Zeytunumuzun himayəçisi

0
50

zeytunAzərbaycanımızın milli sərvətləri dedikdə hamı ilk olaraq nefti, qazı xatırlayır. Nədənsə unuduruq ki, ölkəmizdə digər təbii sərvətlərimiz də var. Bu mənada bu sıraya əbədiyyət rəmzlərindən sayılan zeytunu da əlavə etmək yerinə düşər. “Quranı-Kərim”də də zeytuna xüsusi dəyər verilir və onun adı bu müqəddəs kitabda 6-7 dəfə çəkilir. Odur ki, Allah-Təalanın yüksək dəyər verdiyi bu bitkinin insan üçün nə qədər faydalı və şəfalı olduğu barədə mübahisə etmək yersizdir. Bir sözlə, əslində zeytunun və onun məhsullarının heç reklama da ehtiyacı yoxdur.

Qeyd edək ki, zeytun əvəzolunmaz qida və müalicəvi bitki kimi min illərdir ki, insanların diqqətini özünə çəkir. Həqiqətən də, insan orqanizminin elə bir üzvü yoxdur ki, bu nemət ona məlhəm olmasın. Yaşıllıqların artması, ölkə ərazisində biomüxtəlifliyin qorunması və havanın oksigenlə zənginləşməsində də onun rolu əvəzsizdir. Elə bu kimi səbəblərdən dədə-babalarımız zeytuna həmişə sevgi ilə yanaşıblar. Tarixi mənbələrdə də ölkəmizdə zeytun bağlarının salındığına dair məlumatlar var. İnsafən, onu da qeyd edək ki, zeytunçuluq sovet dönəmində də diqqət mərkəzində olub. Belə ki, II Dünya müharibəsindən sonra Abşeronda ilk zeytunçuluq təsərrüfatı yaradılıb və kiçik emal zavodu tikilib. Hövsan qəsəbəsində geniş ərazidə zeytun bağları salınıb, Maştağa qəsəbəsində yeni zeytun emalı zavodu istifadəyə verilib. O illərdə Abşeronda zeytun bağlarının sahələri 3 min hektara çatdırılıb.

Lakin ötən əsrin 90-cı illərində sovet mülkiyyət formasının ləğv edilməsi nəticəsində zeytunçuluq öz ağır günlərini yaşamağa məhkum olub. Belə ki, ayrı-ayrı əllərə keçən zeytun bağları baxımsız qalıb: onların bir qismi  məhv edilib, bir qismi də başqa məqsədlər üçün istifadə olunub. Nəticədə, Abşeronda zeytun bağlarının ümumi sahəsi nəzərəçarpacaq dərəcədə azalaraq 1500 hektar təşkil edib.

Son illər ölkəmizin bütün sahələrində olduğu kimi, zeytunçuluğun da inkişafında müəyyən dönüş yaranıb. Fərəhləndirici haldır ki, zeytun bağlarının salınması üçün müraciət edən sahibkarların sayı da tədricən artır. Belələrinə dövlət səviyyəsində yardım da olunur. Sahibkarlığa Kömək Milli Fondunun məlumatına görə, təkcə Zirə qəsəbəsində zeytunçuluqla məşğul olan sahibkara 200 hektar ərazidə zeytun bağının salınması üçün 400 min manat güzəştli kredit verilib. Artıq140 hektarda tinglərin salınması başa çatdırılıb.

Son illər təkcə Abşeronda (onu da qeyd edək ki, Azərbaycanda zeytunçuluğun inkişafı üçün Abşeron ideal ərazi hesab olunur) deyil, digər bölgələrdə də (Sumqayıt, Siyəzən, Salyan, Göyçay, Beyləqan və Yevlaxda) yeni zeytun bağları salınır. Ötən ilin sentyabrında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib ki, son bir ildə Azərbaycanda 1382 hektar ərazidə zeytun bağları salınıb, onun 210 hektarı yalnız Xıdırlı (Salyan rayonu – red) kəndi ərazisindədir. Yalnız bu kənddə salınmış zeytun bağları 4-5 ildən sonra təxminən 3 min ton zeytun verəcək ki, bu da 650-700 ton yağ deməkdir. Bu, 4-4,5 milyon manat vəsaitə bərabərdir. O həmçinin bildirib ki, son 3 ildə salınmış zeytunluqların ərazisi bütün tarix boyu Azərbaycanda salınan zeytunluqların ərazisinə bərabər olub. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, hazırda ölkəmizdə ildə 60 ton zeytun yağı istehsal olunur və gələcəkdə bu rəqəmin 300 tona çatdırılması gözlənilir.

Onu da qeyd edək ki, zeytun bağlarının bəhərə düşməsi üçün 7-8 il vaxt lazımdır. Lakin bəhərə düşən zeytun bağları əsrlər boyu yaşayır və insanlara xeyir verir. Yəni zeytuna çəkilən zəhmət hədər getmir. Mütəxəssislərin dediklərinə görə, yeni əkilmiş zeytun ağaclarına ən azı 2-3 il ərzində daha çox qulluq edilməlidir. Bundan sonra isə həmin ağaclara ciddi qulluq göstərməyə ehtiyac yoxdur. Çünki zeytun ağacları özünü tutandan sonra, hətta ən sərt şəraitdə yaşamağa qadirdir. Yeri gəlmişkən, bu yaxınlarda Türkiyədə olarkən sadə bir vətəndaşla söhbətdən aydın oldu ki, sən demə, həyətyanı sahəsində 15-20 ədəd zeytun ağacı olan ailələr məhz bu ağacların məhsulu ilə illik yaşayış minimumunu ödəyə bilirlər. (Qeyd edək ki, dünyada zeytun istehsalında Türkiyə Yunanıstandan sonra ikinci yeri tutur. Bu ölkədə 1 milyon hektar ərazidə zeytun bağları salınıb).

Zeytunun ölkəmizdəki intibahının səbəbkarı

Etiraf edək ki, son illər respublikamızda zeytunçuluğa diqqətin artmasında 1991-ci ildən ölkəmizdə fəaliyyətə başlamış  “Azərsun Holdinq” MMC-nin xüsusi yeri var. Artıq bu bir faktdır ki, qida sektorunda ölkəmizin istehsalçı və ixracatçı ölkə halına gəlməsində bu müəssisənin xidmətləri danılmazdır. Bu, xarici mütəxəssislər tərəfindən də dəfələrlə etiraf olunub. Adi bir misal: bu ilin yanvar ayında respublikamızda səfərdə olmuş Fransanın kənd təsərrüfatı naziri Guillaume Garot “Azərsun Holdinq”in “Zeytun Bağları”, “Final”, “Royal”, “Supersun”, “Teksun” yağlarının istehsal sahələrini gəzdikdən və məhsullarla tanışlıqdan sonra demişdir ki, Azərbaycan Avropaya inteqrasiya etmişdir: “Bu, “Azərsun Holdinq”in timsalında daha aydın görünür”.

Bəli, məhz bu müəssisə öz əməli işi ilə ölkəmizdə az qala unudulmaqda olan zeytunçuluğa çox böyük maraq oyadıb. Bu bitkinin nələrə qadir olduğunu yada salıb. Ötən ilin iyul ayında isə bu müəssisə (”Zeytun bağları” markası) ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nizami rayonunda salınmış zeytunluq bağında yeni kampaniyaya (iməcilik) start verib. Daha sonra isə bu kampaniya Abşeron yarımadasında zeytunçuluğun təbliğinə dəstək olaraq Bakının digər rayonlarında da təşkil olunub. Yeri gəlmişkən, onu da bildirək ki, şirkət təmsilçilərinin sözlərinə görə, indiyədək “Azərsun Holdinq” Bakıda və respublikamızın digər ərazilərində 200 mindən artıq zeytun ağacı əkib. Zənnimizcə, bir məsələni də vurğulamaq yerinə düşərdi. Sevindirici haldır ki, Bakıda yaşıllaşdırma məqsədi ilə də zeytun ağaclarından geniş istifadə olunmağa başlanıb. Çünki zeytun həm də dekorativ baxımdan əlverişli ağac hesab olunur.

Bəli, artıq zeytunçuluğun inkişafı “Azərsun Holdinq”in sayəsində Azərbaycan hökumətinin əsas prioritet sahələrindən biri kimi qəbul olunub. Bir müddət öncə Bakıda keçirilmiş “Caspian-Aqro” III beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisi çərçivəsində Beynəlxalq Zeytun Təşkilatının rəhbəri ilə Azərbaycanda zeytunçuluğun inkişaf etdirilməsi müzakirə olunub. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramında da zeytunçuluğun inkişafına dair müddəalar yer alıb.

Bəli, respublikamız zeytunçuluğun inkişafı, zeytun yağı istehsalı sahəsində böyük potensiala malikdir. Mövcud imkanları reallaşdırmaq üçün bu sahədə mühüm nailiyyətləri olan ölkələrin təcrübəsini də öyrənmək və tətbiq etmək zəruri məsələdir.

“Zeytun bağları” dünyada bizi tanıdır

Məlumat üçün deyək ki, “Azərsun Holdinq”in “Zeytun bağları” markalı yağları Abşeron zeytunundan hazırlanır və ağaclardan toplanan məhsul həmin şirkətin Dübəndidə fəaliyyət göstərən Zeytun Emalı Fabrikində emal edilir. Yerli sakinlərdən xammal üçün zeytunun alınması nəticəsində ölkəmizdə təqribən 5 minə yaxın vətəndaş işlə təmin olunub. Əsasən Bakı, Sumqayıt, Zığ, Hovsan, Qala, Maştağa, Buzovna, Zuğulba, Bilgəh, Mərdəkan və Şüvəlan kəndlərindən qəbul məntəqəsinə oktyabr ayından fevral ayının sonunadək məhsul gətirilir.

Onu da qeyd edək ki, yüksək çeşiddə hazırlanmış zeytun yağları müştərilər tərəfindən rəğbətlə qarşılanır. İndi əksər ailələr mətbəxlərində bu qidadan istifadə edir. Bunun nəticəsidir ki, artıq “kərə yağından başqa digər yağlar orqanizm üçün faydalı deyil” fikrinə son qoyulmaqdadır.

“Zeytun bağları” markası təbii və yüksək keyfiyyəti ilə artıq ölkə sərhədlərindən kənarda da tanınmaqdadır. İndi “Azərsun Holdinq” zeytunun xaricə ixracını daha da genişləndirməyə hazırlaşır. Yeri gəlmişkən, ötən ilin dekabrında Azərbaycan və İtaliya birgə zeytun istehsalını inkişaf etdirmək barədə razılığa gəliblər. Ölkəmizdə istehsal olunan zeytun yağları bu sahədə Avropa liderləri sayılan Yunanıstan və İspaniyadan heç də geri qalmır. Buna səbəb isə respublikamızda yetişən zeytunun yağlılığının, vitaminin çoxluğudur. Təbii ki, bu məsələdə ölkəmizin iqliminin daha əlverişli olması önəmli rol oynayır.

“Zeytun bağları” brendi adı altında satılan “Azərsun Holdinq”in zeytun yağları beynəlxalq müsabiqələrdə dəfələrlə birinci yerlərə layiq görülüb. Son illər beynəlxalq kulinariya çempionatlarında kulinarlarımızın uğur qazanmalarında da bu müəəssisənin məhsulları, xüsusilə yağları önəmli rol oynayır. Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov bizimlə söhbətində bildirib: “Həmişə çalışmışam ki, Azərbaycan markası olan yerli məhsulları reklam edim. Bu məhsulların arasında “Azərsun Holdinq” şirkətlər qrupunun istehsal etdiyi ekoloji cəhətdən təmiz və keyfiyyətli məhsullara böyük önəm veririk. Odur ki, biz hər yarışa gedəndə “Zeytun bağları”nı da özümüzlə aparırıq. Bir də unutmayaq ki, bitki yağları içərisində zeytun yağı ən yüksək kaloriyə malikdir. Zeytun yağını orqanizm asanlıqla mənimsəyir, həzm orqanlarına yaxşı təsir göstərir”.

Bəlkə…

Yunanların hələ miladdan əvvəl zeytun budağını ilk Olimpiya oyunlarının rəmzi seçib və onu həyat simvolu adlandırıblar. Müasir dövrümüzdə də artıq zeytun ağacı və zeytun yağı tərəqqi və mədəniyyət rəmzləri kimi qəbul olunmaqdadır. Yazımı bu yerdə tamamlamaq istərkən bir yunan əfsanəsi yadıma düşdü. Həmin əfsanəyə görə, hər bir cavan evlənməzdən əvvəl yeddi zeytun tingi basdırıb onu bar verənə qədər becərməli və sonra evlənməli imiş. Mən isə deyərdim ki, bəlkə, biz də belə bir əfsanəni real həyatımızda gerçəkləşdirək? Heç olmasa yeni ailələrin bünövrəsi qoyulan gün cütlüklər hərəyə bir zeytun ağacı əksinlər.

Qvami Məhəbbətoğlu

Yazı Azərbaycan Mətbuat Şurasının “Azərsun Holdinq”lə birgə “Zeytun Bağları: Azərbaycan zeytununun şöhrəti” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.