edən, dünyanın ən müdrik və uzaq görən siyasətçilərindən sayılan, son otuz ildə respublikamızın bütün sahələrdə sürətlə tərəqqi etməsində sonsuz dərəcədə böyük xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin 27 mart 2000-ci il tarixli fərmanı ilə torpaqlarımızın əsl sahibi mövqeyindən çıxış edən “Əkinçi”nin 125 illiyinin və eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2005-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Milli Mətbuatının 130 illik yubileyinin, 10 iyun 2010-cu il tarixli sərəncamına əsasən, Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinin, eyni zamanda 4 iyun 2012-ci il tarixli sərəncamına əsasən, Həsən bəy Zərdabinin anadan olmasının 170 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi tarixi əhəmiyyət kəsb etməklə yanaşı, yalnız ölkəmizin çoxsaylı mətbuat və informasiya orqanları üçün deyil, bütövlükdə Azərbaycan ziyalıları və dünya azərbaycanlıları üçün də böyük bir bayrama, sevincə səbəb olmuşdur.

Bu tədbirlərin yüksək səviyyədə keçirilməsi “Əkinçi”nin, H.B.Zərdabinin yubileylərinin daima qeyd ediləcəyinə zəmanət verməklə, “Əkinçi” qəzetinin naşiri, redaktoru, milli mətbuatımızın, milli teatrımızın banisi, Azərbaycanın ilk ali təhsilli müəllimi, müsəlman Şərqində xeyriyyəçilik hərə katının yaradıcısı, müsəlman dünyasının ilk təbiətşünas alimi, ensiklopedik bilik sahibi, ölkəsinin inkişafı, tərəqqisi yolunda müstəsna xidmətlər göstərmiş ictimai-siyasi xadim Həsən bəy Zərdabinin əziz xatirəsinin yad edilməsi, onun ruhunun şad olması deməkdir.

Ruhun şad olsun, ey millətin mənəvi atası, dahi Həsən bəy!