Sovet kəndi uşaq yaddaşında…

6
133
Keçən əsrin qadınları

Həmyerlimiz, tanınmış tərcüməçi, şairə Sevil Gültən www.zerdab.com saytına maraqlı bir yazı göndərib. Məqalədə müəllif illər öncə – Sovet dövründə kəndlərimizdəki həyat tərzindən bəhs edir. Yazı olduqca maraqlı alınıb…

Sevil Gültən

Bu yaxınlarda poçta getmişdim- telefon borcumuzu ödəməyə. Poçtda xüsüsi geyimdə olan poçtalyon gördüm. Bircə anlığa keçmişə, uşaqlıq illərimə qayıtdım. Kəndimizin  poçtalyonunu, o qoca, çopur kişini xatırladım. Uşaqlığımla bağlı xatirələrin çoxu uçub qonaq  gəldi mənə. Rahatlıq vermədi. Uzaq uşaqlıq illərimin yaddaşıma hopub qalmış anları, saatları bircə-bircə gözüm önündən gəlib keçdi. O illərin sovet kəndini bu günün uşaqlarına tanıtmaq, o illərin uşaqlarına bir daha xatırlatmağı qərara aldım.  Həmin illərdən 30-40 ilə yaxın bir müddət keçib. Elə də çox vaxt deyil. Amma o vaxtdan bəri çox dəyişikliklər baş verib. O illərin kəndi mənim yaddaşıma necə hopub qalıbsa eləcə də vərəqə köçürürəm…

Sovet kəndi”

Gözlərim önünə poçtalyonun  taxta darvazadan həyətimizə tulladığı qəzetlər gəlir. Əvvəllər, taxta qapımızın üstündə poçt quutusu olmamışdan əvvəl poçtalyon qəzetləri həyətimizə tullayardı. Qutu qoyulandan sonra isə qutuya qoymağa başladı. Amma qutuya baxmaq heç kəsin yadına düşmədiyindən qəzetlər orada günlərlə qalardı. Ona görə də poçtalyon qəzetləri elə əvəllki kimi həyətə tullayardı. Çox qəzet olmazdı. “ Kommunist”, “ Sovet kəndi”, “Azərbaycan gəncləri”,

“ Pioner ” qəzeti…  Adətən o biri qəzetlər “ Kommunist “ qəzetinin arasında olardı. Nə qədər istəsəm də “ Sovet kəndi” qəzetinə bükülmüş “ Kommunist” i gözlərim önünə gətirə bilmirəm. Sanki bu, bir qayda idi. Yazılmamış qanun. “ Sovet kəndi” “ Kommunist”-in arasında olmalıydı. Mənə ən doğma olan qəzet “Azərbaycan gəncləri” qəzeti idi. Həmin qəzetdə hansısa cavan şairə “ Uğurlu yol” yazılardı.

Maraqlı hekayələr olardı. “ Kommunist” qəzetini xoşlamazdım. Maraqlı heç nə olmurdu. Çünki orada çox vaxt yalnız rəhbər şəxslərin çıxışları olardı. Qurultaydan sonra isə günlərlə qurultay materialları çap olunardı. Heç

“ Sovet kəndi” qəzeti də xoşuma gəlmirdı. Pambıq alağını edən kolxozçuların şəkilləri, pambıq sezonunda isə əllərində pambıq, bellərinə önlük bağlamış kolxozçuların şəkilləri, onlar haqqında məqalələr olardı.  Yaxşı işləyən, daha çox pambıq yığanlar barəsində oçerklər yazılardı. Haqqında oçerk yazılanlar ya manqabaşçıları, ya da  qurultay nümayəndələri olardı.  Televizorda çıxış edənlərin də çoxu elə haqqında məqalə yazılanlar idi…

Televizor

Evimizdə balaca bir televizor vardı. O illərdə hər adamın evində televizor olmazdı. Tək-tük adamların evində vardı. Uzun qış gecələrində televizoru olmayan qonşular televizoru olan qonşuların evinə gələrdilər. Əslində televizor bəhanəydi.  Bizə də qonşular gələrdi. Amma televizora baxmaqdan daha çox söhbət edərdilər. Televizorlar ağ-qara idi. Yadıma düşür ki, bir dəfə atam rəngli bir plyonka gətirdi. Dəqiq yadımda deyil, deyəsən həmin rəngli plyonkanı televizorun ekranının üstünə yapışdırırdılar, onda televizor rəngli göstərirdi. Bircə kanal vardı. Bəlkə də rus kanalları varmış. Amma bizim evdə yanlız bircə kanala baxardıq. O da indiki Az.Tv idi. Bəlkə də elə belə yaxşıymış. Ailənin bütün üzvləri eyni verilişə, eyni kinoya baxardı.  Ayrı-seçkilik yox idi. Yaxşı kinoları çox gec verərdilər. Biz uşaqlar yatmayıb kinonun vaxtını gözləyərdik. Ata-anamız gileylənərdi. Cəmi iki otağımız var idi. Ailədə yeddi uşaq idik. Eyni otaqda yatardıq.  O biri qonaq otağı idi. Evin ən qiymətli, gözəgəlimli əşyaları orda olardı. Hamımız bir otaqda yatdığımıza görə valideynlərimiz işıqları söndürərdilər. Biz uşaqlar isə kinonun vaxtına qədər nöyüt lampasının işığında  ya dərslərimizi təkrarlayardıq, ya da əlavə kitablar oxuyardıq. Məktəb bizim üçün bir müqəddəs yer idi.

Məktəb

Əgər desəm ki, gözümü açıb evimizdə kitab görmüşəm, bu, yalan olar. Yox. Mən ağlım kəsəndən həyətimizdə  ketmən, darvazamızın çölündə isə atamın şum traktorunu görmüşəm.  Evimizdə olan kitablar yalnız məndən yuxarı sinifdə oxuyan qardaş-bacımın kitabları idi. Onların kitabları pəncərənin qabağında üst-üstə yığılardı. Belə demək mümkünsə pəncərənin qabağı,  təxminən bir metrlik balaca bir yer,  biz uşaqların “ kabinet”i idi. Məktəbə aid nə vardısa orda olardı. Evə verilən tapşırıqları da  elə pəncərənin qabağında yazardıq. İri bir yastıq stulu əvəz edərdi. Stul olsa da onun üstündə oturub yazmaq mümkün deyildi. Gərək ikiqat olaydıq. Ən yaxşısı yastıq idi. Məktəb düz evimizin qarşısında  idi. Dördillik məktəb. Darvazamızı açanda ilk gördüyümüz bina həmin məktəb idi. Divarları həmişə əhənglə ağardılımış olardı. Deyilənə görə,  həmin bina lap əvvəllər bir bəyə məxsus imiş. Sovet hökuməti qurulandan sonra həmin binanı sahibinin əlindən alıb hökumətə veriblər. O binanın başqa binalardan bir böyük fərqi vardı. Belə ki, kənddə tikilmiş bütün evlərin üzü demək olar ki,  eyni istiqamətdə idi. Amma həmin bina isə əksinə,  tərsinə idi. Arxası Kür tərəfə.  Bina ikiotaqlı idi. Artırması vardı. Sonralar həmin artırmanın baş tərəfində balaca bir otaq da tikdilər. Həmin balaca otaq müəllimlər otağı idi. Balaca, taxta pilləkənlə çıxardıq məktəbin atrırmasına. Ikinövbəli idi. Adətən yuxarı sinif şagirdləri ( 3-cü və 4-cü sinif şagirdləri) birinci növbədə oxuyardılar. Məktəbin həyətində qamışdan çəpər vardı. Həmin çəpəri də elə müəllimlərin özü çəkərdi. Hətta qamışı da biz şagirdlər gətirərdik. Yadımda deyil, neçənci sinifdə oxuyurduq. Məktəbimizin direktoru, həm də rus dilindən dərs deyən Şükür müəllim ( Allah ona rəhmət eləsin!) bizə tapşırmışdı ki,  hərəmiz bir qom qamış gətirək. O da yadımdadır ki, qamışı məktəbə biz özümüz gətirdik.  Şükür müəllim qamış gətirənləri təriflədi. Şahin adlı bir oğlan qamış gətirməmişdi. Şükür müəllim bir karton qutusu  karamel konfeti gətirdi sinfə. Kim qamış gətirmişdisə ona bir ovuc konfet verdi, Şahinə konfet vermədi. Bir də böyüyəndən sonra başa düşdüm ki, belə etmək pedaqogikanın qaydalarına ziddir. Dərslərdə milçək uçsaydı səsi eşidilərdi.  Dərsə gecikən küncdə saxlanardı. Bizə xəbardarlıq edirdilər  ki, dərsimizi yaxşı oxumasaq sinifdə qalacağıq. Uşaq vaxtı elə bilirdim ki, sinifdə qalmaq sözün həqiqi mənasında sinifdə qalmaqdır, evə getməməkdir. Məktəbin artırmasında  bir dəmir zəng var idi. Tənəffüsə az qalmış müəllim bir uşağı göndərərdi ki, gedib zəngi vursun. Həmin şagird də çəkiclə, yaxud daşla zəngi vurardı. Balaca tənəfüss olanda adətən heç kəs heç nə yeməzdi. Elə ki,  böyük tənəffüs oldu, uşaqların çoxunun  əlində çörək olardı. Çörəyin arasında çox vaxtı şor olardı. Bəzi uşaqlar isə çörəyin arasına mürəbbə qoyub gətirirdilər. Çörəyini yeyib qurtaran uşaq məktəbin yanından axan balaca arxda gedib əllərini yuyar, susamışdısa hətta arxdan su da içərdı. Indi fikirləşəndə öz –özümə deyirəm ki,  bəlkə o illərin uşaqlarının immuniteti elə bu yolla möhkəmlənib. Müəllimlər nadinc uşaqları döyərdilər. Məktəbin həyətində söyüd ağacları vardı. Elə müəllim vardı ki, sinfə girəndə özüylə nazik söyüd çubuğu gətirərdi . Bəzi müəllimlər isə dərs prosesində şagirdlərdən birini həyətə göndərərdi ki, çubuq qırıb gətirsin. Dərs ilinin əvvəlində sinif nümayəndəsi və təmizkom seçilərdi.  Növbətçilər olardı. Növbətçilərin vəzifəsi tənəffüsdə uşaqları həyətə çıxarmaq, otağın havasını dəyişmək, sinif otağının qapısı ağzında durub  həyətdə ora-bura qaçışan uşaqlara nəzarət etmək idi. Bir hadisə baş verəndə müəllimlər otağına gedib müəllimə xəbər verərdilər. Müəllimin stolunun üstünə qırmızı çit parça salınardı. Həmin parçanı və yazı taxtasının bir tərəfindəki mismardan asılmış məhrəbanı növbə ilə aparıb yuyuradılar. Müəllimlər otağı biz şagirdlər üçün sehrli idi. Ora girmək hər adama qismət olmazdı. Hərdən təbaşir gətirmək üçün müəllim şagirdlərdən birini müəllimlər otağına yollayardı.  Bu da hər şagirdə qismət olmazdı. O vaxtlar yazını mürəkkəblə yazardıq. Hər birimizin mürəkkəbqabımız vardı. Balaca torba tikib ora qoyardıq mürəkkəb qabını. Pero ilə yazardıq.  Vay o günə ki, ev tapşırığını yazanda dəftərə mürəkkəb ləkəsi düşəydi… Sinif işi yazmazdan əvvəl çox hazırlaşardıq. Həmin gün dərsə gəlməyən uşaq yazı işini yazmazdı. Indi isə yazı işi yazılan gün dərsə gəlməyən uşağa başqa şagirdin dəftərini verirlər ki,  köçürtsün. Belə halda o uşaqda hansı məsuliyyət hissi olacaq? Bizə məsuliyyətli olmağı beləcə aşılayardılar. 45 dəqiqə müddətində yazı işi yazılıb qurtarmalıydı. Hər rübün sonunda bizə “ vəsiqə” – qiymət cədvəli verilərdi. Vəsiqədə davranışa görə də qiymət verilməliydi- əla, kafi, qeyri-kafi. Adətən çox uşaqların davranışına “ əla” yazılardı. Davranışdan “ qeyri-kafi” almaq sinifdə qalmağa bərabər idi. Rübün sonunda müəllim bizi ekskursiyaya aparırdı. Ən çox da kəndimizin kənarında yerləşən hava idarəsinə gedərdik. Ekskursiyadan gələndən sonra yolda nə görmüşdüksə hamısını  yazmalıydıq. Biz də  yol boyu nə görürdüksə zarafatla deyirdik ki “ adın düşdü dəftərə”…Valideynlər iclası olardı. İclasa bir qayda olaraq analar gedərdi. Şagird haqqında bütün məlumat valideynə deyilərdi.

Hər gün ikinci növbədə dərslər qurtarandan sonra xadimə ( məktəbi süpürən qadın  derektorun arvadı idi ) sinif otaqlarını süpürüdü. Dediyim kimi, məktəb evimizin yanında olduğuna görə otaqları süpürərkən onun necə deyinməsini çəpərin o biri başından eşidərdik. Yağışlı günlərdə o daha çox deyinərdi. Əlinə bir dəmir alıb taxtaya yapışmış palçığı qazıyardı. Otaqları süpürəndən sonra toz-torpağı məktəbin çəpərindən çölə tökərdi. Yadıma düşür ki, ikinci yaxud üçüncü sinifdə oxuyanda gedib onun tökdüyü toz-torpağın içini eşələyirdik. Toz-torpağın içindən təbaşir tapanda sevincimiz yerə-göyə sığmazdı. Təbaşir yalnız məktəbdə olardı. Tozun içindən tapdığımız tabaşirlə “klas” çəkib oynayardıq. Təbaşir olmayanda isə kömürlə çəkərdik.

Bu, dördillik məktəbdə olanlar idi. İbtidai məktəbi bitirib rayon mərkəzinə getdik. Çox da uzaq deyildi. Kənddə orta məktəb yox idi. Biz beşinci sinfi rayonda oxuduq. Sonra Kürün kənarındakı bir binanı məktəb halına saldılar. Oldu səkkizillik məktəb.

Rayona dərsə səhər tezdən gedirdik. Biz evdən çıxanda qaranlıq olardı. Bütün kəndin uşaqlar demək olar ki, eyni vaxtda yola çıxıb rayona sarı yola düzülərdik. Dərsə gecikməzdik. Yolda itlər çıxardı yolumuza. Itlərin cavabını özümüz verərdik. Daha hər xırda şey üçün valideynlərimizi narahat etməzdik. Məktəb paltarımızı canımız qədər çox istəyərdik. Qalstukumuz hər gün ütülənməliydi. Hələ elektrik ütüləri kəndə gəlib çatmamışdı. Daş ütüylə ütüləyərdik. Saçlarımız hörülməliydi. Nə qədər düşünsəm də saçını açıq qoyub dərsə gələn qız uşağını yadıma sala bilmirəm. Saçımıza bant vurardıq. Adətən ağ rəngdə. Qadın müəllimələrin çoxu yayda yüngül yaylıqla, qışda isə yun şalla başlarını bağlayardılar. Bir sözlə, məktəb bizim üçün bir müqəddəs yer idi. Bəs məktəbdən sonra nə edərdik?

Zəhmət… Məktəbli kolxozçular…

Qışı xoşlayırdım. Çünki qış günlərində məktəbdən evə gələndə anamı evdə görərdim. Palazın üstünə süfrə salardı, qazanı süfrənin bir kənarına qoyub bircə-bircə payımızı çəkərdı. Amma payız və yaz aylarında belə olmazdı. Yazda, payızda məktəbdən evə qayıdıb yeməyi özümüz qızdırardıq. Anamız pambıq sahəsində olardı.  Ya nöyüt maşınkasında ya da ocaqda anamızın səhər tezdən bişirib qoyduğu yeməyi isidərdik. Sonra isə biz də pambıq sahəsinə yollanardıq. Elə il olurdu ki, pambıq kəndimizin kənarında əkilirdi. Belə olanda sevinərdik. Elə illər olurdu ki, pambıq kənddən uzaqda əkilirdi. Kolxozçular səhər tezdən yük maşınlarına minib bir də axşamüstü qayıdardılıar. Pambıq yığılan vaxtı isə daha gec gələrdilər ( İndi şəhərdə hər səhər zibil daşıyan yük maşınları mənə o illəri yada salır).

Əgər pambıq sahəsi kəndin kənarında idisə, onda biz uşaqlar da dərsdən gəlib yeməyimizi yeyəndən sonra anamızın yanına gedərdik. Demək olar ki, elə birinci sinfə getdiyimiz vaxtlardan bu adət halını almışdı. Biz də balaca kolxozçular idik. Yaz vaxtı təzəcə torpaq altından çıxan pambıqları seyrəldərdik. Pambıqlar bir az böyüyəndən sonra isə onların dibini boşaldardıq, alaq edərdik. Ketməni götürməyə gücümüz çatmasa da xırda alaqları əlimizlə dartıb çıxarardıq. Ya da pambıq sahəsinin kənarından salmanca, zılx, (ispanağa oxşar bitki), göbələk, qanqal  yığardıq. Biz də evimizə bu cür qazanc gətirərdik. Yulğunun yaşıl hissəsini sıyırardıq, yalnız aşağı hissəsində bir az  saxlayardıq, tapdığımız göbələkləri həmin çubuğa keçirərdik. Sevinc nə olduğunu bilərdk. Saatlarla gəzib göbələk axtarardıq. Elə olurdu ki, göbələk topasına rast gələrdik. Balaca, yumma göbələkləri görəndə sevincimizin həddi-hüdüdu olmurdu. Yolüstü yemlik, keçisaqqalı yığardıq. Yemliyin çoxunu elə yoldaca yeyərdik.  Evə gələndə ağzımızın qırağı yamyaşıl olardı. Yox, biz o yemlikləri yumazdıq. Yerdən  çıxarıb kökünün torpağını çırpardıq, sonra yeyərdik. Pambıq sahəsinin kənarında süpürgə bitərdi.  Süpürgələr mavı çiçək açanda artıq onların yığılmaq vaxtı olardı. Həmin süpürgələri yığıb gətirərdik, onlarla həyət-bacanı süpürərdik. Evi süpürmək üçün isə qarğı-qamışların “ çıçəklərini” ni toplayardıq. Qamışlardan topladıqlarımıza bilmirəm nədənsə “piləkən” deyirlər.

Payız vaxtı isə biz də analarımızla birgə pambıq yığardıq. Anamız kolxozdan verilmiş iri önlükləri bir az daraldıb bizim üçün də önlük düzəldərdi. Həmin önlükləri belimizə bağlayıb biz də pambıq yığardıq.  Önlüyümüz pambıqla dolanda belimizi ağrıdardı. Əsas odur ki, yorulmaq nə olduğunu bilərdik. Bilirdik ki, möhkəm susamaq nə deməkdir. Bilirdik ki,  möhkəm acmaq nə deməkdir. Su, içinə pambıq yığdığımız iri xaralların, meşokların yanında olardı. Adətən rezin qablarda, ya da çaydanda su gətirərdik. Anamız suyu xaralın kölgəsində gizlədərdi ki, su çox qızmasın. Amma bəzən su qızırdı. Buna baxmayaraq biz o suyu elə acgözlüklə  içərdik ki…  Acanda isə boş xaralı yaxud meşoku torpağın üstünə sərib, evdən gətirdiyimiz balaca süfrəni açıb, anamızın zənbilində olandan süfrəyə qoyub yeyərdk. Şorla çörəyi elə yeyərdik ki, sanki bal yeyirdik. Elə olub ki, həmin xaralların üstündə yatmışıq. Bəlkə də ömrümüzün ən şirin yuxusu o illərdə olub. İri pambıq kolunun kölgəsində, torpağın üstünə sərilimiş meşokun üstündə, başımızı xarala söykəyib elə şirin–şirin yatardıq ki… Yığılmış pambıqları aparmağa gələn yük maşınlarının səsi bizi oyadana qədər yatardıq. Bununla belə evə gələndən sonra dərslərimizi də oxuyardıq, gedib Kürdən  su gətirərdik.  Amma o illərdə yükün ağırlığı ən çox anaların boynuna düşərdi…

Sovet kəndinin “analar”ı

 O illərin kəndi indikindən çox fərqlidir. Qaz yox idi (Bizim kənddə indi qaz var-S.G).  Camaat hələ təzəcə balon qazından istifadə edirdi. Bir balon qaz 3 manata idi. Əgər səhərdən axşamacan işlədilsəydi yəqin ki, bir günə bəs edərdi. Ona görə də qazdan qənaətlə istifadə edərdilər. Həyətlərə su çəkilməmişdi. Qadınlar suyu güyümlə, vedrəylə Kürdən gətirirdilər. Yadımdadır ki, anam çox yorulanda belə deyirdi: “Bu gün 10 güyüm əli vedrəli su gətirmişəm“. Yəni, belində güyüm, əlində vedrə. Paltaryuyan maşın çox sonralar kəndə ayaq açdı. Əgər nəzərə alsaq ki, qadınlar kolxozun əsas aparıcı qüvvələri idi, onda o dövrün qadınlarının nə qədər ağır yük altında olduğu aydın olar. Hər səhər tezdən, hava açılandan Kürə su gətirməyə gedərdilər. Səhər tezdən gətirilən suyu daşa tökərdilər ki, çay qaynatmağa, nehrəyə tökməyə, yemək bişirərkən istifadə etməyə təmiz su olsun. Hər ailədə ən azı 4-5 uşaq olardı. Bütöv bir ailəyə lazım olan suyu daşımaq asan deyil. Suyu daşıyıb iri çəlləklərə tökərdilər. Ən çətini qış aylarında su daşımaq idi. Buzun üstündə sürüşə-sürüşə çiyinə aşırılımış dolu güyümlə yerimək çətin idi. Səhər tezdən inəyi, camışı sağmaq, südü bişirmək… Hamısı anaların öhdəsində idi. Günlərlə yığdıqları qatığı nehrəyə töküb çalxalamaq… Bütün bu işlərin hamısı ən azı səhər saat səkkizə qədər görülməli idi. Sonra isə kolxoz işi… Əgər pambıq sahəsi kəndin yaxınlığında idisə bir az toxtaqlıq tapırdıllar. Hər işi tələsə-tələsə etmirdilər. Amma o illərdə ki, pambıq sahəsi kənddən uzaqda idi və ora maşınla gedirdilər, onların işi çətin olurdu. Kolxozçuları aparmağa gələn yük maşını kəndin küçələrində siqnal verəndə, at belində kəndi dolanan briqadir uca səslə : “ tez olun, tez olun, maşın gedir” deyəndə  artıq onlar evlərinin kənarında olmalıydılar ki, maşına minsinlər. Elə olub ki, səhər tezdən yuxudan durub bütün işini görüb qurtaran anam süfrə başına oturub bir stəkan çay içmək istəyəndə kolxozçuları sahəyə aparan yük maşınının siqnalını eşıdıb çay belə içmədən zənbilini götürüb küçəyə yüyürüb. Səhərdən axşamacan gün altında alaq edən, pambıq yığan analar evə gələndən sonra da istirahət nə olduğunu bilmirdilər. Yenə də mal-qara. Su daşımaq…Həftədə ən azı iki-üç dəfə çörək bişirmək. Yadıma düşür ki, axşamüstü pambıqdan gələn anam xəmir yoğurardı, neçə saatdan sonra acıyan xəmiri kündəliyib təndiri odlamağa gedəndə  bəzən gecə saat 12 olurdu. Hərdən elə olurdu ki, unun keyfiyyətinə görəmi yaxud xəmir yaxşı acımadığına görə çörəklər küt gedərdi. Yəni, təndirin divarına yapışdırılmış çörəklər o dəqiqə də təndirin içinə düşərdi. Onu isə yalnız itə verərdik. Bəzən isə çörək bişənə yaxın çörəyin arxası təndirdə qalardı, içi  isə düşərdi. Belə olanda biz uşaqlar bir az sevinərdik. Çünki təndirin divarına yapışıb qalmış qazmağı biz uşaqlar yeyərdik. Çörək beləcə “töküləndə” yəni,  küt gedəndə demək olar ki, anam gecəni yatmazdı. Təzədən xəmir yoğurardı və səhər tezdən işə gedənə qədər çörəyi bişirərdi. Hələ həyətdəki əlavə işləri də bura əlavə etsək, onda o illərdə qadınların nə qədər əziyyət çəkdiyi bilinər. Həyətdə tərəvəz-xiyar, pomidor, badımcan, lobya, noxud, soğan əkib-becəməyin də çətinliyi anaların üstünə düşürdü. Soğanı alaqdan təmizləmək, pomidor şitillərinin dibini boşaltmaq, qayğı sevən xiyarı bitirib axıra çatdırmaq zəhmət tələb edirdi. Düzdür, uşaqlar da bu işdə onlara kömək edirdilər. Kişilər isə yalnız əkin sahələrini sulamaqla kifayətlənərdilər.

Hələ paltar yumaq …İndiki kimi növbənöv paroşoklar yox idi. Bircə qəhvəyi rəngli paltar sabunu yadıma gəlir. Ocaqda iri mis qazanlarda su qızıdırılardı, paltar yuyulandan sonra iri, dəmir vannaya həmin yuyulmuş paltarları yığıb Kürə gedərdilər ki, paltarları orda soyuq su ilə yaxalasınlar. Kür daşanda, su lilli olanda anların işi çətinləşirdi. Gərək Kürdən çoxlu su gətirib zəyləyəydilər ki, durulsun. Yoxsa lilli sudan istifadə etmək mümkün deyildi. Bütün bu işləri görən qadının əgər körpə uşağı da vardısa …lap çətin. İşlərin çoxunu görərkən körpə uşağı bellərinə şəlləyərdilər. Körpə uşağı bellərinə qoyub iri bir şalla sarıyardılar. İnəyi sağarkən, toyuq-cücəyə dən səpəndə, hətta paltar yuyanda da uşaq onların belində olardı. Pambığa gedəndə də çox vaxt uşaqları özləriylə aparırdılar. Orda, pambıq səhəsinin bir tərəfində istan tikilərdi.

İstan

 Kəndimizdə uşaq bağçası yox idi. Yəqin ki, həmin illərdə uşaq bağçası olan kəndlərdə uşaqları bağçaya qoyarmışlar. Kəndimizdə uşaq bağçasını əvəz edən evlər olardı. Kolxoza gedə bilməyən hansısa yaşlı qadına kolxozdan maaş ayrılırdı. Beləcə, kolxoza gedən qadınların çoxu uşaqlarını həmin qadına tapşırardılar. Amma lap körpə uşaqları özləriylə pambıq sahəsinə aparardılar. Kənd yolu. Yük maşını…. həmin illərin uşaqlarının nə qədər toz udduğunu sözsüz ki, heç bir aparat hesablaya bilməz.

Pambıq sahəsinin kənarında istan tikilərdi (Bəzi yerlərdə buna “naves” deyərdilər). Hərdən bu sözün mənasını axtarıb tapmaq istəyirəm. Bəlkə bu söz elə “stan”  şəkilçisidir? Məsələn, Gürcüstan, Dağıstan kimi sözlərin sonundakı “stan” şəkilçisi. Yer mənası bildirən şəkilçi.

Istanı adətən biriqadirlər tikərdilər. Tikərdilər deyəndə ki, qarğı-qamışdan hörülərdi. Əslində bu, bir daldanacaq idi. Kolxozçuları kənddən pambığa aparan yük maşını həmin istanın yanında dayanardı. Qadınlar evdən apardıqları zənbili istana qoyardılar. Zənbildə mütləq çayla dolu termos, bir atım quru çay, günorta yeməyi olardı. Termosdakı çayı günortaya qədər içərdilər. Günortadan sonra isə istanda qaynadılımış samovardan termosa çay töküb aparardılar.

Paltarlarını istanda dəyişərdilər. Həmin istanda bir qadın qalardı. Adətən bir az nasaz olan, gün altına çıxa bilməyən qadınlar istanda qalardılar. Onlara maaş verilərdi. Həmin qadın  körpə uşaqlara da baxardı. Onları yatızdırardı. Lazım olanda uşağın anasını çağırardı ki, gəlib uşağı əmizdirsin. Körpə uşağı olan ana özüylə yüyrük gətirərdi. Briqadirlər istana samovar gətirərdilər. Iri bir samovar. İstanda qalan qadın həmin samovarı qaynadardı. Su da yük maşınında iri flaqlarda gətirilirdi. Hər bir qadının özünün bir çaydanı olardı. Onlar günorta nahara gələndə həmin çaydanlarda çay dəmlənmiş olardı. Alaq vaxtları qadınlar istanda bir az dincələrdilər. Hər kəs istana özüyçün bir döşəkçə gətirərdi. Həmin döşəkçə pambıq yığılıb qurtarana qədər orda qalardı. Istanın içi şirələnərdı. Hətta istanın yan-yörəsi də şirələnmış olurdu. Pambıq yığılan vaxtlarda istanın həyətinə qapan qoyulurdu. Yük maşını pambıq sahəsinin kənarlarında qoyulmş xaralları, meşokları istanın həyətinə gətirərdi. Kim ki, istana yaxın yerdə işləyərdi, yığdığı pambığı maşına qoyandan sonra istana gələrdi. O qadınlar ki, istandan uzaqda işləyərdilər, onlar xaralla, meşokla dolu olan yük maşınının üstündə gələrdlər.

Pambıq istanın həyətindəki qapanda çəkilərdi.  Pambıq çəkiləndən sonra aparıb istanın həyətində şirələnmiş yerə boşaladardılar.  Yığılmış pambığı qurutmaq kişilərin işi idi. Pambıq yayılırdı. Günün altında yaba ilə o tərəf bu tərəfə çevrilirdi. Pambıq quruyandan sonra isə yanı setkalı lapetlərə yığılıb rayondakı pambıq məntəqəsinə aparılardı. Nə qədər istəsəm də, uşaqlıq yaddaşımı ələk-vələk etsəm də istanın həyətində tualet olub-olmadığını dəqiqləşdırə bilmədim. Kəndə, ömrünün nüçə ilini  pambıq kolları arasında keçirmiş anama zəng etdim. Bir bəhanəylə soruşdum ki, o vaxtlar istanın həyətində tualet tikilirdi ya yox. “ Yox” cavabı məni bir az sarsıtdı. Deməli, o illərdə kolxozçu insan yox, pambıq toplayan canlı timsalında imiş. Həqiqət nə qədər acı da olsa faktdır.  “ Tualet” pambıq kollarının arası olardı. ( tələbə vaxtları tələbə inşaat dəstəsinin tərkibində Krasnodar vilayətinin bir kəndinə işləməyə getmişdik. Tərəvəz yığırdıq. Orada hər hektar əkin sahəsinin başında taxtadan tikilimiş bir tualet vardı. Ora da Sovet kəndi idi axı… )

Xatırlayıram ki, lap payızın sonlarına qədər anam pambıq yığmağa gedib. Hava soyuq olduğuna görə pambıq açılımırdı. Belə olanda kolxozçular çırtlamış, açılmağına az qalmış qozaları yığıb istana gətirərdilər. Orda qozanın içindən pambığı çıxarardılar. O cür pambıq daha ağır gəlirdi.  Briqadirlər o cür pambığı görəndə çox hirslənərdilər. Elə pambığı qurutmaq çətin olurdu.  Pambıq solanda hər axşam evlərinə qayıdanlar özləriylə  önlüyə yığılmış yaş pambıq qozası gətirərdilər. Əslində bu, bir oğurluq idi. Yaş qozanı yeyən malın, xüsusən də çamışın südü çox, həm də yağlı olardı. Bəzi hallarda isə qoza yeyən mal -qara zəhərlənərdi. Bu da pambığa səpilmış  gübrəylə  əlaqədar idi.  Pambıq əkiləndən yığılana qədər gübrələrdən istifadə edilərdi.   Yadıma düşür ki, sovka da istanın həyətində sayılardı.

Sovka

 Sovka pambıq çiçəkləyəndən sonra üzə çıxardı. Pambığın sarı, çəhrayı çiçəklərinin içində balaca yaşıl  qurd olardı. Kolxozçuların bir işi də həmin sovkaları yığmaq idi. Bu, adətən yayın orta ayına, avqust ayına təsadüf edərdi. Sovkanı  çox vaxt uşaqlar yığardılar. Limonad yaxud araq butulkasına su tökərdilər. Su şüşənin yarısına qədər tökülməliydi. Həmin butulkanın boğazına ip bağlayardıq, həmin ipi də boynumuzdan asardıq. Bircə- bircə pambıq çıçıklərinin içinə baxardıq, sovka tapanda onu butulkaya atardıq. Beləcə gün ərziundə çoxlu sovka yığırdıq. Hər gün axşamüstü istanın həyətində biriqadirlər sovkaları sayardılar. Butulkadakı su sovkayla bərabət torpağın üstünə tökülürdü. Briqadir həmin sovkaları bir çöplə sayardı. Kimin nə qədər sovka yığdığı  bir dəftərə yazılardı. Dəqiq yadımda deyil ki, bir sovkanıın qiyməti neçə qəpik idi. Sovka yığılan vaxt demək olar ki biz uşaqların “ sezon” u olardı. Çünkü çox vaxt sovkanın pulu gündəlik verilirdi. Pul qazanırdıq.  Zəhmətin nə olduğunu bilirdik.  Sovkanı öldürmək üçün, ya da pambıq kollarının yarpaqlarını qurutmaq üçün təyyarələr  gübrə səpərdilər. Bəzən təyyarələr  elə aşağıdan uçardılar ki az qala başımıza dəyəcəkdilər. ( Əslən Ağcabədidən olan şairə Xatirə Rəhimbəyli deyir ki, hətta gübrə səpən təyyarə o qədər alçaqdan uçurmuş ki,   onların kəndində bir briqadirin başını aparıbmış)  Biz uşaqların başına gübrə səpilərdi.  O yadımdadır ki, o gübrə sulu idi. Çünki paltarlarımızda qəribə nəmlik olurdu. Yapışqan kimi olurdu bədənimiz.

İndi, o illərdən 35-40 il keçəndən sonra nə qədər fikirləşsəm də yadıma sala bilmirəm ki, biz pambıq sahəsindən gələndən sonra yuyunurduq ya yox. Oğlanlar gedib arxda çimirdilər. Qızlar hərdənbir pallı-paltarlı suya girərdilər. O da yadımdadır ki, paltarımız əynimizdə quruyurdu. O illərdə bizim kənddə yalnız bir- iki adamın həyətində hamam  var idi.

Hamam

Uşaq vaxtı, soyuq aylarda anam biz uşaqları evdə çimizdirərdi. Evdə odun peçi qalanardı. İri mis qazanda su qızdırılardı. Peçin yanına qoyulmuş dəmir vannada bir-bir bizi çimizdirərdi. İlk dəfə şampunu neçə yaşımda gördüyüm yadımda deyil. Yəqin ki, həmin illərdə şəhərdə növbənöv şampun varmış. Bizim “ şampun” umuz isə ya qıcqırmış qatıq ya da ayran olardı. Anam saçımızı qatıqla ya da ayranla yuyardı.  Saçımız həm tərtəmiz təmizlənərdi həm də yumşaq olardı. Indi “ jele” yaxılan saçlar necə olursa eləcə.

Yay aylarında isə “ hamam” həyətdə olurdu. Belə demək mümkünsə anamın işi bir az yüngülləşirdi. Yayda oğlan uşaqları ya gedib Kürdə çimərdilər ya da Kürün yaxınlığındakı arxda.  Bizim kənd rayon mərkəzinə yaxın olduğundan hər həftə kişilər hamama gedərdilər. O vaxt indiki kimi salafanlar bol deyildi. Hamama gedən adama lazım olan şeylər  qəzetə bükülürdü.  Böyük uşaqlar da hamama gedirdilər. Biz də 12-13 yaşlarından başlayaraq hamama getməyə başladıq. Hamama getmək həm də biz uşaqların şəhərə səfəri idi. Əgər dəftərimiz qurtarmışdısa onda bizə pul verirdilər ki, dəftər alaq. Hamama verəcəyimiz puldan əlavə özümüzə də xərclik verirdilər. Bizə verilən o qəpiklərə hamamdan çıxandan sonra ya tum  ya da partladılmış və şirin qırmızı rəngə boyanmış qarğıdalı

( popkorn)  alardıq. Başımızı yun şalla bərk-bərk bağlayırdıq ki, soyuq olmasın.  Isti hamamdan çıxıb Kürün üstü ilə kəndimizə gələrdik. Evə gələn kimi isti çay içərdik. Bu, adət halnı almışdı. Bilirdik ki, biz evə gəlib çatanda isti çayımız hazır olacaq. Mən indi bilmirəm ki, o vaxtı hamam nə ilə qızırdı. Amma o yadımdadır ki, bəzən isti su kəsilirdi, məcbur olub soyuq su ilə çimirdik.

Kənddə də bəzi adamlar həyətdə özlərinə hamam tikmişdilər. Əgər ona hamam demək mümkünsə. Tikilinin üstünə beş-on vedrə su tutan dəmir bir çəllək qoyardılar. Nərdivanla tiklinin üstünə çıxıb çəlləyin içini suyla doldururdular. Su həmin çəlləkdən gələrdi. Demək olar ki, heç bir adama da bəs etməzdi. Su odunla qızardı. Küləkli havalarda tüstü hamamın içinə dolardı. Hamamdan çıxan adamın üst-başı his olardı. Buna nə dərəcədə çimmək demək olar daha onu deyə bilmərəm. O vaxt kənddə tikilən evlərin çoxi çiy kərpicdən idi. Çox az adamın daşdan tikilmiş evi vardı. Kənddəki evlərin çoxu çiy kərpicdən tikilirdi, palçıqla suvanıb şirələnırdi.

 Kərpic, suvaq, şirə,  ev…

 Kərpicin necə hazırlanması gözlərim önündə baş verdiyindən hər şey uşaq yaddaşıma hopub qalıb.  Atam həyətimizdə iri bir çala qazmışdı. Təxminən altı-yeddi metr eni-uzunu olan çalanın torpağı bel ilə qazılırdı. Çox da dərin olmazdı. Sonra həyətdəki balaca arxdan həmin çalaya su axıdılardı. Torpaq tam islanandan sonra doğranmış saman səpilərdi və ondan sonra həmin yaş palçığı tapdalamağa başlayırdılar.   Ayaqyalın da tapdalamaq olurdu, uzunboğaz sapoq da geyib tapdalamaq olardı. O vaxta qədər tapdalayardılar ki, saman palçığa tamamilə qarışsın.  Samanla palçıq qarışığı tam hazır olandan sonra üstünə ya köhnə palaz ya da sallafan, ya da tol deyilən bir şey salardılar. Palçıq beləcə üç-dörd gün isti günün altında qalardılar. Kərpickəsmə bundan sonrakı mərhələ idi. Kərpic kəsmək üçün taxtadan xüsüsi qəliblər hazırlanardı. Dörd  gözü olardı qəlibin. Həmin qəlibin içinə ya quru peyin ya da lap xırda doğranmış saman səpərdilər ki, yaş palçığı ağzıüstə torpağa çevirəndə rahat çıxa bilsin, qəlibə yapışıb qalmasın.  Adətən bir nəfər palçıq quyusunun içində palçığı qəlibə yığmaqla məşğul olardı, bir –iki nəfər isə qəlibi dartıb ağzıüstə təmiz süpürülmüş yerə çevirirdi. Bu yolla bəzən bir gündə 200-300,  bəlkə də daha çox kərpic kəsilirdi. Adət idi, kərpic kəsən adama qonşular kömək edərdilər. Kərpiclər bir az quruyanda  o biri üzü üstə çevrilərdi.  Hər  iki üzü quruyan kərpicləri “ eşşək” deyilən bir formada, üçbucaq şəklində yığardılar. Elə yığılardı ki, kərpiclərin arasında məsafə qalsın. Kərpiclər barıya palçıqla hörülürdü. Ev tikiləndən sonra palçıqla suvanardı. Eynilə kərpicin palçığı kimi palçıqla suvanandan sonra dəfələrlə şirələnərdi ki, şirəyə düşsün. Kəndin qırağında xüsüsi şirə torpağı olurdu. Kürün sahilindəki qayalıqlarda ya da Kürün qabağına çəkilmiş bənddə belə şirələr olardı. Həm sarı həm də boz şirə vardı. Həmin şirəni meşoklara yığıb gətirirdik. Anamız şirəni isladardı, sonra üstünə su əlavə edib yumşaq əskiylə divarı şirələyərdi. Hər il ən azı 3-4 dəfə ev şirələnərdi. Şirələnən evin çox gözəl bir qoxusu olardı. Evin divarlarına yun ya da pambıq palaz vurular, palazın üstünə isə balaca, taxta çərçivələrdə ailə üzvlərinin şəkilləri vurulurdu. Divarda dilaf ( bəlkə dolab) olurdu. Yorğan-döşək həmin dilafa yığılırdı. Lap köhnə evlərdə ocaq yeri də olurdu. Qışda evlər həmin ocaqla qızdırılarmış . Sonra tikilən evlərdə ocaq yeri qoyulmurdu. Qışda bizim ev odun peçiylə qızırdı. Odunlar yayda yrama şəklində doğranırdı, qışda isə həmin yarmalar bir az xırda doğranardı. Odunları evə daşımaq uşaqların vəzifəsinə daxil idi. Peçin kənarına  yığılırdı, gecə lap qalın olan odun peçin içinə qoyulurdu ki, yavaş-yavaş yansın. Hər səhər tezdən peçin külü götürülürdü, təzədən alışdırılırdı. Odun peçinin üstündə eyni vaxtda  həm çaydanı qaynatmaq olurdu, həm də yemək  bişirmək. Qış vaxtı çox vaxt samovar qaynadılardı. Çünki peçin içi hazır kömürlərlə dolu olurdu.   Heyva, kartof bişirirdik peçin közündə.  Közdə bişən heyvanın yaxud kartofun tamını başqa heç nə verə bilməz. Daha sonralar isə nöyüt peçindən istifadə etməyə başladılar. İçi təxminən 3 litr nöyüt tutan balaca bir bak evin divarına bərkidilirdi. Bakın aşağısında isə balaca vint olurdu. O vinti burandan sonra nazik, uzun çubuğa bənzər boruyla nöyüt peçin içinə tökülürdü. Bu cür peçlər çox təhlükəli idi.  Nöyüt yavaş-yavaş damcılamalıydı, yox  təsadüfən sürətlə axsaydı peç qıpqırmızı qızardı, hətta partlayardı, yanğın baş verərdi.

İlin sevimli fəsli-qış….

Qış uşaqların sevdiyi fəsil idi. Sanki uşaq olduğumuz onda yada düşürdü. Yaz, yay, payız fəslillərində biz uşaqlar da kolxozçu olurduq. Qışda isə yağışsız, qarsız havalarda müxtəlif oyunlar oynayardıq.  O illərin uşaqları zəhmətin nə olduğunu hələ uşaq yaşlarından bilirdilər. Bircə ibtidai sinif uşaqlarını pambığa aparmırdılar. Beşinci sinifdən başlayaraq hər il aprelin sonlarından etibarən bütün məktəblilər iki yük daşıyırdıq. Həm dərsimizi oxumalıydıq həm də pambığı becərməkdə, yığmaqda kolxozçulara kömək etməliydik. Kolxozçulardan fərqimiz o idi ki, kolxozşular alaq etdikləri üçün əməkgünü alırdılar, şagirdlər isə yox. Bir fərq də o olurdu ki, biz kolxozçulardan tez gəlirdik evə. Bəzən isə yarım gün. Pambıq sahəsindən gələndən sonra məktəbə getdiyimiz vaxtlar da olub. Hər səhər saat 9 yaxud 10- da məktəbin həyətinə toplaşırdıq. Yük maşınları gəlirdi. Biz uşaqlar o maşınlara doluşardaq. Hər gün bir müəllim sürücünün yanında oturub bizimlə gedirdi.  Özümüzlə su aparırdıq. Amma çox vaxt  hansı briqadirin əkin sahəsinə gedirdiksə suyu da həmin briqadir aparırdı. Günorta bizə yemək verilirdi. Çörək, kotlet,  pendir və sair. Quru yeməklər. Pambıq vaxtı işimiz çətin olurdu. Səhər gedib axşamüstü gəlirdik.  Bizim yığdığımız pambıq  bizi sahəyə aparan yük maşınına yığılırdı,  istanın həyətinə gətirilirdi. Bizim pambığımız kolxozçuların pambığından bir az tez çəkilirdi. Bizimlə gedən müəllim  kimin nə qədər  pambıq yığdığənı ayrıca bir dəftərə yazardı. Biz də kolxozçular kimi  pambıqpulu alırdıq. Kolxozçulara pambıqpulu veriləndə biz də “ vedomost” –a qol çəkib pulumuzu alırdıq. Bəzən elə olub ki, pambıq pulu çox gec verilib. Biz məktəbə qayıtmışıq. Dekabr, hətta bəzən yanvar ayında son aylarda yığdığımız pambığın pulunu alırdıq. Pulu valideynlərimizə verirdik, onlar isə məktəb bufetində xərcləmək üçün xərclik verərdilər. O illərin uşaqları elə bil anadangəlmə zəhmətkeş idilər. Valideynlərimiz bizə deməzdilər ki,  hansısa bir işi görək.

İyun, 2012. Xüsusi olaraq www.zerdab.com saytı üçün.

6 ŞƏRH

  1. Cox saq olun oxuduqum en maraqli naqillardan romanlardan yazilardan maraqli oldu menim ucun.

  2. Elə qayıtmaq istərdim o illərəə, hamı bərabər, mehriban, şən-firavən idilər. O illər nə qədər əziyyətli olsada, o qədər də şirin və mənalı idi. Keçdi o günlər, çox mütəəssir oldum.

  3. Çox sağ olun! O gün televizorda pambıq sahəsi göstərirdilər. Ağappaq açılmış pambığı görəndə elə bil doğmamı görürdüm….Elə yığardım ki o pambığı….

  4. Bu xatirələri çox həvəslə oxuyurdum, çox mütəəssir olmuşdum, özümü kövrəlməkdən güclə saxlayırdım. İstan sözünü oxuyanda tab gətirmədim, gözlərim yaşardı. Unudulmuş, lakin mənə dogma olan istan, piləkən, sözləri elə bilirdim ancaq bizim kənddə işlədilirdi. Adama elə gəlir ki, Sevil xanım bizim kənddə yaşayıb və bu kəndin xatirələrini qələmə alıb. Çox-çox minnatdaram.

  5. Бу ки , бизим Меликли кендидир!!! Ушаглыг иллерим ядыма душду!!!

Comments are closed.