İnsanlar həyatı birlikdə paylaşacaq, istək və arzuları birlikdə qarşılayacaq, hədəfə birlikdə addımlayacaq, sevinc və xoşbəxtliyi birlikdə yaşayacaq qabiliyyətlərdə yaradılmışlar. Bu isə o deməkdir ki, evlənmək, ailə qurmaq əbədi bir ehtiyacdır və bu ehtiyac Uca Yaradanın bizə bir lütfüdür. Daha vacib məsələ isə evləndikdən sonra bu evliliyi xoşbəxt, sağlam və mehriban şəkildə davam etdirməkdir. Elə bu yazımın da əsas məqsədi bu məsələlər üzərində qurulub.
Ən çox da qadınlara aid olan bu cümləni yəqin ki, siz də eşitmisiniz: “Evləndikdən sonra dəyişdi”. Bəli, buna demək olar ki, bir çox hallarda rast gəlirik.
Evlilik ərəfəsində, xüsusilə də, nişanlılıq dövründə insanlar bir-birilərinə daha nəzakətli və diqqətli davransalar da, evləndikdən bir müddət sonra bəzi anlaşılmazlıqlar ortaya çıxmağa başlayır. Daha əvvəl fərqli zövqlərini, fərqli istəklərini və fərqli arzularını bir-birilərinə uyğunlaşdırmağa, eyniləşdirməyə çalışan fərdlər artıq özlərinə xas düşüncələrə sahibdirlər. Bunun əsas səbəblərindən biri nişanlılıq dövründə olan daha qabarıq olan duyğuların evləndikdən sonra nisbətən zəifləməsidir. Bunu da qadınlar daha tez sezirlər. Çünki onlar analıq duyğusu kimi ali bir hisslə təchiz edildikləri üçün kişilərdən daha həssasdırlar.
Bəs kiçik mübahisələrin, böyük münaqişələrə çevrilməsinin qarşısını almaq üçün nələrə əməl etmək lazmdır? Əlbəttə ki, sevgi, hörmət, fərdlərin qarşılıqlı etimadı və etibarı ailə həyatının mühüm şərtləri olaraq qalır. Mən isə bunların heç birindən deyil, fikrimcə, insanların ən çox diqqət etməli olduqları bir məsələ barədə, yəni “diqqətli olmaq” barədə danışmaq istərdim. Mövzunun mahiyyətini mümkün qədər qısa şəkildə izah etməyə çalışacağam.
Gəlin, əvvəlcə, qadınlardan başlayaq. Qadınların diqqət etməli olduqları məsələlərdən biri, həyat yoldaşlarına özünəinam hissini verə bilmələridir. Məsələn, həyat yoldaşınız evdəki hər hansı bir əşyanı təmir etmək istədiyini dedikdə, “Sən bacarmazsan”, “Sənlik deyil” və s. kimi cavablar verilsə, bir neçə dəfədən sonra artıq o, sizin fikrinizi soruşmağa ehtiyac duymayacaq. Əgər, həqiqətən, təmiri çətin bir əşyadırsa və bunu təmir edəcəyinə inanmırsınızsa, “Məncə, usta çağır, daha tez həll olsun, vaxtını boş yerə israf etmə” cavabını versəniz, həyat yoldaşınızın sevgisini bir daha yenidən qazanmış olarsınız.
Diqqət baxımından qadınlar kişilərdən daha çox tələbkardırlar. Qadınlar gördükləri işin təriflənməsini, gözə çarpmasını istəyirlər. Kişilər də çalışmalıdırlar ki, bunu vaxtında görüb, təqdir etsinlər. O cumlədən kişilər aktiv dinləyici olmalıdırlar ki, qadının nə demək istədiyini başa düşsünlər. Bir qədər əvvəl də vurğuladığım kimi, qadınlar analıq duyğusu ilə yaradıldıqlarından daha həssasdırlar və tez hissetmə, həmçinin daha tez anlama qabiliyyətinə malikdirlər. Buna görə də qadınlar bəzən kişiləri də özləri kimi hesab etdikləri üçün bir sıra mübahisələr və küskünlüklər meydana gəlməyə başlayır.
Nə isə istədikdə adını çəkmədən ondan uzun-uzadı danışırlar və ən əsası istədikləri bu şeyin nə oldugunu kişilərin tapmasını istəyirlər. Əgər biz onun nə olduğunu tapıb alsaq, bu onlar üçün böyük bir surpriz olar. Yox, əgər əks-hal baş versə, deməli, onu dinləməkdə diqqətsiz davranmışıq. Bu isə onlar üçün böyük zərbə deməkdir.
Hədiyyəni, sürprizi hamı xoşlayır. Qadınlar isə bütün həyatları boyu bunu yaşamaq istəyirlər. Bizdən yalnız ad günlərində və bayramlarda yox, hər gün sürprizlər gözləyirlər. Bu, ilk baxışdan çətin görünsə də, əslində çox asandır. Bunun üçün, sadəcə olaraq, onlara sona qədər qulaq asmaq və dediklərini diqqətlə dinləmək lazımdır. Çünki onların istəkləri dedikləri sözlərdə gizlənir.
Üstəlik, qadınlar dinlənilmədiklərini gördükdə sevilmədiklərini düşünürlər. Digər səbəb isə onların daha emosional olmalarıdır. Digər tərəfdən, qadınlar “yox” cavabı almaqdan qorxurlar. Ona görə də dolayı yollarla istədiklərini anlatmağa çalışırlar. Qadın danışmırsa və ya qısa danışırsa, əmin olun ki, işlər qaydasında getmir. Nəbadə bunu kiçik bir şey kimi görüb üstundən keçəsiniz. Yoxsa, bu sizin üçün çox böyük “başağrısına” çevrilə bilər.
Kişilərin diqqətli olmasını tələb edən digər bir xüsusiyyət isə xanımına əsl xanım kimi münasibət göstərməsi və bunu ona hiss etdirməsidir. Deməli, necə ki, kişilər bir ailə başçısı kimi hörmət görmək və ya söz sahibi olmaq istəyirlərsə, qadınlar da evin xanımı kimi nəzakət və qayğı gözləyirlər.
Heç bir qadın ata-anasının “müzakirə obyekti” olmasını istəməz. Hətta o özü bunu etsə belə, siz onlara baxıb düşünülməmiş cavablar verməyin. Məsələn, həyat yoldaşınız atasının yemək yeməyindən danışarkən: “Atam çox səliqəsiz yemək yeyir” deyirsə, bu, həqiqət olsa belə, siz onunla eyni fikirdə olmağa çalışmayın. Əksinə, bunun elə də problem olmadığını və daha səmimi və iştahaçan bir mənzərə meydana gətirdiyini deyin. Belə olduqda həm yoldaşınızın fikirlərindəki mənfi komleksi silmiş olar, həm də onun ailəsinə dəyər verdiyinizi hiss etdirmiş olarsınız.
Bəs bütün bunları həll etmək üçün nə etməliyik? Sevinclər paylaşdıqca çoxalır, kədərlər isə paylaşdıqca azalır. Deməli, ilk növbədə, bu şəraiti yaratmaq lazımdır. Yorğun kişi evə gərgin dönür. Çayını içib, yeməyini yeyir, sonra televizorun qarşısına keçib, müxtəlif proqramlarla və ya futbolla vaxtını keçirir. Bütün günü ev işləri ilə yorulan ana isə hirsli-hirsli mətbəx işləri ilə məşğuldur. Hər kəsin gündəmə gətirəcəyi problemlər və ya istəklər var. Ancaq yorğunluq və məşğuliyyət sanki bütün bunların öhdəsindən gəlmək mümkün deyilmiş kimi, bir psixoloji şərait yaradır. Və tərəflər bir-birini “incitməmək” üçün danışmamağa üstünlük verirlər. Bu isə nəticədə gərginliyi və soyuqluğu daha da artırır. Çünki danışmasanız, dərdlərə çarə tapılmaz, problemlər həll olunmaz.
Ailədə söz-söhbət yoxdursa, deməli, problem çoxdur. Hər problemi danışaraq həll edən ailələrdə daha səmimi atmosfer yaranır. Sakit və özünə qapalı fərdlərdən təşkil edilən ailələrdə isə bunun əksi baş verir. Ona görə də evə gələndə nə olursa olsun, özümüzü həyat yoldaşımızla və ya uşaqlarımızla danışmağa, söhbət etməyə məcbur etməliyik. Hətta bunu planlı şəkildə də etmək olar. Məsələn, gəlin evimizdə söhbət saatı quraq və bunun üçün elə vaxt secək ki, hec kimin işinə mane olmasın.
Əgər “nə haqda söhbət edəcəyik?” deyirsinizsə, ən sadədən başlaya bilərsiniz. Məsələn, növbəti günün planları barədə müzakirəyə və ya gününüzü necə keçirdiyinizi “təhlil edərək”, söhbətə başlaya bilərsiniz. Danışdıqca hər kəsin dərdləri və ya istəkləri aydınlaşır. Bundan sonraki mərhələdə isə diqqətli olmaq lazımdır. Və sonda sözümü Mövlananın sözü ilə bitirmək istəyirəm: “Eyni dili danışanlar deyil, eyni duyğuları paylaşanlar anlaşırlar”.
Mənbə: “Ailəm” jurnalı.