Allahın rəğbəti ata-ananın rəğbətindədir

0
52
anaAllah-Təalaya ibadətdən sonra insanlara ən çox valideynlərə hörmətli davranmaq əmr edilir.
 Övladları üçün hər bir fədakarlığa qatlanan valideyninə qarşı hörmətsiz davranan insanların başqalarına hörmət etməsinə inanmaq mümkün deyil. Peyğəmbərimiz Həzrəti-Məhəmməd (s.ə.s.) buyurmuşdur: “Allahın rəğbəti ana və atanın rəğbətindədir. Allahın qəzəbi ana və atanın qəzəbindədir”.  Uca Peyğəmbərimizin bu buyruğu valideyn-övlad münasibətlərinin tənzimlənməsində meyar kimi götürülməlidir. Amma bir məqamı unutmaq olmaz ki, hər bir insan üçün ən önəmli amil Allaha ibadətdir. Əgər valideyn öz övladını müşrik (Allaha şərik qoşan) olmağa sövq edirsə, bu halda övlad valideynin istəyini qəbul etməyə bilər, amma bu halda belə övlad valideyninə qarşı mümkün qədər mülayim davranmalı, doğru yolda olmadığını ona anlatmağa çalışmalıdır. Bilindiyi kimi, hər bir insan üçün ən ağır günah Allah-Təalaya şərik qoşmaqdır. Əgər valideyn bu yolda olmuş olsa belə, övlad onu yumşaq dillə, səmimi sözlərlə, ağılla, məntiqlə o vəziyyətdən çıxarmağa çalışmalıdır. Yoxsa, valideynə “Sən kafirsən, cahilsən, cəhənnəmliksən” demək övladın həddi olmadığı kimi, digər tərəfdən də, işin uğurla nəticələnəcəyinə mane olar. Çünki övlad gərək valideynin qürurunu zədələməsin. Qurani-Kərimin Nisa surəsinin 36-cı ayəsində Allah-Təala insanlara belə buyurmuşdur: “Allaha ibadət edin və ona heç bir şeyi ortaq qoşmayın. Anaya, ataya, qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşuya, uzaq qonşuya, yaxın dosta, yolda qalmışa, əlinizin altında olanlara xoş münasibət göstərin. Şübhəsiz, Allah lovğalanan və öyünən insanları sevməz”.