BU BAŞ BU PAPAĞA YARAŞMIR…
Bu baş bu papağa yaraşmır dədə,
Bu başın geyimi şal olmalıdı,
Bu başı salamat saxlasın deyə,
Bu başın sahibi lal olmalıdı.
***
Bu baş bu papağın nəyinə gərək?
Bu başa gündə yüz qapaz dəyəcək.
Bu papaq bu başla öyünə gərək, –
Yolunda gündəlik qapaz yeyəcək.
***
Bəxtəvər başına vallah bu başın,–
Nə həftə gözləyir, nə də ayını,
Yalvarmır, axıtmır gözünün yaşın,–
Dikəldi, – verirlər qapaz payını.
***
Papaq var, qoyulan başdan bahadı,
Geyənin papağa yazığı gəlmir.
Papaq var, verilib bir ölkə adı,
Onu geyən başlar heç vaxt dikəlmir.
***
Bəsdir İsaməddin, gülmə başlara,
Axı papaq nədir, – başın qapağı.
Çox başlar meylini salıb xaşlara,
İçi də tamam boş, – neynir papağı?!…
MÜƏLLİF: İSAMƏDDİN ƏHMƏDOV
Super. Axır vaxtlar heç bir şer mənə belə ləzzət etməmişdi. Bəziləri yəqin payını götürər ))
Comments are closed.