“Vaxtilə Nizami Gəncəvinin Qızıl Arslanla məşhur görüşü Zərdabda baş tutmuşdu”

1
60
 Polkovnik Abdulla QURBANİ
Polkovnik Abdulla QURBANİ

Qədim Azərbaycan diyarı Zərdab və zərdablılar haqqında kifayət qədər məlumatlı idim. Bu torpağın tarixinə və insanlarına yaxından bələd olduğum üçün Vətənimizin bu guşəsinə də xüsusi məhəbbətim var idi. Oxuduqlarımdan, eşitdiklərimdən bilirdim ki, Kür vadisində yerləşən Zərdab istər tarixinə, istər təbiətinə, istərsə də əhalisinin alicənablığına, qonaqpərbərliyinə və qəhrəmanlığına görə seçilən bölgələrimizdəndir. Neçə-neçə ziyarətgahları var. Vaxtilə Nizami Gəncəvi burada Qızıl Arslanla görüşmüş, füsunkar diyarın, bağlar diyarının gözəlliklərindən ilham almışdır. Zərdab rayonu bağlar, ormanlar diyarı olmuşdur. Əgər belə olmasaydı “İsaqbağı”, “Qoruqbağı”, “Şıxbağı”, “Ağabağı”, “Allahqulubağı”, “Döylər meşəsi”, “Paraça meşəsi”, “Ellər meşəsi”, “Seyidlər bağı”, “Gülərli bağı”, “Aşağı Əlvənd bağı”, “Şəftəxal bağı” və daha neçə toponimlər, yer-yurd adları bu günümüzədək yaşamazdı. Vaxtı ilə Zərdabda əkinçilik, ipəkçilik, balıqçılıq, maldarlıq çox inkişaf edibmiş. Zərdab və Əlvənd ipəyinin şöhrəti dünyanın bir çox ölkələrinə yayılmışdı. Bu qədim Şirvan torpağının ən böyük sərvəti onun torpaqsevər ziyalı, qəhrəman övladlarıdır. Elə Zərdabı mənə doğmalaşdıran, yurdumuzun bu gözəl diyarına qarşı qəlbimdə böyük hüsn-rəğbət yaradan da məhz Zərdabın insanlarıdır. Həsən bəy Zərdabi kimi dünya şöhrətli azərbaycanlını kim tanımır?!
Dünənimizin, bu günümüzün və gələcəyimizin həmişə hörmət və ehtiramla yad edəcəyi Həsən bəy məhz Kür vadisindəki bu diyarda dünyaya gəlmiş və doğulduğu el-obanı öz əməlləri ilə dünyaya tanıtmışdır. İlk ali təhsilli müəllim, milli Azərbaycan teatrının və mətbuatının banisi, müsəlman şərqində xeyriyyəçilik hərəkatının ilk yaradıcısı, təbiətşünaslıq elmlərinin inkişafında böyük rol oynayan və mütərəqqi dünyagörüşünə malik olan ictimai-siyasi xadim Həsən bəy Zərdabinin adını xatırlamaq kifayətdir ki, zərdablıların nəyə qadir olduğunu və tarix səhnəsində mövqeyini duyasan. Zərdab və zərdablılara ilk səmimi münasibətim, sevgim də məhz Həsən bəy Zərdabinin həyat və fəaliyyəti ilə tanışlığımdan sonra yaranmış, harada bir zərdablı görmüşəmsə sözün həqiqi mənasında onun Həsən bəy Zərdabi ilə həmyerli olduğuna qibtə etmişəm. Zərdab torpağına məni doğmalaşdıran ikinci səbəb isə azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının sonuncu mogikanı Məlik Məhərrəmovla dostluğum olmuşdur. Məlik müəllim də Zərdabın yetirmələrindəndir. Zərdablıların qətiyyətli, vətənpərvər, qorxmaz olduqlarını təsdiqləyən oğullarındandır. Kür sahillərindən pərvazlanan bu igidin adı Böyük Vətən müharibəsinin qalibiyyət salnaməsinə qızıl hərflərlə yazılıb. Əfsanəvi qəhrəmandır. Dnepr kimi nəhəng çayı keçərək mövqe tutmuş Zərdablı zabitin sayəsində yüzlərlə, minlərlə döyüşçü sağ-salamat o biri sahilə çıxmış və qarşıya qoyulmuş döyüş tapşırığı uğurla yerinə yetirilmişdir. Qəhrəman Məlikin bölüyündə bir gündə 18 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Bəli, bu zərdablı qəhrəmanımızın şəxsi şücaəti və rəşadətinin nəticəsidir.
Məlik Məhərrəmov haqqında “Fırtınalar qoynunda” adlı kitabımı yazarkən illər öncə baş qəhrəmanımın doğulub boya-başa çatdığı Zərdab rayonu ilə ətraflı tanış olmuş, o yurdun insanları ilə görüşmək üçün Zərdaba getmişdim. Səfərim maraqlı oldu. Kür sahillərini gəzdim, Bıçaqçı kəndində qonaq oldum, Məlik Məhərrəmovun yaşıdları, qohumları ilə görüşdüm. Ümumiyyətlə, Zərdabi yurdundan xoş təəssüratla ayrılmışdım. Bu gün də Zərdabın mötəbər, ziyalı, səmimi insanları ilə münasibətim var və tez-tez bu rayona səfərlər edirəm. Bu rayonun insanları Azərbaycanımızın fəxri Məlik Məhərrəmov haqqında “Fırtınalar qoynunda” və “Sonuncu mogikanın” xatirələri kitablarının müəllifini unutmurlar. Bu bir daha sübut edir ki, zərdablılar heç vaxt yaxşılıqları unutmurlar. Onlar qiymətləndirdikləri kimi həm də böyük qiymətə layiqdirlər.

Polkovnik Abdulla QURBANİ
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi

1 comment

Comments are closed.