Musa əleyhissəlam və çoban

0
28
kainatMusa əleyhissəlam bir gün yolda bir çobana rast gəlir. Çoban:
– Ey Kərəm Sahibi Allahım!  Haradasan ki, gəlib Sənə qul olum; çarığını tikim, paltarını yuyum, keçilərimi sağıb südünü Sənə içirim; keçilərimin hamısı Sənə qurban olsun, – deyirdi.

Musa (ə.s.) çobanın sözlərini eşidib:

– Kiminlə danışırsan, – deyə soruşdu. Çoban:

– Bizi Yaradanla, Yeri, Göyü var edənlə, – deyə cavab verdi.

Musa (ə.s.):

– Vay, vay, – dedi. – Sən heç müsəlman olmamış kafir olmusan, bunlar nə boş sözlərdir, nə küfrdür, heç belə də şey olarmı? Sən bu sözləri kimə söyləyirsən? Əminəmi, dayınamı? Allahın sifətləri arasında cism Sahibi olmaq və bir şeyə ehtiyac duymaq kimi bir şey varmı?!

Musa (ə.s.) çobana bunabənzər çox sözlər söylədi, Allah-Təalanın insana bənzəmədiyini, Onun haqqında hər hansı bir insan haqqında danışırmış kimi danışmağın doğru olmadığını dedi. Çoban Musanın (ə.s.) sözlərindən çox pərt oldu, elə sarsıldı ki, az qala, ağlı başından çıxsın:

– Ey Musa! Sən mənim ağzımı bağladın, elə peşman oldum ki, canım cızhacız yandı.

Sonra da əl atıb baş-gözünü yolmağa, paltarlarını cıraraq ah çəkməyə başladı, dayana bilmədi, qoyunlarını da Musanın (ə.s.) yanında buraxıb baş götürüb getdi. Elə o əsnada Allah-Təaladan Həzrəti Musaya vəhy gəldi:

– Qulumuzu bizdən ayırdın. Biz sözə və dilə baxmarıq, könülə və hala baxarıq.

Musa Allahın bu bildirişini alan kimi çobanın arxasınca qaçdı. Onu tapdı və sevincək halda:

– Müjdəmi istəyirəm, – dedi, – Allahdan sənə icazə gəldi, o incimiş könlünlə Allah-Təalanı necə anmaq istəyirsənsə, elə də an. Amma yetər ki, Onu an.