Peyğəmbərə qardaş olmaq var!

1
56

Zerdab_GülO, əl açıb bir şey istəsəydi, Allah-Təala istədiyini əsirgəməzdi.

Körpə-körpə balaları köçdü bu dünyadan, qolları arasında can verdilər, amma heç biri üçün ömür istəmədi. Körpəcə İbrahimini öz əlləri ilə torpağa qoyub göz yaşları ilə “qədərə boyun əyməkdən başqa əldən nə gəlir, ey İbrahim”- deyəndə bəlkə ətrafda kimsə övladına həyat diləmədiyi üçün Ona qızdı, bilmirəm, bəlkə də beləsi oldu. Oldumu, olmadımı?- İnşallah, olmamışdır, əgər olmuş olsa belə, onun könlündəkilərdən xəbərdar olsaydı, düşündüyündən utanardı. O, Allahın ən sevimli qulu, göndərdiyi nəbilərə imamdır. Varlığında özünə aid bir şey tutmadı, ruhunu Allaha verdi. O, Allahın Həbibi, yəni sevimlisidir. Yaradılmışların ən üstünü, Peyğəmbərlərin sonuncusu və əşrəfi, aləmlərə rəhmət olaraq göndərilmiş, ən gözəl əxlaqı tamamlamış Həzrəti- Məhəmməddir.

***

Mövlana nə deyirdi:

– Kamil insan ney kimidir. İçi oyulmuş, sinəsi dəlik-dəlik açılmış ney onu ufurənin iradəsinə uyğun səs çıxardığı kimi kamil insan da Yaradanın iradəsini  əsas tutmalı, həyatını Onun rizasına uyğun yaşamalıdır.

Allaha Ondan yaxın kim var? Kim onun kimi ola bilər?- Onu bir kimsə ilə müqayisə etmək belə, doğru deyil. Məxluqat içində Onunla müqayisəyə gələn kimsə yoxdur. Bu dünyaya Allahın ən böyük neməti kimi gələn, bu dünyanı qiyamətə qədər aydınladan Sonsuz Nurdur O. Ən gözəl şəkildə yaradılıb.

 

Vücudun rahmətən lil-aləmindir, ya Rəsulullah!

Cünudun ənbiya və mürsəlindir, ya Rəsulullah!

 

O əbri-rahməti-Rahmənü məhbubi-Xudasan ki,

Üzün suyuna xəlq oldu cihan həp, ya Rəsulullah!

***

“Aləmlərə mərhəmət” deyirik, yəqin düşünən də oldu bu sözdən. Bu sözü Allah-Təala belə buyurur: Aləmlərə rəhmət.

Torpaq susuz qalıb quruyanda, bərkiyəndə, nə olur?-kəsək. Başa atsan, başı yarır, dişə atsan, dişi qırır. O torpağı suvarasan, əkəsən, yumşaldasan, bərəkət qaynağına çevirəsən, sonra da oturub o iki halını müqayisə edəsən. Onun gəlişi ilə kəsəkləşmiş bəşəriyyət bərəkətli tarlaya çevrildi. Allah-Təala Onu bərəkət yağmuru kimi can verən bəşərin təşnə ruhuna boşaltdı. Bu bərəkətdən kənarda qalanlar, başına yağdığı halda islanmayanlar bədbəxtlərin bədbəxti, talesizlərin talesizidir. Ona yaxınlıq, Ona doğmalıq Ona tabe olmaqladır. Min ilin bu üzündən Ona elə yaxın, elə doğma olanlar var ki, bəlkə də yeri Onun dizinin dibindədir.

***

Bir söhbət zamanı Rəsulullah (s.ə.s.) buyurdu ki, qardaşlarımı görməyi çox arzu edirəm. Soruşdular ki, Ya Rəsulullah, biz Sənin qardaşın deyilmiyik? Belə cavab verdi, könüllər sultanı, başlar tacı:

– Siz mənim səhabələrimsiniz. Qardaşlarım isə məndən sonra gələcək və məni görmədən sevən möminlərdir.

Nə qədər də möhtəşəm bir müjdə!

Nə qədər böyük bir lütf, böyük bir iltifat!

Heç düşünürsənmi, sən Peyğəmbərə qardaş ola bilərsən?..

***

Soruşdular ki, Sən Səni görmədən sevən o möminləri necə tanıyacaqsan, ey Allahın Rəsulu?

Cavaba diqqət yetirin, görün nə buyurur könüllər sultanı:

-Əgər birisinin ilxı içində səkil, təpəl, kəhər atları olsa, görəndə tanımazmı?

-Tanıyar, ya Rəsulullah.

-Mən də o qardaşlarımı elə tanıyacam.

O səkil nə idi görən, o təpəl nə idi görən? Səcdə nişanımı, dəstəmaz nurumu, ibadətin rəngimi?..

Heç bu haqda düşündünmü? O atların alnındakı, ayağındakı əlamət nəyə işarə edir görəsən?

www.zaman.az

1 comment

  1. Allah cumlemize R.S.E ve Sellamin getdiyi yolu nesib etsin.Peygembere qardas olmaq cennete girmek demekdir.Ne xos o insanlara.Tanri bu eziz ayda boyuk gunahlarimizi bagislasin kicik gunahlarimizin ustunu ortsun insaallah.Amin.

Comments are closed.