“Ədəbi ədəbsizdən öyrəndim”

0
82

dünyaBir İslam böyüyündən soruşmuşlar: “Bu gözəl ədəbi kimdən öyrəndin?” Cavab verir: “Ədəbsizdən”.

Bu bir rəvayətdir. Ədəbsizdən ədəb öyrənmək olarmı-olmazmı, bu barədə müzakirə açmaq olar, amma yuxarıdakı rəvayəti xatırlatmağımın məqsədi var. Bundan əvvəlki yazılarımın ikisində müsbətxasiyyətli müəllimlərimdən bir neçəsini nümunə kimi təqdim etmişdim. Amma müəllim olub, müəllim kimi yaşamayanlar da vardır. Bunlardan da öyrənmək olar – ədəbsizliyi tanıyıb, ondan uzaq qaçmaq üçün.

Aşağıda təqdim etdiyim xatirə, həqiqətən yaşanan hadisədir – ibrətli, yaşanmış hadisə. Buyurun, ədəbsiz birinə oxutmaq üçün oxuyun, bəlkə dərs alar.

Anasına zülm edən müəllim

Bizə dərs deyən müəllimlər arasında biri də vardı. Adını və ixtisas fənninin adını çəkməyəcəyəm, çünki övladları, nəvələri sağdırlar, tanıyarlar, pərt olarlar. Şərti olaraq adını A.Ə. yazacağam.

A.Ə.  müəllimi çox sevərdik, çünki çox savadlı, təcrübəli müəllim idi. Dərsi çox yaxşı izah edər, uşaqlarla da çox mülayim rəftar edərdi. Bizdə elə bir qənaət formalaşmışdı ki, A.Ə. müəllim indiyədək bir qarışqanı belə ayaqlamamışdır.

Mən onun oğlu ilə dostluq edirdim. 10-cu sinifdə oxuyanda bu dostumla kinoya gedəcəkdik. Paltarını dəyişmək üçün evlərinə getdik. Pillələrlə balkona çıxdıq. Balkonun bir tərəfində qocalmış, gözlərinin işığını itirməyə başlamış, yerindən zorla qalxa bilən nənəsi oturmuşdu. Pillələrlə qalxan bizim qaraltılarımızı görcək yerindən azacıq dikəldi, dostumun adını çəkdi:

– Ay bala, ………… sənsən?

Dostum cavab vermədi, qaçaraq evə girdi. Nənəsi ardınca danışa-danışa qaldı:

– Ordan bir tikə əppək ver, ay ……..!

“Əppək” bizim tərəflərdə yaşlı adamların çörək əvəzinə işlətdikləri sözdür. Sonra öyrəndim ki, “əppək” Anadoluda işlədilən “Əkmək” sözünün dialektimizdə dəyişikliyə uğramış şəklidir.

Mən balkonun məhəccərinə dayanıb dostumu gözləyirdim, amma gözüm nənədə idi. Mənim nənələrim mənim anadan olmamdan əvvəl rəhmətə getdiklərindən nənə görməmişdim, amma dostumun nənəsi kimi bir nənəm olmasını çox istəyirdim. Təsəvvürümdə olan nənə məhz dostumun nənəsi kimi idi – yaşlı, tuman-koftalı, çarşaflı, telləri ağappaq, üzü nurlu, döşəkçə üstündə oturub arxasındakı yastığa söykənən, təsbeh çevirib nağıl danışan nənə…

Mən dayanıb dostumun nənəsinə tamaşa edərkən birdən otaqdan A.Ə. müəllim çıxdı. Mən özümü toplayıb salam verdim. O, təbəssümlə salamımı aldı. Bu vaxt anası üzünü ona tutdu:

– Ay A.Ə., acam, de, mənə əppək versinlər…

Cavab sarsıdıcı oldu. A.Ə. müəllim anasına tərəf baxmadan deyindi:

– Cəhənnəm ol də… Ölmür ki, canımız qurtarsın…

Sanki başımdan qaynar su tökdülər. Çox sevdiyim, demək olar ki, idealım olan müəllimimdən ondan bir tikə çörək istəyib yalvaran anasına bu münasibəti mənə başqası danışsaydı, qətiyyən inanmazdım.

Dostum evdən çıxdı, biz kinoya getdik. Amma gözlərim ekranda, xəyalım dostumgilin evinin balkonunda idi. Müəllimim və anası gözlərim önündən çəkilmirdi.  Axşam anam mənim kefimin olmadığını hiss etdi, səbəbini soruşdu. Mən olub-bitənləri ona danışdım. Anam mənalı-mənalı başını buladı.

– Sənin gördüklərin nədir ki!-dedi,-hələ onun anasını döyməsini görəsən…

A.Ə. müəllim idi, həm də savadlı, sevilən müəllim idi, amma müəllimliyi sinif divarlarından kənara çıxa bilməmişdi. Sinif divarlarından kənardakı A.Ə. anasını döyəcək qədər, ona bir tikə quru çörək verməyəcək qədər zalım bir övlad…

Nazim Əkbərov, www.zaman.az