Bir alim tələbələrinə dərs keçərkən qapı açılır və içəri girən adam həyəcanla:
– Ey imam, bu səhər dənizdə fırtına baş verib və sənin Hindistandan mal gətirən gəmin batıb. – deyir.
Alim başını aşağı dikib bir müddət eləcə qalır, sonra “əlhəmdülillah” deyib söhbətinə qaldığı yerdən davam edir.
Xəbər gətirən adam dönüb gedir, amma heç bir saat keçməmiş yenə qapıda görünür və alimə deyir:
– Ey imam, sən məni bağışla, biz yanlış xəbər almışıq, batan gəmi səninki deyilmiş, sənin gəmin sabah limana daxil olacaq.
Alim yenə başını aşağı dikir və “əlhəmdülillah” deyir. Alimin iki fərqli xəbəri “əlhəmdülillah”la qarşıladığına şahid olan tələbələr öz heyrətlərini gizlətmirlər:
– Ustad, bir az əvvəl gəminin batdığını dedilər “əlhəmdülillah” dedin, indi də batan gəminin səninki olmadığını dedilər, yenə “əlhəmdülillah” dedin. Bunu necə başa düşək?
Alim belə cavab verir:
– Balalarım, həmin adam birinci dəfə gəlib mənə gəmimin batdığını xəbər verəndə bütün diqqətimi dünyadan kəsdim və ürəyimə boylandım, gördüm ki, orda bu xəbərdən zərrə qədər də üzüntü, kədər yoxdur. Ona görə “əlhəmdülillah” dedim ki Allah-Təala mənim qəlbimi dünya malına bağlamayıb. İkinci dəfə də gəlib batan gəminin mənim olmadığını deyəndə yenə ürəyimə boylandım. Gördüm ki, bu dəfə də o xəbərdən zərrə qədər sevinmirəm. Ona görə də “əlhəmdülillah” dedim.
Allahıma çox şükür ki, məni dünya malına əsir eləməyib, dünya malını itirəndə kədərlənmədiyim kimi, tapanda da sevinməmişəm.
Cox gozel deyerli bir movzudur.Saytinizda bu cur meqalelerin yer almasi cox alqisa layiqdir.Cume gecesi oxuyub mende elhemdullilah dedim.Allah razi olsun her birinizden.
Comments are closed.