“Çayxanalara işsizlikdən yox, istirahət etmək üçün gedək”

0
12432
Nihad İbrahimli
Nihad İbrahimli

Nihad İbrahimli Zərdab rayonunda doğulub, burada təhsil alıb. Yüksək bal toplayaraq Qafqaz Universitetinə qəbul olub. Hazırda isə Mançester Universitetində (Birləşmiş Krallıq) təhsilini davam etdirir. Mançester Universiteti  İngiltərənin şimal-qərb bölgəsinin ən böyük universitetidir  və eyniadlı şəhərdə yerləşir. Universitet Böyük Britaniyanın nəhəng elmi-tədqiqat universitetləri qurumu olan “Russell Qrupu”nun və elmi-tədqiqat layihələri üzrə “N8 Qrupu”nun üzvüdür. 

Azərbaycanımızın, rayonumuzun fəxri gənclərindən olan Nihad İbrahimli ilə müsahibəni oxucularımıza təqdim edirik.

– Nihad, özünü oxucularımıza təqdim elə.

– İbrahimli Nihad İbrahim oğlu.

– Bildiyimizə görə, ali məktəbə qəbul imtahanlarında ən yüksək bal toplayanlardan olmusan. Hazırlığa hansı müəllimlərin yanına gedirdin?

– Hazırlıq müəllimlərim riyaziyyatdan, Azərbaycan dilindən, kimyadan, fizikadan, Ingilis dilindən müvafiq olaraq, Xalid müəllim, Bəhrəm müəllim, Lalə müəllim, Zenfira müəllim, Gülxanım müəllim olub.

– Səncə, yüksək bal toplamaq üçün məktəb əsasdır, yoxsa abituriyenti hazırlaşdıran müəllimlər?

– Əlbəttə ki, məktəbdəki baza bilikləri ilə hazırlıqda mənimsənilən bilik tam vəhdət təşkil etməlidir. Məktəbdə heç bir şey mənimsəməyən tələbəni hazırlıq müəllimi də çox çətin şəkildə universitetin qəbul imtahanına hazırlayacaq. Qaldı ki hazırlaşdıran müəllimlərin kimliyinin vacib rol oynayıb-oynamamasına, heç bir müəllimə qiymət verəcək qədər kamil deyiləm. Buna görə də bu sualı cavablandırmamağı üstün sayıram.

– Zərdabdan ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış gənclərdən kimlərin adını çəkmək istərdin?

– Çox uşaqlar var, sadəcə, hazırda fikrimdə olanların adın çəkmək istərdim: Nürəddin Sədili,  Aysel Muradlı,  Zahir Məmmədov,  Bəhərçin Əhmədli, Şəhriyyar Şükürov, Səxavət Xəlili,  Səbinə Nəsibli.

Yüksək bal məsəsləsinə bir az aydınlıq gətirmək istərdim. Yüksək bal toplayanlar deyib universitetə qəbul olan başqa gənclərin uğurların kölgədə saxlamaq düzgün deyil. Bal sadəcə  3 saatlıq imtahanın nəticəsidir. Bütün abituriyentləri də bu, psixoloji olaraq hazırlıq dönəmində pis bir vəziyyətdə saxlayır. Mən çox istərdim ki ancaq idmanda və ya imtahanda yüksək nəticə qazananların yox, hər bir gəncin uğurları işıqlansın.

– Yuxarıda adını çəkdiyin gənclərlə münasibətin varmı, bir-birinizlə əlaqəniz saxlayırsınızmı?

– Bəli, münasibtəmiz var. Əlaqələrimiz isə bəziləri ilə daha sıxdı.

– Səncə, yüksək bal toplamaq üçün əsas şərt nədir – istedad, yoxsa zəhmət?

– Mənim fikrimcə, istedad deyilən bir şey yoxdur. İstedad zəhmətin zamanla şəkildəyişmiş formasıdır. Pikassonu Pikasso, Enşteyni Enşteyn, Lütvizadəni Lütvizadə edən anadangəlmə istedad dediyimiz gözəgörünməz bir məhfum yox, çalışmaqdır.

– Niyə məhz Qafqaz Universitetini seçdin?

– Qafqaz Universitetini seçməyimə tək səbəb İngilis dilinə qismən yiyələnə biləcəyim idi.

– Təhsilini Mançester Universitetində davam etdirirsən. Seçimi özün etdin, yoxsa təklif universitetdən gəldi?

– Seçimi özüm etdim. Xaricdə hər hansı universitetdə təhsil almaq üçün 2 mərhələdən keçilməlidir:

  1. Tələbə xaricdə arzu etdiyi universitetə qəbul olmalıdır. Bunun üçün universitetə qəbul balı yüksək olmalıdır. Və ən əsası hansı dildə ixtisasa müraciət edibsə, həmin dilin sertifikatına yiyələnməlidir.
  2. Universitetdən qəbul haqqında sənədi alıb Təhsil Nazirliyinə təqdim etməlidir. Bu mərhələ may-avqust aylarında olur.

– Təhsillə bağlı başqa hansı planların var?

– Bu il son ilimdir. Bitirəndən sonra hərbi xidmətə gedəcəyimə görə hələ ki, dəqiq bir planım yoxdu, çox güman karyeramı qurmağa başlıyacağam.

– Təhsilini bitirdikdən sonra harada çalışmağı planlaşdırırsan?

– Azərbaycanda, əlbəttə ki.

– Həsən bəy Zərdabinin ən böyük arzu və istəklərindən biri də gənclərimizi savadlı görmək olub. Zərdabi yurdunu təmsil etməyin məsuliyyətini öz üzərində hiss edirsənmi?

– Hər bir insan özünü bir fərd kimi təmsil etməyi bacardığı təqdirdə, aid olduğu hər bir cəmiyyəti uğurla təmsil etmiş olacaq.

– İnsan ailəsindən kənarda olanda daha çox darıxır, sıxılır. Belə anlarında nə edirsən?

– Azərbaycan yeməklərindən bişirirəm, xalq mahnılarına qulaq asıram, 90-cı illərin televiziya tamaşalarına baxıram.

– Xaricdə ananın bişirdiyi hansı xörəyi ən çox arzulayırsan?

– Dolma, doğa, katlet, bozbaş.

– Zərdabla bağlı düşüncələrin nələrdir? Məsələn, rayonumuzla bağlı hansı arzuların var?

– Tək bir arzum var ki, çayxanalara bekarçılıqdan yox, istirahət etməkçün gedək hər birimiz.

– Səhv etmirəmsə, ədəbi yaradıcılıqla da məşğu olursan…

Yaradacılıq deməzdim, sadəcə, sözlərimi kiməsə deməkdən çox kağıza deməyi üstün tuturam.

– Ən çox sevdiyin şeirlərindən birini oxucularımla bölüşərdin…

– Dağları dərdimə bənzədirəm mən,

Ən uca nöqtəsi ən böyük dərdim.

Dərdlərim yamacdan qalxdıqca göyə,

Tapdanır dərd altda ən kiçik dərdim.

***

Yağdıqca üstünə zirvədə qarlar,

Qorxudan sızlayır ürkək dərdim.

Dumana düşsə də itməz heç zaman,

Dostum da, eşqim də bir tək dərdim.

***

Vəfanı neynirəm, yox ol dumanda,

Onsuz da varımdı bir ətək dərdim.

Bir güllü-çiçəkli səhər istərəm,

Xoşbəxtlik toxumun ək dərdim.

***

Çoxunun olsa da bir ürək dostu,

Nihadam, varımdı bir ürək dərdim.

Səni şeirimdə dağa bənzətdim,

Heç olmasa bir koma tik dərdim.

– Zerdab.com saytının fəaliyyətinə ürək sözlərin.

– İşlərinizdə uğurlar. Müsahibə üçün ayırdığınız vaxta görə təşəkkür edirəm.

– Saytımızda başqa nələr görmək istərdin?

– Ancaq yüksək bal toplamış və idmanda uğur qazanmışları yox, hər bir gəncin istedadlarını, fəaliyyətlərini işiqlandırmağınızı görmək istərdim.

– Zərdabı necə görmək istərdin?

– İndi gördüklərimin tam əksini görmək istəyərdim. Boş çayxanalar, ancaq istirahət üçün gələn insanlar…

Müsahibəmizin bir bölümü də var. Bu bölümdə 7 söz yazırıq. Hər sözlə bağlı bir neçə cümlədən ibarət ağlına gələn fikirləri bölüşməni istərdik.

  1. İnsanlıq.

– Hər kəsin özündə var olduğunu sandığı bir şey.

  1. Bəyənmədikləriniz.

– Laqeydlik, məsuliyyətsizlik və gecikmək.

  1. Pul.

– Yaşamaq üçün vacib olmayan, amma hər şeydən çox lazım olan kağız parçası.

  1. Şan-şöhrət.

– Olmasa da olar.

Valideynləriniz.

– Bu gün mənim az da olsa qazandıqlarımı əslində qazandıranlar onlardır.

  1. Uşaqlıq.

– “Samakat”.

  1. İlk sevgi.

– İlk və son sevgi bir olmadısa deməli, sevginin nə olduğu düzgün başa düşülməyib.

Zerdab.com

Nihad İbrahimli
Nihad İbrahimli

MusahibeMusahibe4