Həsən bəy Zərdabini niyə 3 yerdə dəfn ediblər?

0
81
henife-melikova-zerdabi.png

Bütün həyatı boyu çətinliklərlə üzləşən Həsən bəy öləndən sonra da rahatlıq tapmadı. Nəşi I Fəxri Xiyabandakı indiki mənzilinə çatanadək iki yerdə basdırıldı. Hətta nəşinin qalıqları 1957-ci ildə müəyyən müddətdə yeşikdə gizli saxlanıldı.
Professor , mətbuat tarixi və klassiklərini ciddi araşdırmış alim Abbas Zamanova istinad edərək vaxtilə geniş araşdırma aparan jurnalist Tahir Aydınoğlu ilə söhbət etdik. Qeyd edək ki, mərhum professor Abbas Zamanov Zərdabinin nəşinin Fəxri Xiyabana köçürülməsində ən çox fədakarlıq göstərən şəxslərdən olub.
1957-ci ildə bir qrup tələbəsi ilə Bakının kənar qəbiristanlıqlarının birində Zərdabinin nəşinin qalıqlarını özü əlinə bel alaraq axtarıb. Tahir bəy əvvəlcə, Zərdabinin ilk dəfn olunduğu yer barəsində danışır. Deyir ki,  Həsən bəy 1907-ci ilin noyabrın 28-də dünyasını dəyişəndə böyük bir izdiham 10 km-dən artıq yolu qət edərək, onu dəfn etmək üçün Bibiheybətə aparır. O mərasimdə iynə atsaydın, yerə düşməzmiş.  Həmin dəfn mərasimindən foto da çəkilib. Elə o fotonun tarixi də çox maraqlıdır. Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov da daxil, bütün klassiklər o dəfndə iştirak edib.
Qeyd edək ki, mərasimində Əhməd bəyin dediyi bir cümlə hələ də öz aktuallığını qoruyub saxlamaqdadır: “Ey ali ruh, ora gedirsən, babalarımıza deyərsən ki, bu nə cür cəmiyyət idi ki, bizlər üçün qoyub getdilər”.

Beləliklə, 1907-ci ilin payız günüdə Zərdabini son mənzilə yola salırlar.

“Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat edəndə onu  Bibiheybətdə dəfn etdilər. Çünki ora orta əsrlərdən bu yana müqəddəs bir yer hesab olunurdu. Dövrün alimləri, üləmaları, şeyxləri orada dəfn olunurdu. 10 km-dən çox yolu qət edərək, onu çiyinlərdə son mənzilə yola saldılar”.

Amma bir gün… Daha doğrusu 1930-cu illərin ağır repressiya illərində qəbiristanlıqdakı məzarları da “repressiya edirlər”. Elan verirlər ki, kimin burada yaxınları varsa, gəlib öz ölüsünü aparıb ayrı yerdə basdıra bilər. Həsən bəy Zərdabinin də burda kimi var idi ki? Qoy, bunu Tahir müəllim desin:

“O vaxtı dərsdə mərhum professor  Abbas Zamanov bu haqda bizə ötəri danışmışdı. Deyirdi ki, Bibiheybət məscidi repressiya illərində yol çəkmək adıyla uçuruldu.. Xəbər etdilər ki, kimin varisləri varsa, kimin burada yaxınlarının nəşi varsa, gəlib aparsınlar. O zaman Zərdabinin böyük oğlu Müzəffər yeni repressiya olunmuşdu. Böyük qızı Pəri xanım isə həyat yoldaşı Əlimərdan bəy Topçubaşovla Parisdə mühacirətdə idilər. Kiçik oğlu Səffət isə Türkiyədə mühacirətdə idi. Bircə kiçik qızı Qəribsoltan Bakıda idi. O da bir-iki muzdlu fəhlə tutub Həsən bəyin nəşinin qalıqlarını çıxarır və bir taxta yeşiyə yığdırır. 1929-cu ildə rəhmətə gedən anası Hənifə xanımın ayaqları altında torpağa basdırır. Orada ona görə basdırırlar ki, bir nişanə qalsın. Çünki Həsən bəyi açıq-aşkar dəfn etmək təhlükəli idi. Necə də olmasa repressiyaya uğramış ailə idilər”.  

O zaman Qəribsoltan xanım çox əziyyət çəkir. Təsəvvür edin ki, 1937-ci il… Bir qardaşı öldürülüb, o birisi canını qurtarmaq üçün Türkiyədə yaşayır. Bacısı ailəsinin yəni, Pəri xanımla Topçubaşovun Parisdəki qürbət həyatından isə danışmağa belə dəyməz. Bütün bunlar az imiş kimi atasının taxta yeşikdəki sümüklərini basdırmaq müşkülə çevrilir. Necə də olmasa, hər addımın izləndiyi qanlı illər idi. Deyilənə görə, nəşin qalıqları bir müddət gizli saxlanılır. Həhayət Həsən bəyin sümükləri  çox sevdiyi maarifçi xanım Hənifə Abayeva (Məlikovanın) məzarının ayaq tərəfində elə yeşik qarışıq dəfn edilir.

Zərdabinin o dünyalıq ikinci mənzilinin da tarixi belə başlayır. Həsən bəy düz 20 il həmin məzarlıqda uyuyur. Nəhayət, tarix dəyişir, artıq  Stalin kabusu yox olur. Dövrün görkəmli alimləri Mərkəzi Komitədə söz sahiblərindən biri olan, elm və mədəniyyətə dərin rəğbəti ilə seçilən Şıxəli Qurbanovdan Zərdabinin də xahişini edirlər. Şıxəli Qurbanov nəinki bu təkliflə razılaşır, hətta onların belə, etmədiyi bir işi edir. O işin nədən ibarət olduğunu Tahir Aydınoğlu belə qeyd edir:

“O zaman da milli düşüncənin qabardılmasına icazə verilmirdi. İnsanların, xüsusən də, milli ideologiyaya xidmət edən şəxslərin varislərinin  hər addımı yoxlanılırdı. Sonradan Stalin vəfat etdi. “Xalqlar həbsxana”sının bütün naqisliyini onun üzərinə yıxdılar. Ondan sonra bir az yumşalma, tabelikdə olan xalqların milli düşüncəsinə  nisbətən azadlıq verildi. Məhz ondan sonra Əziz Mirəhmədov, Abbas Zamanov,  Ziyəddin Göyüşöv, Mirəli Axundov,  Cəfər Cəfərov, Şıxəli Qurbanov  kimi milli düşüncəli ziyalılar Zərdabi və başqaları haqqında ciddi tədqiqat işlərinə başladılar. Bu həm də ona görə idi ki, Stalin zamanında xalqların Mərkəzə, kommunist rejiminə itirilmiş inamı yenidən bərpa olunsun. O zaman Həsən bəy Zərdabinin də yubileyini keçirməyi qərara alırlar. Lakin anadan olduğu tarix dəqiq məlum olmadığından, onun ölümünün 50 illiyini 1957-ci ildə rəsmi səviyyədə qeyd etmək qərara alınır. Müəyyən işlər görülür, kitablar buraxılır.  O zaman Abbas Zamanov Azərbaycan Dövlət Universitetinin  Filologiya fakültəsinin professoru idi. O, bizə danışıb ki, bu barədə Mərkəzi Komitənin ideoloji şöbəsinin müdiri Şıxəli Qurbanova  deyiblər.  Şıxəli Qurbanov isə cavab verib ki, yubileylə bağlı tədbirlər planı hazırlayın.
“Biz də hazırladıq. Ona təqdim edəndə öz əli ilə Zərdabinin məzarının abadlaşdırılması və büstünün qoyulmasını da yazdı”-deyə Abbas məüllim bildiridi.
Həsən bəy bayaq dediyimiz kimi, Bakıda qəbiristanlıqların birində dəfn edilmişdi. Odur ki, Abbas müəllimgil bu barədə çox böyük çətinliklə üzləşirlər. Nəhayət o, Ziyəddin Göyüşov və Mirəli Axundov Zərdabinin qızı Qəribsoltanın yanına gedirlər. Qəribsoltanın da o vaxtı bütün əsəbləri pozulmuşdu. Həm ailə qurmamışdı, həm də qardaşları repressiya və mühacirətin qurbanı olmuşdu. Bacısı da onlar kimi. Odur ki, şəxsi həyatdakı faciələr onu bu cür etmişdi. Abbas müəllim danışırdı ki, Ziyəddin Göyüşov onun fəlsəfi fikirlərinin araşdırmaçısı kimi, mən humanitar xəttinin araşdırmaçısı kimi, Mirəli Axundov isə təbiət görüşlərinin tədqiqatçısı kimi ora gedəndə qızı onları çox pis qarşılayıb və acılayıb. Hətta ayağındakı başmağı da çıxarıb onların üstünə atıb və “indi də sümüklərini aparmağa gəlmisiz?””.

Amma Həsən bəy Zərdabinin qızını birtəhər yola gətirə bilirlər. Daha doğrusu onlar yox, Qəribsoltanın evində yaşadığı məhur bəstəkar və bir zamanlar mədəniyyət naziri olmuş Rauf  Hacıyev bunu bacarır. Öyrənirlər ki, Həsən bəy Zərdabinin nəşi filan qəbiristanlıqda, Hənifə xanımın məzarının ayaq tərəfindədir. Amma bundan sonra da məzarı tapmaq asan olmur:

“Abbas müəllim danışırdı ki, o zaman Qəribsoltan  xanım görkəmli bəstəkar, sonradan mədəniyyət naziri də işləyən Rauf  Hacıyevin anasının evində qalırdı. Ona deyiblər ki, “ay Rauf, sən bunu başa sal. Axı o məzar tapılmalıdır. Bibiheybətdən hara aparılıb?”.
Nə isə, birtəhər məzarın yerini öyrəniblər. Abbas müəllim o vaxtın bir qrup tələbəsi ilə qəbiristanlığa gedib. Bunları dərsdə bizə danışanda çox kövrəlirdi və tam axıracan  danışa bilmirdi. Zaman keçdi… Bir dəfə o xəstələndi və mən Abbas müəllimdən tele müsahibə almağa getdim. Müsahibədən sonra dedim ki,  Abbas müəllim, dünyanın işini bilmək olmaz. O vaxtı bizə Həsən bəyin məzarının taleyi barəsində çox danışmadınız.
O da bəzi şeyləri danışdı. İndi onların bəzilərini sizə dedim. Dedi ki, vaxt gələr bunları yazarsınız”.

Abbas Zamanovun o zaman danışdığı məqamlardan biri də Zərdabinin nəşinin tapılması  və onun köçürülməsi olub. 1957-ci ildə Bakının kənar  qəbiristanlıqlarından birində böyük çətinliklə axtarışa başlayırlar:

“Abbas müəllim, deyirdi ki, o qəbiristanlığa gediblər. Deyilən yerdə ha axtarıblar, bir şey tapa bilməyiblər. “Oranı qazırıq, buranı qazırıq, ortada heç nə yox idi. Axırda tələbələrdən biri kənar bir yerdə ayağı nəyəsə ilişdi. Bir az dərindən qazandan sonra gördük ki, məzarın ayaq tərəfində taxta yeşik var. İçində sümükləri görəndə nə tələbələr, nə də mən göz yaşlarımızı saxlaya bildik”,-deyə Abbas Zamanov mənə bildirmişdi.
Nəhayət Zərdabinin sümüklərini Fəxri Xiyabana gətirib dəfn edirlər. Daha sonra Həsən bəy Zərdabinin məzarı üstünə büst də qoyulur”.

Mətbuat tarixçilərindən biri sonradan Tair Aydıoğluna bu barədə yanlışlığın olduğunu bildirib. Səthi araşdırma olduğunu deyib. Amma məsələ burasındadır ki, jurnalistin gündəmə gətirdiyi mövzu mətbuat tarixçiləri tərəfindən hələ də araşdırılmamış qalıb:

“Belə bir fikir də var ki, guya onu Fəxri Xiyabanda da Hənifə xanımla bir  yerdə dəfn ediblər. Amma bunun hər hansı dəqiq əsası yoxdur. Bununla bağlı mətbuat tarixçiləri araşdırma aparmalıdırlar. Mən vaxtı ikən indi sizə dediyim məsələ haqqında yazarkən tanınmış mətbuat tarixçilərindən biri mənə dedi  ki, “sən dərin araşdırma aparmamısan”. Cavab verdim ki, mən qəzet işçisiyəm. Bu barədə siz daha dərin fundamental araşdırmalar aparmalısız. Bizim işimiz isə məsələni dövriyyəyə buraxmaq, gündəmə gətirməkdir. Mənə irad tutdu ki, “sən dəfn haqqında Mərkəzi Komitənin qərarına baxmısan ya yox?”. Başqa suallar da verildi. Bildirdim ki bütün bunları Abbas müəllim mənə danışıb. Mən birbaşa bu işi görən şəxsin dediklərinə istinadən yazmışam”.

Məsəl burasındadır ki, heç nəyə baxmayaraq Zərdabinin məzarı bu gün əsl mənzilində – Fəxri Xiyabandadır. Jurnalistika fakültəsinin yeni qəbul olan tələbələri hər il ilk dərs günü o məzarı ziyarət edirlər. Jurnalistlərin bəziləri də əsasən bu gün-22 iyul tarixində Həsən bəyin məzarına baş çəkirlər. Həm gənc tələbələr, həm də jurnalistlər bir gün biləcəklər ki, əsl jurnalist və həqiqi qələm adamının nəinki özü, hətta məzarı da insan, cəmiyyət və vətən  üçün əziyyət çəkib…

Elmin NURİ

modern.az