Tərbiyədə hansı metodları tətbiq etməliyik ki, uğur qazanaq? Və hansı metodlardan istifadə etməməliyik ki, əvvəldən uğursuzluğa düçar olmayaq?
Bu baxımdan uşaq tərbiyəsində metodları 2 hissəyə bölə bilərik: Müsbət və mənfi metodlar.
Əvvəlcə müsbət metodlardan başlayaq. Bu yazımızda müsbət metodların bir neçəsini analiz etməyə çalışacağıq.
Qabaqcadan onu da qeyd etməyi lazım bilirik ki, tərbiyə kifayət qədər (daha doğrusu, qədərini bilmədiyimiz qədər) zaman tələb edən bir məsələdir. Buna görə də, bu metodların yalnız birini tətbiq etməklə uğur gözləmək əbəs olar. Bunlar küll halında zamana yaydırılaraq tətbiq edilməli, belə demək mümkünsə, incitmədən zərrələrə hopdurulmalıdır.
1. Müsbət nümunə olmaq metodu. Metodların ilki və ən vacibidir. Ailədaxili qanunlar yalnız
uşaqlar üçün olmamalı, uşaqlardan tələb etdiyimiz davranışları əvvəlcə biz özümüz yerinə yetirməliyik. Bunun tərsi də doğrudur. Uşaqlarımıza qadağan etdiyimiz davranışlardan əl çəkə bilmiriksə, günahı uşaqda yox, özümüzdə axtarmalıyıq. Məsələn, telefonun dəstəyi əlində atasından cavab gözləyən uşağa atası yavaşca “mən evdə yoxam” deyirsə, fərqində olmadan uşağa yalan öyrədir. Hansı ki, bu yalan bir gün ata başda olmaqla bütün insanlara qarşı istifadə edilə bilər.
2. Sevgi metodu. Unutmayın ki, tədris beyinə, tərbiyə isə ürəyə xitab edir. Sevginin aça bilmədiyi
qapını başqa heç nə aça bilməz. Bu gün uşağımızın simasından, qəlbindən əskik etməyəcəyimiz qarşılıqsız sevgi bizə və başqa insanlara yenə qarşılıqsız sevgi şəklində geri qayıdacaqdır. Əslində tərbiyə – sevginin və ya sevgisizliyin əks olunmasıdır. Nə veririksə, onu alırıq. Yəni biz sevgili Peyğəmbərimizin “uşaqlarınızı sevgi ilə tərbiyə edin” hədisinə əməl etsək, uşaqlarımız da bunun qarşılığını “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onlardan biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!” (İsra surəsi, 17/23) ayəsi ilə qaytarar.
3. Tədricilik metodu. Səbir hər bir insanın, o cümlədən hər bir valideynin yol yoldaşı olmalıdır.
İmtahan dünyasında yaşayırıq. Hər istədiyimizi həyata keçirmək bizim tərəfimizdən mümkün deyil. Hər ağacın yetişmə fəsli fərqli, hər maddənin isinmə temperaturu müxtəlifdir. Deməli, əşyanın təbiəti belədir. Elə isə toxum əkib səbir etməli, bu toxum meyvə olana qədər də səbirlə onu sulamağa davam etməliyik. Arzularımızın həyata keçməsində zaman, zaman içində də iman çox vacibdir.
4. Razı salma, inandırma metodu. Xüsusilə, 3 yaşından sonra uşaq ətrafını daha yaxından
tanımaq məqsədilə toxunmaq, soruşmaq və s. şəkillərdə bizim xoşumuza gəlməyən davranışlar nümayiş etdirə bilər. Nə etməliyik? Hər hansı bir hərəkəti “etmə!” dedikdən sonra bunun səbəbini və zərərini izah etmək lazımdır. Bunun üçün yenə də səbrə ehtiyacımız var. Çünki bir-iki dəfə izah etmək uşağı qane etməyə, o hərəkətdən çəkindirməyə bilər. Bir şeyi dəfələrlə başa salmaq məcburiyyətində qalsaq da, uşağın qəlbini qırmaq, onda ruhi-psixoloji anlamda bir daha təmir edilməyəcək yaralar əmələ gətirmək əvəzinə izaha davam etmək ən məqbul davranışdır.
5. Müvafiq zaman metodu. Uşağa nəyisə təlqin etmək üçün uyğun zamanı gözləmək lazımdır.
Bəzən tələsirik, tələsdikcə də səhv edirik. Bəzən yoldaşlarının yanında öz uşağımızı tənqid edirik (burada yaş faktorunun heç bir fərqi yoxdur. Üç yaşındakı uşaq da başqalarının yanında tənbeh olunmaq istəməz). Bu isə gələcəkdə həlli çətin olan problemlər törədir. Bir həqiqəti unutmayaq: hər dediyimiz doğru olmalıdır. Amma hər doğrunu hər yerdə və hər zaman danışmaq doğru deyil.
6. Yarışma metodu. Uşaqlar yarışmaları çox sevirlər. Bu sevgidən onların tərbiyələrində istifadə etməliyik. Ancaq burada qalib gələni həddən artıq tərifləməmək, məğlub olanı danlamamaq və ya mənən alçaltmamaq üçün həssas davranmaq da yenə bizim borcumuzdur.
7. Oyun metodu. Oyun uşaqlar üçün çox böyük nemətdir. Bəzən böyüklər də oyunlarda uşaqlara qoşulur, bir növ, uşaqlaşırlar. Oyunla bağlı diqqət edəcəyimiz iki əsas məsələ var: birincisi, oyunlarda şiddət, hiddət, mənfi davranışlar olmamasına diqqət etməliyik. Əyləndirici, eyni zamanda öyrədici oyunları seçməliyik. ikincisi, əgər oyunun bir tərəfi biz, digər tərəfi övladımızdırsa, həmişə ona qəsdən məğlub olmamalıyıq. Çünki qalib gəlməyi vərdiş halına gətirmiş uşaq sabah başqalarına məğlub olduqda bunu adi hal kimi qarşılamayacaq, psixoloji problemlər başlayacaqdır. Bundan başqa, bilin ki, uşaq bəzi oyunlarda sizə güc gələ bilməyəcəyini əslində yaxşı bilir. Bu səbəbdən mütəmadi olaraq qalib gəlmək bir müddət sonra onun özünə də zövq verməz.
8. Mükafat metodu. Hamımıza yaxşı tanışdır bu metod. Çünki bəzən bizə elə gəlir ki, onun həll edə bilmədiyi heç bir problem yoxdur. Bəlkə də haqlıyıq. Amma unutmamaq lazımdır ki, tərbiyə anlıq bir məsələ deyil, uzun prosesdir. Sabah uğur qazanacaq insanlar bu gün əllərinə hazır balıq verilən yox, balıq tutmağı öyrənən uşaqlardır. Bir də bu metoddan istifadə edərkən ölçülü davranmaq lazımdır. Elə etməliyik ki, sabah övladımız bizə salam vermək üçün mükafat gözləməsin.
9. Nəsihət metodu. Ölçülü istifadə etməli olduğumuz metodlardan biridir. Uşağı bezdirəcək qədər nəsihət artıq faydasını və təsirini itirir. Ancaq yerini və zamanını nəzərə almaq şərtilə uşaqlarımızı nəsihətdən yoxsul etməməliyik.
10. Nağıl, hekayə metodu. Bəzən çatdırmaq istədiyimiz bir fikri, vermək istədiyimiz mesajı bir əhvalat danışmaqla asanlaşdırır və ya təkmilləşdiririk. Bu daha təsirli olur. Məsələn, istəyirik ki, uşaq filan hərəkəti etsin. Bununla bağlı bir nağıl və ya hekayə danışmaq, fikrimizi dolayı yolla çatdırmaq ən uyğun üsullardan biri olacaqdır.
11. Hərəkətin nəticəsi metodu. Uşağa etdiyi hərəkətlərin müsbət və ya mənfi cəhətlərini izah etmək lazımdır. Məsələn, bizə ev işlərində kömək edən bir uşağa “afərin!” desək, mükafat olar; heç nə deməsək, qəlbi qırılar. Bəs nə edək? Burada hərəkətin nəticəsi metodunu işə salmaq lazımdır. “Mənə kömək etdiyinə görə ev işlərinə daha az vaxt sərf etdim. Bu gün parka gedə bilərik”. Bu, mənfi davranışlarda da keçərlidir. “Filan əşyanı sındırmaqla ailəmizin büdcəsinə bu qədər zərər vurdun” kimi sözlərlə onu düşünməyə, başqa sözlə, səhvini anlamağa sövq etmək lazımdır.
Əlbəttə, yuxarıdakı metodlar uşaq tərbiyəsində yeganə üsullar deyil. Valideynlər bunlarla birlikdə və ya başqa metodlardan da istifadə edə və uğur qazana bilərlər. Eyni zamanda bunlara əlavə olaraq bildirmək istərdik ki, bütün bu metodların fövqündə bir metod vardır. O da dua etməkdir. Səbəblərə riayət etməklə kifayətlənsək, uğurumuz müvəqqəti və aldadıcı olar. Uşaqlarımız üçün əl açıb, Allaha dua edək, Ondan yardım diləyək. Çünki bu son dərəcə çətin işdə Onun köməyi olmadan biz heç nə edə bilmərik.
www.zaman.az








