Həsən bəy Zərdabi Misirdən Zərdaba bitki növləri gətirir, calaq üsulu ilə yeni növlər yetişdirirdi…

0
1881
zerdab-rayonu

“Zərdab həyatı dövründə Həsən bəy vəfalı həyat yoldaşı Hənifə xanımla xalq yolunda çoxsahəli işləri içərisində kənd təsərrüfatı sahəsinə böyük diqqət yetirirdi. O, hələ 1875-ci ildə “Əkinçi” qəzeti vasitəsilə kənd təsərrüfatında bir çox məsələlərlə yanaşı, kəndlilərə torpağın elmi qaydada əkilib-becərilməsini, torpaqdan necə və hansı qaydada səmərəli istifadə etmələrinin izahını və şərhini verirdi”. Bunu Zerdab.com-a aqrar elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Ali Media” mükafatı laureatı, Zərdabişünas, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllimi Eldəniz Həsənov bildirib.

“Həsən bəy Zərdabi doğma yurdu Zərdabda yaşadığı 16 il ərzində torpaqdan laboratoriya kimi istifadə etmiş, təcrübi olaraq torpağın məhsuldarlığının artırılması yollarını, torpağın keyfiyyətini, məhsuldarlığını və münbitliyini təyin etməyi, yararsız torpaqların yararlı hala salınaraq kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması üsullarını, qaydalarını elmi əsaslarla kəndlilərə başa salmış və o, bunun üçün birinci növbədə torpaq-yerquruluşu tədbirlərinin həyata keçirilməsi barədə dəyərli tövsiyələr vermişdir.

Belə ki, Həsən bəy torpağın hansı qaydada, nə dərinlikdə aparılmasını praktiki olaraq bir çox yerlərdə və eyni zamanda onun özünə məxsus olan torpaq sahələrində həyata keçirmişdir. Həmin dövrdə torpaqların, qeyri-elmi istismarı nəticəsində münbitliyin pozulması səbəblərini elmi əsaslarla izah edərək onların münbitliyinin bərpası yollarını göstərmişdir. O dövrdə Həsən bəy Zərdabi tam şəkildə torpaqşünaslıq və aqrokimya elmlərinin nəzəri və təcrübi məsələlərini kütlələrə yetirir və kompleks torpaq yaxşılaşdırıcı tədbirlərin tətbiqi üçün tövsiyələr verirdi.

Azərbaycanda torpaqşünaslıq və aqrokimya elmlərinin banisi olan Həsən bəy Zərdabi rus torpaqşünaslıq elminin banisi V. V. Dokuçayevdən xeyli əvvəl torpaq elmi haqqında fikir söyləmişdir.

Həsən bəy Zərdabi ilk dəfə torpaq təsnifatı haqqında fikir söyləyərək, torpaqları mexaniki tərkibinə görə üç qrupa (qum, gil və əhəng adlandırdığı karbonatlı birləşmələr) bölmüşdür.

Deməli, Həsən bəy Zərdabi dövrün məşhur rus torpaqşünas alimləri olan N.M.Siburtsevdən və N.A.Kaçinskidən xeyli əvvəl mexaniki tərkibə görə torpaqların təsnifatını vermişdir.

Dərin elmi bilik sahibi olan Həsən bəy Zərdabi Azərbaycanın kənd təsərrüfatının inkişafında, torpaqların əkilib-becərilməsində, məhsulun yığılmasında, emalında və eləcə də müstəqil sənaye sahələrinin yaradılmasında və inkişaf etdirilməsində maşın-mexanizmin, texnikanın inkişafının və tətbiqinin böyük əhəmiyyətindən, dünya ölkələrində yaranan texniki yeniliklərin öz ölkəsində də həyata keçirilməsi zərurətindən söhbət açaraq, zəngin ideya və fikirləri ilə xalqının zəhmətkeş kütlələrinə bir çox məsələlərin vacibliyini çatdırmış, həmçinin milli kadrların hazırlanmasının vacibliyini göstərmişdir.

Həsən bəy Zərdabda yaşadığı müddətdə ciddi şəkildə kənd təsərrüfatı işləri ilə məşğul olurdu. O, Misirdən bitki növləri gətirir, müxtəlif növ bitkiləri bir-birinə calaq edib yeni növlər yetişdirir. Barama saxlayanlar (kümçülər) onun yanına məsləhətə gələrdilər. Lakin ömrünün ən müdrik çağında, öz doğma yurdu Zərdabda yaşadığı müddətdə də bir dəstə qaragüruhçu ona imkan verməmişdir ki, Həsən bəy gözəl əməlləri ilə asudə məşğul olsun. Onun evinə basqınlar edilmiş, taxıl zəmisinə od vurulub yandırılmışdır. “Kaspi” qəzetinin 1887-ci ildə çıxan 125-ci nömrəsində oxuyuruq: “… Gecə qolçomaqlar və başqa müftəxorlar Həsən bəyin Dalan-baba adlı yerdə biçilib pəncəyə vurulmuş, lakin hələ daşınmamış taxıl zəmisinə od vurmuşlar. Xoşbəxtlikdən Həsən bəyə dərin ehtiram bəsləyən qonşu Müskürlü və Pərvanlı kəndlərinin əhalisi yanğını söndürmüşlər”.

Həsən bəy bütün bu çətinliklərə baxmayaraq, Zərdabda yaşadığı illər ərzində əkinçilik, bitkiçiliklə məşğul olmuş, torpaqdan səmərəli istifadə yollarını xalqına başa salmış, təcrübələr qoymuş, yeni meyvə sortları yetişdirmiş, müxtəlif kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmuşdur. Bu illər (1880-1896) ərzində Zərdabi həmçinin əkinçilik, toxumçuluq, arıçılıq, maldarlıq, qoyunçuluq, balıqçılıq və digər sahələrdə əldə etdiyi nailiyyətləri mətbuat vasitəsilə insanlara çatdırır, onları qəflət yuxusundan oyadır. Azərbaycanda kənd təsərrüfatını kompleks inkişaf etdirməyə çağırırdı.

Apardığımız tədqiqatlar, hüquqi-arxiv sənədləri bizə deməyə əsas verir ki, keçmiş Göyçay qəzasının ərazisində, ayrı-ayrı yerlərdə Zərdabiyə məxsus torpaq sahələri olmuşdur. Zərdabi kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə qazandığı nailiyyətləri bilavasitə özünə məxsus olan həmin torpaq sahələrindən səmərəli surətdə istifadə etməyin nəticəsində əldə etmişdi”.

Zerdab.com