33 yaşlı redaktorun bəxş etdiyi 17 yaşlı ümid

3
73
Sevil_Gültən
Sevil Gültən

1997-ci il idi. 10 il idi ki, ədəbi mühitdən uzaq düşmüşdüm. Yaradıcı adamlar bunun nə demək olduğunu daha yaxşı bilərlər. Ürəyimə gələn şeirlər elə ürəyimdəcə qalırdı, vaxt tapıb onları vərəqə köçürmürdüm. Ədəbi qəzet və jurnalları oxumurdum.

Qonşu kəndin məktəbində işləyirdim. Məktəbdən evə qayıdandan sonra ev işləri vaxtımı elə alırdı ki, hərdən yaradıcı adam olduğumu da unudurdum. Televizora da vaxtlı-vaxtında baxa bilmirdim. Çünki o illərdə kənd yerlərində işıq problemi vardı. Gündüzlər işıq olmur, gecələr isə o qədər zəif olurdu ki, o işıqla televizor göstərmirdi.

Günlərin birində rayon mərkəzindəki idarələrin birində stolun üstündə bir qəzet gördüm. Heç qəzetin adına da fikir vermədim. Acgözlüklə qəzeti oxumağa başladım. Tanış imzaların şeirlərini görəndə sanki özümün də yaradıcı adam olduğumu xatırladım. İdarə rəhbərindən xahiş etdim ki, qəzeti versin mənə, oxuyub qaytararam. Razı olmadı, dedi ki, hələ özü oxumayıb. Mən də idarədə işimi qurtarandan sonra…. bir daha qəzet olan stola yaxınlaşdım, həmin qəzeti götürdüm ( idarə müdiri bizimlə eyni kənddən idi. Qəzeti oxuyandan sonra qaytardım).

Buna oğurluq demək olarsa o qəzeti oğurladım.

Evə gəlib qəzetdəki bütün  yazıları nəzərdən keçirdim. Hətta xoşlamadığım siyası mövzuda olan məqalələri də oxudum.

Rəşad Məcid
Rəşad Məcid

Qəzetin adı da mənə bir az qəribə gəldi. 525-ci qəzet. Redaktorun adı da tanış imza deyildi.  Amma bircə nömrəsini oxuduğum bu qəzet mənə o qədər doğmalaşdı ki… Bircə anlığa öz şeirlərimi o qəzetin səhifələrində  təsəvvür etdim… Ümidlə məktub yazdım. Yaşadığım kənd şəraitinin çətinliklərindən, maddi durumdan yazdım..

“Qələmi qızımla şərik işlədirik” adlı bir yazı və bir neçə şeir göndərdim qəzetin ünvanına…

Dəqiq bilmirəm neçə gün keçmişdi. Bir gün qonşu Dəkkəoba kəndində 9-cu sinfə dərs keçirdim. Yeni sözləri lövhəyə yazıb izah etməyə başlayanda Xəyal adlı nadinc, dərs oxumaqla arası olmayan bir oğlanın (illər keçib, o sinifdə əlaçı olan şagirdlərin adını unutmuşam, amma Xəyalın adı hələ də yadımdadır) səsi gəldi. Öz-özünə nəsə zümzümə edirdi. Mahnımı deyim, ya şeirmi deyim…. Ona tərəf döndüm. Yalnız bu anda onun zümzümə etdiyi sözləri eşidə bildim:

“ Qocaldım ev tikə-tikə”

Bu, mənim şeirimin  misraları idi. O şeir heç bir yerdə çap olunmamışdı.

“ Dur ayağa, Xəyal! Bu şeiri harda oxumusan?”

“ Dünən atam rayondan bir qəzet alıb gətirmişdi. O qəzetdə sizin də şeiriniz vardı. O qəzetdən oxumuşam bu şeiri”.

Bir anlığa müəllim olduğumu unutdum. Necə  həyəcanlandımsa dərsi izah etmək də yadımdan çıxdı.

“Xəyal, tez qaç evə, o qəzeti götür gəl.”

“Evimiz uzaqdadır, sabah gətirərəm.”

“ Yox, cəld ol, indi gətir.”

Xəyal sürətlə otaqdan çıxdı. O qayıdana qədər sinif uşaqları ilə gözümüz qapıda qaldı….Xəyal gəldi. Əlində də qəzetin qoşa səhifəsi.

9 aprel 1997-ci il tarixli həmin qəzetin 11-ci səhifəsində yazdığım məktub və bir neçə şeirim çap olunmuşdu. İnanın ki, o yazını göz yaşı içində oxudum. Bu, ailə qurandan sonra çap olunan ilk yazım idi.  Bu yazı yaradıcı adam olduğmu mənə xatırlatdı, ümidimi özümə qaytardı. O gündən etibarən “525-ci qəzet”  sevimli qəzetim oldu. Bütün nömrələrini olmasa da şənbə nömrəsini ardıcıl olaraq almağa başladım. Rayon mərkəzindəki qəzet köşkündə işləyən şəxsə tapşırdım ki, qəzetin şənbə nömrəsinin birini mənə saxlasın. Kənddə yaşadığımdan şənbə günü rayona gedə bilmirdim, o biri günlərdə gedəndə mənim üçün saxlanmış qəzeti alırdım.

…Şəhərə gələndə qəzetin redaksiyasına getdim.. Qəzetin redaktoru Rəşad Məcidi yaxından gördüm. Heç vaxt ağlıma da gəlməzdi ki, o yaşca məndən kiçikdir.

İllər keçdi… Şəhərdə yaşadığım vaxtlarda bu qəzetin redaksiyası ən çox getdiyim redaksiya oldu. Rəşad Məcidi isə Natəvan klubundakı tədbirlərdə tez-tez gördüm. İlk vaxtlar həmişə məni görəndə “ Hə, kənddə kişi qalmadı” deyirdi. Onu deyim ki o vaxt  bir neçə satirik şeir də göndərmişdim qəzetə..  Satirik şeirlərdən birinin adı

“ Kənddə kişi qalmadı” idi   (Rusiyaya iş dalınca gedənlərdən yazmışdım)

Sonralar isə Rəşad Məcidlə rastlaşanda zarafatla “qızım, necəsən?” deyirdi.

Deyəndə ki, mən sizdən böyüyəm, niyə “ qızım” deyirsiniz? Cavab verərdi ki, müdriklərin yaşı olmur.

Bir şey etiraf edim ki, mən Rəşad Məcidin ciddi sözü ilə zarafat sözünün sərhəddini tam ayırd edə bilmirəm. Onun ciddi sözü həm də zarafatdır, eləcə də zarafat dediyi sözü ciddi söz kimi qəbul etmək olar.

“525-ci qəzet”in səhifələrində çox yazım çap olunub. Həm şeirlərim, həm də tərcümə haqda fikirlərim. Bu gün imzamı az-çox kimsə tanıyırsa ilk növbədə bu qəzetə minnətdaram.

Bu qəzet məni mənə qaytardı. Yaradıcı adam olduğumu yadıma saldı. İnsanlara inamım artdı.

9 aprel 1997-ci il nömrəli qəzet, yazılarım çap olunmuş qəzetlər arasında mənə ən doğma olandır. 17 il keçib o vaxtdan. Qəzetin səhifələri saralıb. Səhifələr qatlanmış vəziyyətdə qaldığından qat kəsib, az qala bu dəqiqə cırılacaq. Amma o qəzetin mənə verdiyi ümid saralmayıb…

Mənə görə o qəzet mənim öz yaradıcılığıma olan bir ümid parçasıdır- gündən–günə böyüyür.

…Dünən o qəzetin redaktorunun, 3 yaş məndən kiçik olsa da həmişə özümdən böyük hesab etdiyim  Rəşad Məcidin doğum günü idi.

Mənim yazım “525”də çap olunanda Rəşad Məcidin 33 yaşı olub. 17 il keçib o vaxtdan. İndi Rəşad Məcidin 50 yaşı tamam olur… O qəzetdə çap olunan şeirlərimin, ümidlərimin isə 17 yaşı olur…

Doğum gününüz mübarək, Rəşad müəllim!  Sizə minnətdaram yaradıcılıq ümidlərimi mənə qaytardığnız üçün! Sizə minnətdaram kənddə yaşayan, ümidlərini toz basmış bir şairəni ədəbi mühitə qaytardığınız üçün…

 22 avqust 2014

3 ŞƏRH

  1. Çox təsirli yazıdır.Ona görə də atalarımız əbəs yerə deməyiblər ki,çörəyi ver çörəkçiyə,bir çörək də üstəlik!Zər qədrini zərgər bilər!Necə deyərlər kim-kimin yoluna işıq salırsa ALLAH da onun yolunu işıqlandırsın!

  2. Sevil xanım! Qayğıkeş, xeyirxah və səmimi bir İnsan Rəşad Məcidlə bağlı xatirə yazınıza, ona verdiyiniz dəyərə, təbrikə görə Sizə şəxsən təşəkkürümü bidirirəm.
    Hər bir Azərbaycan oxucusuna yaxşı məlumdur ki, Rəşad müəllim “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü olmaqla yanaşı, ölkə mətbuatında sözünü deyən, dəst-xətti, bədii və publisistik yazıları, dəyərli kitabları ilə tarixə düşmüş güçlü qələm sahibidir.
    Rəşad müəllim Həsən bəy Zərdabinin həyatı və yaradıcılığını dərindən bilən, Zərdabi irsini tədqiq və təbliğ edən, eyni zamanda onunla bağlı keçirilən mötəbər tədbirlərin ən fəal təşkilatçılarından və məruzəçilərindən biri olmaqla yanaşı, arzu və amallarının, ideyalarının həyata keçirilməsi yolunda boyük xidmətlər göstərən, Zərdabi ənənələrinə sadiq olaraq dahi mütəfəkkirin yolunu davam etdirən demokratik fikirli əsl Azərbaycan ziyalısı, böyük yazıçı, şair, söz sərrafıdır.
    Heç də təsadüfü deyildir ki, bir çox dəyərli mükafatlarla yanaşı, Zərdabi vurğunu olan Rəşad müəllim Azərbaycan Yazıçılar Birliyi tərəfindən Həsən bəy Zərdabi mükafatına da layiq görülmüşdür.
    Sənətinə, yaradıcılığına, şəxsiyyətinə dərin hörmət bəslədiyim Rəşad müəllim, Sizi 50 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
    Sizə həyatın ən şirin neməti olan cansağlığı, ailə xoşbəxtliyi, yaradıcılıq fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!

    Hörmətlə,
    Eldəniz Həsənov
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
    “Ali Media” və “Qızıl Qələm” mükafatı laureatı

Comments are closed.