Doğru bildiyini de, istər götürər, istər götürməz

8
15

heyatBəzən elə olur ki, istəməsən belə, hansısa məsələ ətrafında kiminləsə çənə-boğaza çıxırsan.

Demirəm ki, əvvəl deyişir, sonra döyüşürsən, sadəcə ya sən ona dediyini qəbul etdirməyə çalışırsan, ya o sənə. Bir həqiqəti unutmayaq ki, mübahisə qızışdıqca ağlın nəzarətindən çıxır. O anda sən hadisənin içindən çıxıb özünə kənardan baxmağı bacarsan, əmin ol ki, gördüyün mənzərədən heç də məmnun qalmazsan. Mübahisə edən adam içini, xarakterini gizləyə bilmir, necə varsa, elə də görünür. Baxırsan ki, birisi boğazının damarları şişə-şişə qışqırır, bir az səsinin tonu, bir az əl-qol hərəkətləri, bir az da ordan-burdan gətirdiyi misallarla dediyini qarşı tərəfə qəbul etdirmək istəyir. Kənardan obyektiv münasibətlə o mənzərəni müşahidə edəndə çığıra-çığıra mübahisə edənlərin nə qədər də saxtakar olduğunu, söylədiklərinin də yalandan başqa bir şey olmadığını açıq-aydın görə bilirsən. Əmin olursan ki, onunku həqiqəti ortaya çıxarmaq deyil, sadəcə, inadını yeritməkdir, qarşı tərəfi nəyin bahasına olursa olsun susdurmaq istəyidir. Çirkin mənzərədir elə deyilmi?

İndi təsəvvür edin ki, o çığıran adamın yerində sizsiniz və onu da təsəvvür etməyə çalışın ki, kənardan baxana necə görünürsünüz. Necə görünəcəksiniz ki?- Əlbəttə, çirkin, höcət və zəhlətökən.

Hər işdə olduğu kimi mübahisə etməkdə də bir ədəb, bir üslub var. Allah-Təala Qurani-Kərimdə bu haqda belə buyurur: “Əhli-kitabla mübahisə edərkən ən gözəl şəkildə və üslubda mübahisə edin”. Ayədəki “əhli-kitab” ifadəsi yəhudi və xristian dini mənsublarını nəzərdə tutur. Allah-Təalanın örnək verdiyi bu misal haqqında bir qədər düşünək: Bir müsəlman ən çox hansı məsələ ilə bağlı başqa din mənsubu ilə mübahisə edər?- Əlbəttə, din, həqiqət anlayışı ətrafında. İslamın Haqq din olması kimsədə şübhə doğurmur. Yəni siz bu məsələdə haqlı olduğunuza öz varlığınıza əmin olduğunuzdan da artıq inanırsınız. Amma bu qədər əmin olduğunuz məsələdə belə, üslubu aşmayın, müsəlmana yaraşan tərzdən, üslubdan uzaqlaşmayın. Əgər din, iman məsələsi ətrafında əmr bu qədər ciddidirsə, dünya məsələlərində gərək heç səsinizin tonunu zərrə qədər də qaldırmayasınız.

Tərbiyə, həqiqətən də, çox çətin məsələ, hər kəsin bacarmadığı işdir. Başqalarını tərbiyə özünütərbiyədən başlayır. Haqlı olsan belə, səsini qaldırdınmı, çığırıb-bağırdınmı, demək, zərər elədin. Çünki qarşı tərəf səni hövsələdən çıxara, haqlı olduğun halda haqsız vəziyyətə sala bildi. Belə bir söz var: “Üslubi-bəyan hər kəsin özüdür”. Yəni hər kəsin ifadə tərzi, danışıq üslubu elə onun əsl xarakteridir.

Bəzən haqlı olursan və qarşı tərəfin yersiz inadı səni hövsələdən çıxarır. Amandır, hirslənmə, səsini də qaldırma, doğru bildiyini söylə və söhbəti tamamla. Onsuz da kimin haqlı olduğu bir qədər sonra ortaya çıxacaq. Və bir də unutma ki, kənardan sənə göz qoyan var, vəssalam!

www.zaman.az

8 ŞƏRH

  1. Mence heqiqet ne qeder aci olsa da onu demek sozun esl menasinda anlatmaq lazimdir.Qarsi teref inansin ve yaxud inanmasin onda Allaha tevekkul eyle.Cunki her seyin duzunu yalniz o bilir.Son vaxtlar bir sey meni casdirib cox semimi semimiyyet de insani belaya salarmis.Allah her birimizin yar ve yardimcisi olsun/

  2. Insanin qelbinden gozlemediyi anda aldigi casqin bir zerbe en boyuk beladir

Comments are closed.