Zərdabda adambaşına orta hesabla 1000 kiloqram taxıl

0
50

taxıl biçiniBu gün ölkə əhalisinin daxili istehsal hesabına taxılla təminatı prioritet məsələdir. Təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında bu məsələ ilə bağlı görüləsi işlər qeyd olunub və müvafiq istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Ərzaq təhlükəsizliyində mühüm sahə olan taxılçılığın inkişafı respublikamızın bütün bölgələrində, o cümlədən Zərdabda da xüsusi diqqət mərkəzindədir. Bəs rayonda bu istiqamətdə hansı işlər görülür?

AZƏRTAC-ın müxbirinin bu sualını cavablandıran Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Namiz Rüstəmov deyib: “Birinci Dövlət Proqramının icrasından başlayaraq rayonumuzda taxılçılığın intensiv inkişafı bir nömrəli vəzifə kimi qarşıya qoyulub. Taxılçılıq aqrar sektorda ən önəmli sahəyə çevrilib. Təkcə bir faktı qeyd edim ki, 2003-cü ildə Zərdabda 9612 hektarda taxıl əkilibsə, cari ilin məhsulu üçün əkin sahələri 16730 hektara çatdırılıb. O vaxt hər hektardan orta məhsuldarlıq cəmi 15-18 sentner olub. “Kənd təsərrüfatı ili” olan 2015-ci ildə isə zəmilərin artıq 80 faizi biçilib və hər hektarın məhsuldarlığı hələ ki 30-35 sentnerdir.

Taxılçılıqda əldə etdiyimiz uğurlar hər şeydən əvvəl bu sahəyə göstərilən dövlət dəstəyi ilə bağlıdır. Fermerlərin yüksək, məhsuldar toxumlarla təmin edilməsi, “Aqrolizinq” ASC-nin xətti ilə rayonumuzda yaradılmış “Aqrotexservis” filiallarının müasir texnika, o cümlədən kombaynlar, mineral gübrələrlə təchizi, taxılçılara hər hektar əkin sahəsi üçün dövlət yardımı bu mühüm sahənin inkişafında vacib rol oynayır”.

O deyib ki, rayonda taxılçılığın inkişafı əkinçilik imkanlarının üzə çıxarılmasından və onlardan səmərəli istifadə edilməsindən də xeyli dərəcədə asılıdır. Təkcə son 10 ildə əkin dövriyyəsinə yeni torpaq sahələri cəlb olunmaqla taxıl zəmilərinin sahəsi 75 faizədək artırılıb. Əkin, becərmə və biçin kampaniyalarının optimal müddətlərdə və yüksək keyfiyyətlə aparılması, bu sahədə müasir texnologiyaların tətbiqi də istehsalın artımında mühüm rol oynayır. Mütəxəssislərin iştirakı ilə keçirilən taxılçılıq müşavirələrində, tarla seminarlarında bu məsələlər xüsusi müzakirə mövzuları olur. Bütün bunların nəticəsidir ki, “Kənd təsərrüfatı ili”ndə rayonda adambaşına orta hesabla 1000 kiloqram taxıl istehsalı gözlənilir”.