Zərdablı şəhid-itkin müəllim – Onu niyə “unutmuşuq”?

0
5349
Ehmed-mamayev
Zərdablı şəhidlər haqqında müxtəlif məlumatlar verilir, paylaşımlar edilir, xatirələri anılır. Ancaq bir şəhid müəllim həmyerlimiz var ki, onu hələ də lazımi qədər tanımamışıq və tanıda bilməmişik. Zerdab.com xəbər verir ki, söhbət Zərdab şəhər 2 nömrəli orta məktəbin müəllimi olmuş Əhməd Mamayevdən gedir. Əhməd Mamayev 13 fevral 1956-cı ildə Zərdab şəhərində dünyaya göz açıb. 1973-cü ildə orta məktəbi bitirdikdən sonra Bakı Bədən Tərbiyəsi Texnikumuna qəbul olunub. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini uğurla başa vurduqdan sonra doğma Zərdaba qayıdaraq Zərdab şəhər 2 nömrəli orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. O, təkcə fənnini tədris edən pedaqoq deyil, həm də vətənpərvər ruhlu gənclər yetişdirən bir müəllim idi. 1990-cı illərin əvvəllərində Qarabağda vəziyyət gərginləşəndə, torpaqlarımız işğal təhlükəsi ilə üz-üzə qalanda Əhməd müəllim üçün seçim çətin olmadı. O, Vətən qarşısındakı borcunu yalnız müəllim kimi deyil, döyüş meydanında da yerinə yetirməyi qərara aldı. Zərdabda könüllülərdən ibarət dəstə formalaşdıraraq Azərbaycan Milli Ordusunun tərkibində cəbhəyə yollandı. Ağdam istiqamətində gedən döyüşlərdə fəal iştirak etdi. 15 iyun 1992-ci ildə Ağdam rayonunun Sırxavənd kəndi istiqamətində gedən ağır döyüşlər zamanı Əhməd Mamayev böyük şücaət nümayiş etdirdi. Həmin döyüşlərdə onun şəhid olduğu bildirildi. Lakin bu günədək nəşi tapılmayıb. O, itkin-şəhidlər siyahısında yer alır. Bu gün Əhməd müəllimin adı bəlkə də kifayət qədər çəkilmir, haqqında geniş yazılar yazılmır. Ancaq unutmayaq ki, Vətənin azadlığı uğrunda canından keçən hər bir şəhid kimi, onun da xatirəsi daim əziz tutulmalıdır. Zərdablı şəhid müəllim Əhməd Mamayevin həyatı gənc nəsil üçün örnək, hamımız üçün isə qürur mənbəyidir.
Onu unutmayaq. Onu tanıyaq və tanıdaq.
Nicat İsmayılov, Zerdab.com