Zərdab ərazisinin arxeoloji cəhətdən öyrənilməsinə ehtiyac var

0
2439
zerdab-yol-temir-tarix

Zərdab rayonunun ərazisi arxeoloji cəhətdən demək olar ki, öyrənilməyib. Hələ qədim dövrlərdə rayonun ərazisi insanların yaşaması üçün vacib olan bütün şərtlərə malik idi. Bu şərtlər içərisində şirin su qaynaqlarının olması, bitki və heyvanat aləminin zənginliyi xüsusi yer tuturdu. Zərdab ərazisində tapılmış (təsərrüfat işləri zamanı şum aparılarkən) şirli və şirsiz məişət əşyalarının, qab-qacaqların qalıqları bu ərazinin arxeoloji cəhətdən geniş tədqiq edilməsi zərurətini yaradır. İbtidai icma quruluşunun Tunc dövrü mərhələsində insanların daha geniş ərazilərə yayılması, yaşayış yerlərinin çox zaman çay kənarlarında salınması bunu deməyə əsas verir ki, Zərdab ərazisində insanlar hələ tunc dövründən başlayaraq yaşamışlar. Qeyd edək ki, Erkən Tunc dövrü (e. ə. IV minilliyin ikinci yarısından başlayaraq – e.ə. III minilliyin sonuna qədər davam etmişdir) Azərbaycanda Kür-Araz mədəniyyəti adlanır. Bu dövrə aid arxeoloji nümunələr daha çox bu ərazilərdə aşkar edilib. XIV əsrin Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhəri “Tarix-e Şeyx Uveys” əsərində monqol hökmdarları Hülakuların tarixindən bəhs edərək yazır ki, Abaqa xanın hakimiyyəti dövründə (1265-1282) Hülakular dövləti lazımi qədər möhkəm idilər, 1266-cı ildə “Abaqa xan buyurdu ki, Kür çayı sahilindən və Delan Naurdan Gərdmun səhrasına kimi ərazini şahzadələrdən Səmağar, Menku-Temur və Ulcay xatun tutsunlar. Bu yer onların qışlaq yurdu oldu”… Əsərdə haqqında danışılan Delan Naur monqol dilində “Yetmiş göl” deməkdir, monqollar Kürün şimalında Zərdab-Hacıqabul-Kürdəmir ərazilərində mövcud olmuş gölləri bu cür adlandırıblar. Rəvayətə görə, çox-çox qədimlərdə Zərdab ərazisində – Bıçaqçı kəndi yaxınlığından başlanan Yerayız adlı böyük və zəngin şəhər varmış. Bu şəhər hansı səbəbdənsə məhv olub yer altında qalıb. Hətta indi də o ətrafdakı kəndlərdə adamlar bir-birlərinə, “İndi ki Yerayız şəhəri yoxdur ki, qaçıb orda gizlənəsən, səni də tapmaq mümkün olmaya” deyirlər. Zərdabın Yuxarı Seyidlər kəndi yaxınlığında Qanlıca adlanan göl var.

IX-X əsr ərəb coğrafiyaşünasları və səyyahları yazıblar ki, orta əsrlərdə Təbriz-Ərdəbil-Beyləqan-Bərdə-Şamaxı-Dərbənd ticarət yolunda – Kür vadisində mühüm ticarət mərkəzi Bərzənd (bəzi mənbələrdə Bərzənc) şəhəri vardır, karvanlar bu şəhərdən kecib gedirdi. İbn Həvqəl X əsrdə “Yollar və məmləkətlər” əsərində yazırdı ki, “Bərdədən Bərzəncə 18 fərsəx (hər fərsəx 6-8 km-dir) yoldur. Bərzəncdən Kürü keçərək Şəmaxiyyəyə 14 fərsəx yol var…” Minorski sübut edib ki, bu şəhər Zərdabın Körpükənd adlanan kəndinin lap yaxınlığında – Bərdədən təqribən 35 km. şərqdə mövcud olub. Görkəmli alimlərin Bərzəncin yaşıdı hesab etdikləri, bu gün də qədim adını yaşadan Körpükənd barədə qeydlər orta əsrlərin sonuna aid sənədlərdə yazılıb. Həmin tarixi mənbələrdə deyilir ki, Körpükənddə bərə vardı, Şamaxıdan gəlib Qarabağa, Gürcüstana, İrana, İrəvana gedən karvanlar bu körpüdən keçirdi.