Fayda verirsə, öyüd ver!

0
48
kənd həyati“Əgər nəsihət etmək fayda versə, öyüd-nəsihət ver!”  (əl-Əla, 87/9)
Peyğəmbərlərin insanlara göndərilməsində məqsəd Uca Allahın (c.c.) ismarışını çatdırmaq, insanlara öyüd və nəsihət verməkdir. Gözəlliklərin yayılmasının ən təsirli yollarından biri öyüd verməkdir. Öyüd verməyin məqsədi insanlara fayda verməkdirsə, onda nəsihəti gözəl bir üslubla vermək lazımdır. Əks təqdirdə, niyyətimiz insanlara fayda vermək olsa da, qəlbin sınmasına səbəb ola bilərik.

Yuxarıda qeyd etdiyimiz ayədə Uca Allahın (c.c.) ilk növbədə Peyğəmbərimizə (s.ə.s.) xitab etməsini belə izah edə bilərik: Ey Peyğəmbərim! Allahın ilahi vəhy vasitəsilə sənə bildirdiyi əmr və qadağaları insanlara bildirərək xatırlat, Quranın ehtiva etdiyi hökmləri və məlumatları insanlara çatdırıb öyrədərək onlara moizə və nəsihət ver, Quranla öyüd ver, onları xeyirli istiqamətə yönəlt və dinin hökmlərini göstər. Bunu edərkən insanların hal və vəziyyətlərinə diqqət et ki, məqsədin hasil olsun, öyüd və nəsihətlərin fayda versin.

Bununla belə, Peyğəmbərimizin əsas vəzifəsini nəzərə alsaq, xatırlatma və öyüd yalnız onlardan fayda əldə edəcək insanlar üçün yox, bütövlükdə hamı üçündür. Belə ki, hamıya olmasa da, öyüd və nəsihətin mütləq bir faydası vardır. Təbii ki, hamının öyüd və nəsihətə əməl etməsini gözləyə bilmərik. Allahın insana bəxş etdiyi azad iradəyə görə hər kəs  öz seçimini edir. Öyüddən yararlananlar, ondan faydalanmaq istəyənlər olacaqdır. Peyğəmbərimiz göndərilən ismarışı məcburi şəkildə qəbul etdirmək məsuliyyətini daşımır. “Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən ?!” (Yunus, 10/99) ayəsində qeyd olunduğu kimi, Peyğəmbərimizin vəzifəsi insanları zorla yola gətirmək deyil, yalnız ən gözəl şəkildə təbliğ etməkdir. “Peyğəmbərin vəzifəsi ancaq açıq-aşkar təbliğ etməkdir!” (əl-Ətıkəbut, 29/18) ayəsi də məhz bu məqamı açıqlayır.

Həzrəti Peyğəmbər təbliğ vəzifəsini və öhdəliyini yerinə yetirərək öz vəzifəsini layiqli şəkildə icra etmişdir. Ondan sonra artıq insanlar öz hallarında sərbəstdirlər. Bu mövzudakı davranışları və aqibətləri fərqli ola bilər. Uca Allah insanların bu öyüdə qarşı münasibətlərini nəzərə alaraq, istədiyi şəkildə onları cəzalandırar və ya mükafatlandırar. Həzrəti Peyğəmbərin təbliğinə qulaq asıb, bu öyüddən yararlanan və öyüdün fayda verdiyi insanlarla yanaşı, öyüdə qulaq asmayaraq, ondan yararlanmayan insanlar da vardır. Həzrəti Peyğəmbərin təbliğindən faydalanaraq öyüd ala bilənlər qəlblərində Allah qorxusu olan, nəticədə Onun dərgahına qayıdacaqlarını bilənlərdir. Bu mövzuda şübhəyə qapılanların da öyüddən faydalanması mümkündür. Lakin küfrdə və inadda, inkarda və nankorluqda israr edənlər öyüddən faydalana bilməz, öyüdün onlara faydası olmaz. Deməli, öyüddən yararlana bilməsi üçün insan ilk öncə iman gətirərək qəlbini və zehnini ilahi mesajın məqsədini anlamağa və onun tətbiqinə açmalı və hazırlamalıdır. Əks təqdirdə, Allah və Rəsulunun ismarışının onlara heç bir faydası olmaz.

Belə ki, qeyd olunan ayəni, ondan əvvəl və sonra gələn ayələrlə birlikdə düşünsək, Uca Allahın Peyğəmbərimizə verdiyi əmri və tövsiyəsi bu mənaya gələr:

“Ey Peyğəmbərim! Sən təbliğ et, amma dinimin insanlara çatdırılmasında heç bir şəkildə özünü çətinliyə salma, özünü məsuliyyət daşımadığın mövzularda məsul tutaraq çətinliyə salma. Sən ölüləri dirildə bilməzsən. Sən karlara eşitdirmək, korlara isə göstərmək məsuliyyətini daşımırsan. Biz sənin işini asanlaşdırdıq. Sən qulaq asaraq səni dinləyənlərə anlatmağa davam et. Qəlbində Allah qorxusu olanlar mütləq öyüddən faydalanarlar. Lakin xəbərdarlığa qarşı laqeydlik göstərən bədəməl şəxslərlə əlaqəli özünü məsul tutaraq məyus olma, işini çətinləşdirmə. Sən nə qədər səy göstərsən də, o şəxslər öyüddən yayınarlar. Göstərdikləri münasibət səbəbi ilə bundan faydalana bilməzlər”.

Nəticədə qeyd edə bilərik ki, insan öz xüsusiyyəti baxımından istənilən halda öyüdə və nəsihətə möhtacdır. Bu baxımdan peyğəmbərlərin dəvətinə qulaq asmayan, inkar edən bir çox insanların inkarlarının dillərindən ibarət olduğunu nəzərə alsaq, belə nəticəyə gələ bilərik ki, insanların əksəriyyəti nəsihətdən təsirlənirlər. Bu isə nəsihətin qaçılmaz olduğunu göstərir. Elə isə nəsihətin mütəmadiliyi prinsipi ümdə bir prinsip olmaqla yanaşı, bu nəsihət gözəl bir üslubla, fərdləri bezdirmədən və incitmədən verilməlidir. Nəsihətdən əvvəl fərdin maddi və mənəvi ehtiyaclarını və vəziyyətini də nəzərə alaraq, özümüzü onun yerinə qoymaqla öz davranışlarımızı da nəzərdən keçirməliyik. Dediklərimizin və tövsiyə etdiklərimizin öz mənliyimizdə qarşılığının olub-olmadığını düşünməliyik. Bəzən sözdən çox, gözəl bir davranış öyüd kimi daha təsiredici olur. Unutmamaq lazımdır ki, insanlar nə qədər korlanırsa-korlansın, qəlblər nə qədər qatılaşırsa-qatılaşsın, meneələr nə qədər çoxalırsa-çoxalsın, heç bir nəsil öyüddən faydalanma və yararlanma bacarığını büsbütün itirməz.