Tommi nənəsi ilə birlikdə yaşayırdı. Dünyaya gələn gündən nənəsi Tommini çox sevirdi. Ancaq Tomminin çox pis bir vərdişi var idi: oğurluq. Nənəsi onu oğurluq etdiyi üçün çox cəzalandırmışdı. Ancaq o yenə də bu pis vərdişindən əl çəkməmişdi. Bir gün nənəsi Tommiyə belə dedi:
– Tommi, bu günə qədər səni oğurluq etdiyin üçün neçə dəfə cəzalandırdım. Ancaq çox təəssüf ki, bunların heç biri bir işə yaramadı. Mən səni çox sevirəm, ona görə də, bunun belə davam etməsinə göz yuma bilmərəm. Bir də evə sənə aid olmayan bir şey gətirsən, bu gördüyün şişi ocaqda qızdıracaq, sonra da əllərinə basacağam. Bəlkə o vaxt bundan bir dərs alarsan”…
Bu sözlərdən sonra Tommi uzun müddət oğurluq etmədi. Çünki nənəsinin “sözünə nə qədər sadiq olduğunu” bilirdi. Ancaq bir gün Tommi yenə oğurluq etməyə başladı. Nənəsi əvvəlcə özünü görməməzliyə vurmaq istədi. Ancaq sonra verdiyi sözü xatırladı. Nənəsi Tommini yanına çağırdı və:
– Tommi, bura gəl və ciblərini boşalt, – dedi.
Tomminin ciblərindən bir bıçaq, bir qələm, bir pozan və bir az da pul çıxdı. Təbii ki, bunların heç biri onun deyildi.
– De görüm, bunları haradan almısan?
Tommidən cavab gəlmədi.
– De görüm, bunları haradan almısan?
Tommidən yenə cavab çıxmadı…
– Deməli, yenə oğurluğa başlamısan!..
Bu sözləri deyəndən sonra Tomminin nənəsinin səsi dəyişdi:
– Yəqin ki, sənə dediyim sözü xatırlayırsan. Və bir də yəqin ki, sənə verdiyim vədi unutmamısan…
Bunu deyən kimi yaşlı qadın əlindəki metal şişi ocağa qoydu. Qıpqırmızı qızarandan sonra isə Tommiyə:
– Oğlum, əlini uzat! – dedi…
Tommi əlini uzadanda tir-tir titrəyirdi. Ancaq çəkəcəyi cəzaya layiq olduğunu da bilirdi. Birdən nənəsi əlini saxladı və:
– Oğlum, oğurluq etmək nə qədər pis bir işdir bunu sənə göstərmək istəyirəm. Düzdür, sən bu cəzaya layiqsən, ancaq o cəzanı mən özümə verəcəyəm, – dedi.
Bunu deyərək nənəsi Tomminin əlini buraxdı və qızmar şişi öz əlinə basdı. Sonra da yanıq əlini nəvəsinə göstərərək:
– İndi isə əlimə bax, Tommi! – dedi, – Və gözlərini ondan ayırma. Oğurluq etməklə məni nə qədər yaraladığını və incitdiyini anla…
Sonralar Tommi bu hadisəni hər dəfə dostlarına danışır və hər dəfə də “hekayəsini” bu sözlərlə bitirirdi:
– O gündən bir daha oğurluq etmədim. Çünki pis işlərimlə təkcə özümə yox, sevdiklərimə də nə qədər zərər verdiyimi öz gözlərimlə gördüm…