Jalə Əliyeva: “Bu məqamlar nəzərə alınmalıdır”

0
30

Mayın 1-də Milli Məclisdə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Jalə Əliyeva bildirib ki, Prezident tərəfindən müzakirəyə təqdim edilən bu sənəd əqli mülkiyyət hüuqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması  və bu sahədə hüquq pozmalarının, əqli mülkiyyət nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının qarşısının alınması baxımından çox əhəmiyyətlidir:  “Düşünürük ki, qanunun qəbulu bu sahənin tənzimlənməsi və müəlliflik münasibətlərində mövcud olan problemlərin aradan qaldırılmasımda, boşluqların doldurulmasında  mühüm əhəmiyyət daçıyacaqdır. Layihə parlamentin  Hüquq siyasət və dövlət quruculuğu və Elm və təhsil komitələrində müzakirə edilib”. Deputat deyib ki, əqli mülkiyyətin  xitab etdiyi  bütün istiqamətlər demək olar ki, mədəniyyət sahəsi ilə bağlıdır. Bu baxımdan  layihənin mədəniyyət komitəsində  müzakirə edilməsinə ehtiyac  var idi. Düşünürük ki, digər oxunuşlarda bu layihə  müzakirə edilmək üçün mütləq mədəniyyət komitəsinə göndərilməlidir. Əgər söhbət folklor nümunələrindən, kinomatoqraf əsərlərindən, telefilmlər, animasiyalı filmlər, videofilmlər və ifaların və digər səslərin  yazılmasından, fonoqramdan və s. gedirsə, qanunun mədəniyyət komitəsində də müzakirəsinə ehtiyac var. Bu qanun layihəsində  görmək  istədiyimiz çox əhəmiyyətli bir müddəa işğal altında qalan  torpaqlarımızla bərabər, o torpaqlarda düşmənin tapdağı  altında qalan mədəni sərvətlərimiz, musiqimiz, milli çalğı alətlərimiz onların qorunmasına və Azərbaycan xalqının əzəli mənəvi xəzinəsi olduğuna dair  bir nüddəadır. Bilirsiniz ki, bu gün ən qədim havamız olan “Sarı gəlin” ermənilər özününkiləşdiriblər, hətta dost və qonşu Türkiyədə  bu mahnı erməni mahnısı kimi təqdim edilir. Qədim musiqi alətlərimiz tar, kamança, balaban erməni musiqi alətləri kimi tanınır. Bu məqamlar nəzərə alınmalıdır. Digər məsələ, müəllif mahnılarımızın xaricdə anonim təqdim olunmasıdır. Tofiq Quliyevin, Ələkbər Tağıyevin, Emin Sabitoğlunun bəstəçisi olduqları ayrı-ayrı mahnılar  xaricdə anonim musiqi, mahnının səsləndirdiyi ölkənin  folklor nümunəsi kimi  təqdim edilir. Qanunda beynəlxalq müstəvidə müəlliflik  hüquqlarının qorunması məsələsi  əks olunmalıdır”.