| Uca Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s.) bu dünyadan köçəndə bizə iki əmanət tapşırıb: Allah-Təalanın kitabı Qurani-Kərimi və öz həyatını, yaşantısını. Əslində Qurani-Kərimi endirən elə Özü qoruyacaq bu kitabını. Biz, sadəcə, hay-huy eləyib öz rəngimizi, istiqamətimizi, niyyətimizi ortaya qoyuruq. Peyğəmbərimizin həyatı hər müsəlman üçün örnəkdir. Amma bu möhtəşəm qaynağı, bu misilsiz örnəyi kim nə qədər bilir? Adam var, Allahı və Rəsulunu düşünməkdən ayrılıb, bir qədər də dünya işlərinə qarışa bilmir. Rəsulullah kimimiz üçün naməlum, uzaq, tanınmayan bir adam kimidirsə, kimimiz üçün də hər gün gözünün qabağındakı, oturub dərdini dediyi, düşdüyü hər çətinlikdən Haqq Nəbinin nə edəcəyini təsəvvür edərək, tapdığı çıxış yoludur.
Onu tanımaq, düşünmək, təsəvvür eləməyə çalışmaq elə Onunla ünsiyyətdir, baş-başa qalmaqdır.
Əbəs yerə buyurmayıb: “Mənim məzarıma salam vermiş, özümə salam vermiş kimidir”. Daha bundan artıq nə istəyirsən ki?
Örnək Allah-Təalanın kitabıdır, Rəsulullahın həyatı o kitabın həyata tərcüməsi, yaşanmasıdır. Əgər bir yerdən örnək almaq, bir şey öyrənmək və həyatımızı istiqamətləndirmək üçün bir mənbə, bir meyar axtarırıqsa, bu dediklərimizdən başqa ünvan axtarmayaq.
Birisi namaz da qılar, oruc da tutar, amma dilini yalandan, əlini haramdan çəkməzsə, demək, o, qıldığından, tutduğundan xəbərsizdir. İstər Əli olsun, istər Sabir olsun, istərsə də bir qeyrisi. Heç fərqi yoxdur.
Bu dünyada çoxunun çox imtiyazı var, biri haranınsa qəhrəmanıdır, biri kiminsə oğludur, biri də müharibə veteranıdır. Allah-Təala qatında imtiyaz yoxdur. Ərəbin ərəb olmayandan, ərəb olmayanın da ərəbdən yeganə üstünlüyü təqvadır, yəni Allah-Təalanı tanımaq, Ona təslim olmaq, Ona itaət etmək dərəcəsi ilə müəyyəndir.
Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s.) xanımların örnəyi, başımızın tacı olan qızı Fatimeyi-Zəhra anamıza belə nəsihət edirdi: “Peyğəmbər qızı olduğuna güvənmə!”
Bu mənzərəni düşünəndə adam öz halına ağlamaq istəyir. Fatimeyi-Zəhra anamız Rəsulullahdan sonra cəmisi 6 ay bu dünyada yaşaya bildi. Ölümqabağı vəsiyyət etdi ki, onu gecə ikən basdırsınlar. Həm də istədi ki, onun tabutunu elə düzəltsinlər ki, əzaları kənardan hiss olunmasın. O zamana qədər tabutun kənarlarına heç nə vurulmazdı, ilk dəfə Fatimeyi-Zəhra anamızın tabutunun kənarına taxta vurdular ki, kənardan baxan onun əzalarını görməsin.
Bütün əməlləri ilə, davranışları ilə Rəsulullahın bənzəri idi. Onun bir parçası, gözünün nuru idi, amma təsəvvür edin ki, Rəsulullah bu qədər yüksək bir əxlaqa sahib olan övladına da tövsiyə verəndə “atana güvənmə” deyirdi.
Kimi özünə örnək alırsan ki? Bu dünyada şax görünən, şux görünən çoxu o dünyada rəzil, rüsvay gününə qalacaq. Bu bir təsəlli deyil, həqiqətdir. İstəyirsən təsəlli bil, istəyirsən heç inanma. Bu da sənin öz işindir.
İki nəfər qoyun oğurluğundan qayıdırmış. Birdən biri o birisinə deyir:
– Sən heyvanların dalınca get, mən namazımı qılıb sənə çataram.
O birisi də təəccüblə deyir:
– Sən oğurluq yolundasan, oğurluqdan dönürsən, heç kimin qoyununu oğurladığını belə bilmirsən. Evinə çatmamış namaz qılırsan, barı elə et ki, bir insan oğlu görməsin.
Peyğəmbərimiz buyurur ki, bir qəlbə bir şey sığar: ya iman, ya küfr. İkisini bir arada daşımaq mümkün deyil. Ona görə də bu cür qarışıq, dolaşıq adamlar haqqında “özündən xəbərsiz, qıldığından, tutduğundan qafil adam” deyilir.
Amma namaz da hər kəlməbaşı dilə dolanacaq, ucuz tutulacaq bir ibadət deyil. Namaz dinin dirəyidir, namaz tərbiyə məktəbidir. Bütün ibadətlər əslində həm ruhun qidası, həm də əxlaqın tənzimləyicisidir. Namaz insanı günahlardan qoruyan zirehdir, qalxandır. Əgər namaz qılan birisi davamlı olaraq günah işləyirsə, demək onun namazında ciddi problemlər var, rabitəsi sağlam deyil.
Sən kimi örnək alırsan? Filankəslərimi? Ya qiyamətə qədər heç zaman solmayacaq, hər nəsillə yenidən doğulub dünyamızı gözəlləşdirəcək Rəsulullah əxlaqınımı?
Dində məcburiyyət yoxdur, insan ona verilmiş iradə ilə seçim haqqına sahibdir. Amma hər seçimin də özünə uyğun nəticəsi var. Bunu da unutmamaq lazımdır, vəssalam! |