Əslən Zərdabdan olan ziyalı nəslin layiqli davamçısı… – Yorulmayasınız, Elnur Allahverdiyev…

0
45059
Elnur Allahverdiyev-millet-vekili-Marat-Allahverdiyev2

Zərdabda sayılıb-seçilən nəsillər çox olub və elə indi də var. Bu nəsillərə Zərdabda həmişə xüsusi hörmət, rəğbət, sevgi olub. Maraqlıdır ki, bu nəsildən olanlar hətta rayonumuzdan kənara köçəndə, başqa ölkələrə üz tutanda da gendən gəlmə xoş missiyanı, ənənəni davam etdirirlər.

Zerdab.com saytı olaraq bu yazımızda bəzilərinin bildiyi, bəzilərinin bilmədiyi faktlara toxunmaqla belə bir böyük nəsillərdən birinin nümayəndələri haqqında məlumat verməyə çalışacağıq.

Deyir, sevinc bölüşdükcə çoxalır, kədər bölüşdükcə azalır. Bu mənada, yaxşı əməlləri təbliğ etmək həm də başqalarına nümunə olması, təşviq etmək baxımından önəmlidir…

Akademik Marat Allahverdiyevi rayonumuzda çoxları, xüsusən də orta və yaşlı nəslin nümayəndələri çox yaxşı tanıyırlar. Çünki əslən Zərdab rayonunun Körpükənd kəndindən olan Marat müəllim xeyirxah əməlləri, gördüyü işlərlə sağlığında bu hörməti qazanıb.

marat-allahverdiyev-zerdab-elnur-allahverdiyev

Marat müəllimin atası Allahverdi müəllim də Zərdab rayonunda sayılıb-seçilən, çox hörmətli, ziyalı bir nəslin nümayəndəsi olub.
Allahverdi müəllim ali təhsilini başa vurduqdan sonra Bakı şəhərinə köçüb.
O, Bakıda, müxtəlif bölgələrdə, o cümlədən Şuşada uzun illər müxtəlif yüksək vəzifələrdə çalışıb.

Allahverdi müəllim sevib-seçdiyi xanımla ailə qurub. Bu evlilikdən 1941-ci ilin may ayının 18-də bir oğul övladı dünyaya gəlib.

Allahverdi müəllim oğluna Marat adı qoyub və həm özü, həm də həyat yoldaşı onun təlim-tərbiyəsi ilə ciddi məşğul olublar. Marat Allahverdiyev ortə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik Universitetinə daxil olub.

Hələ Universitetdə oxuduğu illərdə aktiv tələbələrdən olan M. Allahverdiyev bu təhsil ocağını yüksək nəticələrlə başa vurub.

İş fəaliyyətinə tikinti sahəsindən başlayıb. Bakı Şəhər Komitəsində tikinti instruktoru, dəmir-beton zavodunun direktoru, Rabitə Nazirliyində Rabitə montaj-tikinti trestinin rəhbəri vəzifələrində çalışıb.

Marat müəllim vəzifədə çalışdığı illərdə atası Allahverdi kişinin ona aşıladığı xeyirxah əməlləri real həyatda tətbiq edib.

Həm bir azərbaycanlı kimi, həm də əslən Zərdab rayonundan olan bir şəxs kimi hər kəsə, o cümlədən Zərdab rayonundan olan və ona müraciət edən həmyerlilərimizə öz dəstəyini, köməkliyini əsirgəməyib.

M. Allahverdiyev daha sonralar Mətbuat və İnformasiya Nazirliyinə çevrilən Azərbaycan Respublikası Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, sədri işləyib.

Əmək fəaliyyəti illəri olduqca zəngin olan Marat müəllim “Bərpaçı” mərkəzinin rəisi, Azərbaycan Mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri vəzifələrində çalışıb.

Marat müəllim Xuraman adlı xanımla ailə qurub. Xuraman Allahverdiyeva uzun illər Rabitə Nazirliyində iqtisadçı vəzifəsində çalışıb.

Bu illər ərzində Marat müəllim əslən olduğu doğma Zərdab rayonu ilə əlaqələrini kəsməyib, hər zaman öz həmyerlilərinə əl tutub, xeyir-şərdə iştirak edib.

Məqalələrimizin birində məlumat verdiyimiz kimi, illər öncə Bakının ən böyük prospektlərindən birinə Həsən bəy Zərdabinin adının verilməsi məhz Marat müəllimin təşəbbüsü və cəhdləri sayəsində mümkün olub.

Marat Allahverdiyev Tarixi Abidələrin Bərpası və Qorunması Komitəsində sədrin birinci müavini vəzifəsində də çalışıb.

1990-1995-ci illərdə Marat müəllim Milli Məclisin Zərdab rayonundan deputatı olub.

Beynəlxalq İctimai Telekommunikasiya Akademiyasının üzvü, akademik, texniki elmlər doktoru olub.

Yeri gəlmişkən, Marat müəllim həm də Bakıda Həsən bəy Zərdabinin büstünün ucaldılması üçün xidmətlər göstərən şəxslərdən biri olub.

Faiq Allahverdiyev-prokuror

Bu yerdə onu da qeyd edək ki, Marat müəllimin əmisi Faiq Allahverdiyev isə ilk Zərdablı prokuror kimi tarixə düşüb.
Faiq Allahverdiyev 1967-ci ildən Azərbaycan Prokurorluğunda şöbə müdiri, sonralar Respublika prokurorunun baş köməkçisi vəzifələrində çalışıb. Müxtəlif illərdə Şamaxı Rayon Prokuroru, Bakı Şəhər Prokurorluğunun şöbə rəisi, Respublika prokurorluğunun böyük prokuroru vəzifələrində işləyib.
Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Prokurorluğun fəxri işçisi kimi yüksək adlara layiq görülüb.
Prokurorluğun Fəxri İşçisi, Baş Ədliyyə Müşaviri Allahverdiyev Faiq Seyid oğlu 29 iyul 2017-ci il tarixində vəfat edib.

Marat müəllimin digər əmisi Abdulla Allahverdiyev isə uzun illər Bakı şəhər Yaşıllaşdırma trestinin rəisi vəzifəsində çalışıb.

Marat müəllimin 3 övladı var.

Onun övladlarından biri də ölkə ictimaiyyətinin də yaxşı tanıdığı Elnur Allahverdiyevdir.

Elnur Allahverdiyev-millet-vekili-Marat-Allahverdiyev-

Elnur Allahverdiyev 1985-1995-ci illərdə Bakı şəhər 47 saylı orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə “Hüquqşünaslıq”, 2012-2015-ci illərdə “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakültələrində təhsil alıb. 1999-cu ilin iyul ayından 2000-ci ilin iyul ayınadək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qazax rayonundakı N saylı hərbi hissəsində hərbi xidmət keçib.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2001-ci ildən deputatlıq fəaliyyətinə başlayanadək “ABC-Telecom” MMC-də baş direktor vəzifəsində çalışıb.

13 noyabr 2014-cü ildən 29 dekabr 2019-cu ilədək Sloveniya Respublikasının Azərbaycan Respublikasındakı Fəxri Konsulu olub.

1 dekabr 2017-ci il tarixində Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsinə təyin olunub.

Milli Məclisin deputatı seçildiyindən bu vəzifədə fəaliyyətini başa vurub.

26 mart 2018-ci il tarixindən 2021-ci ilin iyul ayınadək “Azercell Telekom” MMC-nin İdarə Heyətinin sədri olub.

Yeni Azərbaycan Partiyasının üzvüdür. 9 fevral 2020-ci ildə 17 saylı Yasamal üçüncü seçki dairəsindən YAP-ın namizədi olaraq səslərin 40%-ni toplayaraq VI çağırış Milli Məclisin deputatı seçilib.

Elnur Allahverdiyev-millet-vekili-Marat-Allahverdiyev1

Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin və Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupun rəhbəridir.

Elnur Allahverdiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Gənclər və idman komitələrinin, habelə Hesablama Komissiyasının üzvüdür.

Ailəlidir, üç övladı var.

Yasamal rayonu böyüklüyünə görə Bakının əsas rayonlarından biridir. Elnur müəllim 17 saylı Yasamal üçüncü seçki dairəsindən millət vəkili olaraq hər gün ona müraciət edən yüzlərlə seçicinin səsinə səs verməyə, müraciətlərinin həllinə çalışır.

Elnur müəllim babası Allahverdi kişidən, atası Marat müəllimdən qalan ziyalılıq, el-obasına bağlılıq, xeyirxahlıq missiyasını böyük bir nəslin davamçısı kimi uğurla davam etdirir.

Ümumiyyətlə, Allahverdiyevlər nəsli daim Azərbaycanımıza, Zərdabımıza başucalığı gətiriblər.

Bu nəslin layiqli davamçısı kimi Elnur Allahverdiyevin daha böyük uğurlara imza atacağına inanırıq.

Elnur müəllimə çətin və məsuliyyətli işində uğurlar arzulayırıq.

N. İntiqam

Zerdab.com