“Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədovla müsahibə

0
24063
isameddin-ehmedov-ekinci-qezeti-zerdab

Əhmədov İsaməddin Cavad oğlu 1954-cü il avqustun 18-də Zərdab rayonunun Məmmədqasımlı kəndində doğulub.

Məmmədqasımlı kənd orta məktəbini, Bakı Tədris Kombinatını bitirib və Yumşaq taralar fabrikində yardımçı fəhlə işləyib.

1979-cu ildə ADU-nun (indiki BDU) jurnalistika fakültəsini bitirib, “Daşkəsən” qəzetinin müxbiri, 1980-ci ildən Zərdab rayonunda çıxan “Əkinçi” (o vaxtkı “Pambıqçı”) qəzetinin müxbiri, şöbə müdiri vəzifələrində çalışıb.

1993-cü ildə Zərdab Rayon İcra Hakimiyyətinin Hüquq və müdafiə məsələləri şöbəsində məsləhətçi işləyib. Həmin ildən “Əkinçi” qəzetinin redaktorudur.

“Zərdab rayonu haqqında məlumat-sorğu kitabı”nın (2003-cü il), “Yamanlıq dünyanın özünə qalar” (şeirlər, 2004-cü il), “Tale qisməti” (2004-cü il, Mirağa Bağırovla həmmüəllif), “Zərdablılar 1941-1945-ci illər müharibəsində” (2010-cu il), “Zərdabdan cəbhəyə gedənlər: 1939-1945” (2013-cü il), “Həsən bəy Zərdabi: Seçilmiş məqalələri və məktubları” (rus dilindən tərcümə, 2016-cı il), “Lətifələr, əhvalatlar, deyimlər” (2019-cu il) kitablarının müəllifi, 10-dan çox kitabın redaktorudur.

İsaməddin Əhmədovun Zerdab.com saytına müsahibəsini təqdim edirik.

-İsaməddin müəllim, sizi Zərdabda böyükdən kiçiyə demək olar hər kəs tanıyır. Düşünürəm ki, bu təkcə sizin ictimai fəaliyyətinizlə bağlı deyil, həm də mehriban, böyüklə böyük, kiçiklə kiçik insan ola bilməyinizlə bağlıdır. Hamımızın yaxşı tanıdığımız İsaməddin Əhmədov ömrünün 64-cü baharını geridə qoyub. Bu yaşda dünyaya İsaməddin Əhmədovun gözü ilə baxsaq, indi görə bilmədiyimiz nələri görərik, indi anlaya bilmədiyimiz nələri anlayarıq?

-Yaşadığım ömür, çətinlikləri, amansızlıqları, bir çox hallarda ədalətsizliyi ilə qaldı yadımda. Həmişə də ədalətsizliklərə qarşı çıxdım və bunun ziyanını çəkdim. Çox vaxt müəllimlərim, hətta bəzən atam da məni başa düşmədilər. 9-cu sinifdə oxuyanda bir gün atam evə hirsli gəldi və dedi ki, sənin axırın nə olacaq? Bayaq məktəbinizə getmişdim, bütün müəllimlər sənə nifrət eləyir…

  • Bu nifrətin səbəbi nə idi?

– Əksər müəllimlərim mənim, hansısa müəllimin ununu çiynimdə dəyirmandan evlərinə aparmaq istəməməyimi həzm edə bilmirdilər. Nəticədə, 8-ci sinfi bitirmək haqqında Şəhadətnaməmdə mənə, hətta ən çox sevdiyim və ən yaxşı bildiyim Ana (Azərbaycan) dilindən də “3” yazdılar.

-Amma siz yenə öz yolunuzla gedirdiniz?

-16 yaşım olanda orta məktəbi bitirdim və valideynlərim Bakıya oxumağa getməyimi xəyallarına da gətirmirdilər, çünki atam pambıqçılıq briqadiri idi, onun yanında iş də çox idi, qazanc da. Həmin günlərin birində, nahardan sonra atam məni, iş alətləri gətirmək üçün tarla düşərgəsindən evimizə göndərdi. Getdim və anamdan 30 manat alıb (10 manat da özümdə vardı) təkbaşına Bakıya yollandım…

-Bakını tanıyırdınızmı?

-Onda zərdablılar Bakıya əsasən Ucar dəmiryolu stansiyasından, qatarla gedirdilər; o vaxtlar Zərdab-Bakı marşrutu ilə yalnız səhərlər bərk oturacaqlı “PAZ” markalı bircə avtobus işləyirdi, eyni markalı bir avtobus da həmin gün Zərdaba gəlirdi. Mən Bakıya qatarla getməli oldum, di gəl ki, ömrümdə nə Bakı görmüşdüm, nə də qatara minmişdim. Yaxşı ki, bir zamanlar mənimlə bir məktəbdə oxuyan və Bakıya getməyə hazırlaşan Asim adlı oğlanla Ucar vağzalında rastlaşdım…

-Sevgi şeirləri də yazırsınız, dünyadan, problemlərdən gileylərinizi ifadə edən şeirlər də. Bəs yazmaq istədiyiniz, amma yaza bilmədiyiniz şeirlər də varmı?

-Yazmaq istədiyim, amma yaza bilmədiyim və yəqin ki, heç vaxt yaza bilməyəcəyim şeirlər yazdığım şeirlərdən çoxdur.

-Həsən bəy Zərdabinin əsasını qoyduğu qəzetdə redaktor olmaq necə bir hissdir?

-“Əkinçi”də Həsən bəy Zərdabinin ruhu yaşayır, “Əkinçi” məbədgahdır, baxmayaraq ki, Zərdabda raykomun I katibi çəmbərəkəndli Aslan Balabəy oğlu Mirzəzadə olanda raykomun məsul işçisi, erməni Anton Sərdarov “Zərdab Staxanovçusu” adlanan bu qəzetin 1950-ci ilin yanvarında müvəqqəti redaktoru, avqustunda redaktor əvəzi səlahiyyətlərini icra edib. İsaməddin isə “Əkinçi”də nə birinci, nə də sonuncudur. “Əkinçi”nin redaktoru olmaq hissinə gəlincə, adını unutduğum şair gözəl deyib:

Elə bir vüsətlə dövr edir həyat,

Bilmirsən axşamdı, yoxsa səhərdi?

Yazmasan, narahat, yazsan, narahat…

Baxan da deyir ki, nə bəxtəvərdi!…

-“Əkinçi” daimi oxucuları olan, region mətbuatı arasında fəallığı ilə seçilən mətbu orqanlardan biridir. Hətta Bakıda yaşayan həmyerlilərimiz arasında da bu qəzetə abunə olub poçtla evinə gətizdirənlərin olduğunu bilirəm…

-Belə həmyerlilərimizin birincisi Siz oldunuz, Nicat müəllim, sonra isə Azərbaycan Rəssamlar və Memarlar ittifaqlarının üzvü Hüseynağa müəllim Həsənov və b.

-Etiraf edim ki, bu günədək Sizə – Həsən bəy Zərdabi ənənələrini yaşadan qəzetin redaktoruna, dəyərli ziyalıya niyə “Əməkdar jurnalist” adı verilmədiyinə təəccüb edirəm. Məncə, bu həm “Əkinçi”sevərlərə şad xəbər olardı, həm də biz həmyerlilərinizi sevindirərdi.

-“Əkinçi” qəzetinin 27 ildir redaktoru olan İsaməddin Əhmədova “Əməkdar jurnalist” adı verilsəydi, bax, mən buna təəccüblənərdim.

-“Əkinçi” qəzetinin maliyyə və texniki imkanları nə vəziyyətdədir?

-Manat kəskin ucuzlaşana qədər 1300-ə çatan abunəmiz 800-ə endi, hər həftə çıxan qəzetimiz ayda 2 dəfə nəşr olunmağa başladı, hətta 2 şəbəkə telefonumuzun birindən imtina etməli olduq. Mən biləni, hazırda Zərdab rayonunda təqribən 350-540 manatarası məvacib alan 17 molla var. Sovet dönəmində 3100 nüsxə ilə çap olunan “Əkinçi”nin isə o zamanlar mətbəəmizlə birlikdə 24 işçisi olduğu halda, indi cəmi 4 nəfər qalmışıq, orta maaş 185 manatdan çox deyil.

– Prezident yanında KİV-lərin inkişafına Dövlət dəstəyi Fondunun qəzetlərə ayırdığı maliyyə yardımından “Əkinçi” qəzeti də yararlanırmı?

-O Fond 2011-ci ildə rayon qəzetlərinə Çin istehsalı olan 1 ədəd diktafondan, 1 ədəd fotoaparatdan, 1 ədəd printerdən və 1 ədəd noutbukdan ibarət texniki dəstək verdi. Amma o dəstəyin özündə də anlaşılması çətin olan məqamlar vardı və biz, bir neçə rayon qəzetinin redaktoru bununla bağlı fikrimizi bildirəndə Fondda dedilər ki, sizin məqsədiniz bizim fəaliyyətimizə kölgə salmaqdır? Gələcək layihələrdən kənarda qalmaq istəyirsiniz?… Acı həqiqət budur ki, o yardım, Fondun bizim qəzetlərə ilk və son dəstəyi oldu və Fonddakılar son 8 ildə region mətbuatının inkişafı naminə heç nə etməyiblər, heç nə!

-Region qəzetinin redaktoru olaraq bu gün Sizi narahat edən nələrdir?

-1 manat belə borcumuz olmadığı halda, DSMF Göyçay rayon şöbəsinin bu ilin martında hesabımızdan sərəncamla 932 manatı qəsb etməklə bizi Novruz bayramını maaşsız keçirməyə məcbur etməsi;

-FHN Aran regional yanğın nəzarəti şöbəsinin qərəz səbəbindən qəzetimizə 100 manat cərimə yazması;

-“Aztelekom” Zərdab şöbəsinin onlara yaranmış 150 manat borcumuza görə qəzetimizi Şəki İnzibati iqtisadi məhkəməsinə verəcəyi barədə redaksiyamıza rəsmi ultimatum göndərməsi.

-Zərdab elektrik şəbəkəsinin heç bir əsas olmadan bizə min manat enerji haqqı borcu yazması.

Və təsəvvür edirsinizmi, mən redaktor olaraq qəzeti vaxtlı-vaxtında hazırlamaq işindən çox, qəzeti belə badalaqquranlardan qorumaq işinə artıq vaxt və zəhmət sərf etməyə məcburam.

-İsaməddin müəllim, cavab tapa bilmədiyiniz suallar varmı?

-Elə suallar çoxdur və deyim hansılardır.

1. Region mətbuatı üçün niyə region mətbəəsi tikilmir?

2. Müxalifət adlanan qəzetlərə də maliyyə dəstəyi göstərildiyi halda, rayon qəzetlərinin adı niyə heç bir dəftərdə yoxdur?

3. Jurnalistin mənzil almasının ilk şərti niyə onun mütləq Bakıda yaşaması olmalıdır? Halbuki sovetlər dönəmində mənzil məcəlləsinə əsasən region jurnalistlərinə də növbədənkənar mənzil, yaradıcılıq üçün əlavə otaq da verilirdi.

İstərdik ki, region KİV-lərinə maliyyə dəstəyi fond vasitəsilə deyil, bilavasitə ünvanlı şəkildə, birbaşa redaksiyalara göstəriləydi. Yerli qəzetləri büdcədən maliyyələşdirmək, məncə, dövlətimizi kasıb salmaz, həm də bu, problemin daha ədalətli həlli olardı və region mətbuatını maliyyə sıxıntılarından xilas edərdi.

-Bəs indi qəzet hansı mənbədən maliyyələşir?

-Fonddakılardan fərqli olaraq qəzetimizin həmtəsisçisi, Zərdab rayon icra hakimiyyətinin rəhbərliyi qəzeti dəyərləndirir, abunə vasitəsilə ona maliyyə dəstəyi verir. Bu dəstək olmasaydı, “Əkinçi” fəaliyyətini çoxdan dayandırmalı olardı və onu da deyim ki, Lütvəli Babayev Zərdab rayonuna İH başçısı təyin olunanda görüşdüyü ilk kollektiv biz olduq, hörmətli başçı redaksiyamıza kompüter, printer və kondisioner də hədiyyə etdi. Lakin bir reallığı da deməsəm olmaz: rayon icra hakimiyyətinin rayon qəzetini maliyyələşdirməsi üçün mexanizm, konkret maliyyə mənbəyi mövcud deyil. Biz rayon qəzetçiləri dövlət qulluqçusu sayılmasaq da, bu dövlətə qulluq edirik, bu dövlətin qəzetçisiyik. Biz, baqqal dükanı sahibi kimi fəaliyyət göstərən və ya saxta müxalifət libasına bürünən qəzetçilərdən fərqli olaraq hara gəldi soxulmaqdan, cəngəlliklərdən də özünə yol açmaq və daşdan da pul çıxarmaq instinktindən məhrumuq.

-Rayonumuzdan olan və hazırda müxtəlif qurumlarda çalışan, aktiv fəaliyyət göstərən ziyalılar çoxdur. Ancaq onların bəziləri rayonumuzdan sanki uzaq düşüblər. Bu ziyalıları əslində rayonumuza münasibətdə necə görmək istərdiniz?

-Ola bilər ki, bir insanın ali təhsili, lap elə elmi dərəcəsi də olsun, amma o, ziyalı olmasın. Qaravəlli kəndindən Göyüş Qanbayev Sibirdə çalışırdı. 1990-cı illərdə Zərdaba gəldi, həm cəbhədə vuruşan hərbçilərimizə, həm də “Əkinçi” qəzetinə maliyyə yardımı göstərdi. Ukraynada tanınmış iş adamı olan bir həmyerlimiz də vardı. Onun haqqında qəzetimizə məqalə gətirmişdilər, yazmışdılar ki, Ukraynada park və şəlalə inşa etdirib. Dedim ki, o adam öz kəndlərinin bərbad yolunu abadlaşdırsaydı, Zərdabda balaca bir park inşa etdirsəydi, onun yazısını və şəklini lap elə 1-ci səhifədə verərdik…

-Çoxlu pulunuz olmadığı üçün təəssüflənmisinizmi?

-Həmişə Allahdan diləmişəm ki, mənə çox pul qismət eləməsin, çünki çox pul özü ilə dərd-bəla gətirir.

-Bəs, çoxlu pulunuz olsaydı, hansı işlərə xərcləyərdiniz, Həcc ziyarətinə gedərdinizmi?

-Çox pulum olsaydı zəruri ərzaq dükanlarındakı borclular siyahısını ləğv etdirər, kəndimizin yoluna asfalt vurdurar, bulaq tikdirərdim. Həccə gəlincə, qorxuram ki, Həcc ziyarətinə ödənilən pulları yeni Qaşıqçı cinayətlərinə yönləndirərlər.

Rayonumuzun qədim kəndləri, tarixi araşdırma aparılmasına ehtiyac olan yaşayış məskənləri çoxdur. Bunlarla bağlı vaxtaşırı sizin də məqalələrinizi oxuyuruq. Sizcə, əsasən hansı ərazilərdə araşdırma aparılmasına ehtiyac var və nə maraqlı nəticələri ola bilər?

-Xanməmmədli kəndi ərazisindəki I əsrə aid küp qəbirlər nekropolu (ölü şəhər) mühüm tarix və mədəniyyət abidəsidir. Dəli Quşçu kəndi ərazisindəki Ağtəpə kurqanları, Yuxarı Seyidlər-Körpükənd kəndləri ərazisində mövcud olmuş Yerayız şəhərinin qalıqları, Məlikumudlu ərazisindəki qədim yaşayış məskənləri, Abbasqulu ağa Bakıxanovun yazdığı kimi, 1775-ci ildə Şirvanın paytaxtı olmuş Əlvənd kəndinin tarixi əraziləri peşəkar araşdırmaçılarını gözləyir. Bu araşdırmalar Azərbaycan tarixinin bəzi qaranlıq məqamlarına işıq sala bilər.

-Rayonumuzdan uzaqda yaşayanlar arasında onun həsrətini çəkənlər, ürəyi daim bura ilə döyünənlər çoxdur. Bu insanlarla bağlı rayonumuzun qəzetinin baş redaktoru olaraq siz daha çox məlumatlısınız. Kimisi öz kəndində evi olmasını istəyir, kimisi bu boşluğu tez-tez doğma torpağa gəlib-getməklə doldurur və s. İstərdik bu barədə bildiklərinizdən, tanıdıqlarınızdan, eşitdiklərinizdən danışasınız.

-Bir zamanlar həm Zərdab şəhərində, həm də qəsəbə və kəndlərimizdə elektrik, qaz, kənd təsərrüfatı texnikası, su problemi vardı və o vaxtlar Bakıya, yaxın və uzaq xaricə gedənləri qınamırdım. Amma indi o problemlər aradan qaldırılıb və daimi yaşayış üçün doğma yurda qayıdan dost-tanışlarımın sayı o qədər çoxdur ki, saymaqla qurtarmaz. Əlbəttə, onları alqışlayıram. Di gəl ki, bu günlərdə bir dostum dedi ki, oğlum, nəvələrim təkid edərək kəndə qayıdıblar, amma balacalar oynamağa uşaq tapmırlar… Onu da deyim ki, getdikləri yerlərdə ağır şəraitdə yaşayaraq geri qayıtmayanları başa düşmürəm və kiminsə həm Bakıda, həm də doğma elində evi olmasını da alqışlayıram. Məncə, kənddə böyüyən insanın ayağı torpaqdan üzüləndə o həm laqeydləşir, həm də acizləşir.

-Azərbaycanın bir çox bölgələrində olduğu kimi, son illər rayonumuzda da xeyli iş görülüb, məktəblər, uşaq bağçaları tikilib, təmir olunub, yeni sosial-ictimai obyektlər istifadəyə verilib. Təbii ki, görüləsi işlər çoxdur. Siz rayonumuzu necə görmək istərdiniz?

-Zərdabın iqlimi və coğrafi mövqeyi yay turizmi üçün çox əlverişlidir. Kür və Türyançay (Qarasu) çayı Zərdab şəhərində qovuşur, Kür Bıçaqçıdan Otmanobayadək, çay gəmilərinin üzə biləcəyi 85 km. uzanır və Zərdabı Bərdə, Ağcabədi, Beyləqan, İmişli və Kürdəmir rayonları ilə birləşdirir. Bu yerləri gəmi ilə gəzməyə günlər lazımdır. Sahillər isə kifayət qədər meşəliklərdir. Bu çayın, elə Türyançayın da sahilində çimərliklər, su idmanı mərkəzləri yaratmaq üçün əla təbii şərait var. 1980-ci illərdə avarçəkmə üzrə SSRİ yığma komandası məsul yarışlar ərəfəsində məhz Zərdabda–Kür çayında məşq keçirdi və bu barədə “Əkinçi”də yazılar dərc edirdik. Düşünürəm ki, Ukraynada şəlaləli park tikməkdənsə, Zərdabda müasir standartlara uyğun turizm-istirahət-idman zonaları yaradılsa, daha böyük maraq doğurar və fayda gətirər.

-Bakıda tanış olduğum, söhbətləşdiyim insanlara haralı olduğumu deyən zaman “o rayonun insanları çox sakit, səmimi, mehriban olurlar” deyirlər. Hərdən düşünürəm ki, bunun səbəbi nədir?

-Var-dövlətin azlığı, qəlbin saflığı! İnsan çox varlananda sərvətini necə artırmaq barədə düşünür.  Kasıb isə… Çox-çox illər qabaq bir nəfərlə rastlaşdım. Zərdablı olduğumu biləndə mənə o qədər hörmət və ehtiramla yanaşdı ki! Səbəbini soruşdum. Dedi 1980-ci illərdə Zərdab ərazisində aerofotoşəkilləri dəqiqləşdirmək işində çalışırdım, bütün günü çöllərdə, kəndlərdə idik. Sizin insanlara heyran oldum. Onlar tanımadıqları qonaqlara da salam verirlər, mən çöllərdə işləyəndə isə, bir də görürdüm ki, ahıl bir kişi günün istisində mənə qarpız, çörək, şor-pendir gətirib…

-İsaməddin müəllim jurnalist olmasaydı, başqa hansı sahədə uğur qazanardı?

-5-ci sinifdə oxuyanda məktəbimizin “Sancaq” satirik divar qəzetinin rəssamı idim, sonralar müəllimimiz məni Abramov soyadlı şagirdlə əvəz elədi. Amma özüm üçün rəsmlər, portretlər çəkirdim, yaxşı da çıxırdı. Bakı Rəssamlıq məktəbinə sənəd də verdim, uğursuz oldu. Bununla belə, jurnalist olmasaydım yəqin ki, rəssamlıq edərdim.

 -KİV-ləri dördüncü hakimiyyət də adlandırırlar.

-Günlərin birində Mətbuat Şurasının Şıx çimərliyində təşkil olunan mərasiminə çağırıldım. Yeri gəlmişkən, Əflatun müəllimə minnətdaram ki, xəbərim olmadan məni Ali Media mükafatı ilə təltif etmişdilər. Amma o çimərliyin qapıçıları biz jurnalistlərlə bizim ağalarımız kimi davrandılar və bizi əraziyə buraxmaq istəmədilər. Qızmar günəş altında darvaza önündə 1 saat gözləməli olduq, nəhayət, MŞ rəhbərliyinə zəng etməklə içəri girməyimizə razılıq verdilər. Mən o gün Bakıda, ən azından Şıx çimərliyində özümü qəzet redaktoru yox, yadplanetli, kiborq kimi hiss elədim, mənə elə gəldi ki, 6 il təhsil aldığım, 2 il işlədiyim Bakıda yox, qərib, yad şəhərdəyəm. Halbuki tələbəlik illərində mən jurnalist olduğum vaxtlardakından sərbəst idim, “plyaj işçiləri” mənimlə belə davrana bilməzdilər. Bax, bütün bunlara görə jurnalistikanı heç bir peşəyə dəyişmərəm.

-“Kişilər ağlamaz”, deyirlər. Bəs sizcə, kişilər nə vaxt ağlayar?

-Ağladıqca kişi biqeyrət olur…-Bunu M.Ə. Sabir deyib. Amma mərdin qovula-qovula namərdləşdirilməsinə laqeyd qalmaq olmaz. Kimsə mənimlə eyni universitetin eyni auditoriyasında dərs keçib, o hüququ bitirib, mən jurnalistikanı. Mən rayon qəzetinin redaktoruyam, o rayon məhkəməsinin hakimi, yaxud prokuroru, lap elə polis rəisi. Bilirsiniz maaşlarımızdakı fərq 15-20 dəfə ilə ölçülür? Üstəlik, iqtidar qəzetçisi dövlət qulluqçusu sayılmır, niyə?

-Sizcə, ölüm nədir?

-Fiziki ölüm, ölümdən sonrakı həyatın başlanğıcıdır. Amma fiziki ölüm mənəvi ölümdən yaxşıdır.

-Axirətə inanırsınız? Bəziləri deyirlər ki, o dünyanı görən, ordan qayıdan yoxdur.

İnsan üç ömür yaşayır: Ana bətnində; bu dünyada; Axirətdə. Ana bətnindəki dünyasına qayıdan olubmu? Axirət dünyasından da bu dünyaya qayıtmaq mümkün deyil!

-Keçmişə nəzər salanda ən böyük təsəlliniz?

-Nə yaxşı ki, jurnalistikanı, ondan da əvvəl sərbəstliyi və sadə yaşayış tərzini seçmişəm.

-Müxtəlif rənglər var. İsaməddin müəllim bu qarmaqarışıq dünyamızı nə rəngdə görür və niyə məhz o rəng?

Mənim gözlərimdə dünya rəngsizləşib. Amma Bəxtiyar Vahabzadə də gözəl deyib:

Ahıla ahıldır, qocaya qoca,

Cavana görünür təptəzə dünya.

-Ən sevimli məşğuliyyətiniz?

Yazmaq, oxumaq! Elə bu şeiri də özüm, özüm haqda yazmışam:

Mənimki şahmatdı, nərddi,

Həmdəmim qüssədi, dərddi.

Keçsəm, ölləm,- o sərhəddi,

Mən şəhər adamı deyiləm.

-Nə vaxtsa reallaşacağına və ya reallaşdıra biləcəyinizə ümid etdiyiniz arzunuz?

Azərbaycanın xəritəsinə baxın: Dağlıq Qarabağ sanki Azərbaycanın sağ böyrəyidir. Sağ böyrəksiz yaşamaq çox çətindir.

-Zərdablı gənclərə arzularınız?

Mən radio və televiziya cihazları təmiri ustası məktəbinin rus bölməsini əla qiymətlərlə bitirmişdim. Amma işləmədim. İşləsəydim, yəqin ki, yaxşı usta olardım. Gənclərimiz ali təhsil dalınca qaçmaqdansa müasir texnocihazların, avtomobillərin təmirini, dərziliyi, bərbərliyi və s. peşələri öyrənsinlər. Çünki bu və başqa yaxşı peşə ustaları mənim kimi jurnalistlərdən xoşbəxtdirlər.

-Sonda Zerdab.com saytı ilə bağlı fikirlərinizi öyrənmək istərdik.

-Zerdab.com hamımızın saytıdır. Mənə doğma olan bu sayt həm operativliyi və çevikliyi, həm informasiyaların lakonikliyi, həm də əlçatanlığı ilə oxucuların sevimli saytıdır. Zaman gələcək, Zerdab.com Zərdabın ensiklopediyası rolunu oynayacaq. Hər kəs axtardığını burada tapacaq.

Zerdab.com