“Zərdablı kimya müəlliminin acı taleyi” adlı yazıya – CAVAB

5
46

reanimasiya63 yaş biz azərbaycanlılarda təəssüf ki, artıq qocalıq sayılsa da, əslində dünyada qəbul olunmuş orta yaş mərhələsidir. Bu yaşda dünyasını dəyişmiş Köçərli müəllimin acı taleyi ilə bağlı hörmətli Nicat İntiqamın yazısından çox kədərləndim. Birincisi ona görə ki, Köçərli müəllimi itirməklə biz zərdablılar hələ çox gənclərimizə savad, nəticədə isə Azərbaycanımızın gələcəyinə elmi töhfələr verə biləcək bir ziyalımızı itirdik. İkincisi isə bu ölüm faktı ilə bir daha ortaya çıxan, yazıda da vurğulandığı kimi səhiyyə sistemimizdəki nöqsanlara – müəyyən qrup tibb personalının qeyri-insani münasibəti, etinasızlığı və biganəliyinə görə acı təəssüf hissi keçirdim.
Köçərli müəllimin haqqın dərgahına qovuşmasını əslində onun taleyi, qisməti kimi qəbul etmək lazımdır. Ancaq bu da acı reallıqdır ki, səhiyyəmizdə bu gün çox ciddi problemlər mövcuddur və təəssüf ki, biz vətəndaşlar bunu gündəlik həyatımızda mütəmadi müşahidə edirik. Xüsusən də həkim, tibb bacısı laqeydliyini, məsuliyyətsizliyini. Bununla mən səhiyyəmizin fəaliyyətinə kölgə salmaq istəmirəm, əsla. Şükürlər olsun ki, savadlı, qayğıkeş, insanpərvər həkimlərimiz çoxdur. Ancaq bu acı tale məni mövcud neqativ hallara bir vətəndaş münasibəti bildirməyə vadar etdi.
6 yaşlı bacım oğlunu danışıq qüsuru ilə bağlı Cənubi Azərbaycanımızın Ərdəbil şəhərində müalicə etdiririk. İlk illərdə uşağı respublikamızın bu xəstəlik üzrə ixtisaslaşmış əsas xəstəxanası – Uşaq Nevroloji Xəstəxanasında, eləcə də digər səhiyyə ocaqlarımızda bir neçə il ardıcıl müalicə etdirsək də heç bir müsbət nəticənin olmadığını görərək ölkə xaricinə getməyə qərar verdik. Şükürlər olsun ki, cəmi 3-cü dəfə getməyimizə baxmayaraq, artıq müsbət mənada xeyli irəliləyiş var. Bununla mən iranlı həkimləri tərifləmək, yaxud reklam etmək fikrində deyiləm. Savadlı həkimlərimizə çox böyük hörmətim var. Mənə bir vətəndaş kimi çox pis təsir edən acı reallıq odur ki, hər gün öz ölkəsində şəfa tapa bilməyən minlərlə yaşlı, xəstə, əlil vətəndaşımız min bir əzab-əziyyətlə, obyektiv və subyektiv səbəblərdən sərhəddə bəzi hallarda qarşı tərəfin süni maneələrinə, süründürməçiliklərinə, alçaltmalarına, vaxt itkisinə dözərək, çoxlu vəsait xərcləyərək qonşu ölkəyə gedir. Bununla da vətəndaşımızın həm mənəviyyatı alçaldılır, həm də hər gün 100 minlərlə manat vəsaitimiz dövlətimizin ərazisindən çıxaraq başqa ölkəyə axır. Bu da sözsüz ki, iqtisadiyyatımıza, büdcəmizə ziyansız ötüşmür. Ancaq neyləmək olar. Can çox şirindir. İnsan şəfa tapmaq üçün bütün əzablara qatlaşır.
Sonda belə nəticəyə gəlirəm ki, çox hörmətli akademikimiz Əhliman müəllim Əmiraslanov – bizdə tibb çox inkişaf edib, İrana müalicə məqsədilə çoxsaylı vətəndaşımızın axını yoxdur desə də (bir dəfə hansısa verilişdə qonaq olan hörmətli akademikimizi şəxsən özüm dinləmişəm), “Əlahəzrət Fakt” göz qabağındadır. Hörmətli Əhliman müəllim bir neçə saat Biləsuvar və Astara sərhəd-keçid məntəqələrində müşahidə aparmaqla şəxsən özü hər şeyin şahidi olar…
Məncə əsas faciəmiz kimi vətəndaşlarımızı həkimlərimizdən qaçaq salan acı həqiqət bəzi həkimlərimizin təkcə savadsızlığı ucbatından deyil, daha çox xəstələrə göstərilən laqeyd münasibət, loru dildə desək həyatları ilə oynamaq və sağlamlıqlarını bəzi dərman firmaları ilə alver vasitəsinə çevirmələridir (yeri gəlmişkən, bu gün əksər xəstəxanalarımızda gözəl-göycək, geyimli-keçimli dərman satan oğlan və qızlarımızın sayı az qala həkimlərimizin sayından çoxdur. Onu da qeyd etmək istəyirəm ki, onların satdığı bir çox dərmanların keyfiyyətsiz olmasını hətta müəyyən həkimlərimiz də etiraf edirlər). Bu cür həkimlərimizə fəaliyyətə başlayarkən verdikləri sözü, içdikləri andı bir daha xatırlatmaq istəyirəm.

Hippokrat andı: Apollona – loğman Asklep, Higeya və Panakeya və bütün tanrıların şahidliyində and içirəm ki, verdiyim sözə və götürdüyüm öhdəliklərə gücüm və dərrakəm çatdığı qədər əməl edəcəyəm: bu sənətdə müəllimimi valideynlərim kimi tanıyacağam, qazandığımı onunla bölüşəcək və ehtiyaclarında ona köməkçi olacağam; onun övladlarını özümə qardaş bilib, öyrənmək istədikləri təqdirdə onlara bu sənəti bir ödəniş və ya sənəd almadan öyrədəcəyəm; şifahi dərsləri və təbabət biliklərini öz və müəllimimim övladlarına və ancaq təbabət qaydalarına sadiq və həkim andı içən şagirdlərimə öyrədəcəyəm. Bunlardan başqa bir kimsəyə öyrətməyəcəyəm. Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil kömək üçün istifadə edəcəyəm. Məndən istifadə üçün zəhər istəyənə onu verməyəcəyim kimi, belə bir hərəkət tərzini belə tövsiyə etməyəcəyəm. Bunun kimi bir hamilə qadına uşaq salması üçün kömək etməyəcəyəm. Həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm. Sidik kisəsi daşından əziyyət çəkənlər yarmayacaq və onları bu işlə məşğul olanlara həvalə edəcəyəm. Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm, qəsdli olan bütün pisliklərdən qaçınacağam, istər azad istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəyəm. İstər sənətimin icrası, istərsə də sənətim xaricində insanlarla münasibətdə baş verənləri, görüb eşitdiklərimi bir sirr olaraq saxlıyacağam və kimsəyə açmayacağam. Andıma sadiq olaramsa qoy həyatımda və sənətimdə nəsibim xoşbəxtlik və insanların rəğbəti, olmaramsa bunun əksi olsun.
Bu da mənim bir müsəlman vətəndaş mövqeyimdir ki, onsuz da xüsusən də Hippokratın keçmişi ilə bağlı son zamanlar müxtəlif mübahisəli müsbət və mənfi mülahizələr yürüdülür. Bəlkə də ondandır ki, bəzi dırnaqarası savadlı həkimlərimiz içdikləri andın mahiyyətinə varmır, məsuliyyətindən qorxmurlar. Çox yaxşı olardı ki, necə ki, Prezidentimiz and içir, eləcə də həkimlərimiz də müqəddəs kitabımız “Qurani-Kərim”ə and içərək fəaliyyətə başlayardılar. Əminəm ki, onda daha məsuliyyətli və səmərəli tibbi xidmətin şahidi olardıq.
Səhiyyəmizdəki bu problemlər, xüsusən də kadr problemi doğma Zərdabımızdan da yan keçmir. Ola bilər ki, təhlil və münasibətdə müəyyən qeyri-dəqiqliyə yol verim, ancaq bu mənim şəxsi vətəndaş mövqeyimdir ki, bu gün təxminən 44 yaşayış məntəqəsi, 50 min nəfər sakini olan bu rayonun ən ciddi səhiyyə problemi kadr, xüsusən də uzun illərdir ki, mövcud olan cərrah problemidir. Düzdür, ağlım kəsəndən Allahverən həkimin bir cərrah olaraq çox insana şəfa verdiyi, savadlı və bacarıqlı həkim olduğu haqda çox eşitmişəm və onu da bilirəm ki, hazırda da bacarığı səviyyəsində vicdanla rayon sakinlərinə xidmət göstərir. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, son illərdə eşitməmişəm ki, rayonumuzda hansısa bir orta ağırlıqda cərrahiyə əməliyyatı keçirilsin (bu məsələdə rayon xəstəxanasında lazımi avadanlıq və cihazlarla təmin olunmuş, yaxşı şəraitli cərrahiyə otağının olmaması da mənfi mənada öz təsirini göstərir). Xəstələr əsasən qonşu Ucar, Göyçay, Ağcabədi rayonlarına, eləcə də Mingəçevir və Bakı şəhərlərinə göndərilir. Axı bizim adlarını çəkdiyim qonşu rayonlarımızdan nəyimiz əskikdir?! Zərdab insanının, kəndlisinin günahı nədir ki, öz rayonunda deyil, hadisə anında keçən hər saniyənin həyatda qalmaq baxımından əhəmiyyətini nəzərə alaraq vaxt itkisi və artıq xərclə nəticələnən uzaq məsafə qət etməlidir?! Təsəvvür etmək çətin deyil ki, gecənin bir aləmində ya xəstəlik, yaxud qəza nəticəsində təcili cərrahiyə əməliyyatına ehtiyacı olan bir zərdablının aqibəti necə olar? Qoy həkimimiz məndən inciməsin . Onun şəxsiyyəti və sənətinə böyük hörmətim var. Lakin cərrahiyənin daha kritik anlarda öz sözünü deməli olduğunu, eləcə də digər ixtisaslar üzrə bir neçə həkimin əhaliyə xidmət göstərdiyi halda, bildiyim qədərilə bu çox vacib sahədə isə ikinci bir bacarıqli cərrahın olmamasını nəzərə alaraq məhz bu sahəyə münasibət bildirirəm. Eyni zamanda bu da bir həqiqətdir ki, istənilən halda yaş öz sözünü deyir. Günbəgün, saatbasaat inkişaf edən müasir səhiyyə isə yeni texnologiyaları mənimsəmiş, savadlı, bacarıqlı, xüsusən də gənc kadrların vasitəsilə daha da inkişaf edir.
Bir az da optimist olaraq ümid edirəm ki, dövlətimiz tərəfindən hazırda əsaslı təmir olunan Zərdab MRX-nin madi-texniki bazası nəhayət ki, digər rayonlarımız səviyyəsində qurulacaq və sakinlərə sözün həqiqi mənasında cani- dildən cavan, savadlı həkimlər, eləcə də cərrahlar xidmət göstərəcəklər.
Ümumuyyətlə isə düşünürəm ki, səhiyyəmizin hərtərəfli inkişafının təmin olunması gecikmiş olsa da birmənalı şəkildə ölkəmizdə “Tibbi Sığorta”nın inkişaf etdirilməsi və əhali arasında tam tətbiq olunmasından asılıdır.
Haşiyəyə çıxaraq qeyd etmək istərdim ki, mən müəllim ailəsindənəm və valideynlərimin hər ikisi müəllimdir. Bu sənətin necə çətin, məsuliyyətli və şərəfli bir peşə olması mənə yaxşı məlumdur. Təvazökarlıqdan uzaq olsa da Azərbaycan SSR-in “Əməkdar Müəllim”i olmuş və uzun illər Şahhüseynli kənd orta məktəbinin direktoru vəzifəsində çalışmış el ağsaqqalı, babam mərhum Orucalı müəllimin də rəhmətə getdiyi vaxtda onu tanıyan insanların necə böyük təəssüf hissi keçirmələrindən mənə çox yaxşı məlumdur əsl ziyalını itirmək acısı. Köçərli müəllimin də itkisi belə acılardandır.
Sonda bir daha Köçərli müəllimin ailəsinə, eləcə də qohumu hörmətli Nicat müəllimə dərin hüznlə başsağlığı verirəm.
Həzrəti Peyğəmbərimiz (s.ə.s.) də 63 yaşında dünyasını dəyişib. Qoy uca Tanrı Peyğəmbərimizə olan sevgi və mərhəmət hissi xatirinə, bütün rəhmətə gedənlərimizə, eləcə də Köçərli müəllimə cənnəti nəsib etsin. Amin!

Dərin hörmətlə, Qurban Süleymanov-Şahhüseynli.

5 ŞƏRH

  1. Aisa xanım, mənə bildirdiyiniz arzuya görə təşəkkür edirəm.

  2. Deyirler heqiqet ne qeder aci olsa bele soylemekden cekinme,qorxma.Cunki Yaradan haqqi deyeni sever.Etiraf etmek lazimdir ki,bunu her insan ovladi bacarmir.Dogrunu soyleyen dilden,yazan elden Tanri razi olsun.

Comments are closed.