Sevdiyiniz işlə məşğul olsanız yaxşıdır

1
158

çobanMən yeddinci sinifdə oxuyanda beş-on qoyunumuz vardı. Yeddi evli qonşu qoyun nobatı (növbəsi) düzəltmişdi. Burada qeyri-adi bir şey yoxdur. Hər məhəllənin öz qoyun nobatı vardı. İş burasındadır ki, o nobat, tərs kimi, hər bazar günü bizə düşürdü. “Bizə düşürdü” deyəndə, əslində mənə düşürdü. Çünki min illərdir bazar günü dərs olmadığından və nobata gedəsi qardaşlarım məndən böyük olduqlarından bu missiya mənim boyuma biçilmişdi. Başqa günlərə düşsəydi, bəlkə də, dərsdən qalmağı bəhanə gətirib, birtəhər vəziyyətdən çıxmaq olardı. Heç kəs bilməsə də, elə o günlər tarixdən keçdiyimiz “Qanlı bazar” gününü mən qoyun nobatında yaşayırdım. Kəndimizin yaxın ətrafından – hündür təpəliklərdən evlər, həyətlər, hətta futbol, çilingağac və s. oynayan uşaqlar (təbii ki, evdə özündən kiçik qardaşları olanlar) belə aydınca görünürdü.

O bazar günü mənə belə gəlirdi ki, dünyada qoyun nobatına getməkdən çətin və məşəqqətli bir şey yoxdur. Tez-tez sürüdən ayrılıb kənarlaşan qoyunları qaytarmağa birtəhər dözmək olardı, amma ən böyük çətinlik vaxtla bağlı idi. Getmək bilmirdi ki, bilmirdi.

Vaxt keçirməyin bir neçə variantını sınamışdım. Amma nə qaçmaq, nə yerində gimnastika ilə məşğul olmaq, nə də tullanıb-düşmək mən arzuladığım nəticəni verirdi. Hərdən gələcək həyatımla bağlı qurduğum şirin xəyallar vaxtın hiss olunmadan gəlib keçməsinə səbəb olsa da, mənə çox baha başa gəldi. Belə seansların birində qonşunun qoyununu itirdim və təbii ki, cəriməsini ödəməli olduq. Ona görə də, buna bənzər xəyallar beynimə gələn kimi həyəcanlanır, yenə o müthiş hadisənin təkrarlanmaması üçün yerimdən dik qalxırdım. Əlacım kəsiləndə Günəşə baxıb, nəzəri olaraq yerini yadımda saxlayır, sonra gözlərimi yumub saymağa başlayırdım – bir, beş, yüz, min… Saymaqdan yorulanda gözlərimi açaraq günəşin nə qədər yerini dəyişdiyini görmək istəyirdim.

Və mənə belə gəlirdi ki, Günəş elə əvvəlki yerindədir.

Beləcə, mən “qanlı bazar” gününü başa vurur, axşam yorğun-ağrın evə dönürdüm.

Növbəti bazar hər şey təkrar olurdu. Və hər bazar da Allaha yalvarırdım ki, məni bu əzabdan qurtarsın, mən də yaşıdlarım kimi bazar gününü istirahət eləyim, deyim-gülüm, uşaqlarla birgə oynayım.

Payızın soyuq günləri, sonra isə qış ayları başladı. O il, qış çox sərt gəldi. Bu isə o demək idi ki, mənim əzablarım daha da artdı. Çöldə-bayırda onsuz da elə bir şey yox idi. Yaz quraq keçdiyindən qış tədarükü – qoyun-quzuya ot-ələf də yığa bilməmişdik. Beləcə, qoyunlarımız bir-bir tələf olmağa başladı. Axırıncı qoyunumuz da öləndən sonra nobatdan çıxdıq.

Ailəmizdə bu hadisəyə bircə mən sevnirdim…

Hə, möhtərəm oxucu, doğrusu, bu qoyun nobatı haradan yadıma düşdü bilmirəm. Amma heç vaxt ağlıma gəlməzdi ki, o ağrılı, əzablı günlər bugünkü köşəmin mövzusuna çevrilə, nəyəsə yaraya bilər.

Sizə deyəcəyim isə odur ki, sevdiyiniz işlə məşğul olsanız yaxşıdır – qoyunlar qırılsa da…

Loğman. www.zaman.az

1 comment

  1. Çox ibrətamiz bir hekayətdir .
    Sevdiyimiz və bacardığımız işlə məşğul olmaq isan ömrünü işıqlandıran iki amildən birincisidir.

Comments are closed.