Milli rəqslərimiz milli dəyərimizdir

0
457

Milli rəqslərİyunun 12-də Bakıda birinci Avropa Oyunlarının açılışı oldu. Əcdadlarımızın rəqs mərasimlərinin təsvir olunduğu canlı tariximiz olan Qobustan abidələrinin yüksək təqdimatı, eləcə də tədbirin möhtəşəm “Yallı” sədaları ilə başa çatması dövlətimizin milli-mənəvi dəyərlərə verdiyi böyük önəmin nəticəsidir.

Bəşəriyyətin ən qədim dəyərlərindən olan rəqslər məxsus olduğu xalqların xüsusiyyətlərini –  milli kimliyi, tarix və mədəniyyətini özündə əks etdirən əsas vasitədir. Azərbaycan xalqı da bu zəngin irsi ilə qürur duyur. Rəqslərimiz milli dəyərimiz kimi ilk növbədə başda qaval daşı olmaqla qədim musiqi alətlərimiz, eləcə də milli geyimlərimizlə özünü biruzə verir. Kişi geyimləri qürurun, igidliyin simvolu, qadın geyimlərimiz isə ismətin, zərifliyin təcəssümüdür. Daim ali dəyərlərinə böyük önəm vermiş xalqımız həyat tərzini milli rəqslərimizə hopduraraq günümüzə daşımışdır. “Yallı” onun birliyi, “Cəngi” igidliyi, “Vağzalı” niskili, “Tərəkəmə” sevincinin təzahürüdür.

Azərbaycan rəqsləri dünyanın ən zəngin rəqs nümunələrindən biridir. Onu digərlərindən fərqləndirən və bizim üçün önəmli edən başlıca cəhətin ana laylası üzərində qurulması olduğunu söyləyən görkəmli rəqqasəmiz Roza Cəlilova Üç nöqtə qəzetinə verdiyi müsahibədə rəqslərimizi belə səciyyələndirmişdir: “Hər bir xalqın öz tarixi, folkloru olduğu kimi, özünəməxsus musiqisi, ritmləri də var. Məsələn, gürcü rəqslərində əsas süzmə elementləridi. Və yaxud hansısa başqa xalqda dinamika üstünlük təşkil edir. Azərbaycan rəqslərində isə süzmə də var, dinamika da. Bu Azərbaycan rəqslərinin özəlliyidi”.

Özündə kollektiv kişi-qadın, kollektiv kişi, kollektiv qadın, solo kişi, solo qadın, kişi-qadın dueti və trio olmaqla 7 elementi əks etdirən rəqslərimizin möhtəşəmliyi, fərqliliyi onun zənginliyindədir. Kişilərin kollektiv oynadığı “Qaytağı”, “Qazağı” rəqslərində onların igidliyi və bacarığı öz əksini tapır. “Ay ləli”, “Qavalla rəqs”, “Nəlbəki” kimi yalnız xanımların kollektiv oyunu ilə ərsəyə gələn rəqslərimizdə isə Azərbaycan qadınının mehribanlığı, həmrəyliyi təbliğ olunur. “Atəşgah”, “Odlar yurdu” və s. rəqsləri kişi və qadınlar birgə oynayır. Burada əsasən sevgi tərənnüm edilir. Döyüş, cəng səhnələrinin yer aldığı “Yallı-zorxana” rəqsində isə igidlikdə kişilərdən heç də geri qalmayan qadınlarımızın vətənpərvərliyi, mərdliyi və fədakarlığı ən yüksək şəkildə təqdim olunur. Qadınlar tərəfindən solo oynanılan “Sarı gəlin”, “Uzundərə”  kimi rəqslərimizdə isə onların bütün fərdi müsbət keyfiyyətləri – gözəllik, təvazökarlıq, incəlik, kübarlıq dolğun şəkildə əks olunur. Trio oynanılan “Üç gül” rəqsində bu xüsusiyyətlər daha geniş məzmunda nümayiş etdirilir. “Keçiməməsi” kimi kişi solo rəqslərində isə zəhmətkeş, iradəli insanlarımız tərənnüm edilir.

Milli rəqslərimizin ən müsbət cəhətlərindəndir ki, digər heç bir xalqda bu sayda və məzmunda rəqs elementi mövcud deyil. Rus milli rəqslərinə nəzər yetirdikdə kişi kollektiv, qadın kollektiv və kişi-qadın kollektiv olmaqla yalnız 3 elementin mövcudluğunu görürük. Əsasən qadın kollektiv oyunlarının üstünlük təşkil etdiyi rəqslər bütün parametrlər – elementlərin mürəkkəbliyi, obrazlılıq, bədən üzvlərinin iştirakı və s. baxımdan milli rəqslərimizdən geri qalır. Bunu “Kalinka”, “Varenka”, “Sudaruşka” və s. məşhur nümunələri izlədikcə daha aşkar şəkildə hiss etmək olur. Kişi oyunlarının üstünlük təşkil etdiyi gürcü rəqsləri də əsasən bu parametrlərdəki çatışmazlıqlarla bizimlə müqayisə edilə bilməz. Yaxud, kollektiv oynanılan irland rəqslərində bir əsas xətt mövcuddur ki, bu da ayaqların çarpaz hərəkətlərlə yerə döyülməsindən – çeçetka vurulmasından ibarətdir. Milli musiqi aləti tuluq və geyimi kelti nəzərə almasaq şotlandların da milli rəqsi onların bənzəridir.

Digər xalqların rəqslərində məhdud bədən üzvləri iştirak etdiyi halda milli rəqslərimizdə məzmunundan asılı olaraq daha geniş sayda üzvlər iştirak edir. Məsələn, “Mirzəyi” rəqsində əllərin tam açıq vəziyyətdə olmaqla hər birinin içərisində iki su ilə dolu stəkanla edilən mürəkkəb bilək, barmaq və bədən hərəkətləri, dolanmaları insanı heyrətə gətirir. Xanım rəqslərimizin bu qədər incə və dəqiq ifa tərzinin fəlsəfəsinə vardıqda onun milli dəyərimizin bir parçası olduğunun daha bir məqamı ortaya çıxır. Belə ki, Azərbaycan qadını üçün abır-həyanın bütün dövrlərdə əsas şərt olması daim uzun paltar geyinilməsi ilə nəticələnmişdir. Bu səbəbdən də rəqqasələrimizdə əsasən daha sərbəst olan baş, göz, qol, hətta kiprik, qaş, əl və biləklərlə bağlı olan hərəkətlər böyük inkişaf prosesi keçmişdir. Bu da onlara bu tipli istənilən mürəkkəb elementləri ən yüksək səviyyədə həyata keçirməyə imkan verir. Kişilərin sərbəstliyi nəticəsində isə əsasən ayaq hərəkətləri yüksək inkişaf etmişdir. 1956-cı ildə lentə alınmış “Şəki” rəqsini ifa edən görkəmli rəqqasımız Əlibala Abdullayevin nağaranın pərdəsi üzərində ayaq barmaqlarının ucunda uzunmüddətli rəqs etməsi bunun bariz sübutudur.

Hər biri ayrılıqda bir məna daşıyan rəqslərimiz izləyənləri xəyallar aləminə aparır.  Obrazlılıq, hərəkətlərin ad və məzmunla ahəngdarlıq təşkil etməsi isə ən üstün cəhətlərdəndir. Məsələn, “Turacı” havasında rəqqasənin geyimindən tutmuş,  hər bir hərəkəti turac quşunun yerişini, havada süzməsini xatırladır. “Nəlbəki” rəqsində isə xanımlar əllərindəki nəlbəkini cingildədərək gözəl mənzərə yaradırlar. Əlibala Abdullayevin quruluş verdiyi və şəxsən iştirak etdiyi digər rəqslərdə isə obrazlılıq daha parlaq şəkildə nümayiş olunur. “Dostluq” rəqsində tərənnüm edilən xalqların hər birinin geyimindən tutmuş milli oyun üslubunadək ən xırda detallar belə o qədər yüksək səviyyədə oynanılır ki, Sovet dövrünün xatirələri gözlər önündə canlanır, kiçik zaman kəsiyində xalqların dostluq və həmrəyliyi ən mükəmməl şəkildə ifadə olunur. “Məhsul”, “Çoban” rəqslərində də məzmun mükəmməl şəkildə əhatə olunur. Bu, Azərbaycan rəqs sənətinin möhtəşəmliyidir.

Digər unikal cəhətimiz isə ondan ibarətdir ki, həyatın bütün sahələri ilə bağlı rəqs nümunələrimiz mövcuddur. “Azərbaycan” rəqsi-vətən, “Qazağı”-döyüş, “Koroğlu cığatayı”-igidlik, idman, “Novruzu”-bayram və mərasim, “Uzundərə”-toy, “Heyvagülü”-meyvə, “Kəkliyi”-quş, “Ceyranı”-heyvan, “Bənövşə”-gül, “Darçını”-ədvə, “Dəsmalı”-əşya, “Cəfəri”-kişi adı, “Gülgəz”-qadın adı, “Çalpapaq”-kişi geyimi, “Çittuman”-qadın geyimi, “Qofta”-paltar, “Qızlar bulağı”-su, “Birliyantı”-zinət əşyaları, “Bəyhavası-bəy”, “Gəlinhavası”-gəlin, “Cütçü”-əmək, “Avarı”-millət, “Sabirabadı”-yer, “Yüzbir”-rəqəm, “Bir quşum var”-uşaq, “İkiarvadlı”-məzəli, “Aeroplanı”-iqtisadi həyat və s. sahələri tərənnüm edən çoxsaylı milli rəqs nümunələrimizə nəzər yetirmək kifayətdir ki, zəngin irsimizin şahidi olasan. Qeyd olunan və olunmayan sahələrin hər birinə aid onlarla dəyərli nümunələrin  mövcudluğunu nəzərə alsaq bu sübut daha əsaslı şəkildə öz təsdiqini tapar. Yüksək mədəniyyət daşıyıcısı olan xalqımızın yaratdığı rəqslərin çeşidi o dərəcədə zəngindir ki, hətta qruplaşdırılaraq istifadəyə də imkan yaradır. Belə ki, yaşlı qadınlar, kişilər, cavan qızlar, oğlanlar, sürətli, asta, kollektiv və tək oynayanlar, hətta uşaqlar belə rahatlıqla geniş rəqs ehtiyatımızdan istəklərinə uyğun şəkildə istifadə edə bilirlər.

Rəqslərimizin əsas xüsusiyyətlərindən biri də onların vasitəsilə milli dəyərlərimizin gələcək nəsillərə ötürülməsidir. Bu gün qızlarımıza ad qoyarkən demək olar ki, Əfruzə adından  istifadə etmirik. Ancaq bu adı daşıyan rəqs nümunəmiz vasitəsilə bilirik ki, o, dövrünün ən geniş yayılmış qadın adlarından biri olub. Yaxud,  Şəki-Zaqatala zonasında yaradılmış “Abayı” rəqsi vasitəsilə bu zonada yaşlı qadınlara bu adla müraciət olunmasını öyrənirik.

Rəqslərimizə bu gün dövlət səviyyəsində böyük qayğı göstərilir. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bu istiqamətdə bir sıra vacib tədbirlər həyata keçirilir. Birinci Avropa Oyunları ərəfəsində, xüsusən də ölkəmizə gələn əcnəbilərə milli geyimlərimiz və rəqslərimizi təbliğ etmək məqsədilə “Milli geyimlərimizin dünəni və bu günü” adlı layihənin həyata keçirilməsi də bu mərama xidmət edir. Xoşdur ki, idman arenalarında keçirilən yarışların başlanğıcında rəqslərimiz ifalarla, fasilə zamanı isə musiqi nümunələrimiz qədim alətlərimizdə dünyaya təbliğ olunur. Milli havamızın neyin möcüzəli avazında səsləndirilməsi isə oyunlara xüsusi ovqat bəxş edir. Həmçinin, vacib tədbirlərdən biri olaraq qədim milli rəqslərimizin bərpası və qorunması istiqamətində də böyük işlər görülür, onlar lentləşdirilir. Eləcə də Nazirliyin və Heydər Əliyev Fondunun dəstəyi ilə Dövlət Milli Rəqs Ansanblının ifasında xarici ölkələrdə keçirilən müxtəlif mötəbər tədbirlərdə rəqslərimiz yüksək şəkildə təbliğ olunur.

Təəssüf ki, bu sahədə müəyyən çatışmazlıqlar da mövcuddur. Xüsusən də rəqslərimizə tam sahib çıxmamağımızın acı nəticəsidir ki, ermənilər utanmadan, adlarını belə dəyişdirmədən “Köçəri”, “Qaytağı” kimi qədim dəyərlərimizə iddia edirlər. Elektron informasiya mənbələrində, internetdə bir sıra rəqslərimizi rahatlıqla izlədiyimiz halda, “Azərbaycan”, “Asta Qarabağı”, “Asma kəsmə”, “Ağır yaradağı” və s. qədim rəqslərimizin nəinki videogörüntüsü, səs yazısına belə rast gəlmək olmur. Ancaq sevindirici haldır ki, müxtəlif mənbələrdə, eləcə də yaratdığı 100-dən artıq nümunələri ilə milli rəqsimizin inkişafında müstəsna xidmət göstərmiş el sənətkarı balabançı Ağsulu Kalvalı Əli dədənin qara zurnada ifasında “Xırdaca”, “Dağ çiçəyi”, “Əfruzə”, “Səlvəri”, “Qəhrəmanı”, “Şirvan Gəraylısı”, “Koroğlu nağarası”, “Çəmənlik” və sair onlarla qədim rəqs havalarımızın səs yazısını dinləmək mümkündür. Bu qiymətsiz milli dəyərlərimizin hamısının məzmununa uyğun olaraq obrazlı şəkildə lentləşdirilməsi xalqımıza ən böyük hədiyyə olar.

Qurban Süleymanov

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Milli rəqslərimiz milli dəyərimizdir” mövzusunda  keçirdiyi müsabiqəyə təqdim olunur.