Kimə və niyə yaxşılıq edirik?

0
92

dünyaHər əməlin arxasında hansısa niyyət dayanır. İnsan kimə və niyə yaxşılıq etdiyini yaxşı bilməlidir. Əslində yaxşılıq da, pislik də müəyyən mənada insan üçün xarakterdir. Yəni yaxşı adam lazım olan anda tərəddüd edirsə və ya rislik edirsə hər şeydən əvvəl özünə xəyanət etmiş olur. Bu məsələdə Həzrət Əlinin məşhur misalı çox gözəl bir örnəkdir:

“Soruşurlar:

– Əgər sən birisinə yaxşılıq etsən və o bunun qarşılığında sənə pislik etsə, nə edərdiniz?

İmam cavab verir:

– Əlbəttə yaxşılıq edərdim.

– Əgər o yenə pisliklə qarşılıq versə?

– Yenə yaxşılıq edərdim.

– Bu necə olur ki, siz onun hər pisliyinə yaxşılıqla qarşılıq verisiniz?

– Bəs bu olarmı ki, mən yaxşı olduğum halda onu öz pisliyindən çəkindirə bilməyim, o isə pis olduğu halda məni yaxşılıqdan çəkindirsin?”

Göründüyü kimi burada yaxşılıq və pislik seçim deyil, xarakter kimi qarşımıza çıxır.

Bir də onu unutmayaq ki, insan bir iş görəndə hər kəsdən əvvəl Allahı düşünərsə, hər əməli üçün ürəyində Ona hesabat verərsə, heç bir yaxşılığı zay olmaz. El arasında çox gözəl bir söz var: “Balığı at dəryaya, balıq bilməsə də Xaliq bilər”. Əslində insanın niyyəti də elə bu olmalıdır. İnsan yaxşı əməlinin qarşılığını kimdən umursa, mükafatını da ona görə alır. Əgər birinə kömək edəndə nə zamansa onun sənin borcundan çıxacağını düşünürsənsə, daha doğrusu hər yaxşılığı verilmiş bir borc kimi başa düşürsənsə, əlbəttə aldığın qarşılıq, əvəz ürəyincə olmayacaq. Məsələni bir qədər də açıqlasaq, deməliyik ki, Allah-Təala dünyanı istəyənlərə dünyanı, axirəti istəyənlərə axirəti verir. Hər kəs öz niyyətinə görə də qarşılıq alacaq. Allahı düşünənlər, Onun rizasını istəyənlər insanlara elədikləri yaxşılıqları o andaca unudur və heç zaman dilə gətirmirlər. Bu yerdə onu da xatırladaq ki, yaxşılıq edib sonradan başa qaxmaq çox çirkin əməldir. Peyğəmbərimiz Həzrəti-Məhəmməd (s.ə.s) bildirir ki, elədiyi yaxşılığı başa qaxanların üzünə Allah baxmaz, onunla danışmaz.

İnsanın öz imkanlarını, sərvətini əbədiləşdirməsi onları Allah yolunda sərf etməilə mümkün olur. Amma bir məsələ də var ki, insanıq, bəzən səbrimiz daralır, kimdənsə umub-küsürük, sanki yoruluruq. Belə məqamlarda özünü ələ almaq, sakitləşmək, kimsəyə bir şey söyləmədən istirahətə çəkilmək, əgər illah da kiməsə ürəyini açmaq lazımsa, Allahı düşünmək lazımdır. Səbir çox şeyi zamanla yoluna qoyur.

Mənbə: ZAMAN.