Əsas məsələ insanın nəyi eşitməsi deyil, nəyi eşitmək istəməsidir

2
21

Cırcırama

 

İlk dəfə idi ki, Nyu-Yorka gəlmişdi. “Göylərə baş çəkən” binalar, saysız-hesabsız insanlar onu əməlli-başlı heyrətləndirmişdi. İzdihamlı bir küçədən keçəndə qulağına haradansa doğma bir səs gəldi. Ayaq saxlayıb, diqqətlə qulaq asdı. Bu, bir cırcıramanın səsi idi. Səs böyük bir mağazanın qarşısındakı çayırlıqdan gəlirdi. Yaxınlaşıb diqqətlə baxmağa başladı. Bu vaxt mağazanın satıcılarından biri ona yaxınlaşıb: “Sizə nə kömək edə bilərəm?” – deyə soruşdu. “Çox sağ olun, bir şey lazım deyil. Sadəcə olaraq, mənə elə gəldi ki, buradan cırcırama səsi gəlir”, – deyə cavab verdi. Satıcı təəccübləndi və “Nyu-Yorkda cırcırama? Bu ki mümkün deyil”, – dedi. Ancaq qonaq fikrində qəti idi. Çox axtarandan sonra cırcıramanı tapdı. Cırcıramanı görən satıcı heyrətini gizlədə bilmədi və “Yəqin ki, sizin qeyri-adi qabiliyyətiniz var. Yoxsa bu səs-küydə bir böcəyin səsini necə eşitmək olar?” – dedi. Qonaq gülümsədi və cibindən xırda bir pul çıxarıb havaya atdı. Pul yerə düşən kimi səsinə onlarla adam ayaq saxladı. Artıq “son sözü” demək vaxtı idi: “Əsas məsələ insanın nəyi eşitməsi deyil, nəyi eşitmək istəməsidir”.

——————————————————————————————
O, axmaqdırmı?

İş adamı, bir tərəfdən, üzünü qırxdırır, bir tərəfdən də, bərbəri ilə söhbət edirdi. Bu vaxt bərbərin gözü qapının ağzından keçən üstü-başı sökülmüş uşağa sataşdı. Bərbər iş adamının qulağına əyilib: “Bu uşağı görürsən, dünyanın ən axmaq uşağıdır, inanmırsan bax”, – deyə pıçıldadı. Bərbər bunu deyib qapıya çıxdı və əli ilə uşağı yanına çağırdı. Uşaq sakitcə bərbərxanaya girdi. Üzündə axmaq bir təbəssüm var idi. Salam verdikdən sonra bir tərəfdə dayandı. Bərbər bir əlində beşlik, bir əlində onluq ona yaxınlaşdı və: “Hansını istəyirsənsə, götürə bilərsən”, – dedi. Uşaq bir beşliyə, bir onluğa baxdı, sonra da beşliyi götürüb sürətlə bərbərxanadan çıxdı. Bərbər üzünü müştərisinə tutub: “Gördün? Mən sənə demişdim axı…” – deyə güldü. Bir azdan iş adamı üzünü qırxdırıb küçəyə çıxdı və bir az irəlidə öz-özünə oynayan uşağı gördü. Yanına gedib bərbərdən niyə onluğu yox, beşliyi götürdüyünü soruşdu. Uşaq bu dəfə heç də axmaq olmayan bir təbəssümlə: “Əgər onluğu götürsəm, onda oyun bitər!” – deyə cavab verdi.

Mənbə: “Ailəm” jurnalı

2 ŞƏRH

  1. Tanri her birimize yaxsi sozler esitmeyi,yaxsi seyler gormeyi nesib etsin.Vacib olan budur.

Comments are closed.