Kor Qurban
Dəqiq bilirəm ki, Kor Qurban bu həyatda gördüyüm ilk kor adamdı…Yadımda deyil onu görəndə neçə yaşım olub.
Bəlkə də 9 ya 10 yaşım olardı.
Kəndimiz rayona çox yaxındır. Atamla rayona gedirdik. Rayona çatmağa az qalmış bir ortaboylu kişi gördüm. Əlində əlağacı vardı. Atam onunla salamlaşdı. Onda gördüm ki, gözləri yumuludur. Atamı səsindən tanıdı…Adını dedi, hal-əhval tutdu. Onunla bir yerdə getdik rayona. Əlindəki ağac onun gözləri idi sanki. O əlindəki ağacla görürdü.
Bir də ürəyi görürdü onun. İnsanları səsindən tanıyırdı. O səsləri görürdü. Insanlar onun üçün səs idi.
Eşitdiyimə görə uşaq vaxtı qızılcadan pozulub, ondan sonra kor olub. O bu dünyanı yalnız uşaq olanda görüb. O tanıdığı insanları uşaq olanda görüb. Evlənəndə kor imiş artıq. Evləndiyi qadının üzünü görməyib, səsini eşidib.
Övladları oldu, övladlarını görmədi. O uşaqlarına sevgisini əlləriylə bildirib. Uşaqlarını səslərinə görə fərqləndirib.
Qəribə yerişi vardı. Bəlkə də bütün kor adamlar elə bu cür yeriyir- dayana-dayana.. Əlindəki ağac onun kompası idi.
İllər keçdi, böyüdüm. Ona salam verəndə “Məmmədin qızısan?” – deyə sual verirdi.
O uşaqları atalarına görə tanıyırdı….Bəlkə də uşaqların səsləri ilə atalarının səsləri arasındakı oxşarlığı və fərqi yalnız korlar bilir.
Hərdən xatırlayıram onu. Gözləri görsə də ürəkləri kor olan insanlarla rastlaşanda onu xatırlayıram- Kor Qurbanı.. Ürəyi ilə görə bilən, gözlərinin nuru ürəyinə köçən bir insanı…
Sevil Gültən. 2 noyabr, 2014
salam xanim.sizi tanimasamda yazdiglariviza gore tewekkur.haqqinda yazdigiviz qurbanin nevesiyem.QURBANIN 2oglu 1qizi var.SAG OLSUN RAYON CAMAHATI KI ONUN HORMETINI SAXLIYIRDILAR.
Comments are closed.